Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7109/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən müddət üzrə pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 16 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 1975-ci ildə Zaqatala rayonu keçmiş “İliç” adına kolxozda və 1977-2001-ci illərdə “Zaqatala Tütün” ATSC-də işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, ona pensiya almaq hüququ yarandığı gündən məhkəmə qərarı icra olunan günədək nəzərdə tutulmuş pensiyanın hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 20.04.2021-ci il tarixli iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cəlb edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-795/2021 nömrəli 26.04.2021-ci il tarixli qərardadları ilə ərizə icraata qəbul edilmiş, həmçinin inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iş məhkəmənin dəftərxanasına daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Belə ki, ərizəyə əlavə etdiyi arxiv arayışlarından və əmək kitabçasının surətindən görünür ki, onun kifayət qədər əmək (sığorta) stajı vardır. Sənədlərini cavabdeh təşkilata təqdim etmişdir. Lakin cavabdeh təşkilat ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Səbəbi isə kolxozda işlədiyi 1975-ci ilin əmək kitabçasında qeyd olunmaması və 30.11.1978-ci ildən 24.12.2001-ci ilə qədər işləmiş olduğu “Zaqatala Tütün” ATSC-nin əmək haqqı cədvəllərində əmək haqqı alınması barədə məlumatın olmamasıdır. Əmək stajını yerində yoxlayarkən məlum olmuşdur ki, “Zaqatala Tütün” ATSC-də işləmiş və 2001-ci ilin iyun ayınadək əmək haqqı almış, yəni axırıncı əmək haqqı 2001-ci ilin iyunda olmuşdur. Qeyd olunan səbəbdən işlədiyi həmin illəri cavabdeh sığorta stajı kimi qəbul etmir. Lakin bu faktlar onun hüquqlarını pozur. Kolxozlar və təşkilat hazırda fəaliyyət göstərmədiyindən həmin illəri əmək kitabçasına qeyd etdirmək mümkün deyildir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı 02.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində hazırkı iddia tələbi ilə ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən müdət üzrə pensiya məbləğinin ödənilməsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, İddiaçı 1977-2001-ci illərdə Zaqatala Tütün ASC-də və 1975-ci ildə Zaqatala rayon Əliabad kənd “İliç” adına kolxozda olan əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Arxivdə olan əmək fəaliyyət dövrünün əmək kitabçasında qeyd edilməməsi və müəssisəsinin əmək haqqı cədvəllərinin yoxlanılması zamanı aşkar olunan ziddiyyətli hallar imtina üçün əsas olmuşdur. İşin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə 05.07.2021-ci il tarixli **********9 nömrəli sorğu ilə Zaqatala Tütün ASC-yə məlumatların təqdim edilməsi xahişi ilə müraciət edilmişdir. Sorğuya verilən 22.07.2021-ci il tarixli cavab məktubuna əsasən, İddiaçı 23.09.1977-ci il tarixdə müvəqqəti mühasib təyin edilmiş, 15.09.1978-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 20.11.1978-ci il tarixində həmin müəssisəyə mühasib təyin edilmiş, 01.07.1991-ci il tarixdən mövsümün başa çatması ilə əlaqədar ixtisar edilmiş, 01.10.1991-ci il tarixdən mövsüm dövrünə hesabdar təyin edilmiş, 01.08.2001-ci il tarixdən müvəqqəti olaraq öz hesabına məzuniyyətə buraxılmış və 24.12.2001-ci il tarixdən işdən azad edilmişdir. Nəticə olaraq həmin müəssisədə əmək fəaliyyəti dövrü ümumilikdə 23 il, 5 ay, 3 gündür (ödənişsiz məzuniyyətdə olduğu dövr də daxil edilərsə 23 il, 9 ay, 26 gün). İddiaçının 1975-ci il üzrə kolxozda olan əmək fəaliyyəti dövrü. Yəni bir il müddət sosial sığorta stajına daxil edilsə belə, ümumi staj dövrü 24 il, 9 ay, 26 gün edir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Məhkəmə qərarı qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və İddiaçı “yaşa görə əmək pensiyasının təyin ediməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. İş materiallarında olan: - Zaqatala RPŞ tərəfindən 05.06.2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Zaqatala rayonu, Əliabad qəsəbəsində doğulmuş və ünvan 1 ünvanda qeydiyyatdadır. - İddiaçıya məxsus 5 iyun 1977-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, İddiaçı 11.11.1976-04.07.1977, 23.09.1977- 15.09.1978, 20.11.1978-01.07.1991, 01.10.1991-24.12.2001-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Zaqatala Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 5459 nömrəli, 18.10.2021ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Zaqatala rayon Əliabad kənd «İliç» adına kolxozun şəxsi hesab kitabları yoxlanıldıqda müəyyən olunmuşdur ki, İddiaçı 1975-ci ildə 180 adam minimum adam günü üzrə 188 əmək günü işləyərək 595-98 rubl və 1976-cı ildə minimum adam günü üzrə 117 əmək günü işləyərək 313-10 rubl məbləğində əmək haqqı almışdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin 16 saylı Regional ərazi Filialının mütəxəssisləri və Zaqatala Tütün ASC-nini mühasibi tərəfindən tərtib edilmiş aktlardan görünür ki, İddiaçı 23.09.1977-24.12.2001-ci illərdə Zaqatala Tütün fermentləmə zavodunda işləyərək, əmək haqqı almışdır. - Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsi tərəfindən verilmiş 23.04.2021-ci il tarixli 67 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı qız 11 noyabr 1976-cı il tarixdə X3 İdarəsində nizamlayıcı vəzifəsinə işə qəbul edilmiş (əmr № 105. 11.11.1976-cı il), 24.01.1977-ci il tarixdən mühasib vəzifəsinə keçirilmiş (əmr № 06 24.01.1977-ci il) 04.07.1977-ci il tarixdən işdən azad edilmişdir (əmr № 52, 04.07.1977-ci il). - Zaqatala Tütün ASC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 9 nömrəli 22.07.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 23.09.1977-ci il tarixində “Zaqatala Tütün ASC” (keçmiş X4 zavodu) müvəqqəti mühasib təyin edilmiş (əmr № 198, 29.09.1977) 15.09.1978-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir (əmr № 159, 24.10.1978). 20.11.1978-ci il tarixindən Zaqatala Tütün ASC-yə, keçmiş X4 zavoduna mühasib təyin edilmiş, 01.07.1991-ci il tarixindən mövsümün başa çatması ilə əlaqədar ixtisar edilmiş, 01.10.1991-ci il tarixindən mövsüm dövrünə hesabdar təyin edilmiş, 01.08.2001-ci il tarixindən müvəqqəti olaraq öz hesabına məzuniyyətə buraxılmış və 24.12.2001-ci il tarixdən işin azalması ilə əlaqədar ixtisar edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Zaqatala Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 01.10.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı rayon Dövlət Arxivinə təkrarən müraciət edərək 1976-cı ildə də həmin kolxozun 4 №-li t/briqadasında işləməsini bildirmişdir: Vətəndaşın müraciətinə əsasən 1976-cı ilin sənədləri araşdırılarkən onun 1976-cı ildə kolxozda işləməsi aşkar olunmuş və həmin əmək haqqı cədvəlinin çıxarışının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Beləliklə, Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi ilə müəyyən olunmuşdur ki, o, xx.xx.1958-ci il tarixdə doğulmuş və 11.05.2020-ci il tarixdə 61 yaş 6 ayı tamam olmuşdur. İddiaçı əmək stajı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh iddiaçının Zaqatala rayon Əliabad kənd İliç adına kolxozdakı fəaliyyət dövrlərinin əmək kitabçasında öz təsdiqini tapmadığını və 30.11.1978-ci il tarixdən 24.12.2001-ci il tarixədək işləmiş olduğu “Zaqatala Tütün” ATSC-nin əmək haqqı cədvəllərində əmək haqqı alınması barədə məlumat olmadığını əsas gətirərək, ona əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin müəyyən edilmiş hallarına görə iddiaçı 1975-1976-cı illərdə Zaqatala rayon Əliabad kənd “İliç” adına kolxozda, 11.11.1976-04.07.1977-ci illərdə X3 İdarəsində və 23.09.1977-15.09.1978, 20.11.1978-01.07.1991, 01.10.1991-24.12.2001-ci illərdə Zaqatala TütünASC-də işləmişdir. İlk olaraq məhkəmə qeyd edir ki, iddiaçının 1975-1976-cı illərdə Zaqatala rayon Əliabad kənd “İliç” adına kolxozda işlədiyi dövr ona məxsus əmək kitabçasında öz əksini tapmasa da, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 5459 nömrəli, 18.10.2021-ci il tarixli arxiv arayışında öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçının 1975-1976-cı illərdə Zaqatala rayon Əliabad kənd “İliç” adına kolxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması ilə bağlı bildirir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Həmçinin arxiv arayışında minimum əmək günü norması və iddiaçının işlədiyi faktiki əmək günü qeyd olunmuşdur. Əmək günü normaları üzrə araşdırma aparılanda müəyyən olunur ki, kolxozda 1975-1976-ci illər üzrə minimum əmək günü norması 180 gün olmuşdur. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 18.01.2021-ci il tarixli 507 nömrəli arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, tələb olunan minimum əmək iştirakı norması 1975-1976-cı illərdə 180 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1975-cı ildə - 188 gün; 1976-cı ildə - 117 gün işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1975-cı ildə ödənilmiş, 1976-cı ildə isə, o, minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin il ona tam əmək stajı kimi hesablana bilməz. Həmin il iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin ildə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir 117 x 12=1404/180≈ 7 ay. Beləliklə, iddiaçının 1975-1976-cı illərdə işlədiyi dövr ona 1 il 7 ay sığorta stajı kimi hesablanmalıdır. Məhkəmə iddiaçının Zaqatala rayon Əliabad kənd “İliç” adına kolxozdakı əmək fəaliyyəti ilə əlaqədar arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının Zaqatala rayon Əliabad kənd “İliç” adına kolxozda işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malk olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı 30.11.1978-24.12.2001-ci illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə, həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının 23.09.1977-24.12.2001-ci illərdə Zaqatala Tütün ASC-də zavodunda işləyərək, əmək haqqı aldığı da müəyyən olunmuşdur. Beləliklə, iddiaçının 1975-1976-cı il tarixlərdə Zaqatala rayon Əliabad kənd “İliç” adına kolxozda işlədiyi dövr və 11.11.1976-04.07.1977-ci illərdə X3 İdarəsində və 23.09.1977-15.09.1978, 20.11.1978-01.07.1991, 01.10.1991-24.12.2001-ci illərdə Zaqatala Tütün ASC-də işlədiyi illər nəzərə alındıqda onun 25 ildən artıq sosial sığorta stajı müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya (61 yaş 6 aydan) 11.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməli və ötən müddət üzrə pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 11.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və əvvəlki dövr üzrə pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7109/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7109/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver