Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7102/2022 11.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 19 ünvanında yerləşən ona məxsus ticarət obyektində xx.xx.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli 004248 nömrəli akt əsasında barəsində 4000 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********7242 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə fiziki şəxs kimi vergi uçotuna qediyyata alınmış və ünvan 1 ünvanında yerləşən ticarət obyektində sahibkarlıq fəaliyyətini həyata keçirir. Ticarət obyektində 18 (on səkkiz) nəfər işçi tərəfindən əmək müqaviləsi bağlanılmaqla, bir nəfər isə sabit vergi ödəyicisi kimi işləyir. Ona məxsus ticarət obyektində əmək müqaviləsi bağlanılmadan və ya əmək qanunvericiliyinə uyğun olmadan fəaliyyət göstərən hər hansı işçi yoxdur. Lakin xx.xx.2021-ci il tarixində ticarət obyektində operativ vergi yoxlaması keçirilmiş və bu zaman Şahid və X4 adlı şəxslər onlarla əmək müqaviləsi bağlanılmadan ticarət obyektində xidmətin və ya hər hansı işin görülməsinə cəlb edilmiş işçi kimi Vergi Xidmətinin əməkdaşları tərəfindən qeydə alınmışdır. Nəticədə bununla bağlı xx.xx.2021-ci il tarixli 004248 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********7242 nömrəli qərar qəbul edilməklə barəsində 4000 manat maliyə sanksiyası tətbiq edilmişdir. Bununla bağlı qeyd olunan məbləğin ödənilməsi üçün **********7243 nömrəli tələbnamə göndərilmişdir. Hesab edir ki, ona məxsus ticarət obyektində keçirilmiş operativ vergi tədbirinin nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli 004248 nömrəli akt və həmin akt əsasında qəbul edilmiş, xx.xx.2022-ci il tarixli **********7242 nömrəli qərar əsassız və qanunsuzdur. Beləki, Şahid və X4 adlı şəxslər sahibkarlıq fəaliyyətini həyata keçirtdiyi ticarət obyektində hər hansı xidmətin göstərilməsinə tərəfindən cəlb edilməmiş, nə əvvəllər, nə də hazırda tərəfindən işə götürülməmiş, obyektində işçi kimi fəaliyyət göstərməmişdir. Operativ vergi yoxlaması zamanı həmin şəxslər müştəri kimi ona məxsus obyektdə olmuşlar. Vergi Xidmətinin əməkdaşları tərəfindən həmin şəxslərin hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edilməmiş, hətta hansı işlərin görülməsinə cəlb edilmələri aydınlaşdırılmamış və yalnızca tədbir zamanı ticarət obyektində olduqları üçün işçi kimi qeyd edilmişlər. Bu hal Vergi Xidmətinin əməkdaşlarına bildirilsə də, bununla bağlı hər hansı araşdırma aparmadan, qərəzli olaraq həmin şəxsləri əmək müqaviləsi olmadan işin və ya xidmətin göstərilməsinə cəlb edilmiş şəxslər kimi sənədləşdirmişlər. Halbuki vergi xidmətinin əməkdaşları düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı idi. Operativ vergi nəzarətini həyata keçirən Vergi Xidmətinin əməkdaşları ona qarşı qərəzli mövqedə olmuş və sahbkarlıq fəaliyyətinin keçirilməsinə maneə yaratmışdır. Yuxarıda qeyd edilənlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixli iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********6847 nömrəli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev ev. 19 m.0. ünvanında yerləşən “Holliwood klub” adlı obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004248 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxsin və iddiaçının nüməyəndəsi izahat verməkdən imtina edilməsi barədə akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7242 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 4.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Cavabdeh İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6847 nömrəli qərar ilə, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev 19.0 ünvanda yerləşən İddiaçı (VÖEN: **********) məxsus restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211701819 nömrəli Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Mcəlləsinin 50.2.4-cü maddəsinə istinad olunmuşdur; DVX seriyalı 004248 nömrəli, 24 dekabr 2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev 19.0 ünvanda yerləşən “Hollywood” restoranında operativ vergi yoxlaması zamanı 18 nəfər fiziki şəxsdən 2 nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir, həmin aktın əlavəsinə əsasən Şahid və X4 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər; “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7242 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022-ci tarixədək 4000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır; “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********7243 nömrəli tələbnamədən görünür ki, İddiaçı büdcəyə ödənilməli olan 4000 manat vəsait xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №-li hesabına ödənilməsi tələb edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətin 15 avqust 2022-ci il tarixli məktubla fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlar təqdim edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar əsasında iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmiş, bu barədə akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 4000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı həmin qərarın ləğv edilməsini tələb edir. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən, Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; ... 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; 50.5-ci maddəsinə əsasən, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları; 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir; 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir; 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir; 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır; 10-cu bənd Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 10.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər; 10.2-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir; 10.3-cü bəndinə görə operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir; 10.4-cü bəndinə görə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır; 10.5-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir; 10.6-cı bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir; 10.7-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur; 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. Beləliklə, operativ vergi nəzarəti tədbiri aşağıdakı prosedur ardıcıllıqla aparılır: 1. Vergi ödəyicisinin tam adı, eyniləşdirmə nömrəsi, onun rəhbərinin (və ya səlahiyyətli nümayəndəsinin) və ya fərdi sahibkarın soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədinin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli. 2. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar vergi ödəyicisinin rəhbərinə (və ya onun səlahiyyətli nümayəndəsinə) və ya fərdi sahibkara təqdim edilməli. 3.Vergi ödəyicisinin «Nəzarət kitabçası»nda operativ vergi nəzarətinin başlanması barədə müvafiq qeydiyyat aparılmalı. 4. Operativ vergi nəzarətini həyata keçirmək məqsədi ilə vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən müvafiq izahatlar, arayışlar, məlumatlar almalı və zəruri sənədlərlə tanış olmalı. 5. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilməli. 6. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilməli. 7. İşlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərlə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin mövcudluğu araşdırılmalı, zərurət olduğu halda bu müqavilələrin surətləri götürülməli. 8. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri bağlamaqla işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərə əmək kitabçalarının aparılması, maaş cədvəllərinin tərtib edilməsi, işçilərdən gəlir vergisinin tutulması araşdırılmalı. 9. İşəgötürənin sosial müdafiə fondunda qeydiyyatı və bu fonda ayırmalar araşdırılmalı. 10. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə əmək müqavilələri bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı müəyyənləşdirilməli və bu şəxslərin siyahısı tərtib olunmalı. 11. Operativ vergi nəzarətinin nəticələri barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə akt tərtib edilməli. 13. Tərtib olunmuş aktın bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilməlidir. İşin hallarından görünür ki, Vergi Məcəlləsinin 23, 41, 50-ci maddəsi rəhbər tutulmaqla ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus ticarət obyektində operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Vergi orqanı yoxlama zamanı obyektdə işləyən 18 nəfərdən 2 nəfərin - Şahid və X2 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi ilə bağlı operativ vergi nəzarətinə dair xx.xx.2021-ci il tarixdə akt tərtib etmiş, akt yalnız vergi orqanının əməkdaşları tərəfindən imzalanmışdır. Müqavilə bağlamadan işə cəlb edildiyi iddia edilən şəxslərin izahatı alınmamış, vergi orqanı tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktda vergi ödəyicinin nümayəndəsinin izahat verməkdən imtina etdiyi, Şahid və X2 isə izahatının alınmasının mümkün olmaması qeyd etmişdir. Tərtib edilmiş aktın doğruluğu hər hansı üçüncü şəxsin (məs, hal şahidi) imzası ilə təsdiq edilməmişdir. Vergi orqanı tərtib etdiyi aktda əmək müqaviləsi bağlamadan işə cəlb edildiyini aşkar etdiyi Şahid və X2 həmin obyektdə konkret hansı işlə məşğul olması, həmin iş yerində iş saatının vaxtı, həmin iş yerinin əsas, yaxud əlavə iş yeri olması kimi məsələləri araşdırmamış, bu barədə tərtib edilmiş aktda hər hansı qeydlər etməmişdir. Bundan əlavə cavabdehin adıçəkilən obyektdə Vergi Məcəlləsinin 41-ci maddəsi ilə nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə operativ vergi nəzarəti ilə bağlı foto və (və ya) video çəkiliş üçün qanunla verilmiş səlahiyyətindən istifadə etmək imkanı mövcud olsa da hazırkı iş üzrə vergi orqanı operativ vergi nəzarəti ilə bağlı foto və (və ya) video çəkilişin nəticələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Beləliklə, hazırkı iş üzrə iddiaçının VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusunu törətməsini sübut edən icraat materialları, o cümlədən yuixarıda adları çəkilən şəxslərin iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlamadan işə cəlb edilməsinə dair izahatlar, foto və ya video görüntülər və s. sübutlar məhkəməyə təqdim edilməmiş, cavadehin təqdim etdiyi icraat materialları yalnız vergi orqanının yoxlayıcıları tərəfindən tərtib edilmiş, onların imza və idarənin möhürü ilə təsdiq edilmiş sənədlər olmaqla, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli, əsaslı sübutlar hesab olunmur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********7242 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********7242 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-7102/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7102/2022
11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver