Məhkəmə qərarları › İş №2-1(112)-71/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-71/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-71/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X2, X3 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X9 (üçüncü şəxslər X10 və qeyriləri) qarşı “qərarın etibarsız hesab edilməsi” və iddiaçı X3 cavabdeh Biləcəri Bələdiyyəsinə (üçüncü şəxslər İddiaçı1 və qeyriləri) qarşı “qərarların etibarsız hesab edilməsi” tələblərinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4rşı “qərarın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Biləcəri Bələdiyyəsinin qərarları əsasında onlara Biləcəri Bələdiyyəsi ərazisi hüdudları daxilində torpaq sahələri ayrılmışdır. Torpaq sahələri daş hasara alınmış, beş min ədəd sahəyə daş gətirilmiş, lakin maddi vəziyyətlə əlaqədar və digər səbəblərdən tikinti işlərinin davam etdirilməsi mümkün olmamışdır. Bir müddət əvvəl torpaq sahəsində tikinti işləri aparmaq üçün getdikdə isə onlara məlum olmuşdur ki, X16 tərəfindən saxta sənədlər əsasında guya E.Cəbrayılova 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Halbuki, ərazi Biləcəri Bələdiyyəsi hüdudlarında yerləşir. Torpaq sahələrinə baxış keçirilərkən qanunsuz sənədlərlə torpaq sahələrini ələ keçirən şəxslər tərəfindən hədə qorxu gəlinmiş, eləcə də oxşar saxta sənədlər əsasında qonşuluqda yerləşən C.Mikayılov və A.Mikayılov adlı şəxslərə məxsus torpaq sahələri də zəbt edilmiş, tikililər ucaldılmışdır. İddiaçılar qeyd edir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş məktubda da qeyd edilir ki, ərazi Biləcəri Bələdiyyəsi hüdudları daxilindədir və müraciətə əlavə olunan sxemə əsasən sözügedən ərazi 600 kv.m torpaq sahəsinin Biləcəri Bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi məlum olmuşdur. Ümumiyyətlə iddiaçılara məxsus sənədlər Dövlət Arxivininin Bakı Filialında mövcuddur. Məhkəmənin qərardadları ilə X11, Biləcəri Bələdiyyəsi, X23 (sonradan üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı2 və İddiaçı1 iddiası təmin edilərək X6 torpaq sahəsinin ayrılmasına dair X7 30 dekabr 2005-ci il tarixli qərarının etibarsız hesab edilməsi qərara alınmışdır. Məhkəmənin 01 mart 2022-ci il tarixli qərardadı ilə X14 (sonradan üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir) və X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə ərizə təmin edilmiş, qərar ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması ilə əlaqədar təzələnməsi qərara alınmışdır. Məhkəmənin qərardadları ilə X19 və “X27” şirkəti də üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. X19 və X17 iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, ekspert rəyində 1031 və 1033 nömrəli qərarları ilə ayrılmış torpaq sahələrinin ölçüləri qərarlarda qeyd edilmiş, lakin sahələr koordinatlarda ayrılmadığı üçün yerləşməsini təyin etmək mümkün olmamışdır. İddiaçı1 və İddiaçı2 torpaq sahəsinin yerləşdiyi yeri dəqiq müəyyən etməlidir. Bunu təsdiq edən hər hansı sübut hazırda mövcud deyildir. Torpaq sahələri Biləcəri qəsəbəsinin inzibati ərazisində yerləşərək dövlət mülkiyyətində olmaqla Dövlət Neft Şirkətinin neft qaz əməliyyatlarının aparılması üçün ayrılmış Kontrakt sahəsi daxilində yerləşir. Odur ki, iddiaçıların bununla bağlı hər hansı subyektiv hüququ yoxdur. Torpaq sahələrinin hansısa bələdiyyə ərazisində yerləşməsi bələdiyyə mülkiyyətində olması demək deyildir. 972/1 nömrəli 30 dekabr 2005-ci il tarixli qərarın etibarsız hesab edilməsi üzrə iddia müddəti də ötürülmüşdür. Eyni zamanda, iddiaçı X1 Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərarların etibarsız hesab edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bələdiyyənin 29 dekabr 2005-ci il tarixli alqı-satqı aktına və 30 dekabr 2005-ci il tarixli qərarına əsasən 1200 kv.m torpaq sahəsi ona ayrılmışdır. Torpaq sahəsi 2005-ci il tarixdən onun qanuni istifadəsindədir. Üçüncü şəxslər İddiaçı2 və İddiaçı1 isə 1031 və 1033 nömrəli 10 noyabr 2004-cü il tarixli qərarlara istinad edərək həmin torpaq sahəsinin onlara verildiyini bildirirlər. Həmin qərarlar iddiaçı hesab edir ki, etibarsızdır. Belə ki, Biləcəri Bələdiyyəsinin müvafiq qərarlarında göstərilən təşkilatların heç birinin mübahisəli torpaq sahəsinin satılmasına dair razılığı olmamışdır, ola da bilməzdi. 18 oktyabr 1991-ci il tarixli Fərmana əsasən X18 İcraiyyə Komitələri ləğv edilmiş və Rayon İcra Hakimiyyətləri yaradılmışdır ki, Komitənin razılığının olması mümkün deyildir. Qərarlarda Binəqədi Rayon İcra Hakimiyyəti memarından da razılıq alındığı qeyd edilir. Halbuki, dövlət orqanlarının yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir, bələdiyyələr dövlət hakimiyyət orqanları sistemində daxil deyildir. “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin razılığının da olması qeyd edilir ki, mütəxəssis rəyindən də görünür ki, torpaq sahəsləri Dövlət Neft Şirkətinin konktrakt ərazisinin hüdudları daxilindədir və dövlət mülkiyyətindədir. Bələdiyyələr tərəfindən torpaq sahələrinin satılması torpaq sahəsi müstəsna dövlət mülkiyyətində olduğundan qanunsuzdur. Biləcəri Bələdiyyəsi tərəfindən satılan mübahisəli torpaqların bələdiyyə mülkiyyətində olması iş materialları ilə təsdiq edilmir. 1031 və 1033 nömrəli qərarları ilə verilən torpaq sahələrinə münasibətdə alqı-satqı müqavilələri bağlanılmamışdır. Məhkəmənin qərardadları ilə Dövlət Neft Şirkəti, İddiaçı1 və İddiaçı2, X16 həmin iddiaya dair iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə 2-1(112)-665/2024 saylı X5 cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı qərarların etibarsız hesab edilməsinə dair iş Məhkəmənin icraatında olan 2-1(112)-71/2024 saylı İddiaçı1 və İddiaçı2 cavabdeh X4rşı qərarın etibarsız hesab edilməsi tələbinə dair inzibati işlə birləşdirilmişdir. Sədrlik edən iddiaların mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab edərək iddiaların mümkünlüyünə münasibət bildirilməsini təklif etmişdir. İşdə iştirak edən şəxslər iddiasının mahiyyəti üzrə baxılması və təmin edilməsini qarşı tərəfin iddiasının qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə ərizələri və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddialar mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1031 saylı Qərarı ilə Bakı şəhər X18 İcraiyyə Komitəsinin, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının, «Binəqədineft» Neft və Qazçıxarma İdarəsinin razılığı nəzərə alınaraq Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 600,0 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə İddiaçı1 satılmışdır. Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1033 saylı Qərarı ilə Bakı şəhər X18 İcraiyyə Komitəsinin, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının, «Binəqədineft» Neft və Qazçıxarma İdarəsinin razılığı nəzərə alınaraq Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 600,0 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə İddiaçı2 satılmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 09 fevral 2021-ci il tarixli məktublarından görünür ki, İddiaçı2 və İddiaçı1 ayrılmış torpaq sahələrinin Biləcəri Bələdiyyəsi hüdudları daxilində olub-olmamasına dair müraciətə cavab olaraq bildirilmişdir ki, torpaq sahələri Biləcəri Bələdiyyəsi hüdudları daxilindədir. Dövlət Arxivinin Bakı Filialının 05 fevral 2021-ci il tarixli məktublarından görünür ki, İddiaçı2 və İddiaçı1 torpaq sahəsinin ayrılmasına dair Biləcəri bələdiyyəsinin xx.xx.2004cü il tarixli 1031 saylı və 1033 saylı Qərarları və ona əlavə edilmiş sənədlər (eləcə də plansxemlər) Filialda mövcuddur. Filialda mövcud olan plan-sxemlərdən görünür ki, həmin plan-sxem Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən də təsdiq edilmişdir. Dövlət Arxivinin Bakı Filialının 23 fevral 2023-cü il tarixli məktubundan görünür ki, X7 30 dekabr 2005-ci il tarixli 972/1 saylı qərarı Bakı Filialına təhvil verilməmişdir. X7 30 dekabr 2005-ci il tarixli 972/1 saylı qərarında qeyd edilmişdir ki, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisində 1200 kv.m torpaq sahəsi X6 ayrılmışdır. X7 03 mart 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X7 30 dekabr 2005-ci il tarixli qərarı əsasında E.Cəbrayılova torpaq sahəsi ayrılsa da, həmin sənədlərin eskizsxemi Bələdiyyədə aşkar edilməmişdir. X13 02 mart 2021-ci il tarixli məktubunda 1031 və 1033 saylı qərarlarla torpaq sahələrinin ayrılmasından sonra həmin sahələrin sonradan başqa şəxslərə Binəqədi Qəsəbə və Biləcəri Bələdiyyəsi tərəfindən satılmasına dair müraciət üzrə qeyd edilmişdir ki, həmin torpaq sahələrinin hər hansı hüquqla başqa şəxslərin mülkiyyətə ayrılması barədə bələdiyyələr tərəfindən qərarlar qəbul edilməmişdir. X7 17 mart 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sərəncam vətəndaş X5 adına rəsmiləşdirilsə də sərəncamın təsdiqi olaraq vətəndaş X11 bağlamalı olduğu alqısatqı müqaviləsini bağlamaqdan imtina etmiş, büdcəyə köçürməli olduğu vəsaiti köçürməmişdir ki, bu səbəbdən ayrılmış torpaq sahəsinin koordinatlarının eskiz-cizgisi vətəndaş E.Cəbrayılova təqdim edilməmişdir. Bələdiyyənin 972/1 saylı 30 dekabr 2005-ci il tarixli sərəncamı başa çatdırılmadan yarımçıq saxlanılmışdır. Məhkəmənin 03 iyun 2021-ci il tarixli yerli baxış protokolunda qeyd edilmişdir ki, İddiaçı2 və İddiaçı1 məxsus torpaq sahələrində, yəni Biləcəri qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi digər şəxs tərəfindən daş hasara alınmış, bir darvaza və bir giriş qapısı qoyulmuş, iki mərtəbəli ev tikilmiş, həmin şəxslərin torpaq sahəsinə girişi məhdudlaşdırılmışdır. Binəqədi Rayon Polis İdarəsinin 16 sentyabr 2021-ci il tarixli məktunbunda qeyd edilmişdir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən ərizə ilə müraciət edilərək onlara Bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahələrinin Bələdiyyələrlə əlbir fəaliyyət göstərən şəxslər tərəfindən saxta sənədlər əsasında zəbt edilərək satıldığı göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 21 avqust 2022-ci il tarixli məktubla məhkəməyə ünvanladığı mütəxəssis rəyində və həmin rəyə istinadla 02 dekabr 2022-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edilmişdir ki, naturada göstərilən ərazi Biləcəri qəsəbəsinin inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olmaqla Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış Kontrakt sahəsi hüdudları daxilində yerləşir, Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığından naturada faktiki göstərilən torpaq sahələrinin Biləcəri Bələdiyyəsinin qərarları əsasında ayrılmış torpaq sahələri olmasına münasibət bildirilməsi mümkün olmamışdır. Biləcəri Bələdiyyəsinin 1031 və 1033 nömrəli qərarlarında torpaq sahələrinin ölçüləri qeyd edilsə də, sahələr koordinatlarla ayrılmadığı üçün yerləşməsini təyin etmək mümkün olmamışdır. X6 ayrılmış torpaq sahəsinin koordinatları baxımından da 1031 və 1033 nömrəli qərarlarla əlaqədar verilmiş suallar üzrə aydınlıq gətirildiyi bildirilmiş, adıçəkilən qərarlar əsasında torpaq sahələrinin naturada və ya sənəd üzrə üst-üstə düşüb-düşməməsi barədə suala cavab olaraq isə torpaq sahələrinin qeyd olunduğu kimi dəqiq yerləri bilinmədiyi və sahələr dövlət qeydiyyatına alınmadığı üçün üst-üstə düşmə olub-olmamasının məlum olmadığı göstərilmişdir. Biləcəri Bələdiyyəsinin 06 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı2 və İddiaçı1 ayrılmış torpaq sahələrinin mövqeyi, verilən qərarların ayrılmas hissəsi olan situasiya planında birmənalı olaraq göstərilmişdir. Həmin situasiya planında daşınmaz, F=1400 milli metrlik Ceyranbatan-Bakı su kəməri əks etdirilmişdir. BU gündə mövcud daşınmaz istinad nöqtəsindən mübahisələndirilən torpaq sahələrinə istiqamətdə olan küçə ilə irəlilədikdə – küçənin perimetri ilə sol tərəfində isintaq nöqtəsindən 53 metr məsafədən sonra, 113 metr məsafəyədək 20m x 60 m=1200 kv.m torpaq sahəsi həmin şəxslərə ayrılmış torpaq sahələridir. Beləliklə, bələdiyyə qərarları ilə ayrılan torpaq sahələri situasiya planında əks etdirənlə, naturada ayrılmış torpaq sahələri ilə üst-üstə düşən torpaq sahələridir. Biləcəri Bələdiyyəsinin 04 mart 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ayrılmış torpaq sahələrinin daşınmaz istinad nöqtəsindən (1000 mm diyametr içməli su xətti borusundan) yerləşdiyi mövqeyədək məsafələr Peyk vasitəsi ilə çəkilmiş foto üzərində “X30” proqramında olan alətlər vasitəsi ilə aparılır. X7 27 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X5 adına rəsmiləşdirilmiş sərəncamla ona torpaq sahəsinin ayrılması üçün verilsə də. Alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş və büdcəyə köçürülməli olan vəsait köçürülməmişdir. Təqdim edilən 677140 nömrəli qəbz işə başqa şəxsin adına olan sənəddir. Şəxs torpaq vergisini bu günə qədər ödəməmiş, qeydiyyata belə düşməmişdir. Biləcəri Bələdiyyəsinin 29 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2020-ci ilin sonu və 2021-ci ilin əvvəllərində araşdırma aparılarkən torpaq sahibləri İddiaçı1 və Niyaz Ağayev tərəfindən sahənin istifadəsinin davam etdirilməsi üçün hasarlanması məqsədi ilə mişar daşlarının töküldüyünün şahidi olublar. 03 iyun 2024-cü il tarixli mübahisəli torpaq sahəsinin ətrafında və qonşuluğunda çıxarış verilmiş torpaq sahələrinə dair müvafiq sənədlərin təqdim edilməsinə dair məhkəmə sorğusuna cavab xarakterli 30 avqust 2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəinin 30 avqust 2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Biləcəri Bələdiyyəsinin 1230 nömrəli 08 dekabr 2004-cü il tarixli qərarı əsasında X12 400 kv.m torpaq sahəsi İddiaçı2 və İddiaçı1 torpaq sahələrinin ayrılmasına dair qərarlarında göstərilən oxşar əsaslandırma və istinadlarla ayrılmış və həmin sənəd əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməklə şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Qeyd olunmalıdır ki, İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Prosessual qanunvericiliyin aşkar tələbindən də göründüyü kimi məhz qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edilməli, inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmalı, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub müəyyən edilməlidir. Göründüyü kimi iddia tələblərinə uyğun subyektiv hüququnun, eləcə də hüquqi marağın mövcud olub-olmaması iddianın mümkünlüyünün qiymətləndirilməsi baxımından önəmlidir ki, həmin kriteriyalar üzrə aparılan qiymətləndirmə hazırkı iş üzrə iddiaların mümkünlüyünü istisna etməkdədir. Məhkəmə, ilkin olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4rşı sonuncu tərəfindən qəbul edilmiş 30 dekabr 2005-ci il tarixli 972/1 saylı qərarın etibarsız hesab edilməsi üzrə iddianın mümkün iddia olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından da göründüyü kimi etibarsızlığı tələb edilən həmin qərar əsasında Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, yəni məhz Binəqədi qəsəbə ərazisində 1200 kv.m torpaq sahəsi X6 ayrılmışdır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, həmin iddia üzrə iddiaçıların hüquqi marağının mövcudluğundan o zaman söhbət gedə bilər ki, konkret halda hüquqi müdafiəyə ehtiyac mövcud olmuş olsun. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edilməsi də zəruridir ki, nəzərə alınmalıdır ki, iddiaçıların hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Lakin, məhkəmə hesab edir ki, iddiaçıların yuxarıda adıçəkilən 30 dekabr 2005-ci il tarixli qərarın etibarsız hesab edilməsi iddiasının qaldırılmasına münasibətdə hər hansı hüquqi marağı mövcud deyildir. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçılar bələdiyyə qərarları əsasında onlara ayrılmış, istifadələrində olmuş torpaq sahələrinin halhazırda faktiki istifadələrinə maneə olması əsası ilə adıçəkilən bələdiyyə qərarının etibarsız hesab edilməsinə nail olmağa çalışır. Bu zaman isə iddiaçılar nəzərə almamışdır ki, bələdiyyə qərarları əsasında onlara ayrılmış torpaq sahələrindən sahibliyə, istifadəyə maneə olan halın aradan qaldırılmasına yönəlmiş hüquqi müdafiyəyə yönəlmiş iddia o zaman mümkün hesab edilə bilər ki, digər şəxsin və ya şəxslərin faktiki istifadə etdiyi torpaq sahəsinə dair də hər hansı hüquqmüəyyənedici sənədi mövcud olmuş olsun. Başqa sözlə iddiaçılar bələdiyyə qərarları əsasında onlara ayrılmış torpaq sahələrindən istifadə etməsinə maneəyə səbəb olan digər bələdiyyə orqanının qərarını o zaman etibarsızlığını tələb edə bilər ki, ümumiyyətlə sonuncu qərarın məhz həmin torpaq sahəsinə aid olduğu müəyyən edilmiş olsun. Hazırkı iş üzrə isə işin faktiki halları ilə müəyyən edilir ki, naturada göstərilən torpaq sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 bələdiyyə qərarları əsasında ayrılmış və bələdiyyə orqanı və yerli icra hakimiyyəti orqanı tərəfindən də təsdiq edilmiş plan-sxemləri tərtib edilmiş torpaq sahələri olsa da, həmin torpaq sahələrinin X6 torpaq ayrılması barədə X7 qərarına hər hansı aidiyyəti olmamışdır. Belə ki, etibarsızlığı tələb edilən qərar əsasında Biləcəri yox, Binəqədi qəsəbəsi hüdudlarında torpaq sahəsi ayrılmışdır. Mübahisəli torpaq sahəsi isə Biləcəri ərazisində yerləşməklə, Binəqədi qəsəbəsinə aidiyyəti olmayan ərazidir. Bundan əlavə, X6 torpaq sahəsinin ayrılmasına dair qərarı qəbul edən bələdiyyə orqanı məhkəməyə ünvanlanmış məktublarında bildirmişdir ki, Binəqədi qəsəbəsində torpaq sahəsi X5 adına rəsmiləşdirilsə də qərarın təsdiqi olaraq vətəndaş X11 bağlamalı olduğu alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş, büdcəyə köçürməli olduğu vəsaiti köçürməmişdir ki, bu səbəbdən ayrılmış torpaq sahəsinin koordinatlarının eskiz-cizgisi vətəndaş E.Cəbrayılova təqdim edilməmişdir. Bələdiyyənin 972/1 saylı 30 dekabr 2005-ci il tarixli sərəncamı başa çatdırılmadan yarımçıq saxlanılmışdır. Təqdim edilən maliyyə qəbzi, ümumiyyətlə başqa bir torpaq sahəsinin ayrılması ilə əlaqədar olmuşdur. Bələdiyyə ödənişləri həmin şəxs tərəfindən ödənilməmiş, buna dair qeydiyyatda belə şəxs olmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, etibarsızlığı tələb edilən qərar, Biləcəri yox, Binəqədi qəsəbəsində torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur ki, həmin torpaqayırmanın iddiaçılara ayrılmış torpaq sahələrinə hər hansı aidiyyəti mövcud deyildir. Ümumiyyətlə, bələdiyyə orqanın məhkəməyə ünvanlanmış məktublarından da aydın olur ki, Binəqədi qəsəbəsində ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair qərar qəbul edilsə də, maliyyə vəsaiti ödənilmədiyindən, alqı-satqı müqaviləsi bağlanılmamış, naturada torpaq sahəsinin təqdim edilməsi həyata keçirilməmişdir. Göründüyü kimi iddiaçılar onlara ayrılmış torpaq sahələrinə aid olmayan, Binəqədi qəsəbəsində ayrılması belə tam başa çatdırılmamış torpaq sahəsinə dair torpaq ayırma barədə qərarın etibarsızlığını tələb edir ki, həmin qərarın etibarsızlığına münasibətdə iddiaçıların inzibati icraat çərçivəsində müdafiəyə ehtiyacı olan hər hansı hüquqi marağı yoxdur. Nəzərə alınmalıdır ki, torpaq sahəsindən faktiki istifadə vəziyyəti ilə əlaqədar mübahisə mövcuddur ki, iddiaçılar torpaq ayırma barədə qərarlarına istinadən digər şəxslərin torpaq sahəsindən çıxarılması barədə mülki icraat qaydasında hüquqi marağına uyğun mübahisənin həllinə nail olmaq hüququna malikdir ki, həmin mübahisənin həlli üsulu kimi həmin torpaq sahəsi ilə hər hansı əlaqəsi olmayan, icrası başa çatdırılmadığı səbəbindən Binəqədi qəsəbəsində hər hansı bir sahə ilə bağlı da hüquqi nəticəsi belə olmayan bələdiyyə orqanının qərarının etibarsızlığı iddiasının qaldırılmalı olması mümkünlük baxımından istisna edilməlidir. İddiaçı X5 cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı İddiaçı2 və İddiaçı1 torpaq sahəsinin ayrılmasına dair Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1031 saylı və 1033 saylı Qərarlarının etibarsız hesab edilməsinə münasibətdə iddianın mümkünsüz sayılması barədə gəlinən nəticə ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Digər iddianın mümkünlüyünün əsaslandırılması baxımından məhkəmənin apardığı qiymətləndirmə ilə müəyyən edilir ki, X6 ayrılması nəzərdə tutulan torpaq sahəsi Biləcəri ərazisində yox, Binəqədi qəsəbəsində olmuş, lakin ümumiyyətlə torpaq sahəsi naturada ayrılmamış, alqı-satqı müqaviləsi bağlanılmamış, maliyyə ödənişi ödənilməmişdir. E.Cəbrayılov tərəfindən maliyyə ödənişi və plan-sxem təqdim edilmişdir ki, torpaq ayırmanı həyata keçirən bələdiyyə orqanının mövqeyi də nəzərə alınmaqla məhkəmə hesab edir ki, həmin sənədlərin mötəbərliyindən söhbət gedə bilməz. Belə ki, bələdiyyə orqanı qeyd edir ki, təqdim edilən maliyyə qəbzi başqa torpaq sahəsi ilə bağlıdır, ödəniş olmadığından plan-sxem təqdim edilməmişdir. Göründüyü kimi E.Cəbrayılova ayrılması nəzərdə tutulan torpaq sahəsi Binəqədi qəsəbəsində yerləşir ki, həmin torpaq sahəsinə dair plan-sxem torpaq ayırmanı həyata keçirməsi göstərilən bələdiyyə orqanı tərəfindən yuxarıda göstərilən səbəbdən tərtib edilmədiyindən yerləşdiyi yerin müəyyən edilməsi mümkün olmamışdır. Ümumiyyətlə, torpaq ayırma barədə göstərilən sənədlər mötəbər hesab edilsəydi belə, Binəqədi qəsəbəsində ayrılan torpaq sahəsinin sənədi ilə Biləcəri bələdiyyəsi hüdudlarında olan torpaq sahəsinə dair subyektiv hüququn mövcudluğu istisna edilir. Bu zaman, iddiaçı məhz Binəqədi qəsəbəsi hüdudlarında hər hansı torpaq sahəsinin ayrılmasına dair mübahisə açmaq hüququna malik ola bilər ki, hər bir halda adıçəkilən qərar və digər sənədlərə istinadla Biləcəri ərazisində olan mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə münasibətdə subyektiv hüququn mövcudluğundan söhbət gedə bilməz. Bu səbəbdəndir ki, X7 Binəqədi qəsəbəsində torpaq ayrılması barədə qərara istinad edilməklə həmin ərazi ilə əlaqəsi olmayan Biləcəri bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin etibarsızlığına nail olmaq üçün verilmiş iddianın mümkünlüyü subyektiv hüququn mövcud olmaması baxımından istisna edilir. Bu zaman, torpaq sahəsinin E.Cəbrayılov və ya onun iradəsinə uyğun şəxslər tərəfindən faktiki istifadəsi də, vəziyyəti onların xeyrinə dəyişmir. Belə ki, faktiki istifadəni legitim edən sənəd, məhz həmin sahəyə dair hüquqmüəyyənedici və onun tərkib elementi kimi torpaq sahəsinin yerini müəyyən edən texniki sənəd ola bilər ki, həmin əraziyə heç bir aidiyyəti olmayan sənəd əsasında ərazinin faktiki istifadəsi həmin ərazi ilə bağlı digər şəxslərin hüquqmüəyyənedici sənədlərinin etibarsızlığına münasibətdə subyektiv hüquqa malik olmasını şərtləndirə bilməz. Subyektiv hüququn anlayışı, elementləri yuxarıda geniş formada göstərilmişdir ki, iddiaçının İddiaçı2 və İddiaçı1 ayrılmış torpaq sahələrinə münasibətdə hər hansı subyektiv hüququ mövcud olmadığından, həmin torpaq sahələrinin ayrılmasına münasibətdə bələdiyyə orqanlarının qərarlarının etibarsız hesab edilməsinə münasibətdə də hər hansı subyektiv hüququ da mövcud olmamışdır. Məhkəmə, mütəxəssis və ekspert rəyində İddiaçı2 və İddiaçı1 ayrılmış torpaq sahələrinin koordinatlarının mövcud olmaması, naturada yerinin faktiki göstərilən yer ilə üst-üstə düşüb düşməməsinin müəyyən edilə bilməməsi, Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığından naturada faktiki göstərilən torpaq sahələrinin Biləcəri Bələdiyyəsinin qərarları əsasında ayrılmış torpaq sahələri olmasına münasibət bildirilməsi mümkün olmaması dəlillərinə münasibətdə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. İşin faktiki hallarından da göründüyü kimi ekspert tərəfindən gəlinmiş nəticələr mütəxəssis rəyinə əsasən həyata keçirilmişdir ki, məhkəmə hesab edir ki, İddiaçı2 və İddiaçı1 ayrılmış torpaq sahələrinin koordinatlarının mövcud olmaması, naturada yerinin faktiki göstərilən yer ilə üst-üstə düşüb düşməməsinin müəyyən edilə bilməməsi, Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığından naturada faktiki göstərilən torpaq sahələrinin Biləcəri Bələdiyyəsinin qərarları əsasında ayrılmış torpaq sahələri olmasına münasibət bildirilməsi mümkün olmaması hissələrində gəlinən nəticə məhkəmə üçün hər hansı məcburi olmamaqla iş üzrə mühim faktiki halların müəyyən edilməsini həyata keçirə bilməmişdir. Belə ki, Bələdiyyə xəritələrinin təsdiqi prosesinin səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığı üçün naturada faktiki göstərilən torpaq sahəsinin Biləcəri Bələdiyyəsinin qərarları əsasında ayrılmış torpaq sahələrinə olmasına münasibət bildirilməməsini kimi dəlililə istinad edilir ki, məhkəmə təcrübəsində bələdiyyə qərarları əsasında ayrılmış, bələdiyyə ərazisi hesab edilmiş, rəylər, eləcə də mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almış səlahiyyətli orqanın bələdiyyə qərarları əsasında torpaq sahələrinin Biləcəri ərazi hüdudlarında qeydiyyatını aparmasına istinad bir tərəfə, iş materiallarında mübahisəli torpaq sahəsinin ətrafında yerləşən bələdiyyə qərarı əsasında mülkiyyət hüquqlarının qeydiyyatının olub-olmamasına dair verilən cavab məktubunda müəyyən edilən hal əhəmiyyət daşıyır. Belə ki, Mübahisəli torpaq sahəsinin ətrafında Biləcəri Bələdiyyəsinin 08 dekabr 2004-cü il tarixli 1031 və 1033 nömrəli qərarlarındakı kimi oxşar əsaslandırma əsasında torpaq ayırma barədə qərar qəbul edilmiş, torpaq sahəsinin naturada yerini müəyyən edən, yerli icra hakimiyyəti orqanı tərəfindən 1031 və 1033 nömrəli qərarlara dair sxemlərin təsdiq edilməsi kimi hal da mövcud olmayan, plan-sxemə istinadla mülkiyyət hüquqları T.Mehdiyeva adlı şəxsin adına dövlət qeydiyyatına alınmışdır ki, oxşar tərtibatlı plan-sxemi qəbul edən inzibati orqanın mütəxəssis rəyində torpaq sahəsinin koordinatlarının qeyd edilməməsinə istinadən suallara cavab verə bilməməsi, həmin rəyə istinadla ekspert rəyinin verilməsi məhkəmə hesab edir ki, həmin hala münasibətdə 1031 və 1033 nömrəli qərarlar əsasında ayrılmış torpaq sahələrinin naturada yerinin müəyyən edilə bilinməsi baxımından nəzərə alınmalıdır. Başqa sözlə, T.Mehdiyeva adlı şəxsə oxşar hüquqmüəyyənedici bələdiyyə sənədi və oxşar tərtibatlı plan-sxem sənədinə əsasən mülkiyyət hüquqları dövlət qeydiyyatına torpaq sahəsinin naturada yeri müəyyən edilə bilindiyi halda, həmin idarə tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçılara məxsus torpaq sahələrinin naturada yerinin müəyyən edilə bilməməsi kimi mövqe rəydə nümayiş etdirilir ki, bu səbəbdəndir ki, həmin rəy və həmin rəy əsasında verilmiş ekspert rəyinin yuxarıda göstərilən hissələrdə mövqeyi məhkəmə üçün məcburi qüvvəyə malik olmamaqla məhkəmə hesab edir ki, fərqli qiymətləndirmə tələb edir. Halbuki, torpaq sahəsini ayıran bələdiyyə orqanının məktublarında ayrılmış torpaq sahələrinin naturada yerləşmə yeri, eləcə də iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən faktiki istifadə edilməsi baxımından mötəbərliyi şübhə doğurmayan konkret əsaslandırma aparılmaqla mövqe nümayiş etdirilmişdir ki, naturada göstərilən torpaq sahələri ilə həmin şəxslərə qərarlar əsasında ayrılmış torpaq sahələrinin üst-üstə düşməsi məhkəmə hesab edir ki, təsdiq edilməkdədir. Mütəxəssis və ekspert rəyində digər torpaq ayırma barədə qərar əsasında qeyd edilən torpaq sahəsinə dair oxşar əsaslandırma isə, məhkəmə hesab edir ki, ümumiyyətlə adıçəkilən torpaq ayırmanın mübahisəli torpaq sahəsinə aidiyyətinin olmaması, eləcə də, torpaq ayırmanın özünün belə başa çatdırılmaması, bələdiyyə orqanının özünə ödənişin edilməməsi, plan-sxemin tərtib edilməməsi, tərtib edilən plan-sxem və maliyyə qəbzinin göstərilən əsaslandırma nəzərə alınmaqla mötəbər hesab edilməməsi baxımından əlavə araşdırmaya zərurət olmamışdır. Adıçəkilən torpaq sahəsinin dövlət torpaq sahəsi olması, Kontrakt sahəsi hüdudları olması dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, bələdiyyə orqanlarına bələdiyyə torpaqlarını ayırmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yerli icra səlahiyyətlərini həyata keçirən orqanın plan-sxemi təsdiq etməsi, hər hansı inzibati orqan, eləcə də Dövlət Neft Şirkəti və digər şəxslər tərəfindən torpaq sahələrinin ayrılmasına dair qərarları mübahisələndirməməsi, ətrafında oxşar sənədlə mülkiyyət hüquqlarının dövlət qeydiyyatının olması, ərazinin yaşayış massivi olması, məhkəmə hesab edir ki, iddiaçılar torpaq sahəsinin ayrılması barədə inzibati aktların qüvvədə olması, hüquqi nəticələrə malik olmasına dəlalət edir. Qeyd olunmalıdır ki, iş üzrə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilən rəy üzrə tətqiqatın dəyəri 50 manat məbləğində qeyd edilmişdir ki, məhkəmə iddialar üzrə gəlinən nəticə, yəni iddiaların mümkün sayılmaması nəzərə alınmaqla, hesab edir ki, həmin məbləğ üzrə ödəmə 25 manat hissə üzrə bölünməklə iddiaçılara aid edilməlidir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 110.3. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Hazırki iş üzrə iki iddiaya bir məhkəmə icraatı çərçivəsində baxıldığından, prosessual xərc kimi nəzərdə tutulan ekspert xərci mütənasib şəkildə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddialar mümkün sayılmasın. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində prosessual xərc 25 manat hissədə İddiaçı1, İddiaçı2, 25 manat hissədə isə X11 tərəfindən X8, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi həmin şəxslərə həvalə edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar