Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7104/2022 07.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxslər X41, X42 və X29) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra - İddiaçı) xx.xx.2022-ci il tarixdə cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, Forma 2 arayışında qeyd edilən şəxslərin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini cavablandırmamışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X18, X41, X19, X5, X20, X21, X30, X22, X31, X86, X8, X23, X1, X12, X13, X7, X77, X43, X2, X42, X24, X25, X29, X26, X9, X33, X3, X34, X14, X15, X35, X44, X45, X36, X37, X23, X27, X78, X46, X79, X10 və X38 ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evinə olan pasport qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X18, X41, X19, X5, X20, X21, X30, X22, X31, X86, X8, X23, X1, X12, X13, X7, X77, X2, X42, X24, X25, X29, X26, X9, X33, X3, X34, X14, X15, X35, X44, X45, X36, X37, X23, X27, X78, X46, X79, X10, X56 və X43 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. Daha sonra iddiaçı məhkəmə dəftərxanası vasitəsi ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin həcmini azaltmış və X41, X42 və X11 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evinə olan pasport qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmiş, həmçinin X18, X19, X5, X20, X21, X30, X22, X31, X86, X8, X23, X1, X12, X13, X7, X77, X2, X24, X25, X26, X9, X33, X3, X34, X14, X15, X35, X44, X45, X36, X37, X23, X27, X78, X46, X79, X10, X56 və X16 üçüncü şəxs qismində hazırkı məhkəmə icraatında iştiraklarına xitam verilmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 12 iyun 2010-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır və həmin fərdi yaşayış evinin mülkiyyətində olmasına dair xx.xx.2010-cu il tarixli MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmin evə dair Forma 2 arayışı alarkən ona məlum olmuşdur ki, heç vaxt üzünü görmədiyi və tanımadığı şəxslər mülkiyyətində olan sözügedən evdə pasport qeydiyyatındadırlar. Forma 2 arayışında qeyd edilən şəxslərin hansı formada mülkiyyətində olan evə pasport qeydiyyatına düşmələrindən xəbərsizdir, həmin şəxsləri ümumiyyətlə tanımır və onların mülkiyyətində olan mənzilə qeydiyyatı formal xarakter daşıyır. Həmin şəxslərin şəxsi mülkiyyətində olan mənzildə qeydiyyatda olması səbəbindən qanuni mülkiyyətçi kimi mənzilinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bu isə onun dövlət tərəfindən tanınan və qorunan mülkiyət hüquqlarının ciddi surətdə pozulması deməkdir. Sözügedən şəxslərin mülkiyyətində olan fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh heç bir cavab verməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X6 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evini və istifadədə olan 0.1820 ha torpaq sahəsini alıcı Həsənova (hazırda Kazımova) Arzu Əşrəf qızının mülkiyyətinə vermişdir. İşdə olan ******* qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçı X47 mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçı ilə yanaşı xx.xx.1075-ci il təvəllüdlü X41, xx.xx.1997-ci il təvəllüdlü X42 və xx.xx.1999-cu il təvəllüdlü X29 qeydiyyatdadır. İddiaçı həmin şəxslərin onun mülkiyyətində olan evdə qeydiyyatda olduğunu iddia edərək hazırkı iddianı qaldırmış, onların 25 saylı evə olan qeydiyyatlarının ləğv edilməsini xahiş etmişdir. Lakin işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 25 ünvanı ilə iki fərdi yaşayış evi qeydiyyata alınmışdır. X17 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 25 saylı fərdi yaşayış evi (yeni qaydalarla ev 107) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İdarənin məktuba əlavə etdiyi ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 25 ünvanında (yeni qaydalara əsasən AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 107) yerləşən fərdi yaşayış evinə dair X17 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 25 ünvanında xx.xx.1975-ci il təvəllüdlü X41 xx.xx.2001-ci il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Mülki Məcəllənin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, üçüncü şəxslərin qeydiyyatda olduğu ünvan ünvan 2 iddiaçıya məxsus yaşayış sahəsinə deyil, üçüncü şəxs T.Kərimovun mülkiyyətində olan, lakin iddiaçının mülkiyyətindəki evlə eyni ünvan göstəriciləri olan fərdi yaşayış evinə qeydiyyata alınmışlar və hazırda orada yaşayırlar. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların: -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -3.8-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.4-cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin) müəyyənləşdirilməsi Komitə tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -3.11-ci bəndinə görə çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Hər bir mənzilin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyriyaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın hər bir mənzilinə ünvan nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat 7 gün müddətində Komitə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir. Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Komitə obyektin mülkiyyətçisinə bu barədə məlumat verir. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsiplərindən çıxış edərək hesab edir ki, hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Nəzərə alınsa ki, iddiaçı ilə üçüncü şəxslər ayrı-ayrı evlərdə yaşasalar da, həmin evlər eyni ünvan göstəricilərinə malikdirlər, belə olan halda iddiaçı onunla bərabər eyni statusda olan, fərqli evlər olsa da, lakin eyni ünvan göstəricilərinə hüququ olan başqa bir mülkiyyətçinin (və ya ailə üzvlərini) həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7104/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7104/2022
07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver