Məhkəmə qərarları › İş №2-1(112)-7107/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7107/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7107/2023 12.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “VÖEN-in ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “VÖEN-in ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 12 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə (və ya Vergilər Nazirliyi), Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Departamentinə və Cavabdeh2nə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərin üzərinə iddiaçını bu zamana kimi xəbərdar etmədən, yəni 2020-ci ilin aprel ayından Esosial.az-dan gələn cavab mesaj vasitəsi ilə xəbər tutduğu 2018-ci ildən adına əsassız və qərəzli halda açılmış VÖEN-i ləğv edilmə öhdəliyinin, iddiaçıya VÖEN barəsində xəbərdar etmədən adına açılmış VÖEN-ə görə sahibkarlıq fəaliyyəti olmadan adına açılmış bəyannamələri, hesabatları ləğv edilmə öhdəliyinin və cavabdehlərin əməlləri sayəsində, əsassız VÖEN sayəsində iddiaçıya dövlətin təyin etdiyi kompensasiyalarından, işsizlik müavinətlərindən və VÖEN-ə görə işdən məhrum olduğu üçün cavabdeh orqanların üzərinə iddiaçını və arvadını işlə təmin olunmaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2020-ci ilin fevral ayından işsizdir, heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, VÖEN açdırmamışdır. Bu ilin fevral ayından işsiz olduğu üçün işsizliyə görə verilən 190 manat müavinətin alınması üçün müraciət etmiş, 2020-ci ilin aprel ayında ona mesaj gəlmişdir ki, onun aktiv VÖEN-i var. Bununla bağlı dəfələrlə cavabdehlərə müraciət etsə də, müraciətləri təmin edilməmişdir. Hesab edir ki, Vergilər Nazirliyinin qərəzli mövqeyinə görə iddiaçı və arvadı haqqında məlumatları şikayət ərizəsindən əldə edərək adına olmadığı halda, əsassız və qanunsuz VÖEN açılmışdır. Eyni ayda qərəzli halda ailəsinə açılmış iki VÖEN qanunsuz və əsassızdır, işgüzar nüfuzuna zərbədir. Cavabdehin etirazı: Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, vergi orqanı tərəfindən 30 yanvar 2018-ci il tarixli **********8184 nömrəli qərar əsasında keçirilmiş operativ vergi nəzarət tədbiri nəticəsində bir neçə şəxsin, o cümlədən iddiaçının vergi orqanında qeydiyyatdan keçmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkar edilmişdir. Həmçinin, operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı araşdırmaya izahat verərək Lökbatan qəsəbəsi ev 1594-cü keçid ünvanında vergi orqanında qeydiyyatdan keçmədən Parfümeriya mağazasında fəaliyyət göstərdiyini bildirmiş, həmçinin tez bir zamanda qeydiyyatdan keçəcəyini qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-2900/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2- 1(103)-304/2022 nömrəli qərardadı ilə, apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-2900/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 13 sentyabr 2022ci il tarixli, 2-1(102)-1512/2022 saylı qərarı ilə, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-304/2022 nömrəli qərardadı qismən, iddia tələbinin “iddiaçının adına açılmış VÖEN-in ləğv edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-304/2022 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2- 1(103)-895/2023 nömrəli qərardadı ilə, iddiaçının apellyasiya şikayəti yoxlanılan hissədə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-2900/2021 saylı qərardadı qismən, iddia tələbinin “iddiaçının adına açılmış VÖEN-in ləğv edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(112)-7107/2023 saylı qərardadı ilə, iddiаçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi və Cavabdeh2nə qarşı “VÖEN-in ləğvi” tələbinə dair iddiası cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Cavabdeh2nə münasibətdə mümkün sayılmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurum tərəfindən verilə etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən iddiaçının 22 may 2018-ci il tarixindən məcburi qaydada vergi uçotuna alınması vergi orqanı tərəfindən təmin edilmişdir. Hazırkı tələbi ilə iddiaçı məcburi qaydada vergi uçotuna alınması ilə bağlı vergi orqanının tərtib etdiyi aktdan irəli gələn hərəkətlərini mübahisələndirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. 33.5. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. (xx.xx.2023-cü ilədək qüvvədə olan redaksiya) 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 34.2. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” 1.3. Aşağıda qeyd edilən şəxslər vergi orqanlarında uçota alınırlar: 1.3.1. Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslər; 1.3.2. ailə kəndli təsərrüfatlarının başçıları; 1.3.3. torpaq mülkiyyətçiləri. 2.2. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir; 2.3. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir; 2.4. Fiziki şəxsi uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Bu Qaydaların məqsədləri üçün təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Ərizədə göstərilənlərin düzgünlüyünə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi cavabdehdir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin forması Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilən jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Sadalanmış normalarının təhlilinə keçməzdən əvvəl, məhkəmə vergi qanunvericiliyinə görə VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ifadəsini ehtiva edən anlayışın nədən ibarət olmasına münasibət bildirir. Belə ki, vergi ödəyicisi olan hüquqi şəxs, onun filialları və nümayəndəlikləri və ya digər təsərrüfat subyektləri (obyektləri) olduğu yer üzrə, fərdi sahibkar və VM-in müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs isə yaşadığı yer üzrə vergi orqanında uçota alındıqdan sonra onlara bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə verilən və Azərbaycan Respublikasının bütün ərazisində vahid olan fərdi say nömrəsidir. Vergi orqanlarından VÖEN almaq vergi ödəyicisinin əsas vəzifələrindən biridir. VÖEN vergi ödəyicisinin uçota alındığını təsdiq edən sənəddir. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən VÖEN verilməklə aparılır. Ümumməlum arqumentlərdən biri odur ki, vergi hüquq münasibətlərinin ən kütləvi iştirakçıları vergi ödəyiciləridir. Vergi ödəyiciləri Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir ki, onların hüquq və vəzifələri Vergi Məcəlləsinin, o cümlədən vergi qanunvericiliyinə daxil olan digər normativ-hüquqi aktlarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin vergi uçotuna alınması, ona VÖEN və bunun əsasında şəhadətnamə verilməsi qanunvericilikdə müəyyən edilmiş prosedurlar çərçivəsində həyata keçirilir. Yuxarıda səciyyələnmiş qanunvericiliyin normalarından göründüyü kimi, qanunvericilik vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir. Vergi ödəyicisi tərəfindən və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən ərizə şəxsiyyət vəsiqəsi ilə birlikdə vergi orqanına təqdim olunur, bundan sonra qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alınaraq VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə VM-nin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Bir daha qeyd olunur ki, yuxarıda adı çəkilən normaların tələblərindən də görünür ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir. Vergi orqanında uçota alınması üçün vergi ödəyicisinin özünün müvafiq ərizə ilə müraciət etməsi tələb olunur. İşdən müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə ilə cavabdehə hər hansı müraciət etməmiş, nə də cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə açmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.1-ci maddəsinə nəzər yetirdikdə müəyyən olunur ki, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi qanunvericilik qanunla müəyyən olunmuş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmasını nəzərdə tutmuşdur. Lakin cavabdeh qeyd edilən səlahiyyətindən istifadə edərək iddiaçını maliyyə sanksiyasına cəlb etmək yerinə, Vergi Məcəlləsində nəzərdə tutulmamış qayda və üsullardan istifadə edərək iddiaçını məcburi qaydada vergi ödəyicisi kimi uçota almışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə, bu kontekstdə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2536/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1186/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında da həmin mövqe bir daha təsdiq edilmişdir. Ümumiyyətlə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şühbələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı adına 22 may 2018-ci il tarixdə açılmış vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin İddiaçı adına 22 may 2018-ci il tarixdə açılmış vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar