Məhkəmə qərarları › İş №2-1(112)-7110/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7110/2021

13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7110/2021 13.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı onun 1979, 1980, 1982-ci illərdə Goranboy rayonunun “Şəfəq adına kolxoz”unda və 1985-1986cı il tarixlərdə "Qatır Məmmər adına kolxoz”da kolxozçu işləməsi və xəstə uşağına qulluq etdiyi illərin sosial staj hesab edilməsinin, iş stajının təsdiq edilməsinin və pensiya təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1963-cü ildə Goranboy rayonunun Rəhimli kəndində anadan olmuşdur. Ailəsi ilə birlikdə Goranboy rayonu Qarasüleymanlı kəndində yaşayır, dörd uşaq anasıdır. Hazırda pensiyaya çıxmaq istəyir, lakin pensiyaya çıxarkən onun 1979, 1980, 1982-ci illərdə Goranboy rayonunun “Şəfəq adına kolxoz”unda və 1985-1986-cı il tarixlərdə “Qatır Məmməd adına kolxoz”da kolxozçu işləməyi, əmək haqqı almağı nəzərə alınmır. Buna səbəb o olmuşdur ki, işlədiyi müddətdə ona əmək kitabçası tərtib edilməmişdir, özü də əmək kitabçasının olub-olmaması ilə maraqlanmamışdır. Elə bilirmiş ki, əmək kitabçası tərtib olunubdur. Ona görə də Goranboy rayon Dövlət Arxivinə ərizə ilə müraciət edib xahiş etmişdir ki, ona yuxarıda qeyd etdiyi təşkilatlarda işləməyi barədə arayış versin. Goranboy rayon Dövlət arxivi ona həmin illərə dair arayış versə də, Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsi həmin arayışı qəbul etməyərək bildirmişdir ki, onun ümumi iş stajı 17 il 8 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Bununla razı deyil. Bu barədə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 27 yanvar 2021-ci il tarixli, **********9 saylı məktubunu məhkəməyə təqdim etmişdir. Eyni zamanda, 01.09.1985-ci il təvəllüdlü X6 anadan olandan bu günə kimi xəstədir və ona qulluq edir. Məhkəməyə təqdim etdiyi Tibbi-Sosial Ekspert Komissiyasının verdiyi tibbi rəydən göründüyü kimi oğlu Arzu Mirzəyev kəskin debillik dərəcəsində olan ağıl zəifliyi, psixipozuntuya bənzər davranışla, şəxsiyyətin dəlilik qusurludur. Oğlu bu xəstəliyə görə özünü müstəqil idarə edə bilmədiyi üçün doğulduğu gündən bu günə kimi ona qulluq edir. Bildiyinə görə bu illərin də ona sosial staj hesablanmasına qanun icazə verir. İddiaçı ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmasını xahiş etmiş, ərizə inzibati icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(114)-776/2021 saylı qərardadı ilə, hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq 25.07.2020-cä il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 17 il 6 ay 19 gün sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. İddiaçının 14.06.2002-ci il tarxindən 01.04.2003-cü il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağına (X6) qulluq etdiyi müddət 09 ay 17 gün və 01.04.2003-cü il tarixindən hüququnun yarandığı 03.01.2020-ci il tarixinədək əmək kitabçasına əsasən 16 il 9 ay 2 gün sığorta stajına daxil edilməklə onun cəmi 17 il 6 ay 19 gün sığorta stajı mövcuddur. Həmçinin iddiaçı 1979-1982-ci illərdə Goranboy rayonu "Şəfəq adına kolxoz”da, 1985- 1986-cı illərdə “Q.Məmməd adına kolxoz’da işlədiyini iddia edir. Lakin iddiaçının əmək kitabçasında iddia etdiyi illər qeyd olunmamışdır. İddiaçının kolxozda işlədiyini iddia etdiyi dövr əmək kitabçasında öz əksini tapmadığından qanunvericiliyə əsasən sığorta stajı kimi nəzərə alına bilməz. Mübahisələndirilən və mübahisələndirilməyən dövrlərin cəmi hesablandıqda ümumi 18 il 8 ay 17 gün sığorta stajı müəyyən edilir. Bu isə 25 il sığorta stajı tələbini ödəmədiyindən şəxsin yaşa görə əmək pensiyası hüququ yaranmayacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə, Goranboy rayonunda doğulmuşdur; 0075459 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 01.04.2003-cü il tarixdə Goranboy şəhər R.Ağakişiyev adına internat məktəbinə mətbəx fəhləsi və xadimə təyin edilmişdir; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 27 yanvar 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının ümumi iş stajı 17 il 8 ay (9 il 4 ay uşağa qulluq dövrü) olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin, 01.01.2006-cı il tarixədək olan sığorta stajınıza uyğun (20 il 2 ay) sığorta kapitalınız 14948,54 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, “pensiya kapitalının məbləği sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə-144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1.ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır; Goranboy Rayon Dövlət Arxivinin 54 nömrəli, 21.05.2020-ci il tarixli Arxiv arayışından görünür ki, Goranboy rayonu “Şəfəq” və Q.Məmməd adına kolxozların Goranboy Rayon Dövlət Arxivində mühafizə olunan şəxsi heyət üzrə əmək haqqı cədvəllərində İddiaçı 1979-1980, 1982,1985-1986-cı illərdə kolxozda işləməsi, adam gün və əmək haqqı alması aşağıdakı kimi qeyd ounur: 1979-cu ildə 27 gün, 1980-ci ildə 1 gün, 1982-ci ildə 93 gün, 1985-ci ildə 33 gün və 1986-cı ildə 33 gün kolxozçu kimi işləmişdir; Goranboy Rayon Dövlət Arxivinin 20 nömrəli, 09.04.2021-ci il tarixli məktubundan görünür ki, qadınlar üçün minimum adam günü Goranboy rayonu “Şəfəq” kolxozu üzrə 1979-cu ilə dair 120 gün, 1980-1982-ci illərə dair 140 gün, Q.Məmməd adına kolxoz üzrə 1985-1986-cı illərə dair 150 gün müəyyən edilmişdir; AA2994768 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 26.11.1985-ci ildə doğulmuşdur; AR seriyalı 474265 nömrəli TSEK-də müəyinə aktından çıxarışın surətinə əsasən, X4 (ilkin müayinə 16.05.2002) 14.06.2002-ci il tarixdən müddətsiz ikinci qrup əlillik müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 iyun 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi Goranboy rayon Dövlət Arxivinin 54 nömrəli 21.05.2020ci il tarixli arayışına əsasən 1979-1980, 1982, 1985- 1886-cı illərdə “Şəfəq” və Q.Məmməd adına kolxozlarda işlədiyi dövrlər, 14.06.2002-ci ıl tarixindən 01.04.2003-cü il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağına (X6) qulluq etdiyi müddət və 20.08.2009-cu il tarixli əmək kitabçasına əsasən 01 04.2003-cü il tarixindən 01.01.2006-cı il tarixinədək işlədiyi 2 il 9 ay müddət nəzərə alınmaqla 01.01.2006-cı il tarixinə 8 il 10 ay 25 gün sığorta stajı və ona uyğun olaraq 7083,06 manat pensiya kapitalı vardır. Qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda 3 yaşınadək uşağa qulluq sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddəti kimi nəzərdə tutulmamışdır Bu səbəbdən vətəndaşın 3 yaşınadək uşağa qulluq etdiyi dövrlər sığorta stajına daxıl edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə əsasən İddiaçı 01 01.2006-cı il tarixindən 01.03.2021-ci il tarixinə 13 il 5 ay sığorta stajı və 6257,25 manat pensiya kapitalı vardır. Beləliklə, vətəndaşın hüququnun yarandığı 03.07.2020-ci il tarixə 22 il 03 ay 25 gün sığorta stajı və 13340,31 manat pensiya kapitalı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün vətəndaşın hüququnun yarandığı 03.07.2020-ci il tarixə tələb olunan pensiya kapitalı 28800 manatdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə tələb olunan 25 il sığorta stajı və 28800 manat pensiya kapitalı yoxdur. Bu səbəbdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, sağlamlıq imkanları məhdud uşağına qulluq etmiş və 57 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun sığorta stajının və pensiya kapitalının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı 1979, 1980, 1982-ci illərdə Goranboy rayonunun “Şəfəq adına kolxoz”unda və 1985-1986-cı il tarixlərdə "Qatır Məmməd adına kolxoz”da kolxozçu işləməsi və xəstə uşağına qulluq etdiyi illərin sosial sığorta stajı hesab edilməklə ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bufəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının xx xxxx 1963-cü il tarixdə doğulduğu və sağlamlıq imkanları məhdud uşağa qulluq etməsi nəzərə alındıqda, onun 57 yaşının tamam olduğu 03 iyul 2020-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının sağlamlıq imkanları məhdud uşağını - 26.11.1985-ci il təvəllüdlü X5 tərbiyə etməsini cavabdeh mübahisələndirmir. Bu halda iddiaçı, inzibati orqana müraciət etdiyi vaxt sözügedən Qanunun 8-ci maddəsinə əsasən pensiya hüququ verən yaş həddinə çatmışdır. Yəni iddiaçı yaşa görə pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcud olmuşdur. Məhkəmə bildirir ki, iddiaçının 57 yaşının tamam olduğu tarixə (03.07.2020-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 13340,31 manat olmaqla qanunvericiliyə uyğun olaraq ona münasibətdə hesablanmış tələb olunan həddən (28800,00 manat) azdır. Belə olan halda, yəni qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə, ikinici şərt kimi iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İş materiallarından görünür ki, iddiaçı uşağı X4 əlilliyi müəyyən edildiyi 14.06.2002-ci il tarixdən 01.04.2003-cü il tarixədək 9 ay 17 gün qulluq etmişdir (cavabdeh tərəfindən mübahisələndirilməmişdir). İddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən, iddiaçı 01.04.2003-cü il tarixdən hüququnun yarandığı 03.07.2020-ci il tarixədək, 17 il 3 ay 3 gün Goranboy şəhər R.Ağakişiyev adına internat məktəbinə mətbəx fəhləsi və xadimə kimi çalışmışdır. İddiaçının kolxozda işləməsi barədə məlumatların əmək kitabçasında olmaması ilə bağlı cavabdehin etirazının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamışdır. Həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilikdə müəyyən digər sənədlərə əsasən də əmək stajının müəyyən edilməsi qaydası nəzərdə tutulmuşdur. Konkret halda, iddiaçı 1979, 1980, 1982-ci illərdə Goranboy rayonunun “Şəfəq adına kolxoz”unda və 1985-1986-cı il tarixlərdə "Qatır Məmməd adına kolxoz”da işləmişdir və bu arxiv arayışı ilə təsdiq olunur. Qeyd edilməlidir ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında əksini tapmış məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır. Digər tərəfdən, Dövlət arxivi tərəfindən təqdim olunmuş son hesablaşma kitablarına əsasən verilmiş əmək haqqı üzrə arayışlar da iddiaçının həmin kolxozlarda həmin dövrlərdə işlədiyini təsdiq edir və beləliklə də, əmək kitabçası və arxiv arayışı ilə birlikdə iddiaçının həmin kolxozlarda işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması imkanını təsdiq edir. Belə olan halda, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışlarının aid edilmədiyini əsas gətirərək, iddiaçının pensiya hüququnun yaranmaması barədə inzibati orqanın dəlilləri əsassızdır. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan da göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı). Məhkəmə qeyd edir ki, iddiaçı minimum əmək iştirakı normasından az işlədiyindən, həmin illər ona tam əmək stajı kimi hesablanmamalı, həmin illər iş stajına yalnız faktiki müddət nəzərə alınmaqla daxil edilməlidir. Goranboy Rayon Dövlət Arxivinin 54 nömrəli, 21.05.2020-ci il tarixli Arxiv arayışından və 20 nömrəli, 09.04.2021-ci il tarixli məktubundan görünür ki, qadınlar üçün minimum minimum əmək iştirakı norması Goranboy rayonu “Şəfəq” kolxozu üzrə 1979-cu ilə dair 120 gün, 1980-1982-ci illərə dair 140 gün, Q.Məmməd adına kolxoz üzrə 1985-1986-cı illərə dair 150 gün müəyyən edilmişdir. Buna qarşılıq iddiaçı 1979-cu ildə 27 gün, 1980-ci ildə 1 gün, 1982-ci ildə 93 gün, 1985-ci ildə 33 gün və 1986-cı ildə 33 gün işləmişdir kolxozçu kimi işləmişdir. Göründüyü kimi, o, bütün illərdə minimum əmək iştirak normasından az işləmişdir. Faktiki müddət üzrə hesablanma isə iddiaçının faktiki işlədiyi günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama nəticəsində iddiaçının 1979-cu il üzrə 2,7 ay, 1980-ci il üzrə 0,09 ay, 1982-ci il üzrə 7,97 ay, 1985-ci il üzrə 2, 64 ay və 1986-cı il üzrə 2,64 ay olmaqla , ümumilikdə kolxozda işlədiyi müddət 16,04 ay, yəni 1 il 4 ay 2 gün təşkil edir. Bununla belə, iddiaçının 03.07.2020-ci ilə qədər sığorta stajı 19 il 4 ay 22 gün (9 ay 17 gün + 17 il 3 ay 3 gün + 1 il 4 ay 2 gün) olmaqla 25 ildən az təşkil etdiyindən, iddiaçıya 57 yaşdan yaşa görə pensiya təyin olunması üçün tələb olunan sığorta stajı ilə bağlı şərt ödənilmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar