Məhkəmə qərarları › İş №2-1(112)-7112/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7112/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7112/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi (bundan sonra – İddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 1720.56 manat və Dövlət Sosial Müdafiə Fonduna 1700.00 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (mağaza) fərqləndirici əlaməti Koreya istehsalı olan 1 vahidinin qiyməti 1700 manat olan 1 ədəd “LG” markalı kondisioner, 1 vahidinin qiyməti 2500 manat olan 1 ədəd “Termivy” markalı kondisioner olmaqla, ümumilikdə 4200 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx.xx.2022ci il tarixə yaranan dövlət büdcəsinə 1720,56 manat və Dövlət Sosial Müdafiə Fonduna 3533,95 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (mağaza) fərqləndirici əlaməti Koreya istehsalı olan 1 vahidinin qiyməti 1700 manat olan 1 ədəd “LG” markalı kondisioner, 1 vahidinin qiyməti 2500 manat olan 1 ədəd “Termivy” markalı kondisioner olmaqla, ümumilikdə 4200 manat məbləğində əmlakları siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********1 və **********2 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və DSMF-na ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1720.56 manat və Dövlət Sosial Müdafiə Fonduna 1700.00 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslaslarının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəf təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Fiziki şəxs haqqında məlumatdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh xx.xx.2015-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış, əsas fəaliyyət növü poçt və ya internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satış olmuşdur. -Vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) göndərilən Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş **********7 nömrəli bildirişdən görünür ki, onun həmin tarixə ümumilikdə 3523.64 manat, o cümlədən: muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı 2752.50 manat, faizlər üzrə 771.14 manat borcu olmuşdur. - Vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş **********8 nömrəli bildirişdən görünür ki, cavabdehin həmin tarixə ümumilikdə 1805.52 manat, o cümlədən: vergilər üzrə 602.46 manat, maliyyə sanksiyaları üzrə 1100.00 manat, faizlər üzrə 103.06 manat borcu olmuşdur. - İddiaçının xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərarına əsasən, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması qərara alınmışdır. - İddiaçının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarına əsasən, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması barədə qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərarın bir icraatda birləşdirilməsi və onun əmlaklarının siyahıya alınması qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli, **********2 nömrəli və **********1 nömrəli Əmlakın siyahıya alınması haqqında protokollardan və həmin protokollara əlavələrdən görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 41 saylı binanın yaxınlığında yerləşən təsərrüfat obyektində (Amor gül salonu) fərqləndirici əlaməti Koreya istehsalı olan 1 vahidinin qiyməti 1700 manat olan 1 ədəd “LG” markalı kondisioner, 1 vahidinin qiyməti 2500 manat olan 1 ədəd “Termivy” markalı kondisioner olmaqla, ümumilikdə 4200 manat məbləğində əmlakı siyahıya alınmış, cavabdeh əmlakın siyahıya alınmasında iştirak etmiş, tərtib edilmiş protokolları imzalamışdır. - xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akta əsasən siyahıya alınmış əmlaklar məsul saxlanma üçün vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) təhvil verilmişdir. - Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya verdiyi izahatında göstərmişdir ki, siyahıya alınmış əmlak ona məxsusdur. Vergi, sosial sığorta və icbari tibbi sığorta borclarını qısa zamanda hissə-hissə ödəyəcəkdir. İzahatı özü yazmışdır, heç bir əlavəsi yoxdur, imzası ilə təsdiq etmişdir. İddiaçı hazırda cavabdehin borcunu ödəmədiyini idda edərək, onun siyahıya alınmış həmin əmlaklarının satılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: - maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək - maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. - maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. - maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. - maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. – - maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. - maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. - maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. - maddə 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. - maddə 89.14.7. Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. - maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İşin sadalanan hallarından aydın olur ki, cavabdehin vergi borcu olmuş, vergi orqanı ona borcun ödənilməsi barədə bildiriş göndərsə də, cavabdeh həmin borcu ödəməkdən yayınmış, bundan sonra iddiaçı vergi Məcəlləsi ilə ona məxsus hüquqdan istifadə edərək cavabdehin əmlakının siyahıya alınması barədə qərar qəbul etmiş, həmin əmlakların siyahıya alınması barədə protokol tərtib edərək əmlakları məsul saxlanma üçün cavabdehə təhvil vermiş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. Cavabdeh borcunu ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarına maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, cavabdeh borcunu ödəmədiyindən iddiaçı tələbində haqlıdır və iddiası təmin edilməlidir. İşdən görünür ki, cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmiş, əmlakı siyahıya alınarkən verdiyi izahatında borcunu qəbul edərək qısa zamanda ödənişi həyata keçirməyi öhdəsinə götürmüş, lakin bu öhdəliyini də icra etməmiş, borcun ödənilməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 1720.56 manat və Dövlət Sosial Müdafiə Fonduna 1700.00 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (mağaza) fərqləndirici əlaməti Koreya istehsalı 1 vahidinin qiyməti 1700 manat olan 1 ədəd “LG” markalı kondisioner, 1 vahidinin qiyməti 2500 manat olan 1 ədəd “Termivy” markalı kondisioner olmaqla, ümumilikdə 4200 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılsın. Əmlakın satılmasından əldə edilən məbləğ əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilsin. Vəsaitin qalan hissəsi Cavabdeh yeni borcu yaranmadıqda 3 bank günü ərzində ona qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar