Məhkəmə qərarları › İş №2-1(112)-710/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-710/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-710/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçıların nümayəndəsi Nümayəndə (Ünvanı: Bakı şəhəri Mərimanov rayonu, İ.Dadaşov küçəsi ev 50, mənzil 12; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: OAO İddiaçı1 və OAO “X1”-nın səlahiyyətli təmsilçisi), cavabdehin nümayəndəsi X2 (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi, 7, 5; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin apellyasiya və daxili nəzarət şöbəsinin müdir müavini, sektor müdiri) iştirakları ilə, iddiaçılar - OAO İddiaçı1 və OAO “X1”-nın cavabdeh - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə 3-cü şəxs - "xxxx" MMC qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçılar OAO İddiaçı1 və OAO “X1” cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A66-7, 05 noyabr 2019-cu il tarixli qərarının ləğvi və "xxxx" MMC-yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər" əmtəə və xidmətləri üzrə qeydiyyatına qarşı tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 24.09.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məkəmənin 04.06.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin hazırkı iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məkəmənin 30.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 26.01.2021-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinin 17.12.2020-ci il tarixli 5/779 nömrəli Ekspert rəyi məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 23.09.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçıların nümayəndəsinin “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 05.11.2019-cu il tarixli, A66-7 saylı qərarının ləğv olunması və "xxxx" MMC-yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatın etibarsız hesab edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiadır. İddia ərizəsində bildirilmişdir ki, OAO "Rot Front" şirkəti sübut kimi, Qırmızı və sarı rənglərin çalarlarında verilmiş mürəkkəb həndəsi fiqur- üçkünc oval təsviri üzərində verilmiş firma adından ibarət 30-cu sinif əmtəələri üzrə 26.12.2005 ilkinliklə 877577beynəlxalq qeydiyyat və; 2.Qırmızı və sarı rənglərin çalarlarında verilmiş mürəkkəb həndəsi fiqur- üçkünc oval təsviri üzərində verilmiş firma adından ibarət 35-ci sinif əmtəələri üzrə əmtəə nişanı üzrə 12.08.2016-cı il ilkinliklə ******* saylı beynəlxalq qeydiyyatların daha əvvəl ilkinliklə Azərbaycan Respublikası ərazisində mühafizə olunduğuna sübut kimi Beynəlxaq Qeydiyyatlardan çıxarışları təqdim etmişdir. “Cavabdeh” OAO "Rot Front" şirkətinin ərizəsində "RotFront"-söz işarəsi ilə “TOKAY” söz işarəsinin oxşar olduğunu iddia edilmədiyi halda, öz qərarını əsaslandırmaq üçün bu söz işarələrin müqayisə edərək oxşar olmadığını geniş araşdırmışdır. Cavabdeh qiymət verərkən göstərmişdir: “X4 Company "ROT FRONT" adına Azərbaycan Respublikası ərazisində - (877577 və 1326843) əmtəə nişanları qeydə alınmışdır. Beləliklə, “Konfirom" MMC-yə məxsus “Красавка супермолочная карамель tokay" təsviri əmtəə nişanı iddia olunan zaman qeydiyyat üçün maneə olmamışdır" - həqiqətə uyğun olmayan mülahizə. “Apellyasiya şurası əmtəə nişanının və “Красавка супермолочная карамель tokay" əmtəə nişanının tərkibindəki “tokay” ibarəli fraqmenti müqayisə edərək bildirir ki, hər iki nişanda mürəkkəb həndəsi fiqur - oval təsviri fərqlidir və təsvirin içərisindəki yazılar “РотФронт” və “tokay” sözləri tamamən fərqli sözlərdir. ÜƏMT-nin Madrid Monitor açıq məlumat bazasından görünür ki, “РотФронт” sözünün mənası “qırmızı cəbhə” mənasında tərcümə edilir. Mübahisələndirilən nişandakı “tokay” söz elementinin isə “qırmızı cəbhə” sözü ilə hər hansı əlaqəyə malik deyil, “tokay” fraqmenti əmtəə nişanının ümumi təsvirində nəzərdən keçirilməlidir”, -“həqiqətə uyğun olmayan mülahizə”. Əmtəə nişanlarındakı həmin təsvirin oxşar rəng çalarlarında olması həmin nişanların bütövlükdə götürülməklə qarışdırılacaq dərəcədə oxşar olmasına əsas ola bilməz. Belə ki, qeyd edilən fraqment nişanda əsas (üstün) yeri tutmur, odur ki, istehlakçıda eyni təsəvvür yaratmayacaqdır”- “həqiqətə uyğun olmayan mülahizə”. Cavabdeh öz qərarını əsaslandırmaq üçün qərəzli olaraq- “РотФронт” -söz işarəsi ilə “TOKAY” söz işarəsinin oxşar olduğunu iddia edilmədiyi halda, “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” (sonralar- “Qaydalar”) aidiyyatı olmayan 29.6.1.-29.6.2.-29.6.3 və 29.6.4 bəndlərini sadalamış, müqayisəli təhlil aparmış, bu səbəbdən də səhv nəticəyə gəlmiş, səhv qərar vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslnadırmışdır ki, “Красавка супермолочная карамель tokay” təsviri əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35- ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə 30.10 2017-ci il tarixdə Azərbaycan Respublikasında "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır (İlkinlik tarixi-27.03.2017-ci il). X5 Company "ROT FRONT" tərəfindən: (877577) əmtəə nişanı 30-cu sinif əmtəələri üzrə 26.12.2005-ci il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 20.04.2006-cı il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. (1326843) əmtəə nişanı 35-ci sinif - İdxal-ixrac agentlikləri xidmətləri, başqalarına faydalı alış, təchizat xidmətləri [başqalarına faydalı biznes xidmətləri] üzrə 12.08.2016-cı il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 29.03.2018-ci il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. N.A.N.T MMC tərəfindən verilmiş arayışa əsasən qeyd etmək olar ki, 2017-ci ilin fevral ayından "xxxx" MMC ilə N.A.N.T (Azərbaycan) şirkəti arasında bağlanmış № OK- 17/031- 01-E saylı, 01.01.2017-ci il tarixli müqaviləyə əsasən “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərini göstərilən dizayna uyğun olaraq Azərbaycana idxal etmişdir. Lakin, “X1”ya məxsus “Лакомка суперкакао” və “Лакомка супермолочная” təsvirləri əmtəə nişanı kimi nə yerli nə də beynəlxalq sistem üzrə Azərbaycan Respublikasının ərazisində qeydə alınmamışdır. Beləliklə, "xxxx" MMC-yə məxsus “Красавка супермолочная карамель tokay” təsviri əmtəə nişanı iddia olunan zaman qeydiyyat üçün maneə olmamışdır. Apellyasiya şurası əmtəə nişanının və “Красавка супермолочная карамель tokay” əmtəə nişanının tərkibindəki “tokay” işarəli fraqmenti müqayisə edərək bildirir ki, hər iki nişanda mürəkkəb həndəsi fiqur - oval təsviri fərqlidir və təsvirin içərisindəki yazılar “РотФронт” və “tokay” sözləri tamamən fərqli sözlərdir. ÜƏMTnin Madrid Monitor açıq məlumat bazasından görünür ki, “РотФронт " sözünün mənası “qırmızı cəbhə” mənasında tərcümə edilir. Mübahisələndirilən nişandakı “tokay” söz elementinin isə “qırmızı cəbhə” sözü ilə hər hansı əlaqəyə malik deyil, “tokay” fraqmenti əmtəə nişanının ümumi təsvirində nəzərdən keçirilməlidir. Eyni zamanda, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinin tələbləri baxımından ilk növbədə o hal müəyyən edilməlidir ki, müqayisə edilən əmtəə nişanları qarışdırılacaq dərəcədə oxşardır ya yox. Müqayisə edilən nişanların qarışdırılacaq dərəcədə oxşar olduğunu müəyyən etdikdən sonra onun Qanunun istinad edilən bəndinə əsasən etibarsız hesab edilməsi üçün dəlillər, yəni ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər uzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olması araşdırıla bilər. Qeyd edilməlidir ki, qeydə alınmış “Красавка супермолочная карамель tokay” təsviri əmtəə nişanı və “Лакомка суперкакао” və “Лакомка супермолочная” təsvirləri qarışdırılacaq dərəcədə oxşar deyil. Belə ki, mübahisələndirilən nişanda işlənilmiş “Kpacaвкa” sözü və iddiaçıya məxsus təsvirdə istifadə edilmiş “Лакомка” sözləri fərqli elementdir. Həmçinin nişanlarda istifadə edilmiş rəng çalarları bir-birindən fərqlidir. Odur ki, qeydə alınmış “Красавка супермолочная карамель tokay” əmtəə nişanının qeyd edilən Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən qeydiyyatının etibarsız hesab edilməsi məqsədilə sonrakı araşdırma aparmağa, yəni həmin nişanın ilkinlik tarixindən əvvəl “Лакомка супермолочная” nişanının Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər uzrə istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olması dəlilinə qiymət verməyə lüzum qalmır. Göstərilən hallar sübut edir ki, iddiaçının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə və 29-cu maddəsinə istinadı əsassızıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, hazırkı işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. X5 Company "ROT FRONT" tərəfindən "ROT FRONT" (877577) əmtəə nişanı 30cu sinif əmtəələri üzrə 26.12.2005-cı il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 20.04.2006-cı il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş (2006/11 Gaz) və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. X5 Company "ROT FRONT" tərəfindən (1326843) əmtəə nişanı 35-ci sinif- İdxalixrac agentlikləri xidmətləri, başqalarına faydalı alış, təchizat xidmətləri [başqalarına faydalı biznes xidmətləri] üzrə 12.08.2016-cı il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 29.03.2018-ci il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş (2018/11 Gaz) və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərinin 2017-ci ilin fevral ayından Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılması haqqında N.A.N.T MMC tərəfindən verilmiş arayışa əsasən qeyd edilir: 2017-ci ilin fevral ayından "xxxx" MMC ilə N.A.N.T (Azərbaycan) şirkəti arasında bağlanmış №OK-17/031-01-E saylı, 01.01.2017-ci il tarixli müqaviləyə əsasən “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərini göstərilən dizayna uyğun olaraq Azərbaycana idxal etmiş və ticarət nöqtələrində satışını təşkil etmişdir. (15.02.2017-ci il tarixli Hesab № OK-17/31- 01-4548, sıra 14 Lakomka moloçno şokoladnıy vkus, sıra 16 Lakomka-Superkakao və sairə digər məhsuların Azərbaycan Respublikası ərazisinə gətirilməsi üçün N.A.N.T MMC tərəfindən 17.03.2017 tarixdə YAPİKREDİ Bank Azərbaycan QSC vasitəsi ilə ödənilmişdir. Beynəlxal mal-nəqliyyat Qaimə CMR 043533- 28.02.2017 tarixdə 15.02.2017-ci il tarixli Hesab No. OK-17/31-01-4548 ödənilmiş məhsullar Azərbaycan Respublikası ərazisinə ixrac edilmiş 06.03.2017-ci il tarixdə gömrük nəzarətindən keçmişdir. N.A.N.T MMC tərəfindən 15.02.2017-ci il tarixli Hesab No. OK-17/31- 01-4548 ödənilmiş məhsullar Azərbaycan Respublikası ərazisinə ixrac edilmiş məhsullar 07.03.2017-ci il tarixli gömrük bəyannaməsinə əsasən gömrük nəzarətindən keçmişdir. 23.03.2017-ci il tarixli Hesab No.OK-17/31-01-4715- sıra 5 Lakomka supermoloçnaya, sıra 15 Lakomka-Superkakao və sairə digər məhsuların Azərbaycan Respublikası ərazisinə gətirilməsi üçün N.A.N.T MMC tərəfindən 05.04.2017-ci il tarixdə YAPİKREDİ Bank Azərbaycan QSC - vasitəsi ilə ödənilmişdir Beynəlxal mal-nəqliyyat Qaimə CMR 071548- 24.03.2017 tarixdə 23.03.2017ci il tarixli Hesab No. OK-17/31-01-4715 ödənilmiş məhsullar Azərbaycan Respublikası ərazisinə ixrac edilmiş 27.03.2017-ci il tarixdə gömrük nəzarətindən keçmişdir. N.A.N.T MMC tərəfindən 23.03.2017-ci il tarixli Hesab No. OK-17/31-01-4715 ilə ödənilmiş məhsullar Azərbaycan Respublikası ərazisinə ixrac edilmiş məhsullar 28.03.2017-ci il tarixli gömrük bəyannaməsinə əsasən gömrük nəzarətindən keçmişdir). “X1" ilə fərdi sahibkar X3 arasında məhsullların dizaynının işlənməsi haqqında 20 avqust 2010-cu il tarixli 34/597 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə 34/597 nömrəli müqaviləyə əlavələrdə “Лакомка суперкакао” və “Лакомка супермолочная” qablaşdırma materiallarının dizaynın işlənməsi və hüquqların verilməsi qeyd edilmişdir. "X1" ilə fərdi sahibkar Çijov A.A. dizaynın işlənməsi üçün görülən işlər üçün 7256 saylı 30.12.2010-cu il tarixli ödəmə tapşırığı verilmişdir. “Красавка супермолочная карамель tokay” təsviri əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35- ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə 30.10.2017-ci il tarixdə Azərbaycan Respublikasında 2017 1142 nömrə ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İddiaçılar OAO İddiaçı1 və OAO “X1” “Konfirom" MMC-yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər" əmtəə və xidmətləri üzrə qeydiyyatına qarşı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 05.11.2019-cu il tarixli, A66-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 05.11.2019-cu il tarixli, A66-7 saylı qərarı iddiaçıların hüquqlarını pozduğundan ləğv edilməli və "xxxx" MMC-yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatı etibarsız hesab edilməlidir. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun: Maddə 3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə 6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; ... Maddə 10. Əmtəə nişanının ilkinliyi Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi)... Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər. Maddə 25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. ... Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Maddə 29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: (...) əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. (...) Maddə 31. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: (...) bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 Ns-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”:

29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması (...) 29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1.Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2.Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3.Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4.Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. 29.6.5.Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. 29.7.1.Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə). 29.7.2.Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. 29.7.3.Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər. 29.8.1.Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə. 29.8.2.Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. 29.9.1.Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2.Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Məhkəmə qeyd edir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun yuxarıda istinad edilən normalarının məzmunundan göründüyü kimi, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun istər Azərbaycan Respublikasında bilavasitə qeydə alınan, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəriciləri eyni dərəcədə mühafizə edir. Bu səbəbdəndir ki, qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. “Haqsız rəqabət haqqında” Qanunun 1-ci maddəsinə əsasən haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Üçüncü şəxs tərəfindən adı çəkilən Qanunun tələbləri pozularaq iddiaçının əmtəəsini özbaşına təqlid edərək ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışmışdır. X5 Company "ROT FRONT" tərəfindən "ROT FRONT" (877577) əmtəə nişanı 30cu sinif əmtəələri üzrə 26.12.2005-cı il tarixdə beynəlxalq qeydiyyata alınması və onun qeydiyyatı 20.04.2006-cı il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş (2006/11 Gaz) və nişan Azərbaycan Respublikası ərazisində qüvvədə olması, həmçinin “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərinin 2017-ci ilin fevral ayından "xxxx" MMC ilə N.A.N.T (Azərbaycan) şirkəti arasında bağlanmış №OK-17/031-01-E saylı, 01.01.2017-ci il tarixli müqaviləyə əsasən “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərini göstərilən dizayna uyğun olaraq Azərbaycana idxal etməsi və ticarət nöqtələrində satışını təşkil etməsi iş materialları ilə təsdiq olunur. Məhkəmə “Лакомка суперкакао” və “Лакомка супермолочная” qablaşdırma materiallarının dizaynı “X1” ilə fərdi sahibkar X3 arasında məhsulların dizaynının işlənməsi haqqında müvafiq müqaviləyə uyğun olaraq 2010-cu ildə yaradıldığından, həmin qablaşdırma materiallarının dizaynı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla və təsvirlə qeydə alınması ilə iddiaçıların hüquqlarının pozulduğunu, “Лакомка суперкакао” və “Лакомка супермолочная”, həmçinin “РотФронт” adlı kombinasiya edilmiş əmtəə nişanlarının təsviri ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmış “Красавка супермолочная карамель tokay” əmtəə nişanının qarışdırılacaq dərəcədə bənzər olan nişanlar olduqlarını, əmtəə nişanlarının təsvirlərinin eynilik təşkil etdiyini, əmtəə nişanlarının təsvirlərində istifadə edilən sözlərin ümumi görünüşü (müşahidə) təəssüratı, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbasının üst–üstə düşdüyünü, hər iki əmtəə nişanında sözlərin kiril əlifbası ilə rus dilində və eyni şriftlə yazıldıqlarını, əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması və xüsusiyyətlərinin (naturallığı) oxşarlıq yaratdığını, həmçinin 27.03.2017-ci ildən əvvəl bağlanılmış müvafiq müqavilələrə uyğun olaraq qeyd edilən məhsulların iddiaçı tərəfindən "xxxx" MMC-yə göndərildiyini, Azərbaycan Respublikasına idxal edildiyini, beləliklə, cavabdeh orqanın imtinasının qanunsuz və əsassız olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 17.12.2020-ci il tarixli 5/779 nömrəli Ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı1 əmtəə nişanı 2017 1142 nömrəli kombinasiyalı “Красавка супермолочная карамель tokay” əmtəə nişanına daxil olan "Tokay" işarəsi ilə oxşar deyildir. 2017 1142 nömrəli “Tokay Красавка супермолочная карамель” əmtəə nişanı “Рот Фронт Лакомка Супермалочная” və “Рот Фронт Лакомка Суперкакао” əmtəə nişanları ilə oxşar deyildir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmtəə nişanlarının təsvirlərində istifadə edilən sözlərin ümumi görünüşü (müşahidə) təəssüratı, əmtəə nişanlarının qarışdırılacaq dərəcədə bənzər olan nişanlar olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə ekspert rəyi ilə razılaşmır. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-in 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 05.11.2019-cu il tarixli, A66-7 saylı qərarı ləğv olunmalı və "xxxx" MMC-yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatı etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 05.11.2019-cu il tarixli, A66-7 saylı qərarı ləğv olunsun və "xxxx" MMC-yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatı etibarsız hesab edilsin. Qərardan, tam formada təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar