Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7105/2022 03.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək torpaq sahəsinin özəlləşdirilməsinə dair qərar çıxarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi, iddia tələbinin “mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi” formasında icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən idiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X3) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Bəhs edilən normaların məzmunundan göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən torpaq sahəsi üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı torpaq sahəsi üzərində hüquqlarının yaranmasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçili Südçülük sovxozunun 25.0.2000-ci il tarixli əmrindən çıxarış ilə əsaslandırır. Həmin əmrin çıxarışında (surəti) qeyd olunmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 №-li sərəncamını, Tərəvəzçili-südçülük sovxozu həmkərlar təşkilatının xx.xx.2000-ci il tarixli, 01 №-li protokolu əsasında Baş planına uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X4 0,10 ha hesabı ilə həyətyani torpaq sahəsi ayrılmışdır. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi sənədlərinin (surətləri) mötəbərliyinin yoxlanılması, həmçinin torpaq sahəsinə münasibətdə mövcud olan sənədlərin təqdim edilməsi məqsədi ilə aidiyyəti üzrə inzibati orqanlara sorğular göndərilmişdir. Sorğulara cavab məktublarından məlum olmuşdur ki: -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik Südçülük Sovxozunun arxiv sənədləri Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamında vətəndaşlara torpaq sahələri ayrılmış, lakin sərəncam ümumi olduğundan heç bir adlı siyahı daxil edilməmişdir. (Abşeron rayon Dövlət Arxivi) -X2 adına X1 qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) -X5 AR Pİİ-nin X3 tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması barədə məlumat yoxdur. Bundan başqa, sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, “X3”nin balansında olan torpaq sahələrinin çox hissəsi 1989-cu ildən başlayaraq 2003-cü ilədək müəssisənin keçmiş rəhbərliyi tərəfindən qanunsuz olaraq fiziki şəxslərə fərdi ev tikmək üçün satılmış və 2010-cu ildə keçmiş rəhbərlik cinayət məsuliyyətinə cəlb olunmuşdur. Burada məskunlaşmış vətəndaşların torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün çoxsaylı müraciətlərdən sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 oktyabr 2015-ci il tarixdə Fərman verilmişdir. Həmin Fərmanın 2.5-ci bəndinə əsasən “X3” tərəfindən vətəndaşa torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda arxiv arayışı və plan-cizgi Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilir. (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3) Məhkəmə qeyd edir ki, doğrudur ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı mövcuddur. Abşeron rayon Dövlət Arxivində saxlanılan adıçəkilən Sərəncamın surətindən görünür ki, Respublika Prezidentinin İşlər İdarəsinin nəznində olan, Buzovna qəsəbəsində yerləşən, Buzovnada uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar hər ailə üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi sözügedən Sərəncam ilə vətəndaşlara torpaq sahələrinin ayrılması təkzib olunmur. Lakin nəzərə alınmalıdır ki, həmin Sərəncamın mövcudluğu özü-özlüyündə torpaq sahəsinin məhz iddiaçıya ayrılmasına dəlalət etmir. Belə ki, bir daha qeyd olunur ki, Sərəncamda yalnız ümumi qaydada müvafiq kateqoriyaya aid şəxslərə torpaq sahəsinin ayrılması göstərilmiş, torpaq sahəsinin kimlərə ayrılması barədə isə heç bir adlı siyahı əlavə olunmamışdır. Məhkəmə diqqətə çatdırır ki, hər nə qədər iddiaçı torpaq sahəsinin məhz Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik Südçülük sovxozunun xx.xx.2000-ci il tarixli, 06/k saylı əmri ilə ayrıldığını iddia etsə də, adıçəkilən əmr səlahiyyətli dövlət orqanlarının arxivlərində aşkar olunmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, “X3”nin balansında olan torpaq sahələrinin çox hissəsi 1989-cu ildən başlayaraq 2003-cü ilədək müəssisənin keçmiş rəhbərliyi tərəfindən qanunsuz olaraq fiziki şəxslərə fərdi ev tikmək üçün satılmış və 2010-cu ildə keçmiş rəhbərlik cinayət məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə hesab edir ki, “X3”nin balansında olmuş torpaq sahələrinin ayrılması ilə bağlı mübahisəli məsələlər mövcud olduğundan, torpaq sahəsinin bir başa vətəndaşa ayrılmasını təsdiq edən qərarın (sərəncam, əmr), eyni zamnda həmin qərarın verilməsinə əsas olan sənədlər aşkar olunduğu təqdirdə vətəndaşın torpaq sahəsinə mülkiyyət hüquqları qeydiyyata alına bilər. Hazırki mübahisə üzrə isə iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən Tərəvəzçili-südçülük sovxozu həmkərlar təşkilatının xx.xx.2000-ci il tarixli, 01 №-li əmrin mövcudluğu ilə bağlı məlumat aşkar olunmamışdır. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, hazırki mübahisə üzrə vəziyyət iddiaçının xeyrinə yalnız o zaman dəyişə bilərdir ki, əgər ddiaçıya torpaq sahənin ayrılması barədə məlumat Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3nin məlumat bazasında mövcud olsun. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 sorğuya cavab məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən X3 tərəfindən vətəndaşa torpaq sahəsinin ayrılması ilə bağlı təqdim olunan sənədlər arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda vətəndaşa arxiv arayışı və plan-cizgi təqdim olunur. Məhkəmə yuxarıda göstərilənlərə nümunə olaraq oxşar mübahisə üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(102)-49/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı əsas gətirir. Belə ki, həmin qərarda kassasiya instansiya məhkəməsinin mövqeyi (ekspertiza rəyi əsasında) vətəndaşın xeyrinə olmasa da, həmin iş üzrə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı və tərəvəzçilik-südçülük sovxozunun əmri əsasında torpaq sahəsinin vətəndaşa ayrılması barədə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 tərəfindən verilmiş arayış mövcud olmuşdur. Məhkəmənin qeyd edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından yalnız o zaman söhbət gedə bilər ki, əgər torpaq sahəsinin iddiaçıya ayrılmasına dair əmr, əmrin verilməsinə əsas olan sənəndlər müvafiq dövlət qurumlarının arxivində aşkar olunsun və ya Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 tərəfindən verilmiş müvafiq arayış ilə təsdiq olunsun. Məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında sadalanmış sənədlərə malik olmamış, bununla da əmlak üzərində mülkiyyət hüquqları yaranmamışdır. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov