Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7111/2022 09.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böytükağa qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 6 nəfər ailə üzvü ilə birlikdə mənzil kirayə haqqı üçün kompensasiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və kompensasiyanın ödənilməsinin xx.xx.2021-ci il tarixindən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-cı ildə müraciəti əsasında hərbi xidmətə başlamış, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi Dövlət Sərhəd Xidməti rəisinin sərancmında olmuş və daha sonra ehtiyata buraxılmışdır. Hərbi xidmət stajı 27 il 10 ay 24 gün təşkil edir. Hazırda hərbi pensiyaçı, Vətən müharibəsi Veteranıdır. “Qusursuz xidmətə görə ” 3, 2 və 1-ci dərəcəli medallarla, “Hərbi Xidmətdə fərqlənməyə görə” 3 və 2-ci dərəcəli meddallarla, Azərbaycan Respublikası SQ 10 illiyi, AR SQ-nin 90 illiyi, AR SQ 95 illiyi, AR SQ 100 illiyi medalları ilə təltif olunmuşdur. Hərbi xidmətdə olduğu müddətdə ailəsi mənzilllə təmin edilməmişdir. Ailəlidir və hazırda himayəsində 6 nəfər - həyat yoldaşı, 5 nəfər övladı vardır. Bakı şəhərində mənzili olmadığı üçün kirayadə yaşayır. xx.xx.2021-ci il tarixində onunla mənzilin kirayəyə verilməsi barədə müqaviləyə əsasən, hər ay 630 (altı yüz otuz) manat olmaqla kirayə haqqı ödəyir. Xidmətini başa vurduqdan sonra qanunla müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini və kirayədə qaldığı üçün kirayə haqqının kompensasiya edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 40 nömrəli 03 mart 2022-ci il tarixli sərancamı ilə o, ailə tərkibi 6 nəfərə olmaqla (həyat yoldaşı X3, Baxşiyev Aysel, Baxşiyeva Şəbnəm, Baxşiyeva Sevda, Baxşiyev Arif, Baxşiyev Məhəmməd) ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Lakin Binəqədi Rayon İcra hakimiyyəti hazırda onun kirayədə qalmasını nəzərə almamış və kirayə haqqı üzrə kompensasiyanın ödənilməsini təmin etməmişdir. Hazırda aldığı pensiya ailəsinin maddi təminatına kifayət etmir və ona görə o, icra hakimiyyətindən yaşadığı mənzilin kirayə haqqının ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirməklə ona cavab verməmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Bu baxımdan iddianın mümkünlüyünü qiymətləndirən məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir, buna görə də bu iddiaya baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üzrə kirayə xərcinin ödənilməsi ilə bağlı tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddia əsassızdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin 1332 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2021-cı il tarixədək Azərbaycan Respublikası SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmiş, DSX rəisinin xx.xx.2021-cı il tarixli 955ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.9-cu bəndinə (öz arzusu ilə) müvafiq olaraq AR DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək onu ailə tərkibi ilə birlikdə ehtiyatda olan hərbiçi kimi mənzil növbəsinə götürülməsi və mənzil kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 40 nömrəli sərəncamından görünür ki, vətəndaş İddiaçı ailə tərkibi 6 nəfər olmaqla (həyat yoldaşı X4, qızları Baxşiyeva Aysel, Baxşiyeva Şəbnəm, Baxşiyeva Sevda, oğulları- Baxşiyev Arif, Baxşiyev Məhəmməd) ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşdür. Sərəncamda qeyd edilmişdir ki, “təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki. vətəndaş İddiaçı ailə tərkibi 8 nəfər olmaqla (özü, bibisi və digər qohumları) bibisinə məxsus ünvan 1 ünvanında qeydiyyatdadır. Vətəndaş İddiaçı Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında xx.xx.1997-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək zabit qismində həqiqi hərbi xidmət keçmişdir və DSX rəisinin xx.xx.2021-ci il tarixli 955 ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu bəndinə (öz arzusu ilə) müvafiq olaraq AR DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarının 1 ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət elmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət elmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. İddiaçı ehtiyata buraxılma səbəbi Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarında mənzil kirayə haqqının ödənilməsi üçün nəzərdə tutulmuş ehtiyata buraxılma əsaslarından olmadığından İddiaçı mənzil kirayə haqqının ödənilməsinə köməklik göstərilməsi mümkün olmamışdır.” İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirərək ehtiyatda olan hərbi qulluqçu kimi ona mənzillə təmin edilənədək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsini xahiş edir. İddiaçının bu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 5-ci bəndinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara — qadınlar və «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər — əsgərlər, matroslar və çavuşlar aiddirlər. -8-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər. -13-cü bəndinə əsasən «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: kiçik zabitlər üçün - 48 yaş. İşdən müəyyən olunur ki, leytenant hərbi rütbəsinə malik iddiaçı kiçik zabit heyətinə aiddir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -146-cı bəndinə görə (-) yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. -156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 39.1-ci maddəsinə əsasın dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün – 36,5 yaş; 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün – 45 yaş; 39.1.3. kiçik zabitlər üçün – 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün – 48 yaş; 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün – 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitseadmiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində – 63 yaş İstinad olunan normalara əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət 4 hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. “Hərbi qulluqçuların statusu haqında” Qanunun: -12-ci maddəsinin 1-ci hissəsinə görə hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Göründüyü kimi: İ. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir və ya xidməti mənzil alanadək xidmət yeri üzrə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün pul kompensasiyası ödənilir. Yəni qeyd edilən bu maddə hazırda xidmətdə olan hərbi qulluqçulara şamil edilir. İİ. Qanunun 12-ci maddənin 2-ci bəndinin birinci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bunun üçün xidməti mənzili olanlar xidməti mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. İİİ.Qanunun 12-ci maddəsinin 2-ci bəndinin üçüncü hissəsinə görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları, 15 il və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin edirlər. Bundan ötrü yerli icra hakimiyyəti başçıları göstərilən hərbi qulluqçuları mənzil uçotuna götürür və ya həmin şəxslər bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilir. Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Bu normaya əsasən qəbul edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Göründüyü kimi, Nazirlər Kabinetinin adıçəkilən Qərarında mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsi ilə bağlı məsələrdə xüsusi tənzimləmə nəzərdə tutmuşdur. Həmin tənzimləməyə əsasən yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmuş ehtiyata buraxılmış hərbi qulluqçuların dairəsi konkret olaraq müəyyən edilmişdir. Yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlər, gizirlər və miçmanlara münasibətdə: -yaşına görə ehtiyata və istefaya buraxılmış; -xəstəliyə görə ehtiyata və istefaya buraxılmış; -ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmış; -5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış; Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulara (MAXE) münasibətdə - 15 təqvim ili və daha çox xidmət etmiş qulluqçular. Göründüyü kimi, qanunverici zabit heyətinə münasibətdə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi alana kimi kirayə haqqı və s. ilə təmin edilməsini yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirmişdir. Yəni öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmamışdır. İşin yuxarıda istinad olunan hallarından məlum olduğu kimi, iddiaçı leytenant rütbəsində xidmət etmiş zabit heyətinə aid hərbi qulluqçu olmaqla öz arzusu ilə ehtiyata buraxılmışdır. Həm Qanunda, həm də Nazirlər Kabinetinin Qərarında yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə mənzil kirayə xərcinin ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı isə zabit heyətinə aid olsa da, lakin sadalanan səbəblərdən deyil, öz arzusu ilə ehtiyata buraxıldığından və bununla da hər iki normativ aktda qeyd olunan kateqoriya hərbi qulluqçulara aid olmadığından məhkəmə hesab edir ki, onun kirayə xərclərinin ödənilməsini tələb etmək hüququ olmamışdır. Buna görə də məhkəmə cavabdehin imtinasının əsaslı, iddiaçının tələbinin isə əsassız olması nəticəsində gələrək hesab edir ki, iddia təmin olunmamalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7111/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7111/2022
09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver