Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7111/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «cavabdehin hərəkətlərinin əsassız sayılması, keçmiş dövr üzrə müavinətin və təqaüdün ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialına qarşı «cavabdehin hərəkətlərinin əsassız sayılması, keçmiş dövr üzrə müavinətin və təqaüdün ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) xx xxxxxx 1966-cı il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş və “müharibə veteranı” statusu almışdır. Ona 13 mart 2020-ci il tarixdə rəsmi qaydada 087441 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən başlayaraq müharibə veteranları üçün nəzərdə tutulan “Prezident təqaüdü”nün ödənilməsinə başlanılmışdır. İddiaçı hesab edir ki, 13 mart 2020-ci il tarixdə ona müharibə veteranı vəsiqəsi verilməsinə baxmayaraq, 1 yanvar 2006-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlər və 1 aprel 2019-cu il tarixdən 13 mart 2020-ci il tarixədək ödənilməmiş “Prezident təqaüdü” hesablanıb verilməlidir. Belə ki, o, 1993 – 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyindən, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılır. Bu isə o deməkdir ki, “müharibə veteranı” vəsiqəsinin 13 mart 2020-ci il tarixdə verilməsi onun həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət etməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilir. Belə ki, iddiaçı müharibə veteranı vəsiqəsini ondan asılı olmayan səbəblər nəticəsində uzun illər ərzində almamışdır ki, bu müddətdə də müharibə veteranlarının hüquqları məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişmişdir. Dəyişikliyin ən sonuncusu ondan ibarətdir ki, müharibə veteranlarına verilən müavinətlər 1 aprel 2019-cu il tarixdən “Prezident təqaüdü” ilə əvəz edilmişdir. Lakin belə dəyişikliklər onun sosial təminat sahəsindəki qazandığı hüquqları poza bilməz. Belə olan halda, qanunvericiliyin dəyişikliyinin onun müharibə veteranı kimi hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə isə, nəzərə alınmalıdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericili tənzimləmələri ilə aradan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsində tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İddiaçı məhz buna görə də qanunvericiliyin sosial təminat sahəsindəki “qazanılmış hüquq” konsepsiyasını əldə rəhbər tutaraq, müharibə veteranları üçün nəzərdə tutulan müavinətin 1 yanvar 2006-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək olan dövr üzrə, “Prezident təqaüdü”nün 1 aprel 2019-cu il tarixdən 13 mart 2020ci il tarixədək olan dövr üzrə ödənilməsi üçün ərizə ilə DSMF Tərtər rayon şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Həmin şöbədın alınmış 15 yanvar 2021-ci il tarixli cavab məktubunda həmin müavinət və təqaüdün verilməsinin mümkün olmadığı bildirilmişdir. Ona görə də iddiaçı cavabdehin bu hərəkətlərini qanunsuz hesab edərək, həmin ödənişlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məcbuetmə iddiası ilə məhkəməyə müraciət etməli olmuşdur. Ümid edilir ki, məhkəmə işin faktiki və hüquqi tərəfini əsas götürərək iddianı təmin olunmasına dair qərar çıxaracaqdır. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il tarixli Sərəncamına əsasən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Göstərilənlərə və «Sosial müavinətlər haqqında» AR Qanununun 1.0.1, 3.1, 7.0.6, 9.1, 10-1.5-ci maddələrinə əsaslanaraq, İPM-in 2.2, 4, 8, 10 – 17, 27, 31, 33, 35, 38, 45, 46, 68, 69, 73-cü maddələrini rəhbər tutaraq, cavabdehin hərəkətlərinin əsassız sayılması, 1 yanvar 2006-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinət, 1 aprel 2019-cu il tarixdən 13 mart 2020-ci il tarixədək ödənilməmiş “Prezident təqaüdü”nün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi Gəncə İnzibati Məhkəməsinə daxil olduqdan sonra 20 aprel 2021-ci il tarixli qərardadla cavabdeh kimi DSMF 5 saylı Regional Ərazi Filialı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli digər qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş üzrə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İPM-in 47-ci maddəsinə uyğun olaraq Bakı İnzibati Məhkəməsinətəqdim olunmuş iddiaya qarşı yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilir: - İddiaçı ərizə ilə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona 2006-cı il tarixdən 13 mart 2020-ci il tarixədək ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciətinin müsbət həlli mümmkün olmamışdır. İnzibati aktdan narazı qalan iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Buna əsasən İPM-in 1.2 və 47-ci maddələrini rəhbər tutaraq işə dair etiraz təqdim olunur və hesab edilir ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, vətəndaşa müvafiq müavinətə hüququ yaranmamışdan, yəni müharibə veteranı statusu əldə etməmişdən əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. İş materiallarından görünür ki, iddiaçıya AR Müdafiə Nazirliyi tərəfindən 13 mart 2020-ci il tarixdə “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı vətəndaşa 13 mart 2020-ci il tarixindən, yəni veteran statusunu aldığı vaxtdan müharibə veteranları üçün nəzərdə tutulmuş “Prezident təqaüdü” təyin etmişdir. Azərbaycan Respublikası Prezidentinin «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq iddiaçıya təyin edilmiş müavinət 2019-cu il aprelin 1-dən 80 manat məbləğində “Prezident təqaüdü” ilə əvəz edilmişdir. İddiaçı 25 noyabr 2020-ci il tarixdə yenidən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, müharibə veteranı kimi ona ödənilməyən 2006-cı il tarixdən 13.03.2020-ci il tarixədək əvvəlki dövrlər üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini xahiş etmiş, müvafiq Filial isə əsaslı olaraq şəxsin müavinət almaq hüququnun yaranmasından əvvəlki dövrlər üçün müavinət ödəməkdən imtina etmişdir. Belə ki, «Sosial müavinətlər haqqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Ona görə də bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları «Sosial müavinətlər haqqında» AR Qanunu ilə müəyyən edilir və həmin Qanunun 4.0.1.6-cı maddəsinə görə veteranlara verilən müavinətin növü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” olaraq müəyyən edilmişdir. Göründüyü kimi, müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət üçün əsas deyil. «Veteranlar haqqında» AR Qanunun 3-cü maddəsinin şəxsə sosial müavinət təyin edilməsi üçün hər hansı birbaşa qüvvəsi yoxdur və məhkəmənin iddiaçıya veteran vəsiqəsini almamışdan əvvəlki dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq etməsi əsassızdır. Belə ki, sosial müavinətlər haqqında qanunvericilik “müharibə veteranlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi” şərtini gətirir. Müvafiq icra hakimiyyəti orqanı isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” olaraq müəyyən edir. «Veteranlar haqqında» AR Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (Azərbaycan Respublikasının 2 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995- ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci il tarixli 214-İİQD nömrəli qanunları ilə) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: “İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir”. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli 257 nömrəli həmin Fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişlər. Fərmandan görünür ki, müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Prezidenti “müharibə veteranı adı almış şəxslər”ə olan güzəştləri müavinətlə əvəz etmişdir. Nəhayət, «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Müharibə veteranları üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək üçün müharibə veteranı vəsiqəsinin almağın önəmli olduğu «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə görə, Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranı adının verilməsi AR Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Həmçinin, AR Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 7 nömrəli əlavəsinin – müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının sözügedən müavinətin təqaüdlə əvəz edildiyi tarixdən əvvəlki redaksiyasının 2.2-ci bəndinə görə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Həmçinin Siyahının hazırki redaksiyasında (29 may 2019-cu il tarixli dəyişiklik) 2.33.1-ci bəndinə əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti tələb olunur. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlərə, aylıq müavinətləri, təqaüdlərə hüququ yalnız şəxs tərəfindən müharibə veteranı statusu əldə edildikdən, müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra həyata keçirilir. Buna görə də veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Belə ki, qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Həmçinin yuxarıda da qeyd edildiyi kimi, 1 aprel 2019-cu il tarixindən etibarən müharibə veteranlarına ödənilən müavinət “Prezident təqaüdü” ilə əvəz olunmuşdur ki, təqaüd təyinatına görə müavinətdən tamamilə fərqlənən digər bir sosial ödəniş formasıdır. AR Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 1.4-cü maddəsinə əsasən təqaüd təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur. Göründüyü kimi, qanunvericilikdə təqaüdlərin əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulmamışdır. Deməli, hazırki halda iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün sosial müavinət almaq hüququ istisna edilir. Göstərilənlərə və İPM-in 1.2-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstəilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Sosial müavinətlər haqqında» AR Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.3-cü maddəsinə görə bu Qanunla nəzərdə tutulmuş bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmanının 1-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438; № 9, maddə 472; 2005-ci il, № 3, maddə 162; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 may tarixli 234 nömrəli Fərmanı) 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilsin. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə qərara alınmışdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının “müharibə veteranı” adı və vəsiqəsi alması və ona Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə təsis edilmiş “Prezident təqaüdü” verilməsi (vəsiqəsinin alındığı vaxtdan etibarən) işin mübahisəli hallarına aid deyil. Hazırkı inzibati mübahisə iddiaçıya «Sosial müavinətlər haqında» AR Qanununun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixdən Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının tətbiq edildiyi 1 aprel 2019-cu il tarixədək olan dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin, 1 aprel 2019-cu il tarixdən müharibə veteranı vəsiqəsinin alındığı tarixədək olan dövr üzrə “Prezident təqaüdü”nün məbləğlərinin verilməsi ilə bağlıdır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaətinə görə iddiaçı müvafiq statusa həmin vaxtdan əvvəlki dövr üzrə xidmətlərinə görə malik olsa da, ona “müharibə veteranı” adı və vəsiqəsi 13 mart 2020-ci il tarixdə verildiyindən və bu tarixdə artıq “müavinət”in verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından, iddia müavinətin verilməsi hissəsində əsassızdır və rədd edilməlidr. İddianın əvvəlki dövr üzrə “Prezident təqaüdü”nün verilməsi hissəsinə gəldikdə isə, məhkəmə vurğulayır ki, qanunvericilik normaları müraciət olunduğu tarixdən əvvəlki 3 il üzrə müvafiq məbləğlərin ödənilməsi ilə bağlı müddəaları «Sosial müavinətlər haqqında» AR Qanununda müəyyən olunmuş müavinətlərə münasibətdə nəzərdə tutur, “Prezident təqaüdü” isə müavinət olmadığından, onun əvvəlki dövr üzrə ödənilməsi qanunavericiliyə uyğun sayıla bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranları üçün nəzərdə tutulan müavinət və “Prezident təqaüdü”nün keçmiş müddətlər üzrə məbləğlərinin ödənilməsini tələb etməkdə haqlı deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «cavabdehin hərəkətlərinin əsassız sayılması, keçmiş dövr üzrə müavinətin və təqaüdün ödənilməsi» tələbinıə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «cavabdehin hərəkətlərinin əsassız sayılması, keçmiş dövr üzrə müavinətin və təqaüdün ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7111/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7111/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver