Məhkəmə qərarları › İş №2-1(112)-7093/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7093/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7093/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Ucar oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, **********448300 saylı qərarın ləğv edilməsi və yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “ünvan 1 ünvanında yerləşən “Avant Park” Yaşayış Kompoleksinin 3-cü bina, 3-cü blok, 10-cu mərtəbədə, 2 nömrəli 3 otaqlı mənzilə və həmin Kompleksin 3-cü bina, 3-cü blokunda yerləşən 18 kv.m qaraj sahəsinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin Müştəri Xidmətləri Departamentinə) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və mənəvi ziyana görə İddiaçı 2.000 manat ödənilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “Avant Group" MTK arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 0021 nömrəli Payçı Müqaviləsinin şərtlərinə əsasən “Avant Group" MTK ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 10-cu mərtəbə, 2 №-li, 3 otaqlı ümumi sahəsi xarici perimetr üzrə 95.17 kv.m. və ümumi dəyəri ƏDV-si daxil olmaqla 144.183 manat təşkil edən mənzili və xx.xx.2021-ci il tarixli 0006 nömrəli payçı müqaviləsinin şərtlərinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blokunda yerləşən ümumi sahəsi 18 kv.m. və ümumi dəyəri 10.000 təşkil edən qaraj sahəsini “Payçı”-nın mülkiyyətinə verməyi, “Payçı” isə müqavilənin şərtlərinə uyğun olaraq mənzil və qaraj sahəsi üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq ilkin ödəniş müqavilənin ümumi dəyərinin 40%-ni təşkil etməklə (57.674 manat) müqavilə imzalanıldıqda dərhal MTK-ya ödənilmiş, geri qalan pul vəsaiti isə müqavilələrin 1 saylı əlavəsi üzrə müəyyən edilmiş ödəniş cədvəlinə uyğun şəkildə ödənilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından da göründüyü kimi mənzilin və qaraj sahəsinin pay dəyəri onun tərəfindən tam olaraq "xxxx" MTK-ya ödənilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində nağdsız formada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması tələbi ilə cavabdeh vergi orqanına müraciət etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onun müraciəti əsasında xx.xx.2025-ci il tarixli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi barədə” qərar qəbul edilmişdir. Cavabdeh sözügedən qərarında qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyri-yaşayış sahələrinin 83.105 manat dəyərini (ƏDV-si daxil) satıcının bank hesabına köçürmüşdür və bu səbəbdən də ƏDV-nin geri qaytarılması mümkün deyil. Qeyd etmək istəyir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli fərmanda göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) müvafiq tələblər nəzərə alınmaqla qaytarılır. Hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi barədə” qərar tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Odur ki, bütün yuxarıda qeyd edilən səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyriyaşayış sahələrinin 83105 manat dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə edilmiş müraciətdən görülür ki, iddiaçı tərəfindən bank kassa mədaxil orderlərinə əsasən ödəniş nağd qaydada edilmişdir (halbuki müvafiq qaydalara əsasən ödəniş nağdsız üsulla edilməli idi). Yuxarıda qeyd olunanlar həmin Qaydaların 5-ci maddəsinin pozulması ilə müşayiət edilir. Müvafiq predmetli işlər üzrə qəbul edilmiş Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2 1(102)-262/2025 nörməli Qərarının 32-ci bəndində göstərir ki, Qaydaların 5-ci bəndində bəhs olunan “nağdsız qaydada tam” ödənilməsi ifadəsi, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişin birmənalı olaraq tamamının nağdsız ödənilməsini ehtiva edir. Həmin Qərarın 38ci bəndində göstərilir ki, "yaşayış sahəsinin dəyərinin ödənişinin nağd qaydada həyata keçirildiyi halda isə, cavabdehin sözügedən yaşayış sahəsinin dəyərinin ƏDV məbləğinin 30 faizinin qaytarılması öhdəliyi yaranmır və bu baxımdan iddiaçı iddia tələbində haqlı sayıla bilməz"xxxx"xxxx" ilə iddiaçı arasında müqaviləyə nəzər saldıqda iddiaçıya həmin MTK nağdsız qaydada ƏDV məbləğinin ayrıca ödənilməsi üçün ƏDV Depozit hesabını təqdim etmədiyi müəyyən edilir, lakin qaydaların 5.1-ci bəndində iddiaçının Operatora (Dövlət Vergi Xidmətinə) alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDVsiz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədlə müraciət etməli olduğu vurğulanmışdır. Əksinə, iddia ərizəsində əlavə olunmuş və iddiaçıya MTK tərəfindən ünvanlanmış cavab məktubunda onun tərəfindən dövlətə ƏDV məbləğinin ümumi hesaba ödənilməsi şəklində mövqeyi isə hesab edirik ki, MTK-nin iddiaçıya düzgün məlumat verməməsidir. Belə ki, Vergi Məcəlləsinin 154.6-cı maddəsində vurğulanır ki: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır və həmin Məcəllənin 177-ci maddəsində vurğulanır ki: Vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini (ƏDV) büdcəyə ödəməyə borcludur. Başqa sözlə, onsuzda MTK məcəlləyə əsasən mənzillərin təqdim edilməsinə görə müvafiq ƏDV-i ödəməyə borcludur və bu onun şəxsi dövlət qarşısında mükəlləfiyətidir. Lakin, təqdim etmədən əvvəl fiziki şəxsə yəni, alıcıya ƏDV depozit hesabını verməsi müvafiq qaydalara əsasən MTK-nın (satıcının) borcudur. Məhz bu baxımdan cavabdehin imtinasının əsaslı olduğunu hesab edirik. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddiaçının iddia tələbi təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü

7. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

8. Hazırki iş üzrə iddiaçı cavabdeh Azərbaycan tərəfindən qəbul edilmiş “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ qərarın ləğv edilməsini və ƏDV-nin qaytarılacaq məbləği barədə məlumat verilməsini tələb etmişdir. Həmin (verilən) məlumat özündə inzibati aktın bütün elementlərini əks etdirməklə hüquqi nəticə yaradır.

9. Odur ki, iddianın növü məcburetmə haqqında iddiadır.

III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. xx.xx.2021-ci il tarixli 0021 nömrəli payçı müqaviləsində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" MTK arasında ünvan 2 ünvanında “Avant Park” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 10-cu mərtəbədə, 2 nömrəli 3 otaqlı mənzili tikib və mülkiyyətə verilməsinə dair müqavilə bağlanılmışdır.

11. xx.xx.2021-ci il tarixli 006 nömrəli payçı müqaviləsində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" MTK arasında ünvan 2 ünvanında tikilməkdə olan 3-cü binasında, 3-cü blokunda, qaraj sahəsini tikib və mülkiyyətə verilməsinə dair müqavilə bağlanılmışdır.

12. xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 3-cü binasında, 3-cü blok, -1 (mənfi bir) mərtəbə, 18 kv.m. qaraj sahəsi "xxxx" MTK-ya məxsusdur. xx.xx.2021-ci tarixli 0006 saylı Payçı müqaviləsinə əsasən 3-cü bina, 3-cü blok, -1 (mənfi bir) mərtəbə, 18 kv.m. qaraj sahəsinin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir.

13. xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 3-cü binasında, 3-cü blok, 10-cu mərtəbə, 2 saylı, 3 otaqlı, 95.17 kv.m. mənzil "xxxx" MTK-ya məxsusdur. xx.xx.2021-ci tarixli 0021 saylı Payçı müqaviləsinə əsasən 3-cü bina, 3-cü blok, 10-cu mərtəbə, 2 saylı, 3 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir.

14. “AVANT Group" MTK-nin xx.xx.2025-ci il tarixli 007 nömrəli arayışında qeyd edilmişdir ki, “"xxxx" MTK-ya ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənizə Kooperativdə baxılmışdır. Məlumatınız üçün bildirmək istəyirik ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 144.183 manat məbləğin 21.994.17 ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun tərəfimizdən təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir.”

15. “AVANT Group" MTK-nin xx.xx.2025-ci il tarixli 010 nömrəli arayışında qeyd edilmişdir ki, ““AVANT Group" MTK-ya ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənizə Kooperativdə baxılmışdır. Məlumatınız üçün bildirmək istəyirik ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 10.000 manat məbləğin 1.525.42 ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun tərəfimizdən təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir.”

16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ xx.xx.2023-cü il tarixli **********448300 saylı qərarında qeyd edilmişdir ki, “İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli elektron ərizələrə alqısatqı müqaviləsi və ödəniş sənədləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyri-yaşayış sahələrinin 83.105 manat dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir və İddiaçı xx.xx.2024-cü il tarixli elektron ərizələri üzrə ƏDV-nın geri qaytarılması təmin edilməməsi qərara alınmışdır.”

İV. Məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

18. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

19. Məhkəmə işin faktiki hallarına və qanunvericilik normalarının təhlilinə əsasən qeyd edir ki, hazırkı iş üzrə iddiaçı payçı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, Mənzil Tikinti Kooperativi isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur.

20. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi üçün əsas olaraq qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyri-yaşayış sahələrinin 83.105 manat dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi qeyd olunmuşdur.

21. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən, alıcının ƏDV-nin qaytarılması məqsədi ilə vergi orqanına müraciət etmək hüququ 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etdikdə yaranır.

22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir:

23. İddiaçı tərəfindən qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyri-yaşayış sahələrinin 83.105 manat dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir.

24. İddiaçı yaşayış sahəsinin dəyərini satıcıya ödədikdən sonra ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratmış və elektron kabinet vasitəsilə vergi orqanına müraciət etmişdir. İddiaçının ƏDV-nin qaytarılması barədə müraciətinə cavab olaraq cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış bildirişdə təsdiq edilmiş qaydaların 6.1-ci və 5.1.2-ci bəndlərinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin 83105 dəyərinin (ƏDV-daxil) satıcının bank hesabına ödənildiyindən cavabdeh orqan “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********489900 saylı qərar qəbul etmişdir.

25. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyərinin tam ödənilməsi ilə bağlı hər hansı şübhə yoxdur. Belə ki, iddiaçı tərəfindən "xxxx" MTK-yə həmin ödənişlərin həyata keçirilməsini təsdiqləyən mədaxil qəbzləri məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən mənzilin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, satıcının hesabına ödənilməsi müəyyən edilmişdir.

26. Fərmanın tələbinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq proqram təminatının, o cümlədən portalın yaradılması və istifadəyə verilməsindən sonra mümkündür.

27. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin rəsmi internet ünvanında (https://www.taxes.gov.az/az/post/2438) olan məlumatdan, eləcə də iş materiallarında əlavə edilmiş Dövlət Vergi Xidmətinin məktubundan müəyyən edilir ki, ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsini tənzimləyən elektron portal xx.xx.2022-ci il tarixdə istifadəyə verilmişdir.

28. Belə olan təqdirdə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə ƏDV məbləğinin qaytarılmasından imtina olunması iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qəbul edilə bilməz.

29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi müvəkkil banka ötürülməsi hissəsində təmin edilməməlidir.

30. Maddi və mənəvi zərərin ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Bununla belə AİHM qərarlarında qeyd edir ki, bir çox hallarda pozulmuş hüququn bərpası ədalətli kompensasiya hesab oluna bilər. “Milli məhkəmə müdafiəsi vasitələrinin yaxşılaşdırılması barədə Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə Rec (2004)6 saylı tovsiyəsi”sində (2004-cü il mayın 12-də Nazirlər Komitəsinin 114-cü iclasında (12-13 may 2004-cü il) qəbul olunmuşdur) iştirakçıdövlətlərə məhkəmənin presedent hüququ nöqteyi-nəzərindən, Konvensiyanın pozulması ilə əlaqədar tutarlı şikayəti olan hər bir kəs üçün milli məhkəmə müdafiəsi vasitələrini, eləcə də bu vasitələrin şikayətin mahiyyəti üzrə qərar çıxarılmasına və aşkar edimiş hər hansı pozuntu ilə bağlı adekvat kompensasiya ödənilməsinə gətirib çıxaracaq dərəcədə səmərəli olmasını təmin etmək tövsiyə olunmuşdur.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir...

32. Məhkəmənin gəldiyi qənaətə uyğun olaraq - cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə ƏDV məbləğinin qaytarılmasından imtina olunması qanunauyğun olduğundan şəxsə maddi zərər vurulması, eləcə də keçirdiyi fiziki əzab və ağrının hüquqazidd əməl nəticəsində yaranması qənaəti əsaslı deyil.

33. İddiaçı situasiyasına uyğun olaraq cavabdeh inzibati orqanın hərəkət (hərəkətsizliyində) nəticəsində ona maddi zərər vurulduğunu, eləcə də mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunu itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır.

34. Odur ki, iddiaçının hüquqlarının pozulması halı aşkar olunmadığından iddia tələbi mənəvi ziyana görə iddiaçıya 2.000 manat ödənilməsi hissəsində də rədd edilməlidir.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar