Məhkəmə qərarları › İş №2-1(112)-7107/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7107/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7107/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, 2008-ci ilin noyabr ayından iddiaçıya əlillik təyin edilmişdir. Sonradan 30 yanvar 2020-c il tarixli qərarı ilə də ona əlillik təyin edilmiş, növbəti müayinə tarixi 30 yanvar 2025-ci il tarix olaraq qeyd edilmişdir. Daha sonra iddiaçı avtomobilin verilməsi ilə bağlı müraciət etmiş, lakin onun müraciəti ilə əlaqədar yenidən müayinə edilməsi tələb edilmiş, müayinə nəticəsində isə əlilliyin ləğvi qərara alınmışdır. Halbuki, o, uzun müddətdir xəstəlikdən əziyyət çəkir və onda olan xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verir. Cavabdeh qeyd edir ki, iddiaçının 06 oktyabr 2021-ci il tarixdə əlavə müayinəsi aparılmış, tam reabilitasiya olması qərara alınmışdır. Bu səbəbdən də əsaslı olaraq əlilliyi ləğv edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ona təyin edilmiş əlilliyin ləğv edilməsi barədə 06 oktyabr 2021-ci il tarixli qərarın ləğv edilməsini və İİ qrup əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmişdir Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmənin 13 iyun 2022-ci il tarixli qərardadı ilə iddia müddətinin ötürülməsi üzrlü hesab edilərək müddətin bərpa edilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən digər tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki hallarından da görünür ki, hazırkı mübahisə 30 yanvar 2020-ci il tarixdə növbəti dəfə əlillik təyin edilmiş və növbəti müayinə tarixi 2025-ci ilin yanvar ayına təyin edilmiş şəxsin əlilliyinin həmin vaxta çatmadan 06 oktyabr 2021-ci il tarixli əlavə müayinə nəticəsində ləğvi ilə bağlıdır. Cavabdeh ləğv edilməni onunla əsaslandırır ki, iddiaçı tam reabilitasiya olunmuş, bu səbəbdən də əlillik təyini barədə qərar ləğv edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin hazırkı mövqeyinə uyğun qəbul etdiyi qərarı iddiaçının tam reabilitasiya olunub-olunmamasından asılı olmadan inzibati qanunvericiliyin pozulması ilə qəbul edilmişdir. Belə ki, əlilliyin müddətinin uzadılması barədə qərar əlverişli inzibati aktdır. Həmin əlverişli inzibati akt qanunsuz olsa belə hər bir halda onun ləğvinə əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun əlilliyinin təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Cavabdeh də iddiaçının əlilliyinin təyini ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə 30 yanvar 2020-ci il tarixdə əlilliyini təyini barədə qərar qəbul etmiş və 30 yanvar 2025-ci il tarixi növbəti müayinə tarixi olaraq göstərmişdir. Bu isə o deməkdir ki, iddiaçının reabilitasiya olub-olmamasından asılı olmayaraq 30 yanvar 2020-ci il tarixli qərarla onun əlilliyinin təyini həyata keçirmişdir ki, iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmişə və etimadın qorunması hüququna istinadı istisna edən konkret hallar yoxdursa iddiaçının heç bir əsas olmadan əlilliyin ləğv edilməsinə dair inzibati icraatı başlaması və həmin inzibati icraat nəticəsində əlilliyi ləğv etməsi əsası yoxdur. İşin faktiki halları isə göstərir ki, ümumiyyətlə iddiaçının əlilliyinin ləğvinə əsas olmuş inzibati araşdırmanın ümumiyyətlə əlilliyin təyini və ləğvi məsələsinə də aidiyyəti olmamışdır. Belə ki, iddiaçının müraciəti ona əlil kimi avtonəqliyyat vasitəsi ilə təmin edilməsi ilə bağlı olmuşdur. Cavabdehin isə aparmalı olduğu inzibati icraat bununla əlaqədar olmalı idi ki, cavabdeh nəinki iddiaçının müraciətinə dair imtinaedici qərar qəbul etmiş, hətta inzibati icraatın predmetindən kənara çıxaraq həmin icraatla bağlı olmayan digər bir iddiaçının vəziyyətini ağırlaşdıran qərar qəbul etmişdir. Göründüyü kimi iddiaçının müraciəti avtonəqliyyat vasitəsinin verilməsi ilə bağlı olmuş, cavabdeh həm həmin vasitənin verilməsindən imtina etmiş, həm də özünün 30 yanvar 2020-ci il tarixli qərarında növbəti müayinə tarixinin müəyyən edilməsinə əhəmiyyət vermədən onun müraciəti əsasında iddiaçının vəziyyətini daha da ağırlaşdıran qərar qəbul etməklə inzibati icraat aparmışdır. Halbuki qərarda növbəti müayinə tarixi konkret olaraq göstərmişdir. Məhkəmə hesab edir ki, həmin müayinə tarixi iddiaçının sağalması, vəziyyətinin yenidən ağırlaşması kimi halların həmin tarixdə yoxlanılmasına xidmət edir. Bu tarix ərzində əlilliyin təyininə əsas olan xəstəliyin sağalması hər bir halda həmin tarix çatanadək əlilliyin ləğvi ilə nəticələnmir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun 2025-ci ilin yanvar ayına kimi səhhətində baş verən yaxşılaşmalar əlilliyin ləğvinə əsas yaratmır. Əks halda, 5 illik növbəti müayinə tarixinin mövcudluğun zərurət yaranmazdır ki, həmin müddətin qoyulması da məhz əlillərin qısa müddətlər ərzində inzibati icraata cəlb edilməsinin qarşısının alınmasına xidmət edir. Göründüyü kimi cavabdeh iddiaçının reabilitasiya olunmasına istinad edərək əsassız olaraq 5 illik müddəti gözləmədən iddiaçıya təyin edilmiş əlilliyi ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamış, iddiaçının növbəti müayinə tarixinə kimi sağalması, vəziyyətinin yaxşılaşması kimi hallarının mövcud ola biləcəyi, həmin halın hər bir halda mövcudluğunun əlilliyin ləğv edilməsinə səbəbiyyət verməməsi kimi hallarını nəzərə almamışdır. Məhkəmə, əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tam reabilitasiya olunması da təkcə cavabdehin mövqeyi ilə sübut edilməyə çalışılmış, bunu təsdiq edən tibib sənədlər mövcud olmamışdır. Həmin halın mövcudluğu da, yəni iddiaçının sağalması da məhkəmə qərarın qanunsuzluğu halının dəyişməcəyi qənaətinə gəldiyindən bu istiqamətdə əlavə araşdırma aparmamış, tibbi ekspertizayın təyininə zərurət müəyyən edilməmişdir. Belə ki, iddiaçı tam reabilitasiya olunsa belə növbəti müayinə tarixi müəyyən edilmiş əlilliyin ləğvinə əsas vermir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi barədə 06 oktyabr 2021-ci il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş İİ qrup əlillik dayandırıldığı tarixdən bərpa edilməsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar