Məhkəmə qərarları › İş №2-1(112)-7092/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7092/2025

27.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7092/2025 27.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bir tərəfdən MTK adlanacaq "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 ilə digər tərəfdən “Payçı” adlanacaq İddiaçı arasında bağlanılmış 0007 nömrəli xx.xx.2021-ci il tarixli payçı müqaviləsinə əsasən, “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blokunda, qaraj sahəsini tikib və “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürür. “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK" Yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blokunda, qaraj sahəsini (bundan sonra “Qaraj”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada qaraj üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. Bir tərəfdən MTK adlanacaq "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 ilə digər tərəfdən “Payçı” adlanacaq İddiaçı arasında bağlanılmış 0007 nömrəli xx.xx.2021-ci il tarixli payçı müqaviləsinə əsasən, “MTK” pay qismində çıxış edən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blok, 10-cu mərtəbə, 6 №-li, 2 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürür. “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 2- ci binasında, 2-ci blok, 10-cu mərtəbə, 6 №-li, 2 otaqlı mənzili (bundan sonra "Mənzil”) qəbul elməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışına əsasən ünvan 2 ünvanda yerləşən “AVANT PARK’' layihəsinin 2-ci binasında, 2-ci blok, -1 (mənfi bir) mərtəbə, 18 kv.m. qaraj sahəsi "xxxx" MTK-ya məxsusdur. 28 dekabr 2021 tarixli, 0007 saylı Payçı müqaviləsinə əsasən 2-ci bina, 2-ci blok, -1 (mənfi bir) mərtəbə, 18 kv.m. qaraj sahəsinin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. Payçı İddiaçı MTK-ya hər hansı borcu yoxdur. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışına əsasən ünvan 2 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 2-ci binasında, 2-ci blok, 10-cu mərtəbə, 6 saylı, 2 otaqlı, 77.09 kv.m. mənzil "xxxx" MTK-ya məxsusdur. 28 dekabr 2021 tarixli, 0022 saylı Payçı müqaviləsinə əsasən 2-ci bina, 2-ci blok, 10-cu mərtəbə, 6 saylı, 2 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. Payçı İddiaçı MTK-ya hər hansı borcu yoxdur. İddiaçı daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-nin qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, **********616300 saylı “Yaşayış və qeyri yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyri-yaşayış sahələrinin 67122.67 manat dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli Arayışına əsasən "xxxx" MTK ilə iddiaçı arasında bağlanılmış 0007 nömrəli xx.xx.2021-ci il tarixli və 0022 nömrəli xx.xx.2021-ci il tarixli payçı müqavilələri üzrə xx.xx.2022-ci il tarixədək edilmiş ödənişlərin cəmi 69396,40 (altmış doqquz min üç yüz doxsan altı manat qırx qəpik) təşkil edir. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi barədə” qərarın ləğv edilməsi və sözügedən mənzil və qaraj sahəsinə görə ödənilmiş ƏDV-nin geri qaytarılmasının təmin edilməsi öhdəliyinin cavabdeh vergi orqanına həvalə edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı (nümayəndəsi vasitəsilə) xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “ünvan 4 ünvanında yerləşən “AVANT Park” Yaşayış Kompleksinin 2-ci bina, 2-ci blok, 10cu mərtəbə, 6 nömrəli, 2 otaqlı mənzilə və həmin kompleksin 2-ci bina, 2-ci blokunda yerləşən 18 kv.m qaraj sahəsinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin müştəri xidmətləri departamentinə) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və mənəvi ziyana görə iddiaçıya 2000 (iki min) manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" Mənzil Tikinti Koorperativi arasında bağlanılmış 28 dekabr 2021-ci il tarixli, 0022 nömrəli Payçı Müqaviləsinin şərtlərinə əsasən "xxxx" MTK ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blok, 10-cu mərtəbə, 6 №-li, 2 otaqlı ümumi sahəsi xarici perimetr üzrə 77.09 kv.m. və ümumi dəyəri ƏDV daxil olmaqla 117562 (bir yüz on yeddi min beş yüz altmış iki) manat təşkil edən mənzili və 28 dekabr 2021-ci il tarixli 0007 nömrəli Payçı Müqaviləsinin şərtlərinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blokunda yerləşən ümumi sahəsi 18 kv.m. və ümumi dəyəri 10000 (on min) təşkil edən qaraj sahəsini “Payçı”-nın mülkiyyətinə verməyi, “Payçı” isə müqavilənin şərtlərinə uyğun olaraq mənzil və qaraj sahəsi üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq ilkin ödəniş müqavilənin ümumi dəyərinin 40%-ni təşkil etməklə (47025 manat) müqavilə imzalanıldıqda dərhal MTK-ya ödənilmiş, geri qalan pul vəsaiti isə müqavilələrin 1 saylı əlavəsi üzrə müəyyən edilmiş ödəniş cədvəlinə uyğun şəkildə ödənilmişdir. 18 dekabr 2024-cü il tarixli maliyyə arayışlarından da göründüyü kimi mənzilin və qaraj sahəsinin pay dəyəri tərəfindən tam olaraq "xxxx" MTK-ya ödənilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində nağdsız formada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması tələbi ilə cavabdeh vergi orqanına müraciət etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müraciəti əsasında 09 yanvar 2025-ci il tarixli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi barədə” qərar qəbul edilmişdir. Cavabdeh sözügedən qərarında qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli fərmanı qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyri-yaşayış sahələrinin 83105 manat dəyərini (ƏDV daxil) satıcının bank hesabına köçürmüşdür və bu səbəbdən də ƏDV-nin geri qaytarılması mümkün deyil. Qeyd edir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli fərmanda göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) müvafiq tələblər nəzərə alınmaqla qaytarılır. Hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi barədə" qərarlar tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyri-yaşayış sahələrinin 67122.67 manat dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə edilmiş müraciətdən görülür ki, iddiaçı tərəfindən bank kassa mədaxil orderlərinə əsasən ödəniş nağd qaydada edilmişdir (halbuki müvafiq qaydalara əsasən ödəniş nağdsız üsulla edilməli idi) və müqavilə üzrə alıcı qismində X1 qeyd olunsa da, bank ödəniş qəbzlərindən müəyyən edilir ki, ödənişləri həyata keçirən şəxs Nümayəndədur. Yuxarıda qeyd olunanlar həmin Qaydaların 5-ci maddəsinin pozulması ilə müşayiət edilir. Müvafiq predmetli işlər üzrə qəbul edilmiş Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(102)-262/2025 nörməli Qərarının 32-ci bəndində göstərir ki, Qaydaların 5-ci bəndində bəhs olunan “nağdsız qaydada tam” ödənilməsi ifadəsi, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişin birmənalı olaraq tamamının nağdsız ödənilməsini ehtiva edir. Həmin Qərarın 38-ci bəndində göstərilir ki, "yaşayış sahəsinin dəyərinin ödənişinin nağd qaydada həyata keçirildiyi halda isə, cavabdehin sözügedən yaşayış sahəsinin dəyərinin ƏDV məbləğinin 30 faizinin qaytarılması öhdəliyi yaranmır və bu baxımdan iddiaçı iddia tələbində haqlı sayıla bilməz"xxxx"xxxx" ilə iddiaçı arasında müqaviləyə nəzər saldıqda iddiaçıya həmin MTK nağdsız qaydada ƏDV məbləğinin ayrıca ödənilməsi üçün ƏDV Depozit hesabını təqdim etmədiyi müəyyən edilir, lakin qaydaların 5.1-ci bəndində iddiaçının Operatora (Dövlət Vergi Xidmətinə) alınmış yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədlə müraciət etməli olduğu vurğulanmışdır. Əksinə, iddia ərizəsində əlavə olunmuş və iddiaçıya MTK tərəfindən ünvanlanmış cavab məktubunda onun tərəfindən dövlətə ƏDV məbləğinin ümumi hesaba ödənilməsi şəklində mövqeyi isə hesab edilir ki, MTK-nin iddiaçıya düzgün məlumat verməməsidir. Belə ki, Vergi Məcəlləsinin 154.6-cı maddəsində vurğulanır ki: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır və həmin Məcəllənin 177-ci maddəsində vurğulanır ki, Vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini (ƏDV) büdcəyə ödəməyə borcludur. Başqa sözlə, onsuzda MTK Məcəlləyə əsasən mənzillərin təqdim edilməsinə görə müvafiq ƏDV-i ödəməyə borcludur və bu onun şəxsi dövlət qarşısında mükəlləfiyyətidir. Lakin, təqdim etmədən əvvəl fiziki şəxsə yəni, alıcıya ƏDV depozit hesabını verməsi müvafiq qaydalara əsasən MTK-nın (satıcının) borcudur. Məhz bu baxımdan cavabdehin imtinasının əsaslı olduğunu hesab edirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə 58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi əldə etdiyi yaşayış sahəsinə görə ödədiyi ƏDV məbləğinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. İşin hallarına görə, iddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə, aralarında bağlanmış payçı müqavilələrinə əsasən xx.xx.2025-ci il tarixədək 69396,40 manat ödəniş olunmuşdur. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Göründüyü kimi, istinad edilən norma fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra, həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Sözügedən Qaydanın 1.4-cü bəndinə əsasən, bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Həmin Qaydanın 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən isə Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini, eyni zamanda müvafiq sənədləri, o cümlədən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədini portala göndərir. Bununla yanaşı, Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qəbul edilməsinin mənzil alan şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Beləliklə, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyinin müəyyən edilməsidir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Əlavə olaraq, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş, lakin ödənişləri həm Qaydaların qəbul olunmasından əvvəl, həm də sonra həyata keçirən şəxslərə münasibətdə isə qeyd edilməlidir ki, həmin şəxslərdən Qaydanın qüvvəyə mindiyi tarixədək aparılan ödənişlərə münasibətdə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmamalı, Qaydanın qüvvəyə mindiyi tarixdən sonra aparılan ödənişlərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə riayət edildiyi halda, başqa sözlə, alıcı qalan ödənişi (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ tanınmalıdır. Hazırkı halda, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinə dair müqavilələri xx.xx.2021-ci il tarixdə bağladığından, ödənişlər isə həm Qaydanın qüvvəyə minməsindən əvvəl, həm də sonra aparıldığından hazırkı qərarın yuxarıda qeyd olunan qaydada qiymətləndirilmə aparılmalıdır. Qeyd edilməlidir ki, Qaydanın qüvvəyə minməsindən əvvəl aparılan ödənişlərlə bağlı tərəflər arasında mübahisə mövcud deyil. Eyni zamanda, Qaydanın qüvvəyə minməsindən sonra isə iddiaçı tərəfindən aparılan ödənişlərin 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olmadığı da işin tərəflər arasında mübahisəli olmayan hallarına aiddir. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də o istiqamətdədir ki, bu qəbildən olan işlərə baxarkən məhkəmələr alıcılara təqdim edilməli olan yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsi ilə bağlı texniki imkanların mövcud olub-olmamasını araşdırmalıdır. Başqa sözlə, satıcılar tərəfindən alıcılara mənzilin dəyərinin və onun ƏDV-nin ayrı-ayrılıqda ödənilməsinə imkan verən e-qaimənin tərtib edilməsinin texniki cəhətdən mümkün olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, məhkəmə kollegiyası qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən portalın istifadəyə verildiyi tarix əsas götürülməməli, yuxarıda qeyd edildiyi kimi, satıcının Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürə bilməsinə dair texniki imkanlara nə vaxtdan malik olması aydınlaşdırılmalıdır. Hazırkı iş üzrə qeyd edilir ki, Qaydalar 2022-ci ilin may ayında qəbul olunsa da, ƏDVnin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal (https://new.etaxes.qov.az/eportal/az/loqin/) xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə mətbuatda rəsmi açıqlama xx.xx.2022-ci il tarixdən https://www.taxes.gov.az/az/post/2200 saytında yerləşdirilmişdir. Göründüyü kimi, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 25 may 2022-ci il tarixdə qüvvəyə minsə də, alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı xx.xx.2022-ci il tarixdən yaranmışdır. Məhkəmə yuxarıda qeyd etdiyi mövqedən çıxış edərək bildirir ki, hər bir halda Qaydanın qüvvəyə minməsindən sonra texniki imkanların mövcudluğu məsələsinə aydınlıq gətirilməlidir. Lakin hazırkı iş üzrə bunun aydınlaşdırılmasına ona görə əsas yoxdur ki, iddiaçı tərəfindən aparılmış ödənişlərin bir hissəsi portalın istifadəyə verilməsindən sonrakı vaxta (xx.xx.2022-xx.xx.2024-cü il) təsadüf edir, başqa sözlə, mübahisəsiz olaraq texniki imkanın mövcud olmasına baxmayaraq, ödənişlər Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun həyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, mənzilin və qeyri-yaşayış sahəsinin dəyərinə görə ödənilmiş məbləğin ƏDV-nin qismən əvəzləşdirilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericilik mənzilin və qeyri-yaşayış sahəsinin dəyərinin tam şəkildə Qaydalara uyğun ödənilməsi halında ƏDV-nin əvəzləşdirilməsini təsbit etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-477/2025 saylı qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilmişdir. Odur ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin və qeyri-yaşayış sahəsinin dəyəri üzrə aparılan ödəniş Qaydalara uyğun olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ƏDV məbləğinin qaytarılmasından imtina edilməsi qanunauyğun olduğundan iddia ərizəsi mənəvi ziyanın ödənilməsi hissəsində də əsaslı deyil və təmin edilməməlidir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar