Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-710/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X5) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35711 saylı müqavilə əsasında verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisindəki 255 E nömrəli, 0,12 hektar torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5408/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 iş üzrə məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisindəki 255 “e” nömrəli, 0,12 hektar bağ torpaq sahəsi 24 avqust 2005-ci il tarixli, 35711 saylı müqavilə əsasında iddiaçının istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsi tam qanuni istifadəsinə verildiyi tarixdən etibarən həmin ərazini tam ölçüyə uyğun səlahiyyətli şəxslərin iştirakı ilə birlikdə hələ o vaxtlardan hasara almış, daimi demək olar ki gündəlik abadlıq işləri aparmış həmin ərazini bağı kimi istifadə etmiş və müntəzəm olaraq sanitar ekoloji qaydalara uyğun qulluq edərək müntəzəm olaraq torpaq vergisi ödəmişdir. Bu illər ərzində istər bağ qonşuları tərəfindən bağ sahəsi ilə bağlı qanuni olaraq bilinərək tanınmış və eyni zamanda heç bir hüquqi və ya fiziki şəxslə habelə dövlət və bələdiyyə orqanları tərəfindən bağ sahəsi ilə bağlı heç bir mübahisə yaranmamışdır. Tərəfindən xx.xx.2021-ci il tarixdə ********** saylı qeydiyyat nömrəli ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisində 255 “e” nömrəli bağ ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021-ci il tarixdə, ********** daxilolma nömrəli ərizə ilə cavabdehə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq xx.xx.2021-ci il tarixli, **********01 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, 255 ”e” nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Bundan əlavə iddiaçı tərəfindən şərti göstərilən ərazi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, cizgidə 2 tərəf qonşu bağ sahələri, 2 tərəf yol kimi nəzərdə tutulmuşdur. Faktiki ərazi isə 3 tərəf qonşu torpaq sahəsi, 1 tərəf isə Novxanı-Pirşağı avtomobil yoludur. Torpaq sahəsinin qonşusunda 270 “ə” nömrəsi ilə torpaq sahəsi qeydiyyata alınıb. İdarənin arxiv məlumatlarına əsasən 255 “e” nömrəsi ilə torpaq sahəsi 142 nömrəli BTK nəzdində X4 ayrılmışdır. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinə X6 tərəfindən 254 “z” nömrəsi ilə müraciət edilmiş, hazırda həmin torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında e-2-1(112)-205/2024 saylı inzibati iş vardır. Tərəflərə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin (və ya onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. xx.xx.2005-ci il tarixli ərizədən görünür ki, iddiaçı Bağlar idarəsinin rəisinə müraciət edərək bildirmişdir ki, Goradil sahəsindəki 255 e nömrəli bağa o baxır, abadlaşdırır, ağac əkib-becərir, təmizlik işləri aparır. Bu səbəbdən 255 e nömrəli bağı onun adına sənədləşdirilməsini xahiş etmişdir. xx.xx.2005-ci il tarixli Aktdan görünür ki, Göradil sahəsində 255 e saylı bağdan iddiaçı öz ailəsi ilə birlikdə istifadə edir, həmin bağa hasar çəkmiş və hər il həmin bağdan istifadə edir. Aktın doğruluğunu Abşeron rayonu İcra Hakimiyyətinin Fatmayı kəndi üzrə nümayəndəsi, Bağlar İdarəsinin mühəndisi və qonşu bağların icarədarları öz imzaları ilə təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 35711 saylı, 24 avqust 2005-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonu Göradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 255e №-li bağ iddiaçının istifadəsinə verilmişdir. X7 və Ekspertiza Mərkəzi MMC-nin 63 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Göradil bağ sahələrinin sxeminə əsasən iddiaçının iddia elədiyi torpaq sahəsi 255 e saylı bağ sahəsinin ərazidən kənarda yerləşir. İddia olunan torpaq sahəsinin digər bağ sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, şərti sərhədlərlə göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə və faktiki olaraq 1200 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahə Novxanı- Pirşağı yolunun kənarında yerləşir. Faktiki olaraq göstərilən 1200 kv.m torpaq sahəsinin koordinatlarını və yerləşmə vəziyyətini əks etdirən izahlı sxem əlavə olundu. Vətəndaşlara bağ sahələri paylanarkən koordinatlarla verilmədiyindən bağ sahəsinin sənəd üzrə sahəsinin yerinin dəqiqləşdirilməsi mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi idarədə mövcud olan bağ sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Həmçinin əraziyə fərqli konfiqurasiyada digər fiziki şəxsin müraciəti olmuşdur. Bundan əlavə sözügedən ərazi Novxanı-Pirşağı yolunun kənarında və nə qədər hissəsinin yolun mühafizəsinə düşməsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/10280 nömrəli, 16 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən cavabdehin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, şərti sərhədlərlə göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə və faktiki olaraq 1200 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahə Novxanı-Pirşağı yolunun kənarında yerləşir. Faktiki olaraq göstərilən 1200.0 kv.m torpaq sahəsinin koordinatlarını və yerləşmə vəziyyətini əks etdirən izahlı sxem əlavə olundu. Vətəndaşlara bağ sahələri paylanarkən koordinatlarla verilmədiyindən bağ sahəsinin sənəd üzrə sahəsinin yerinin dəqiqləşdirilməsi mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi idarədə mövcud olan bağ sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Həmçinin əraziyə fərqli konfiqurasiyada digər fiziki şəxsin müraciəti olmuşdur. Bundan əlavə sözügedən ərazi Novxanı-Pirşağı yolunun kənarında və nə qədər hissəsinin yolun mühafizəsinə düşməsi barədə məlumat yoxdur. Cavabdehin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə iddiaçının 35711 saylı xx.xx.2005-ci il tarixli müqaviləsi ilə icarəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində 255e saylı bağ sahəsinin, eyni zamanda 255e saylı bağa dair ayrılmış B/S nömrəli orderin və qovluğda mövcud olan müvafiq sənədlərin, müayinə aktının təsdiq edilmiş surəti və sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına Göradil bağ massivi 255 e saylı bağ icarə müqaviləsi 35711 torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200 kv.metr, faktiki 1200 kv.metr təşkil etmişdir. Torpaq sahəsinin sərhədləri şərti olaraq göstərilmişdir. Tikili yoxdur. Sahə Novxanı – Pirşağı yolunun kənarında yerləşir. Bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Digər tərəfdən sahənin 1 hissəsini sonradan digər bir vətəndaş (nümayəndəsi Mikayıl adlı şəxs) şərti olaraq 254 z saylı bağ kimi göstərir. 254 z saylı bağ sahəsinin də nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bağ sahəsi ilə bağlı məhkəmə sorğusu olmuşdur. Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Görədil bağlar sahəsindəki 142 nömrəli kooperativinin Б/С nömrəli, 16 aprel 1991-ci il tarixli orderinin surətinə əsasən Bakı şəhər icraiyyə komitəsinin 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarına əsasən X4 Görədil bağlar sahəsində 142 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 255 e nömrəli bağ ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-205/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər İddiaçı və digərləri) “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə iddiası geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya etirazla oxşar məzmunlu imtina məktubu verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 35711 saylı, 24 avqust 2005-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonu Göradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 255e №-li bağ iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, 255 ”e” nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. İddiaçı tərəfindən şərti göstərilən ərazi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. İdarənin arxiv məlumatlarına əsasən 255 “e” nömrəsi ilə torpaq sahəsi 142 nömrəli BTK nəzdində X4 ayrılmışdır. İddiaçı tərəfindən göstərilən torpaq sahəsinə X6 tərəfindən 254 “z” nömrəsi ilə müraciət edilmiş, hazırda həmin torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında e-2-1(112)-205/2024 saylı inzibati iş vardır. Qeyd edilməlidir ki, cavabdehin əsaslandığı hallar iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iddiaçı tərəfindən 35711 saylı, 24 avqust 2005-ci il tarixli müqavilə və həmin müqavilənin arxiv nüsxəsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmçinin, bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hal-hazırda hər hansı mübahisə mövcud deyildir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-205/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər İddiaçı və digərləri) “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə iddiası geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir. Beləliklə, ərazidə hasarlamanın sxematik xəritəyə uyğun aparılmaması iddiaçının ziyanına şərh edilə bilməz. Bu torpaqayırmanı həyata keçirən orqanların səlahiyyətlərinə aid olan bir məsələdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35711 saylı müqavilə əsasında verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisindəki 255 E nömrəli, 0,12 hektar torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35711 saylı müqavilə əsasında iddiaçıya verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən,Ş 255 E nömrəli, 0,12 hektar torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydə alınmaqla, çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-710/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-710/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver