Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7106/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 27 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" MMC-yə qarşı "11 mart 2020-ci il tarixli, 16/20 nömrəli əmrin ləğvi, işə bərpa, mənimsənilmiş əmək haqqının verilməsi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi" tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbində "xxxx" MMC-nin verdiyi 11 mart 2020-ci il tarixli, 16/20 nömrəli əmrinin verildiyi andan etibarsız hesab edilərək, ləğv edilərək, işə bərpa olunmağı, məcburi işi buraxma dövrü üçün əmək haqqının ödənilməsi, mənimsənilmiş əmək haqqının verilməsi və onun öz əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi əsaslı olduğu üçün təmin edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4299/2029 saylı, 10 dekabr 2020-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə göndərilmişdir. Hazırki vaxtadək icra vərəqəsi icra edilməmişdir. Əksinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi ona məktub və həmin məktuba qoşma olaraq, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icraata xitam verilməsi haqqında 27 dekabr 2021-ci il tarixli qərarını ünvanlayaraq, guya icra vərəqəsinin artıq icra olunduğunu, yəni "xxxx" MMC-nin 48/21 nömrəli, 14.12.2020-ci il tarixli əmrlə işə bərpa olunmağına və "xxxx" MMC-nin saxta arayışına əsaslanaraq, guya ona 10.12.2020-ci il tarixinədək əmək haqqı hesablanmış və ödənildiyi qeyd olunmuşdur. Nəticə etibarı ilə onun hüquqları pozulmuş və pozulmaqda da davam edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası 19 aprel 2022-ci il tarixə təyin edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiyindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılmaqla, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq iddiaçının izahatını dinləyərək, hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.12.2020-ci il tarixli 2(005)- 4299/2020 №li qətnaməsi ilə "xxxx" MMC-nin 11.03.2020-ci il tarixli 016/20 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmrinin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı "xxxx" MMC-yə sürücü vəzifəsinə bərpa edilməsi, 11.03.2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, ödənilməmiş əmək haqqının İddiaçı ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(103)-2695/2021 №li qətnaməsi ilə, cavabdeh "xxxx" MMC-nin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4299/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 27.12.2021-ci il tarixli qərarı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4299/2020-004 nömrəli 10.12.2020-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış 24.02.2022-ci il tarixli 2(005)-4299/2020 saylı məktubunda qeyd olunmuşdur ki, müraciətinə əsasən bildirlir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4299/2020 saylı, 10.12.2020-ci il tarixli icra vərəqəsi icra olunması üçün 06.07.2021-ci il tarixdə Nərimanov Rayon İcra Şöbəsinə göndərilmiş və 27.12.2021-ci il tarixdə icra sənədinə xitam verilməsi haqqında qərar məhkəməyə daxil olmuşdur. Eyni zamanda qeyd olunmuşdur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin tələbinə əsasən icra məmurunun “icra sənədinə xitam verilməsi haqqında” qərarından şikayət vermək hüququ var. Hazırda iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən mülki iş üzrə çıxarılmış məhkəmə qətnaməsinin icrası ilə bağlı verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 27 dekabr 2021-ci il tarixli qərarının ləğv olunmasını xahiş edir. Məhkəmə iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-nin qeyd olunan maddəsinin tələbləri nəzərə alınmaqla, iddiaçıya izah olunur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Hazırki halda məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya göstəriləcək hüquqi yardımın, idda üzrə mümkünsüzlük hallarının aradan qaldırılmaması ilə bağlı iddianın mümkün sayılmaması ilə yanaşı, iddiaçıya izah olunur ki, iddia ərizəsində mübahisələndirilən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından, həmin icra sənədini vermiş məhkəməyə (hazırki halda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi) şikayət (burada diqqət ediləsi məqam qanunvericilikdə həmin qərarlar mübahisələndirilərkən iddia deyil, şikayət verilməsi yolu ilə müraciət edilməsi nəzərdə tutulmuşdur) vermək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 27 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7106/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7106/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver