Məhkəmə qərarları › İş №2-1(112)-7095/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7095/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7095/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Ağdaş rayonunda qeydiyyatdadır), iddiaçının vəkili və nümayəndəsi Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, vəkil), cavabdehin nümayəndəsi X17 (Sumqayıt şəhərində qeydiyyatdadır, hüquqşünas işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6653 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar kimi vergi uçotuna (VÖEN: **********) alınmışdır. Fəaliyyət göstərdiyi “ALP” şadlıq sarayında xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarla 23 dekabr 2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirmiş və 33 nəfər şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə, xidmətlərin göstərilməsinə cəlb edilməsi əsası ilə iddiaçıya xx.xx.2023-cü il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6653 nömrəli qərarla 66000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş nəzarət tədbiri nəticəsində qəbul edilən xx.xx.2023-cü il tarixli **********6653 nömrəli qərar ləğv olunmalıdır.Belə ki, xx.xx.2022-ci il tarixdə “ALP” şadlıq evinə daxil olan vergi orqanı əməkdaşları güya 54 nəfər fiziki şəxsdən 33 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çalışdığını müəyyən etmişlər. İlk öncə məlumdur ki, şadlıq evlərinin əsas gəlir mənbəyi toylardır. Təqvim ayı ərzində təbii ki, hər gün şadlıq sarayında toy olmur. Tоу olan günlərdə isə əlavə işçi qüvvəsinə ehtiyac yaranır. Toyda olacaq qonaqların sayına mütənasib işçilərin sayını müəyyən etmək məqsədilə cari gün təxminən saat 16.00 radələrində toyda işləmək üçün namizədlər şadlıq sarayına dəvət olunur və onlardan müəyyən meyarlara ən yaxşı cavab verən namizədlər seçildikdən sonra axşamkı toy üçün rəsmiləşdirilərək əmək fəaliyyətinə cəlb edilirlər. Həmin gün də vergi orqanının əməkdaşları saat 16.00 radələrində şadlıq sarayına gəlmiş və çağırılmış 33 nəfər namizədlə guya əmək müqaviləsi bağlanmaması səbəbi ilə mübahisələndirilən qərarı qəbul etmişlər. Halbuki həmin 33 nəfərdən 20 nəfəri daha uyğun namizəd olduqları üçün seçilmiş və daha sonra (həmin zaman vergi əməkdaşları da orda idilər) onlarla əmək müqaviləsi bağlanmışdır. Vergi əməkdaşları bütün bu proseslərin şahidi olmuşlar. Şadlıq saraylarında formalaşmış işgüzar adətlərə əsasən toy günləri müəyyən olunmuş vaxtda çağırılmış namizədlərlə iclas keçirilir və onlar seçildikdən sonra əmək funksiyalarının icrasına başlanılmamışdan bilavasitə öncə onlarla həmin gün üçün əmək müqaviləsi bağlanılır. Vergi əməkdaşları da həmin namizədlərin seçimi üçün keçirilən iclas zamanı gəlmişlər və heç bir əmək funskiyalarını icra etməyən, əmək münasibətləri yaranmamış şəxslərlə bağlı yanlış qərar vermişlər. Həmçinin, inzibati orqan tərəfindən 33 nəfərin heç birinin izahatı alınmamışdır. Göründüyü kimi, vergi orqanı işə qəbul üçün gəlmiş namizədləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çalışan şəxslər sırasına aid edərək əsassız qərar qəbul etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********4868 nömrəli qərarına əsəsən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev, 33F, 2403-cü məhəllə ünvanında yerləşən “Alp” şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 33 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xıdmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək xx.xx.2022-ci il tarixli DVX seriyalı, 006583 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktla rəsmiləşdirilmişdir Operativ vergi nəzarəti tədbıri zamanı 33 nəfər fiziki şəxs iş yükü ilə əlaqədar izahat verməkdən imtina etmiş, həmçinin iddiaçı heç bir əsaslı səbəb göstərmədən yazılı izahat təqdim etməkdən imtına etmişdir.Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Vergi ödəyicısınin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********6853 saylı qərar qəbul edilmişdir. İddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin yerinə yetirilməsinə iddiaçı tərəfindən cəlb edilmiş, iddiaçı 33 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış, aktda adları qeyd olunan 33 nəfər şəxs iddiaçı ilə faktiki əmək münasibətlərində olmuş, eləcə də iddiaçı məsuliyyətdən yayınmağa və vergi üstünlüyü əldə etməyə cəhd etmişdir.İddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə bildiririk ki, İddiaçı operativ vergi nəzarəti xx.xx.2022-ci il tarixdə saat 16:45-də keçirilməsinə baxmayaraq, iddiaçı 20 fiziki şəxs üzrə bildirişləri yoxlama saatlarından sonraki saatlarda elektron sistemə daxil etmişdir.Ümumiyyətlə İddiaçı 33 fiziki şəxsdən 28 nəfəri üzrə müxtəlif tarixlərdə əmək münasibətlərində olmuşdur.Sadalananlar bir daha sübut edir ki, iddiaçı faktiki əmək münasibətlərində olmuş, eləcə də məsuliyyətdən yayınmağa və vergi üstünlüyü əldə etməyə cəhd etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

4. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Seyidov iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş: “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə” operativ vergi nəzarətinin nəticəsi haqqıda” 006583 nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən fərdi sahibkar İddiaçı fərdi sahibkarlıq fəaliyyəti göstərdiyi “ALP” şadlıq sarayında 34 nəfər fiziki şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətləron) yerinə yetirilməsinə cəlb edilmişdir; “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********6653 nömrəli qərara əsasən iddiaçı 33 nəfər fiziki şəxsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 66000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. 8.İddiaçının təqdim etdiyi Fuad Səbriyev, Coşqun Ələkbərov, Zakir Məmmədov, Kəmalə Süleymanova, Ağabala Salmanov, Sənan Müşfiqzadə, Tural Nəbiyev, Elşən Həsənli adlı şəxslərin cavabdehin adına yazdıqları ərizələrə əsasən həmin şəxslər xx.xx.2022-ci ildə “ALP” şadlıq sarayına işə düzəlmək məqsədilə müraciət etmişlər, lakin vergi əməkdaşları həmin şadlıq sarayında olan zaman onlar iddiaçının işçisi olmamışlar; 9.İddiaçının təqdim etdiyi siyahılara əsasən: X3, X59, X13, X9, X18, X19, X60, X14, X46, X36, X20, X66, X21, X47, X48, X1, X22, X23 ilə iddiaçı xx.xx.2022-ci ildə saat 17.00-dan sonra əmək müqavilələri bağlamışdır; X24, X37, X49, X50, X10, X25, X26, X61, X27, X51, X5, X52, X53, X38 və X6, X2, X28, X29, X30, X7, X15, X11, X39, X31, X40, X32, X67, X62, X33, X12, X34, X14, X41, X54, X8 ilə iddiaçı xx.xx.2022-ci ildə əmək müqavilələri bağlamışdır. 10.Cavabdehin təqdim etdiyi: xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən vergi orqanı iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev ünvanda yerləşən şadlıq sarayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsini qərara almışdır; Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışına əsasən aparılması nəzərdə tutulan operativ vergi nəzarəti haqqında məlumat qeyd edilən reyestrə daxil edilmişdir; “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli tələbnamə ilə iddiaçıdan əmək müqavilələrinin, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surətlərinin, bank və kassa sənədlərinin, gəlir və xərcləri təsdiq edən sənədlərin və digər sənədlərin vergi orqanına təqdim olunması iddiaçıdan tələb edilmişdir; “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********6654 nömrəli tələbnaməyə əsasən iddiaçıdan 66000 manat vəsaitin Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi tələb edilmişdir.

IV. Məhkəmənin mövqeyi 11.Məhkəmə iddiaçını, iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. 12.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

13. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinn 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;.. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:.. 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Həmin Məcəllənin 50.6. –ci maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında;49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi;49.1.6. yeni qərarın qəbul edilməsi.

14. Məhkəmə inzibati işə baxan zaman müəyyən etmişdir ki, iddiaçının 33 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus olan obyektdə işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya münasibətdə qəbul edilmiş, iddiaçının mübahisələndirdiyi cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli. **********6653 nömrəli qərarı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6653 nömrəli qərarda təsvir edilən pozuntunun aşkar edilməsi haqqında akt xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir, belə olan halda həmin aktda təsvir edilən pozuntuya görə iddiaçının Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması haqqında qərar xx.xx.2023-cü ilə qədər qəbul oluna bilərdi, lakin cavabdeh pozuntunun aşkar edildiyi xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsindən sonra 40 gün keçdikdən sonra iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli qərarı qəbul etmişdir.

15. Bundan əlavə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunması imkanının nəzərdə tutulmasına baxmayaraq cavabdeh iddiaçı barədə tərtib edilmiş aktda adları çəkilən şəxslərin iddiaçının tapşırıqlarını yerinə yetirməsini, əmək fəaliyyətini göstərməsini təsdiq edə bilən foto və ya video-çəkiliş materiallarını məhkəməyə təqdim etməmişdir.

16. Habelə iddiaçının iddia ərizəsində göstərdiyi toyda işləmək üçün namizədlərin toy mərasiminin keçirildiyi gün şadlıq sarayına dəvət olunması və onlardan müəyyən meyarlara ən yaxşı cavab verən namizədlər seçildikdən sonra həmin axşamkı toy üçün rəsmiləşdirilərək əmək fəaliyyətinə cəlb edilməsi barədə arqumentini də məhkəmə iddia tələbinin təmin edilməsi üçün əsas hesab edir, belə ki, iddiaçının təqdim etdiyi siyahıya əsasən iddiaçı yoxlama aparıldığı gündə - xx.xx.2022-ci ildə olduğu kimi, həmin gündən əvvəlki tarixlərdə də - xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2002-ci il tarixlərində saat 17.00-dan sonra işçilərlə əmək müqaviləsi bağlamışdır, bu da şadlıq sarayında toy mərasimi keçirildiyi vaxt işçilərin əmək müqaviləsi bağlanılmaqla işə cəlb edilməsi, yoxlama aparılan gün şadlıq sarayında olan vətəndaşların heç də hamısının iddiaçının işçisi olmadıqlarını, adları aktda göstərilən vətəndaşların işə qəbul olunmaq üçün dəvət olunmaları barədə iddiaçının bildirdiklərinin həqiqət olduğunu təsdiq edir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 18.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 19.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı barədə qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli. **********6653 nömrəli qərarı ləğv edilməlidir. 20.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

21. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barədə qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********6653 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar