Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-71/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) «kompensasiya ödənilməsinə dair»tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) «kompensasiya ödənilməsinə dair» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 9/21 saylı, xx.xx.2005-ci il tarixli qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisində iddiaçının mülkiyyətinə ayrılmış 600 kv.m torpaq sahəsinin bazar qiymətinin müəyyən edilərək, həmin məbləğə əlavə olaraq «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq nəzərə alınmaqla ədalətli kompensasiya məbləğinin mənə ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" QSC-yə həvalə edilməsi barədə qərar qəbul olunmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 9/21 nömrəli, 13 may 2005-ci il tarixli “faktiki istifadə etdiyi torpaq sahəsini fərdi yaşayış evinin tikintisi təyinatı ilə alğı-satqı yolu ilə vətəndaş X2 mülkiyyətinə verilməsi haqqında” qərarına əsasən Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmışdır. Bələdiyyə tərəfindən həmin torpaq sahəsinin cizgisi təsdiq olunaraq qərara əlavə olunmuşdur. Həmin iddiaçıya məxsus torpaq sahəsində "xxxx" QSC tərəfindən poliklinika binası inşa edilmiş və torpaq sahəsinin zəbt olunması ilə bağlı ona hər hansı bir kompensasiya məbləği ödənilməmişdir. Bununla əlaqədar ilk öncə tərəfindən "xxxx" QSC-yə zəbt edilmiş torpaq sahəsinə görə kompensasiya ödənilməsinə dair müraciət edilmiş, müraciətinə "xxxx" QSC tərəfindən 40N-10/5-66 nömrəli cavab verilərək bildirilmişdir ki, “Xocəsən” Sağlamlıq Mərkəzinin tikintisi ilə əlaqədar tikinti altına düşən ona məxsus torpaq sahəsinə kompensasiya ayrılmasına münasibət bildirilməsi məqsədi ilə, tərəflərindən 40-10/2-57 saylı, 21 fevral 2018-ci il tarixli məktubla Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 28 mart 2018-ci il tarixli, 09-03-2-57-1438 saylı "xxxx" QSC-yə daxil olan cavab məktubunda tikinti altına düşən torpaq sahəsinin sizin mülkiyyətinizdə olmasını təsdiq edən müvafiq sənədlərin olmamasını əsas götürərək, qeyd olunan torpaq sahəsinə kompensasiya ödənilməsi məqsədəuyğun hesab edilməmişdir.Daha sonra tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinə müraciət olunaraq, ona məxsus torpaq sahəsinə görə ədələtli şəkildə kompensasiya məbləğinin ödənilməsi xahiş edilsə də, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus torpaq sahəsində "xxxx" QSC tərəfindən poliklinika binasının inşa edildiyini, bu səbəbdən də hüquqmüəyyənedici sənədlər əsasında "xxxx" QSC-yə müraciət etməyi tövsiyə edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Baki İnzibati Məhkəməsinin 2-1(112)-3046/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-627/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə tikint-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı X4 cavabdeh “Bakı Metropoliteni" QSC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 9/21 saylı, xx.xx.2005-ci il tarixli Qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsinin bazar qiymətinin müəyyən edilərək, həmin məbləğə əlavə olaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabt tarixli 506- İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq nəzərə alınmaqla ədalətli kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" QSC-yə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli 158 nömrəli Qərarına əsasən Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən" elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahəsini dövlət ehtiyacları üçün alan orqan qismində Bakı Metropoliteni müəyyən edilmişdir. Deponun tikinti ərazisinə düşən torpaqların satın alınması zamanı həmin sahədə fəaliyyət göstərən və Səhiyyə Nazirliyinin balansında olan “Xocəsən Sağlamlıq Mərkəzi”nin köçürülməsi qərara alınmış və və Bakı Şəhər İH başçısının xx.xx.2016-cı il tarixli 180 saylı Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü Mədən yolunun üstündə 0,24 ha torpaq sahəsi ayrılmışdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 180 nömrəli Sərəncamına əsasən "Bakı Metropoliteni Xətlərinin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamının icrasının təmin etmək məqsədilə, Baş Nazirin müavini cənab Abid Şərifovun xx.xx.2015-ci il tarixli, xx/xx/2660-12/13 saylı tapşırığını, SOCAR-m xx.xx.2016-cı il tarixli, SOCAR**********40670067X00085 saylı razılıq məktubunu, "xxxx" QSC-nin xx.xx.2015-ci il tarixli, 40N-10/2-129/1262 saylı və Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli xx/xx-6580 saylı məktublarını nəzərə alaraq, Bakı Metropoliteninin “Elektrik Deposu”nun tikintisi ilə əlaqədar tikinti sahəsində yerləşən “Xocəsən Sağlamlıq Mərkəzi”nin köçürülməsi və tikintisinin layihələndirilməsi məqsədilə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü Mədən yolunun üstündə Mərkəzin mövcud sahəsi ölçüsündə torpaq sahəsi Səhiyyə Nazirliyinin istifadəsinə verilmişdir. Bakı Şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Ayrıc aktı tərtib edilmiş və ayrıc aktlarının qeydiyyat kitabında xx.xx.2016-cı ildə 16/111 sayla qeydiyyata alınmışdır. (Qeyd olunan ərazidə Xocəsən Sağlamlıq Mərkəzi tikilərək Nazirlər Kabinetinin 23 avqust 2019-cu il tarixli 586s nömrəli Sərəncamı ilə Səhiyyə Nazirliyinin balansına verilmişdir). Tikinti-quraşdırma işlərinə başlanan zaman müəyyən olunmuşdur ki, Xocəsən Sağlamlıq Mərkəzinin köçürülməsi üçün ayrılmış ərazidə (yəni Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü mədən yolunun üstündə ayrılmış torpaq sahəsində) bir neçə şəxs bələdiyyə sənədləri əsasında həmin ərazidə torpaq sahələrinə malik olduqlarını iddia etmişlər. Xocəsən bələdiyyəsinin sərəncamları ilə torpaq sahələri ayrılmış vətəndaşların (Cəvahir Abuşovanın və İddiaçıovun) müraciətini nəzərə alaraq, Xocəsən Sağlamlıq Mərkəzinin tikinti layihəsi altına düşmüş torpaq sahələrinə görə kompensasiya ödənilməsi məsələsinə münasibət bildirilməsi üçün "xxxx" QSC tərəfindən xx.xx.2018-ci il tarixli 40N-10/2-57 nömrəli məktubla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir. Maliyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 09/03-2-57-1438 nömrəli cavab məktubunda aşağıdakılar bildirilmişdir: "Nazirliyin aidiyyəti strukturunun mütəxəssisləri tərəfindən daxil olmuş sənədlər araşdırılmış və məlum olmuşdur ki, Azrbaycan Respublikası Prezidentinin 10 yanvar 1997- ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘‘Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamədə "bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə verilərkən daimi və ya müvəqqəti istifadəçilərə torpaqdan daimi istifadə hüququna dair dövlət aktı və ya torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilir” qeyd olunmasına baxmayaraq, Cəvahir Abuşova və Əhmədov Azər tərəfindən həmin torpaq sahələrinin onların daimi istifadəsində olmasını təsdiq edən belə bir sənəd (Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı) alınmamışdır. Habelə qeyd edirəm ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 13 may 2005-ci il tarixli 9/21 nömrəli qərarında torpaq sahəsinə mülkiyyət hüququnun təsdiqinə dair şəhadətnamənin alınması üçün keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməsi vətəndaşların nəzərinə çatdırılmışdır. Məktuba əlavə edilmiş sənədlərə baxış keçirilərkən, həmçinin müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən tərtib olunmuş torpaq sahəsinin “Yerquruluşu planı”nda torpaq sahəsinin bir hissəsinin Cəvahir Abuşovanın və İddiaçıovun mülkiyyətində olması barədə qeydlər də edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində "Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir" maddəsinin qeyd edilməsinə baxmayaraq, təqdim olunan sənədlərin sırasında tərəflər arasında bağlanmış müqavilə olmamışdır.Yuxarıda göstərilənləri, habelə tikinti altına düşən torpaq sahələrinin bir hissəsinin Cəvahir Abuşovanın və İddiaçıovun mülkiyyətində olmasını təsdiq edən müvafiq sənədlərin yoxluğunu nəzərə alaraq, həmin vətəndaşlara kompensasiyanın ödənilməsi məqsədəmüvafiq hesab edilməmişdir. ” Kompensasiya tələbi ilə əlaqədar iddiaçının yazılı müraciətlərinə “Bakı Metropoliteni" QSC tərəfindən Maliyyə Nazirliyinin yuxarıda qeyd olunan məktubunun məzmununa müvafiq olaraq müxtəlif vaxtlarda - xx.xx.2018-ci il tarixli 40N-10/5-66 nömrəli, xx.xx.2018- ci il tarixli 40N-10/3-502 nömrəli məktublarla cavab verilmişdir.Qeyd etməyi vacib hesab edirik ki, "xxxx" QSC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə xx.xx.2018-ci il tarixli 40N-10/2-68 nömrəli məktubla müraciət edilərək Xocəsən Sağlamlıq Mərkəzinin tikinti layihəsi altına düşmüş torpaq sahələrinə kadastr planlarından çıxarışların verilməsi haqqında göstəriş verilməsi xahiş edilmişdir. Həmin Komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli **********52 nömrəli cavab məktubunda Xocəsən Bələdiyyəsi tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olması, Xocəsən Bələdiyyəsi tərəfindən həmin ərazidən torpaq sahəsinin ayrılmasının mövcud qanunvericiliyə zidd olması bildirilmiş, torpaq sahələrinə dair kadastr planlarından çıxarışların hazırlanması mümkünsüz hesab edilmişdir. Həmçinin, Xocəsən Bələdiyyəsinin sədri M.Əsgərovun imzası ilə Daşınmaz Əmlakın Kadastrı və X1 direktoru Ramiz Quliyevə ünvanlanmış 2013-cü il aprel tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ‘Xocəsən Bələdiyyəsinə **********97 saylı 01 aprel 2013-cü il tarixli məktubunuz daxil olmuşdur. Cavab olaraq bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu günə qədər Xocəsən Bələdiyyəsinə torpaq sahəsi verilməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Şəhər İH başçısına ünvanlanmış 17 aprel 2016-cı il tarixli SOCAR**********40670067X00085 nömrəli cavab məktubunda qeyd olunur ki, Xocəsən Sağlamlıq Mərkəzinin köçürülməsi və tikintisinin layihələndirilməsi məqsədilə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü Mədən yolunun üstündə Mərkəzin yeni binasının tikintisi üçün ayrılması təklif olunan torpaq sahəsi SOCAR- m daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Şianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən neftqaz əməliyyatlarının aparılması üçün “X5" Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir, müraciətdə qeyd olunan ərazinin göstərilən məqsədlər üçün ayrılması Podratçı tərəflərlə razılaşdırılmış, cizgisi məktuba əlavə olunmuş 0,5 ha torpaq sahəsinin Sağlamlıq Mərkəzinin yeni binasının tikintisi məqsədilə Səhiyyə Nazirliyinin daimi istifadəsinə ayrılmasına etiraz edilmir. Göründüyü kimi, “Bakı Metropoliteni" QSC Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 158 nömrəli Qərarı ilə alan orqan kimi “X3"nun tikintisi ərazisində olan kənar şəxslərə münasibətdə çıxış etmiş, Xocəsən Sağlamlıq Mərkəzinin köçürülməsi və tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinə münasibətdə deyil. “X3"nun tikinti sahəsində yerləşən “Xocəsən Sağlamlıq Mərkəzi"nin köçürülməsi və tikintisinin layihələndirilməsi məqsədilə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü Mədən yolunun üstündə torpaq sahəsinin ayrılması Bakı Şəhər icra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 180 saylı Sərəncamı ilə olmuşdur. Yəni, “Xocəsən Sağlamlıq Mərkəzi”nin köçürülməsi üçün yeni torpaq sahəsinin ayrılması "xxxx" QSC-nin qərarı (sərəncamı) ilə deyil, məhz inzibati orqan olan Bakı Şəhər İcra Hakimiyyətinin inzibati akt kimi xx.xx.2016-cı il tarixli 180 saylı Sərəncamı qəbul etməklə təmin olunmuşdur. "xxxx" QSC belə bir sərəncam vermək səlahiyyətinə malik deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı"nda "xxxx" QSC inzibatı orqanların sırasına daxil deyil. Hazırki iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürülmüş "xxxx" QSC inzibati orqan olmadığına görə tərəflər arasında inzibati hüquq münasibəti də mövcud deyil. İnzibati hüquq münasibəti olmadığı halda inzibati mübahisə də ola bilməz. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 11ci bəndində qeyd edilmişdir ki, İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «lnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Digər tərəfdən, Xocəsən Sağlamlıq Mərkəzinin tikintisi üçün ayrılmış ərazidə bələdiyyə sənədləri əsasında torpaq sahəsinə malik olduqlarını iddia edən vətəndaşlara kompensasiyanın ödənilib - ödənilməməsi məsələsinə dair qərarın qəbul edilməsi Maliyyə Nazirliyinin səlahiyyətinə aiddir və iş matreiallarına əlavə olunmuş Maliyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 09/03-2-57-1438 nömrəli cavab məktubundan göründüyü kimi, qərarı da həmin dövlət orqanı vermişdir. Hazırki iş üzrə subyektiv hüquq və subyektiv cavabdehlik düzgün müəyyən edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 1.1-ci bəndinə görə İPM inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məcəllənin 1.2-ci bəndinə əsasən İPM ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 54.1 -ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. “Bakı Metropoliteni" QSC cavabdeh şəxs sayılmamalıdır, bu barədə hər iclaslarda ətraflı izahlarıma və əsaslandırılmış etirazlarıma baxmayaraq, məsələyə münasibət bildirilməyib.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2005-ci il tarixli 9/21 nömrəli “Faktiki isifadə etdiyi torpaq sahəsini fərdi yaşayış evinin tikintisi təyinatı ilə alqı-satqı yolu ilə vətəndaş X2 mülkiyyətinə verilməsi haqqında “ Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin qərarının surəti; - xx.xx.2018-ci il tarixli Binəqədi rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı məktub; -xx.xx.2018-ci il tarixli “Kompensasiyanın ödənilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "xxxx" QSC-nə ünvanladığı məktubun təsdiq edilmiş surəti; - Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 110 saylı Sərəncamının surəti; - Azərbaycan Respublikası Prezidentinin “Bakı Metropoliteninin perespektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli 3593 saylı Sərəncamı; - xx.xx.2013-cü il tarixli 158 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı; - "xxxx"QSC-nin xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı məktubun təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli "xxxx" QSC-nə ünvanlanan məktubun təsdiq edilmiş surəti; - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi 16/111 saylı 2016-cı il tarixli “Ayrıc Aktı”nın surəti; - xx.xx.2016-cı il tarixli 180 saylı Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamının təsdiq edilmiş surəti; - xx.xx.2015-ci il tarixli 476 saylı Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamının təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2016-cı il tarixli Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı məktubun təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********37 nömrəli mütəxəssis rəyinin veriməsi barədə məktubu; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6900 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi;
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçının hazırki iddia tələbi Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 9/21 saylı, xx.xx.2005-ci il tarixli Qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsinin bazar qiymətinin müəyyən edilərək, həmin məbləğə əlavə olaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabt tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq nəzərə alınmaqla ədalətli kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" QSC-yə həvalə edilməsi məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, X2 faktiki istifadə etdiyi torpaq sahəsi iddiaçıya Binəqədi Rayon Xocəsən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 9/21 nömrəli “Faktiki isifadə etdiyi torpaq sahəsini fərdi yaşayış evinin tikintisi təyinatı ilə alqı-satqı yolu ilə vətəndaş mülkiyyətinə verilməsi haqqında “ qərarı əsasında ayrılmışdır. Həmin qərarın 4-cü və 5-ci bəndlərində qeyd edilmişdir: “torpaq sahəsinə mülkiyyət hüququnun təsdiqinə dair şəhadətnamənin verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməsi vətəndaşın nəzərinə çatdırılsın. Ayrılmış torpaq sahəsinin naturada vətəndaşa təhvil verilməsi və alqı-satqı aktı ilə rəsmiləşdirilməsi bələdiyyənin icra aparatına tapşırılsın”. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli 158 nömrəli Qərarına əsasən Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən" elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahəsini dövlət ehtiyacları üçün alan orqan qismində Bakı Metropoliteni müəyyən edilmişdir. İş materaiallarına əsasən, Deponun tikinti ərazisinə düşən torpaqların satın alınması zamanı həmin sahədə fəaliyyət göstərən və Səhiyyə Nazirliyinin balansında olan “Xocəsən Sağlamlıq Mərkəzi”nin köçürülməsi qərara alınmış və və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 180 saylı Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü Mədən yolunun üstündə 0,24 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2016-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Sizin xx.xx.2016-cı il tarixli 7-416/2 nömrəli “Bakı Metropoliteninin “Elektrik Deposunun tikintisi ilə əlaqədar tikinti sahəsində yerləşən “Xocəsən” Sağlamlıq Mərkəzinin köçürülməsi və tikintisinin layihələndirilməsi məqsədilə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü Mədən yolunun üstündə həmin mərkəzin yeni binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə rəy bildirilməsi haqqında" məktubunuza Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) baxılmış və müvafiq araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, ayrılması təklif olunan torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə (Saziş) əsasən neft-qaz əməliyyatlarının aparılması üçün “X5” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bununla əlaqədar olaraq bildiririk ki, müraciətdə qeyd olunan ərazinin göstərilən məqsədlər üçün ayrılması Podratçı tərəflərlə razılaşdırılmışdır.Yuxarıda qeyd olunanları nəzərə alaraq, cizgisi bu məktuba əlavədə verilmiş 0,05 ha torpaq sahəsinin Sağlamlıq Mərkəzinin yeni binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin daimi istifadəsinə ayrılmasına etiraz edilmir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli cavab məktubda qeyd edilmişdir ki, daxil olmuş sənədlər Nazirliyin aidiyyəti strukturunun mütəxəssisləri tərəfindən ətraflı araşdırılmış və məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamədə “bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə verilərkən daimi və ya müvəqqəti istifadəçilərə torpaqdan daimi istifadə hüququna dair dövlət aktı və ya torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilir” qeyd olunmasına baxmayaraq, Cəvahir Abuşova və İddiaçıov tərəfindən həmin torpaq sahələrinin onların daimi istifadəsində olmasını təsdiq edən belə bir sənəd (Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı) alınmamışdır. Habelə qeyd edirik ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 13 may 2005-ci il tarixli 9/21 və 07 iyun 2005-ci il tarixli 11/14 nömrəli qərarlarında torpaq sahəsinə mülkiyyət hüququnun təsdiqinə dair şəhadətnamələrin alınması üçün keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməsi vətəndaşların nəzərinə çatdırılmışdır İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən "xxxx" QSC-nə ünvanlanmış xx.xx.2018-ci il tarixli cavab məktubda qeyd edilmişdir ki, Xocasən Bələdiyyəsi tərəfindən vətəndaşlara ayrlmış torpaq sahələri dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsindədir və Xocasən Bələdiyyəsi tərəfindən həmin ərazidən torpaq sahəsinin ayrılması mövcud torpaq qanunvericiliyinə ziddir. Eyni zamanda sözügedən əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, vaxtilə həmin torpaq sahələri 40-80 sm hündürlükdə hasarlarla əhatələnmiş, lakin hal-hazırda aparılan tikinti zamanı söküldüyündən (Akt əlavə olunur) və mülkiyyətçilərə dair təqdim edilmiş sənədlərdə olan torpaqların alqı-satqısına dair akt müvafiq icra hakimiyyəti orqanı təfindən təsdiq edilmədiyindən vətəndaşlara ayrılmış torpaq sahələrinə dair kadastr planından çıxarışların hazırlanması mümkünsüz hesab edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 16/111 saylı ayrıc aktının surətinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 180 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı ilə Bakı şəhəri, Xocəsən qəsəbəsi, 4-cü Mədən yolunun üstündə göstərilən sərhədlər daxilində 0,2400 ha sahədə “Xocəsən” Sağlamlıq Mərkəzinin tikintisi üçün torpaq sahəsi ayrılmış və həmin ayrılmış torpaq sahəsin cizgisi tərtib edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6900 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir: xx.xx.2022-ci il tarixli **********37 nömrəli mütəxəssis rəyinə əsasən, şərti olaraq iddia olunan sahənin Xocəsən qəsəbəsində inşa edilmiş Poliklinika kompleksinin həyətyanı sahəsinin (üzərində tikililər var) bir hissəsi olduğu və vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyəti torpağı olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, şərti olaraq iddia olunan torpaq sahəsinin əvvəlki illərdə və hal-hazırda dövlət mülkiyyətində olduğu müəyyən olundu. İş materiallarında öz əksini tapmış “Xocəsən Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və X1 direktoru Ramiz Quliyevə ünvanlanmış 01 aprel 2013-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu günə qədər Xocəsən Bələdiyyəsinə torpaq sahəsi verilməmişdir. Məhkəmə iş üzrə toplanmış və iş materiallarına əlavə edilmiş sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 4.0-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - 4.0.1 qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; - 4.0.2 müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək... “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Xocasən bələdiyyəsi tərəfindən ayılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi deyil, dövlət mülkiyyətində (SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara) olan torpaq sahəsi olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6900 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində də qeyd edilmişdir ki, iddia olunan sahənin əvvəlki illərdə və hal-hazırda dövlət mülkiyyətində olduğu müəyyən olunmuşdur. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyində də qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi elektron kadastr bazasında dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə qərarı əsasında ayrılmasına baxmayaraq, iş materiallarında olan sənədlərin sırasında tərəflər arasına torpağın alqı-satqısına dair bağlanılmış müqavilə də aşkar edilməmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, iddiaçının kompensasiya tələbinin əsası olan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunvericiliyin tələblərinin pozulması müəyyən edilmədiyindən, yəni hüquqa zidd hərəkətləri mövcud olmadığından, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı torpağın ayrılması barədə müvafiq qərarı qəbul etmiş inzibati orqana qarşı kompensasiya tələb etmək hüququnu özündə saxlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; ... dövlət ehtiyat fondu torpaqları. - 2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.2-ci naddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 9/21 saylı, xx.xx.2005-ci il tarixli qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisində iddiaçının mülkiyyətinə ayrılmış 600 kv.m torpaq sahəsinin bazar qiymətinin müəyyən edilərək, həmin məbləğə əlavə olaraq «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli, 506- İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq nəzərə alınmaqla ədalətli kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" QSC-yə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev