Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7094/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə Yadulla qızının iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 5 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il təvəllüdlür. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1978-ci ildə SU (Tikinti İdarəsi) 8 tresti BQS-1 də 1-ci kateqoriya fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1979-cu ildə 2-ci dərəcəli dülgər peşəsinə keçirilib. xx.xx.1980-ci ilə qədər həmin müəssisədə işləmiş və Sovet orudusu sıralarına çağırılmasına ilə əlaqədar işdən azad edilib. ИЗ ******* nömrəli Hərbi Biletin surətinə əsasən xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Sovet ordusu sıralarında hərbi xidmətdə olub. PB 022442 nömrəli Diplomun surətinə əsasən 1982-ci ildən 1988-ci ilədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda sənayə və mülki tikinti fakulatəsini bitirərək inşaat mühəndisi ixtisası verilmişdir. xx.xx.1982-ci il də SU (Tikinti İdarəsi) 8 tresti BQS-1 də dülgər kimi işə qəbul edilmiş, xx.xx.1997-ci il də həmin idarədə böyük usta (prorab) vəzifəsinə keçirilib, xx.xx.1998-ci il tarixədək həmin vəzifədə işləmişdir. xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci ilədək “Tamamlamatikinti icara tresti” 6 saylı İx.Tikinti İdarəsinə baş mühəndis vəzifəsində çalışıb. xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işləyib. xx.xx.2004-cü ildə "xxxx" MMC-də baş iş icraçısı vəzifəsinə qəbul olunub, xx.xx.2008-ci ildə baş iş icraçısı vəzifəsindən baş mühəndis vəzifəsinə keçirilib, xx.xx.2009-cu ilədək həmin vəzifədə çalışıb. xx.xx.2009-cu ildə "xxxx" (hazırkı adı "xxxx" MMC) k/m-yə direktor vəzifəsinə təyin edilib və hal-hazırda həmin müəssisədə işləyir. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, 10 sentyabr 1978-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçanızda 1984-2006-cı illər arasındakı dövrlər ərzində işlədiyinizə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunaraq müvafiq sənədlər Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq 01 yanvar 2006-cı il tarixədək ümumi əmək stajının 25 ildən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş stajının isə 12 il 6 aydan çox, yəni 16 il 5 ay 3 gün olmasına dair təsdiqedici sənədlər mövcud olduğundan ona yaş həddininin 5 il azaldılmaqla 58 yaşdan, yəni, 15 avqust 2019-cu ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin iclasında protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqana əmək kitabçasında aparılmış qeydlərə dair həmin qeydləri aparmış, fəaliyyət göstərən idarələrdən “şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə çalışmasına dair Arayış”lar, həmçinin, Milli Arxiv İdarəsinin Bakı flialından müvafiq arxiv arayışı təqdim olunmasına baxmayaraq müraciətinə əmək kitabçasında aparılmış qeydlərə dair arxiv arayışı təqdim edildikdən sonra baxıla biləcəyi göstərilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə əmək kitabçasında aparılmış qeydlər, həmin qeydləri aparmış idarələr tərəfindən təsdiq edilməlidir. Həmin idarələr mövcud olmadıqda isə, işə dair qeydlər arxiv arayışı əsasında təsdiq edilir. Göstərilənlərə əsasən cavabdehin məktubu pensiya təyin edilməsindən imtina kimi qəbul edilməlidir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, əmək kitabçasında 1984-2006-cı illər arasında dövrlər ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunmadığına görə cavabdehin imtinası əsaslı hesab edilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı xx.xx.1961-ci ildə doğulmuş, onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. İddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla (iddiaçının təhsilini istehsalatdan ayrılmadan almışdır) yuxarıda qeyd edilən peşələrdə ümumi iş stajı 25 ildən çoxdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən əmək kitabçasındakı 1984-2006-cı illər arasındakı dövrlər ərzində işlədiyinə dair aparılmış qeydlərin arxiv arayışı əsasında təsdiq olunmadığına əsaslanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Dövlət Arxivinin Bakı Filialından məhkəməyə təqdim edilmiş arayışda qeyd edilmişdir ki, BBTİ 8 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında iddiaçı xx.xx.1978-ci il tarixli 139-s saylı əmrlə xx.xx.1978 ci il tarixdən 1-ci dərəcəli fəhlə kimi işə qəbul olunması, xx.xx.1980-ci il tarixli 85-s saylı əmrlə xx.xx.1980-ci il tarixdən hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunması, yenidən xx.xx.1982-ci il tarixli 86-k saylı əmrlə xx.xx.1982-ci il tarixdən 2-ci dərəcəli dülgər vəzifəsinə işə qəbul olunması və 1978, 1979, 1980, 1984-cü illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumat vardır. 1982 və 1983-cü illərə dair natamam arxiv sənədlərinin əmək haqqı cədvəllərində barəsində heç bir məlumat yoxdur. Göründüyü kimi, cavabdeh orqanın da istinad etdiyi həmin arxiv arayışı BBTİ 8 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında olan məlumatlara əsasən verilmişdir. Bu hal isə iddiaçının 1984-2006-cı illərdə həmçin müəssisələrdə işləməsinin mübahisəli olması qənaətinə gəlməyə əsas vermir. Bundan başqa xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. Məhkəmə qeyd edir ki, iddiaçının 1984-2006-ci illərdə işləməsi barədə əmək kitabçasında qeyd aparılmış, həmin qeyd təsdiqlənmişdir. Əmək kitabçasında həmin qeydlərin olmaması, natamam olmaması, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmaması ilə bağlı hallar müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin inzibati orqanın yalnız mülahizələrə əsaslanan bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, istinad olunanlara əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı olduğundan, o birinci tələbi ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 22900000 Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölmə XXVİİ, 2290000a a)fəhlələr, 2290000b—23419 (yeni tikinti və quraşdırma işlərinin ustaları) 2290000b— 24441 - iş icraçıları vəzifələri yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. İşdə olan “Şəhərtəmirtikinti” müəssisəsinin arayışına əsasən iddiaçı “Bakışəhərtikinti Trestinin” 8 saylı Tikinti İdarəsi 8 saylı T.İ – də xx.xx.1989-cu ildən xx.xx.1998-ci ilədək (8 il, 7 ay, 13 gün) tikinti ustası, iş içraçısı vəzifəsində çalışmışdır. Həmin arayışa əsasən “Şəhərtəmirtikinti” müəssisəsi “BŞTT” 8 saylı Tikinti İdarəsinin hüquqi varisidir. Bu hal məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər İdarəsinin X1 Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı ilə də təsdiq edilir. "xxxx" MTK tərəfindən təqdim edilmiş arayışa əsasən iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü ilədək (2 il, 3 ay, 28 gün) iş icraçısı vəzifəsində çalışmışdır. "xxxx" MTK tərəfindən verilmiş arayışa əsasən iddiaçı xx.xx.2004-cu ildən xx.xx.2009-cu ilədək (xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək 1 il 9 ay) iş icraçısı vəzifəsində işləmişdir. Təqdim edilən arayışlara əsasən iddiaçının güzəştli iş stajı 12 il 08 ay 11 gün təşkil edir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışları ilə təsdiq edilir. Həmin arayışlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Məhkəmə pensiiyanın təyin edilmə və ödənilmə tarixi ilə bağlı qeyd edir ki, Əmək Pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaranıb. Lakin iddiaçı ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Ona görə də, Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən iddiaçıya cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən pensiya ödənilməlidir. Məhz bu səbəbdən də iddiaçının iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7094/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7094/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver