Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7101/2020 27.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 18 saylı şəhər Poliklinikasının baş həkimi X1 qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 18 saylı şəhər Poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə iclası 27 noyabr 2020-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini müzakirə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya 14 oktyabr 2020-ci il tarixdə məktub ünvanlanaraq, iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığı, mülki xarakterli olmaqla, cavabdehin qeydiyyatda olduğu yer üzrə rayon məhkəməsinə müraciət edə biləcəyi bildirilsə də, iddiaçı tərəfindən hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə inzibati icraat qaydasında baxılaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd edilən məsələ ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. Əvvəla məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliyin tələbinə zidd olaraq inzibati orqan olmayan fiziki şəxs 18 saylı şəhər Poliklinikasının baş həkimi X2 cavabdeh kimi seçilərək ona qarşı iddia qaldırılmışdır. Həmçinin iddia tələbi inzibati mübahisəni (publik hüquq sahəsini) təşkil edən mübahisə ilə bağlı deyildir, mülki xarakterli iddia tələbi olmaqla cavabdehin qeydiyyatda olduğu yer üzrə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddiaların 8 növü müəyyən edilmişdir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bütün göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan olmadığından, iddia tələbi vəzifəli şəxsə yönəldilməklə inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 18 saylı şəhər Poliklinikasının baş həkimi X1 qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-7101/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7101/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver