Məhkəmə qərarları › İş №2-1(112)-7103/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7103/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7103/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atasına verilmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin iddiaçının mərhum atası X4 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən iddiaçının mərhum atasına verilmiş ünvan 2 ünvanında olan fərdi yaşayış evi və yerləşdiyi 442,5 kv. metr torpaq sahəsinin İddiaçı mərhum atası X4 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum atası X4 Əzizbəyov rayon (indiki Xəzər rayonu) ZDS icariyyə komitəsinin 06 oktyabr 1961-ci il tarixli № 14 qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 48 ünvanında yerləşən torpaq sahəsi fərdi yaşayış evin tikintisi üçün ayrılmışdır. Bununla bağlı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu (plan və cizgi) verilmişdir. Onun atası X7 xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı Ataxa oğlu X1 vərəsəsi sayılmışdır. Əzizbəyov rayon (indiki Xəzər rayonu) ZDS icariyyə komitəsinin 06 oktyabr 1961-ci il tarixli № 14 qərarına əsasən Bakı şəhər Zəhmətkeş deputatları sovetinin icariyyə komitəsi Memarlıq Planlaşdırma İdarəsinin xx.xx.1972- ci il tarixli 18/03-5/9 saylı məktubundan da görünür ki, sözügedən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin göstəriciləri qeyd edilməklə tikintiyə icazə verilmişdir. Eyni zamanda xx.xx.1972-ci il tarixli qərarı ilə də Binə, Zevin küçəsi, ev 48 (indiki ünvan 3 ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. O, torpaq sahəsinin dövlət reyestrində qeydiyyata almaq məqsədi ilə cavabdeh orqana rəsmi qaydada müraciət etmişdir. Lakin, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “mütəxəsislər tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin yaxınlığından qaz xəttinin keçdiyi müəyyən edilmişdir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xx.xx.2023-cü il tarixli sorğu göndərilmiş, lakin sorğuya cavab məktubu daxil olmamışdır. Həmçinin torpaq sahəsinin texniki pasportla faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur.” Halbuki, həmin ərazinin yaxınlığından keçən qaz xəttinin ətrafında və hətta yaxınlığında məktəb, yaşayış binaları uzun illərdir ki mövcuddur. Həmçinin onu da qeyd edim ki, sözügedən qaz xətti son 4 - 5 il müddətdir ki, həmin ərazidə quraşdırılmışdır. Lakin sənəd əsasında iddiaçının istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evi 1960-cı ildən mövcuddur və daimi yaşayış vardır. İddiaçı cavabdeh orqanın imtinası ilə razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh orqanın qanunsuz və əsassız imtinası nəticəsində iddiaçının qanunla qorunan mülkiyyyət hüquqlarım kobud surətdə pozulmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanların iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin yaxınlığından qaz xəttinin keçdiyi müəyyən edilmişdir. Odur ki, iddiaçının ərizəsinin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xx.xx.2023-cü il tarixli sorğu göndərilmiş, 14 - 2/2- 402/2024 saylı, xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin daş hasarının 0.5 metr məsafəsindən polad dayaqlar üzərində quraşdırılmış SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-219 mm-lik (istismara verildiyi tarix:2009/2022-ci il) yerüstü orta təzyiqli, 0.3 metr məsafəsindən polad dayaqlar üzərində quraşdırılmış d-108 mm-lik (istismara verildiyi tarix: 2013-cü il) yerüstü aşağı təzyiqli, həmçinin torpaq sahəsinin daş hasarının 0.3 metr məsafəsindən polad dayaqlar üzərində quraşdırılmış qeyriyaşayış sahələrinə məxsus d-89 mm-lik (istismara verildiyi tarix: 2010-cu il) və d-57 mm-lik (istismara verildiyi tarix: 2013cü il) yerüstü aşağı təzyiqli qaz kəmərləri keçməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 5 nömrəli əlavəsinə əsasən yanğın təhlükəsizliyi tədbirləri ilə əlaqədar orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özünə qədər olan məsafə 5 metr, aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özünə qədər olan məsafə isə 2 metr müəyyən olunmuşdur. Həmin qaydaların 5 nömrəli əlavəsinin “Qeydlər” hissəsinə əsasən Tikinti norma və Qaydalarının tələblərinə uyğun olaraq binaların divararı və örtükləri üzrə qaz kəmərlərinin çəkilməsi imkanı istisna edilmir. Sözügedən qaydaların “Qeydlər” hissəsində nəzərdə tutulan Tikinti Norma və Qaydalarının İİ-37-76 -nın 4.18-ci bəndinə əsasən aşağı və orta təzyiqli qaz boru kəmərlərinin çəkilişini odadavamlıq dərəcəsi 4-cü dərəcədən aşağı olmayan yaşayış və ictimai binaların xarici divarları ilə və ayrıca inşa edilmiş yanmayan sütunlar (dayaqlar) üzərində nəzərdə tutmağa yol verilir. Həmçinin torpaq sahəsinin texniki pasportla faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, A tikilisi genişləndirilmiş və ərazidə əlavə həyət tikililəri inşa edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiklərri barədə heç bir məlumat vermədiklərindən məhkəmə İPMnin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi – X6 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əzizbəyov rayon ZDS İcariyyə Komitəsinin xx.xx.1961-ci il tarixli, 14 №-li Qərarın surətindən görünür ki, adları qeyd olunan vətəndaşlara Əzizbəyov rayonun kənd və qəsəbələrində fərdi ev tikməkdən ötəri aşağıdakı qaydada torpaq sahələrininn təhkim edilməsi qərara alınmışdır. … b) Binə qəsəbəsindəki Bünyadzadə küçəsi 2 nömrəli cərgə 20 №-li evdə yaşayan ixtisaslaşdırılmış 1 №-li mexanikləşdirmə idarəsində fəhlə vəzifəsində işləyən X5 Binə qəsəbəsində fərdi ev tikməkdən ötrü Bakı şəhər Sovetinin sərəncamı ilə ayrılmış Zelin küçəsində 600 kv.metr torpaq sahəsi. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair X2 adına tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun və yanvar 1962-ci il tarixli 5p30k nömrəli evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibliyinin kartoçkasının surətindən müəyyən olunur ki, 1961-ci ildə inşa edilmiş 17.15 kv.metrdən ibarət fərdi yaşayış evinin yerləşdiyi cəmi meydançanın sahəsinin 442,5 kv. m. təşkil edir. Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, x/o 756/23 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri 25 saylı notariat ofisində qanun üzrə vərəsəsi ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı (ŞV;AA******* FİN:xxxxxxx) müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər t əsasında xx.xx.1977-cı il tarixdə vəfat etmiş X7 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət daşınmaz əmlak daxıldır. Göstərilənlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1 -ci və 8-ci, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq etmiş etmiş X4 məxsus göstərilən əmlaka arayış verilməsi xahiş olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********93 №-li xx.xx.2024-cü il tarixli Bildirişində qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin yaxınlığından qaz xəttinin keçdiyi müəyyən edilmişdir. Odur ki, ərizənizin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xx.xx.2023-cü il tarixli sorğu göndərilmiş, lakin sorğuya cavab məktubu idarəyə daxil olmamışdır. Həmçinin torpaq sahəsinin texniki pasportla faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsas hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu məhkəməyə təqdim olunmuş “Daşınmaz əmlakın texniki vəziyyəti əks etdirən müayinə (baxış) akt”dan görünür ki, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 17.15 kv.metr, ərazinin ümumi torpaq sahəsi texniki passport üzrə 442,5 kv.metr və faktiki 566 kv.metr təşkil edir. A tikilisi yenişləndirilib. Ərazidə əlavə həyət tikililəri inşa edilmişdir. Yol tərəfdən 0,5 metr məsafədən 200 mm-lik qaz xətti keçir. “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli, 14-2-2/2-2083/2024 saylı cavab məktubunda göstərilmişdir ki, ünvan 8 ünvanında yerləşən torpaq sahəsinə (koordinatlar: 40.452319; 50.099958) baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, koordinatları yuxarıda göstərilmiş torpaq sahəsinin daş hasarından L=0,50 metr məsafədə "Azəriqaz” İB-nin balans və istismarında olan, 2022-ci il tarixində istismara verilmiş 219 mm diametrlik, orta təzyiqli, yerüstü, o cümlədən həmin torpaq sahəsinin daş hasarından L=0,20 metr məsafədə 2017-ci il tarixində istismara verilmiş 108 mm diametrlik, aşağı təzyiqli, yerüstü, torpaq sahəsinin daş hasarından L=0,40 metr məsafə aralıdan isə ərazidə fəaliyyət göstərən 149 saylı məktəbi təbii qazla təchiz edən 57 mm diametrlik, orta təzyiqli, yerüstü və L=0,30 metr məsafə aralıdan 117 saylı məktəbi təbii qazla təchiz edən 89 mm diametrlik, orta təzyiqli, yerüstü qaz xətləri keçir. Əlavə olaraq məlumat üçün torpaq sahəsinin daxilində inşa edilmiş tikilidən həmin qaz xətlərinə qədər olan məsafə L=13 metr təşkil edir. “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli, 14-2-2/2-736/2024 saylı cavab məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən, X1 istifadəsində olan torpaq sahəsinə (koordinatlar: 40.452319; 50.099958) əməkdaşlarımız tərəfindən xx.xx.2024-cü il tarixində baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin qarşısından “Azəriqaz” İB-nin 2022-ci il tarixində istismara verilmiş D219 mm-lik orta təzyiqli yerüstü, L=0.5metr məsafədən aralı, 2017-cü il tarixində istismara verilmiş D108 mm-lik aşağı təzyiqli yerüstü, L-0,2 metr aralı, D57mm-lik 149 saylı məktəbi təbii qazla təchiz edən L=0,4 metr aralı yerüstü orta təzyiqli və 117 saylı orta məktəbi təbii qazla təmin edən D89 mm-lik yerüstü, L=0,3 metr aralı orta təzyiqli qaz xətləri keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə) ...

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi. 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.

İnzibati-Prosessual Məcəllə:

58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...

68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli, 202 nömrəli Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir. Yeni redaksiyaya görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İş materiallarından göründüyü kimi, mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Mənzil Təsərrüfat Nazirliyi tərəfindən adına “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmiş mərhum X1 vərəsəsi qismində İddiaçı tanınmışdır. Cavabdeh inzibati orqanın dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbindən imtina olunarkən, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yaxınlığında qaz xəttinin keçdiyinə istinad olunmuşdur. Mübahisəli bağ torpaq sahəsinə dair hüquqların qeydə alınmasından imtinanın əsası kimi qeyd olunmuş torpaq sahəsinin yaxınlığından qaz xəttinin keçməsinə gəldikdə isə, qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunmuşdur ki, ünvan 8 ünvanında yerləşən torpaq sahəsinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, koordinatları yuxarıda göstərilmiş torpaq sahəsinin daş hasarından L=0,50 metr məsafədə "Azəriqaz” İB-nin balans və istismarında olan, 2022-ci il tarixində istismara verilmiş 219 mm diametrlik, orta təzyiqli, yerüstü, o cümlədən həmin torpaq sahəsinin daş hasarından L=0,20 metr məsafədə 2017-ci il tarixində istismara verilmiş 108 mm diametrlik, aşağı təzyiqli, yerüstü, torpaq sahəsinin daş hasarından L=0,40 metr məsafə aralıdan isə ərazidə fəaliyyət göstərən 149 saylı məktəbi təbii qazla təchiz edən 57 mm diametrlik, orta təzyiqli, yerüstü və L=0,30 metr məsafə aralıdan 117 saylı məktəbi təbii qazla təchiz edən 89 mm diametrlik, orta təzyiqli, yerüstü qaz xətləri keçir. Əlavə olaraq məlumat üçün torpaq sahəsinin daxilində inşa edilmiş tikilidən həmin qaz xətlərinə qədər olan məsafə L=13 metr təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 48 ünvanında olan fərdi yaşayış evi və yerləşdiyi 442,5 kv. metr torpaq sahəsinin İddiaçı mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar