Məhkəmə qərarları › İş №2-1(112)-7109/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7109/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7109/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxslər X13, X2, X8 və X5 nümayəndəsi (anası) X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X13, X2, X8, X14, X9 və X17) “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin hərəkətləri qanunsuz sayılması, X13, X8, X15, X2, X9, X6 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi, ev 27B ünvanından qeydiyyatdan çıxarılma öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi, ev 27B iddiaçının xüsusi mülkiyyətindədir. Arayışa əsasən ona məlum olmuşdur ki, X13, X10, X15, X3, X9, X17 qeydiyyatdadırlar. Həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün AR DİN Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etsə də, məktubla iddiaçının müraciətinə imtina məktubu verərək həmin şəxslərin mülkiyyətində olan evdən qeydiyyatdan çıxarmamışdır. İmtina məktubunda buna səbəb kimi göstərilmişdir ki, müraciətinin AR DİN-in müvafiq əmrinin tələblərinə əsasən dayandırılmışdır. Həmin şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir.

3. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X13, X2, X8, X14, X9 və X17 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi, ev 27B ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciətinizdə göstərilən xüsusatlar mülki hüquqi xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi, ev 27B ünvanında X13 (xx.xx.1968), X2 (xx.xx.1968), X8 (xx.xx.1991), X14 (xx.xx.2013), X9 (xx.xx.2021) və X17 (xx.xx.2019) yaşayış yeri üzrə qeydiyyatdadırlar.

7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi, ev 27B ünvanı üzərində sorğuda qeyd olunan fiziki şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

8. Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2024-cü il tarixli nömrəli arayışda qeyd edilmişdir ki, ünvan 2 ünvanlardır. Qeydiyyatdakı çıxarış xx.xx.2014-cü il tarixdə alıb, qeydiyyata düşməyib və qeydiyyatda heç kim yoxdur.

9. Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X7 təqdim edilmiş xx.xx.2024-cü il tarixli nömrəli arayışda qeyd edilmişdir ki, ünvan 2 ünvandırlar. X1, X2, X8, X14, X9, X17, X16 qeydiyyatdadırlar.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi (vəkil) iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçılara məxsus ev və üçüncü şəxslərin yaşadığı ev ayrı-ayrı evlərdir, belə ki, üçüncü şəxslər nəticədə iddiaçılara məxsus ünvan üzrə qeydiyyatda olduğundan onlar həmin ünvan üzrə qeydiyyatdan çıxarılmalıdırlar.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 bildirdi ki, arayışda qeyd edilən şəxslərin hamısı onun ailə üzvləridir, o iddiaçını tanımır, özlərinə aid olan həmin evdə ailə üzvləri ilə birlikdə 60 ildən artıq müddətdir ki, yaşayırlar, 1960-cı ildə alınmışdır. Odur ki, ərizənin təmin edilməməsini xahiş etmişdirlər.

12. Məhkəmə iclasında iştirak edən digər üçüncü şəxslər

13. Cavabdeh Sabunçu Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan məktubda səlahiyyətli nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

15. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

17. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

18. Məhkəmə müəyyən etmişdir ki, qeyd edilən evlərin ünvanı eyni göstərilmiş olsa da, ayrı evlərdir və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi, ev 27B ünvanı ilə iki fərdi yaşayış evi faktiki olaraq mövcuddur.

19. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

22. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...

23. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarına əsasən: 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak obyekti məhv olduqda 3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə)

24. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi, ev 27B ünvanı ilə iki fərdi yaşayış evi mövcud olduğundan, lakin həmin ünvanlar ayrı ünvanlarda yerləşdiyindən iddiaçı hüquqi marağına uyğun olaraq özünə məxsus olan daşınmaz əmlakın ünvanın dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edə bilər. Məhkəmə bunu qeyd edərkən nəzərə alır ki, üçüncü şəxslər uzun illərdir ki, həmin ünvanda yaşayırlar, həmin ünvan üzrə qeydiyyatdan çıxarılmalarının faktiki olaraq onlar üçün əlverişsiz nəticə yaratması mübahisəsizdir. Odur ki, məhkəmə hesab edir ki, daşınmaz əmlak Bakı şəhərində yerləşdiyindən iddiaçı öz məqsədinə ona məxsus daşınmaz əmlakın ünvanını dəqiqləşdirməklə nail ola bilər. İddiaçıdan fərqli olaraq üçüncü şəxslərin yaşadıqları evin ilkin hüquqmüəyyənedici sənədləri olmadığından ünvan təyinatı, eləcə də dəqiqləşdirilməsi ilə bağlı müraciət imkanları yoxdur.

25. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

27. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar