Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-711/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X8 kаtibliyi ilə, iddiaçının nümayəndəsi Eyvazova Almaz Məhərrəm qızının, cavabdeh Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X9 iştirakı ilə, iddiaçı Abdullayev Vasif Əvvəl oğlunun cavabdehlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddiaçının adının yataqxanadan köçürülənlərin və mənzillə təmin edilən şəxslərin siyahısına daxil edilməsi vəzifəsinin qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Abdullayev Vasif Əvvəl oğlu cavabdehlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı işlədiyi SU-85 №li trestin rəhbərliyinin və Həmkarlar İttifaqı Təşkilatının birgə iclasının 1990-cı il tarixli protokoluna əsasən Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsi, ev 23, yataqxana 3, otaq 38-də iddiaçıya verilmiş yaşayış yerinin yerləşdiyi yataqxananın qəzalı vəziyyətə düşməsi ilə əlaqədar həmin ünvan üzrə mənzillə təmin olunması məqsədilə tərtib olunan siyahıya iddiaçının adının daxil edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Abdullayev Vasif Əvvəl oğlu təyinatla xx.xx.1987-ci ildə 8 saylı Trestin 85 №li Tikinti İdarəsində 3-cü dərəcə ilə suvaqçı işinə qəbul edilmişdir, həmin müəssisədə xx.xx.1997-ci ilə kimi qaynaqçı işləmişdir, işlədiyi müəssisənin rəhbərliyinin və Həmkarlar İttifaqı Təşkilatının birgə iclasının qərarı ilə internatdan gəldiyi üçün S.Bəhlulzadə, ev 23, yataqxana 3, otaq 38də 1990-cı ildə yaşamaq üçün ona yer verilmiş, daimi qeydiyyata götürülmüşdür. Halhazırda da həmin ünvanda qeydiyyatdadır. Həmin 38 №li otaqda iddiaçı 1990-cı ildən xx.xx.1994-cü ilə kimi yaşamışdır.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün xx.xx.1994-cü ildə hərbi xidmətə çağırılmış və N saylı hərbi hissədə döyüşmüşdür, 1995-ci ildə ordu sıralarından tərxis olunmuşdur. Geri qayıdarkən yaşadığı otağın məcburi köçkünlər tərəfindən zəbt edildiyi ona bildirilmişdir. Dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də heç bir nəticə olmamış və ona bildirilmişdir ki, qaçqın və məcburi köçkünlər doğma torpaqlarına qayıdana qədər onların məskunlaşdıqları yerlərdən çıxarılması mümkün deyildir.Hal-hazırda əvvəllər “xxxx” Dövlət Şirkətinə məxsus olmuş qeyd edilən yataqxana binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 113 saylı qərarı ilə Bakı şəhəri İH-nın Mənzil Kommunal Departamentinin balansına verilmişdir. xx.xx.1994-cü ildən xx.xx.2018-ci ilə qədər olan dövrdə yalnız 2003-cü ildən 2005-ci ilə qədər 38-ci otaqda Füzuli rayonu Qaraxanbəyli kəndindən olan məcburi köçkün ailəsi yaşamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, ev 23, 3 nömrəli yataqxananın balans daşıyıcı qurumu Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentidir. Bu əsaslarla da, iddiaçının cavabdeh Binəqədi rayon İcra hakimiyyətinə daxil olmuş müraciətini nəzərə alaraq, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 nömrəli ünvanda yerləşən beş mərətəbəli, 2 girişli yataqxana binasının sökülərək yerində hündürmərtəbəli çoxmənzilli binanın inşası razılaşdırıldığı halda müraciətə baxılması barədə aidiyyəti üzrə göstəriş verilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsrrüfatı Departamentinə məktub göndərilmişdir. Departamentin xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 113 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 709 nömrəli sərəncamına əsasən əvvəllər “xxxx” Dövlət Şirkətinə məxsus olmuş Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 nömrəli ünvanda yerləşən yataqxana binası balansa götürülmüşdür. Göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı qeyd edilən binada yerləşən yaşayış sahəsində faktiki olaraq məcburi köçkün ailələri məskunlaşmışlar. Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 2/12-11-32/512 nömrəli məktubuna əsasən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” Layihə institutunun mütəxəssisləri tərəfindən Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 nömrəli ünvanında yerləşən yataqxana binasına vizual baxış keçirilmiş və texniki baxışın nəticələri haqqında tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən yataqxana binasının mövcud texniki vəziyyəti qəzalı hesab edilmişdir. Bununla əlaqədar orada məskunlaşmış 91 məcburi köçkün ailəsinin aidiyyəti üzrə Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin qurumları tərəfindən köçürülməsi təmin edilmiş, hazırda faktiki olaraq orada yaşayan 16 ailənin və mülkiyyət hüququ ilə ayrı-ayrı şəxslərə məxsus 9 qeyri-yaşayış sahəsinin köçürülməsinə dair müvafiq icra hakimiyyəti tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Müəyyən edilmişdir ki, mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələrinin yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 ünvanda yerləşən yataqxana binasının sökülərək yerində yeni yaşayış binasının tikintisi razılaşdırıldığı halda vətəndaş İddiaçı adının orada mənzillə təmin olunacaq sakinlərin siyahısına daxil edilməklə qaldırılan məsələnin həll olunması məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh iddianın ona qarşı sürülməli olmadığını bildirərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Mənzil Kommunal Təsərrüfatı Departamenti iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 113 saylı siyahı üzrə təsdiq edilmiş siyahı üzrə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən əvvəllər “xxxx” Dövlət Şirkətinə məxsus olmuş Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi, 23 saylı ünvanda yerləşən yataqxana binası balansa götürülmüşdür.Göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı binanın əvvəllər məxsus olduğu “xxxx” Dövlət Şirkəti tərəfindən İddiaçı həmin binada yaşayış otağı ilə təmin edilməsi müəyyən edilməmiş və qeyd edilən binada yerləşən yaşayış sahələrində faktiki olaraq məcburi köçkün ailələri məskunlaşmışdır.Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 2/12-11-32/512 saylı məktubuna əsasən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Bakı şəhəri,Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasına vizual baxış keçirilmiş və texniki baxışın nəticələri haqqında tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən yataqxana binasının mövcud texniki vəziyyəti qəzalı hesab edilmişdir. Bununla əlaqədar orada məskunlaşmış 91 məcburi köçkün ailəsinin aidiyyəti üzrə Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin qurumları tərəfindən köçürülməsi təmin edilmiş, hazırda faktiki olaraq orada yaşayan 16 ailənin və mülkiyyət hüququ ilə ayrı-ayrı şəxslərə məxsus 9 qeyri-yaşayış sahəsinin köçürülməsi üçün tədbirlər görülür. Nərimanov rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-4212 nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 nömrəli ünvanda yerləşən binada mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra İddiaçı Nərimanov rayon İcra Hakimiyyətinə qarşı, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinə və qeyrilərinə qarşı Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi rayonu, 19-cu Dağlıq küçəsi, 23 nömrəli (indiki Səttar Bəhlulzadə küçəsi, ev 23) evin 14 nömrəli mənzilinə dair X1 adına verilmiş xx.xx.1993-cü il tarixli, 97 nömrəli sərəncamın etibarsızlığının tanınması tələbinə dair iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-663/2017 nömrəli qərarı ilə rədd edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş və həmin şikayət təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 122 nömrəli sərəncamına əsasən mənzil növbəsinə dayananların ümumi siyahısına daxil edilmiş, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 169 nömrəli sərəncamına əsasən Qarabağ müharibəsinin veteranı kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Cavabdeh Mənzil Kommunal Təsərrüfatı Departamenti göstərilənlərə qarşı həmin cavabdehə qarşı iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Eyvazova iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X14 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı hissədə iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır,qeydiyyatda olduğu ünvan kimi şəxsiyyət vəsiqəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Bəhlulzadə, yataqxana, ev 23 göstərilmişdir. AzSSR Tikinti Nazirliyinin 8 №li Trestinin 85 nömrəli Tikinti İdarəsinin protokolundan çıxarışa əsasən İddiaçı yataqxanada çarpayı yeri verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 169 №li, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən iddiaçı Qarabağ müharibəsinin veteranı kimi yaşayış yeri üzrə güzəştli əsaslarla rayon icra hakimiyyətində mənzil növbəsinə götürülmüşdür. Cavabdehin iddiaçının anası Eyvazova Almaz Məhərrəm qızına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq küçəsi, ev 23, yataqxana 3, 38 saylı otaqda məskunlaşmış şəxslərin yeni mənzilə köçürülməsi məsələsinə baxılmır.Yataqxana köçürülməsi başlanılan zaman sakinlərə rəsmi bildirilərək və iddiaçının ailəsinin mənzil sahəsi ilə təmin olunması məsələsinə aidiyyəti orqan tərəfindən baxılacaqdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-4212/2015 №li, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçının Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzilə köçürülmə tələbi üzrə işə baxılan zaman müəyyən edilmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi mənzil xx.xx.1993-cü il tarixli orderlə İsmayılov Göycə Hacımurad oğluna verilmişdir, həmin qətnamə ilə iddiaçının iddiası rədd edilmişdir.Həmin iş üzrə iddiaçı özü iddia ərizəsində göstərmişdir ki, xx.xx.1987-ci ildə texniki peşə məktəbini bitirdikdən sonra xx.xx.1987-ci ildə 8 saylı Trestin 85 nömrəli Tikinti İdarəsində 3-cü dərəcə ilə suvaqçı işinə qəbul edilmişdir.Həmin müəssisədə 04 aprel 1997-ci ilə kimi işləmiş, işlədiyi müəssisə rəhbərliyi və X3 qərarı ilə ona hazırda köçürülməsini tələb etdiyi yataqxanada 38 nömrəli otaq ayrılmışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-1127/2014 №li iş üzrə qəbul etidyi xx.xx.2014-cü il tarixli qərarına əsasən iddiaçı Abdullayev Vasiuf Əvvəl oğlunun cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı orderin ləğv olunaraq onun adına keçirilməsi və ya 38 nömrəli otağın əvəzində başqa bir otaq verilməsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2- 1(102)-1696/2018 nömrəli, xx.xx.2018-ci il tarixli iddiaçı Abdullayev Vasif Əvvəl oğlunun cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər İsmayılov Göycə Hacımurad oğlu, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti) sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə qəbul edilmiş qərarı ilə iddiaçının iddiası mümkün hesab edilməmişdir, həmin qərar ilə müəyyən edilmişdir: ”İddiaçı özü təsdiq edir ki, xidmətdən qayıtdıqdan sonra qeydiyyatda olduğu mənzildə məcburi köçkün ailəsinin yaşamasını bilmişdir.İşin hallarından görünür ki, mübahisə olunan bina keçmiş yataqxana binası olmuş, sonra Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir.1993-cü ilin iyun ayında iddiaçı tərəfindən mübahisə olunan mənzil üçüncü şəxsə və onunla birlikdə 6 nəfər aiə üzvünə verilmişdir.İddiaçı qeydiyyatda olduğu mənzilin kimə məxsus olması, kimə verilməsini bilməli idi.Nəzərə alınsa ki, özünün dediyi kimi mənzildə yaşamaq üçün qayıtdıqda üçüncü şəxslərin orada yaşamasını bilməsi mənzilin artıq başqalarının istifadəsində olmasını ehtiva edir”. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə, yataqxana, ev 23-də qeydiyyatdadır.Hazırda yaşayış yerinin yerləşdiyi yataqxananın qəzalı vəziyyətə düşməsi ilə əlaqədar həmin ünvan üzrə mənzillə təmin olunması məqsədilə tərtib olunan siyahıya iddiaçının adının daxil edilməsi vəzifəsinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını tələb edir, iddiaçı iddiasını onunla əsaslandrır ki, vaxtilə işlədiyi AzSSR Tikinti Nazirliyinin 8 №li Trestinin 85 nömrəli Tikinti İdarəsi tərəfindən ona S.Bəhlulzadə, ev 23, yataqxana 3, otaq 38-də 1990-cı ildə yaşamaq üçün ona yer verilmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4.0-ci maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.2. yataqxanalarda yaşayış sahələri; Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 99.7-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 99.8-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İddiaçıya yataqxanada yaşaması üçün çarpayı yeri ayrılması zamanı qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən də dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər.Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir.Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir.Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Göründüyü kimi yataqxanada mənzildən (otaqdan) istifadə hüququnun yaranması üçün tələb olunan sənəd iddiaçının iddia ərizəsində yataqxanadakı otağa istifadə hüququnun yarandığı vaxt kimi göstərdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən order və icarə (kirayə) müqaviləsi, həm də hazırda qüvvədə olan qanunvericiliyə əsasən sosial kirayə müqaviləsidir. Lakin işin faktiki hallarına əsasən iddiaçının Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsi, ev 23, yataqxana 3, otaq 38-dən istifadə etmək hüququnu təsdiq edən order,kirayə (icarə) müqaviləsi və ya sosial kirayə müqaviləsi mövcud deyildir. Məhkəmə o halı da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-1696/2018 nömrəli qərarından göründüyü kimi iddiaçı işlədiyi müəssisə tərəfindən ona verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 saylı binanın 38 saylı otağının İsmayılov Göycə Hacımurad oğluna verilməsi barədə Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 97 saylı sərəncamının etibarsızlığının tanınması barədə iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.Həmin iddia Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli, 2- 1(102)-1696/2018 nömrəli qərarı ilə mümkün sayılmamışdır, həmin qərarla müəyyən edilmişdir ki, iddiaçı 1993-cü ildə və sonrakı dövrlərdə həmin mənzildə yaşamamışdır, iddiaçı xidmətdən qayıtdıqdan sonra qeydiyyatda olduğu mənzildə məcburi köçkün ailəsinin yaşamasını bilmişdir ki, bu da mənzilin artıq başqalarının istifadəsində olmasını ehtiva edir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli sərəncamı ilə iddiaçı 1 nəfər (özu) ailə tərkibi ilə Qarabağ müharibəsinin veteranı kimi yaşayış yeri üzrə güzəştli əsaslarla Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş, iddiaçının Qarabağ müharibəsi veteranı olmasını nəzərə alaraq mənzil növbəsi güzəştli şərtlərlə yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiasının heç bir hüququ əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, Abdullayev Vasif Əvvəl oğlunun işlədiyi SU-85 №li trestin rəhbərliyinin və Həmkarlar İttifaqı Təşkilatının birgə iclasının 1990-cı il tarixli protokoluna əsasən Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsi, ev 23, yataqxana 3, otaq 38-də iddiaçıya verilmiş yaşayış yerinin yerləşdiyi yataqxananın qəzalı vəziyyətə düşməsi ilə əlaqədar həmin ünvan üzrə mənzillə təmin olunması məqsədilə tərtib olunan siyahıya iddiaçının adının daxil edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə iddiası əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardadla iddiaçının iddiası Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı olan olan hissədə mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Abdullayev Vasif Əvvəl oğlunun işlədiyi SU-85 №li trestin rəhbərliyinin və Həmkarlar İttifaqı Təşkilatının birgə iclasının 1990-cı il tarixli protokoluna əsasən Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsi, ev 23, yataqxana 3, otaq 38-də iddiaçıya verilmiş yaşayış yerinin yerləşdiyi yataqxananın qəzalı vəziyyətə düşməsi ilə əlaqədar həmin ünvan üzrə mənzillə təmin olunması məqsədilə tərtib olunan siyahıya iddiaçının adının daxil edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-711/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-711/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver