Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7102/2021 13.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehə (üçüncü şəxs X9) qarşı “adın dəyişdirilməsinə icazə verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdehə və X6 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X3 razılığı olmadan 15.05.2017-ci il təvəllüdlü X4 adının dəyişdirilərək doğum haqqında şəhadətnaməsinin ad qrafasında “Amir” yazılmasına icazə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X9 ilə 10 sentyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 15 may 2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. Xasiyyətləri fərqli olduğu üçün ailələrini qoruyub saxlamaq mümkün olmamış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. X9 ilə nikahlarından bir övladları - 15.05.2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. Nikahları pozulduqdan sonra onlar artıq bir yerdə yaşamırlar və iddiaçı azyaşlı övladı ilə birlikdə valideynlərinin yanında ünvan 1 ünvanında məskunlaşmışlar. Nikahları artıq 3 ildir ki, pozulmuşdur. Bu müddət ərzində X9 uşağı görmək, onunla vaxt keçirmək arzusunda olmamışdır. İddiaçı qeyd etmək istəyir ki, uşaq anadan olanda onun adını uşağın atası iddiaçının razılığı olmadan “Nazim” yazdırmışdı. Halbuki, evdə, ailə içində uşağı hər zaman “Amir” deyə çağırmışlar. Hazırda da oğlunun 4 yaşı var və bütün bu müddət ərzində özünü “Amir” kimi tanıyır. Lakin doğum şəhadətnaməsində adının Nazim olması ona çətinliklər yaradır. Belə ki, uşaq bağçaya gedəndə, orada onu Nazim deyə çağıranda, adına cavab vermir, hər dəfə hamıdan onu Amir deyə çağırmalarını xahiş etməli olurlar. Bu çətinliyi aradan qaldırmaq və oğlunun adının dəyişilməsi üçün əvvəl Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Oradan ona bildirilmişdir ki, yetkinlik yaşına çatmayan uşaqların ad, soyadlarının dəyişilməsi zamanı müvafiq Qəyyumluq və Himayəçilik Komissiyasının icazəsi tələb olunur. Odur ki, qeydiyyatda olduqları və yaşadıqları yer üzrə Cavabdehin X1 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasına müraciət edərək, övladının 18 yaşına çatana kimi adının dəyişilməsinə icazə vermələrini xahiş etmişdir. Müvafiq inzibati orqanın 10.02.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Komissiya bunu məqsədəuyğun hesab etmir. Nərimanov Rayon İH-nin X1 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasının bu mövqeyi ilə razı deyil. Belə ki, sözügedən Komissiya hər hansı araşdırma aparmadan formal olaraq, X9 gəlmədiyi üçün iddiaçıya imtina etmişdir. Yəni Komissiya uşağın adının hansı səbəblərdən dəyişilməli olmasını müəyyən etməmiş, bunun azyaşlının mənafeyi naminə mütləq olmasını nəzərə almamışdır. X8 Məcəlləsinin 54.1-ci maddəsinə, yəni hər iki valideynin birgə ərizəsinin tələb olunmasına istinad etmişdir. Baxmayaraq ki həmin Məcəllənin 54.2-ci maddəsində qeyd olunur ki, digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o, valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzrsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Uşağın atası məsuliyyətsizlik edərək, əslində isə öz doğma övladına qarşı qərəzli münasibət nümayiş etdirərək, uşağın adının doğum şəhadətnaməsində “Amir” olaraq yazılmasına razılıq vermir. Halbuki, bilir ki, uşağın faktiki adı Amirdir. Hazırkı vəziyyətdə inzibati orqanın imtinası iddiaçının övladının hüquqlarını pozur və onun qanuni mənafeyinə toxunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7102/2021 nömrəli, 13.08.2021-ci il tarixli qərardadı ilə X3 cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, X9 İddiaçı Cavabdehə qarşı “adın dəyişdirilməsinə icazə verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh inzibati orqan iddia ərizəsi ilə bağlı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 02.06.2017-ci il tarixli, AZ-İİİ № 955882 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 15.05.2017-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası: X9, anası: X5r. İş materiallarına əlavə edilmiş 02.03.2019-cu il tarixli, AZ-İ № 311270 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X9 ilə X7 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 02.03.2019-cu il tarixdə 68 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən 10.02.2021-ci il tarixli, M 24- 164 nömrəli X2 ünvanlanmış məktubunda göstərilmişdir ki, sizin Cavabdehə ünvanladığınız müraciətinizə X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyada baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəinsə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Qeyd edilənləri nəzərə alaraq Komissiya sözügedən məsələnin həllini məqsədəmüvafiq hesab etmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı normalara istinad edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. -53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -53.4-cü maddəsinə görə valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. -54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2000-ci il tarixli 297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Ailə Məcəlləsinin 53.4, 54.1-54.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -2.1-ci bəndinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. -2.2-ci bəndinə əsasən valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Qanunvericiliyin sadalanan normalarından görünür ki, uşağa adın verilməsi bir qayda olaraq valideynlərin razılığı ilə müəyyən olunur. Həmçinin uşaq 18 yaşına çatana kimi onun adının dəyişdirilməsinə valideynlərin birgə razılığı ilə müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə yol verilir. Yerli icra hakimiyyətinin qeyd edilən icazənin verilməsi səlahiyyətini isə müvafiq yerli icra hakimiyyəti orqanının qəyyumluq və himayə orqanı yerinə yeitirir. Başqa sözlə, 18 yaşına çatmamış uşağın adının dəyişdirilməsi yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının verdiyi icazə ilə mümkündür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Eyni Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Eyni Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Eyni Qanunun 52.1-ci maddəsinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Sadalanan normaların hazırkı işin halları ilə müqayisəli təhlilindən müəyyən olunur ki, iş üzrə iddiaçı 15.05.2017-ci il təvəllüdlü övladı X4 adının dəyişdirilməsinə icazə verilməsi ilə bağlı Cavabdehə ərizə ilə müraciət etmiş, müraciətə qanunla nəzərdə tutulmuş yerli icra hakimiyyəti orqanının qəyyumluq və himayə orqanında deyil, X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasında baxılaraq müvafiq imtina cavabı verilmişdir. Halbuki, yuxarıda sadalanan normalardan da müəyyən olunur ki, yetkinlik yaşına çatmayan uşaqların adlarının dəyişdirilməsi ilə bağlı icazə vermək məsələsinə yerli icra hakimiyyəti orqanının qəyyumluq və himayə orqanı (Komissiya) məsuldur. Azərbaycan Respublikasının 31 may 2002-ci il tarixli, 336-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “X1 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin 1-ci bəndinə görə Komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Əsasnamənin 3-cü bəndinə əsasən Komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən sədr, məsul katib (katib) və uşaqlarla iş üzrə məsləhətçi-psixoloq da daxil olmaqla 9-11 üzvdən ibarət tərkibdə yaradılır. Məhkəmə qeyd edir ki, adıçəkilən Əsasnamənin 5-7-ci bəndlərində X1 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri sadalanmışdır ki, həmin səlahiyyətlər sırasında X1 adının, soyadının dəyişdirilməsi ilə bağlı valideynlərin müraciətlərinə baxılması və icazə verilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Başqa sözlə, hazırkı iş üzrə iddiaçının müraciətinə qanunla səlahiyyətli olan komissiyada baxılmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının ərizəsi ilə bağlı icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə aparılmamışdır. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun: -14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. -16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -57.2-ci maddəsinə görə yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -59.1-ci maddəsinə görə yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.3-cü maddəsinə görə inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. -61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Hazırkı işin hallarından görünür ki, ərizəyə müvafiq komissiyada kollegial tərkibdə baxılaraq müraciətin təmin edilib-edilməməsi ilə bağlı qərar formasında, əsaslandırılmış, dəqiq və aydın şəkildə, işin faktiki və hüquqi hallarına istinad edilməklə müvafiq inzibati akt qəbul edilməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 10.02.2021-ci il tarixli məktubunda yalnız X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının sədri sözügedən məsələnin həllini məqsədəmüvafiq hesab etmədiyini bildirmiş, lakin bu məqsədəmüvafiq hesab edilməmənin nədən ibarət olması, hansı inzibati araşdırma sübutları əsasında bu qənaətə gəlindiyi göstərilməmiş, Komissiyada ərizəyə baxılarkən müzakirə olunan məsələ ilə bağlı iş üzrə maraqlı şəxslərin iştirakları, onların dinlənilməsi, komissiya üzvlərinin çıxışları və yekunda qəbul edilmiş qərar barədə müvafiq qeydlər edilməmişdir. İnzibati Prosesual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: -73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; -73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; -73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə, işin məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının müraciəti ilə bağlı inzibati icraat Cavabdehin müvafiq səlahiyyətli komissiyasında qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun aparılmamış, inzibati orqanın diskresion səlahiyyətinə aid olan müraciətə baxılmanın nəticəsi olaraq işin faktiki və hüquqi hallarını müəyyən edən, cavabdehin öz mülahizəsini dəqiq və aydın şəkildə ifadə edən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun əsaslandırılmış inzibati akt qəbul edilməmişdir. Belə olan halda, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra inzibati orqanda yenidən aparılacaq inzibati icraatın nəticəsi olaraq qəbul ediləcək yeni inzibati aktı mübahisələndirmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, İddiaçı 15.05.2017-ci il təvəllüdlü övladı X4 adının dəyişdirilməsinə icazə verilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7102/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7102/2021
13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver