Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-712/2023 10.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, mərhum X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən “14” saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, qeyd olunan ərazinin “14” saylı bağ nömrəsinə aidiyyəti olmadığı məlum olmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bağlar Təsərrüfatı İdarəsinin 64 nömrəli BTK-nın 27 mart 1997-ci il tarixli 1 nömrəli order əsasında 112 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində 0,12 ha ölçüdə 14 nömrəli bağ sahəsinin mərhum anası X8 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddiasını dəqiqləşdirərək, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 0,12 ha sahəsi olan 14 saylı bağ sahəsinə (naturada 323 saylı bağ sahəsinin ərazisinə uyğun gələn) mülkiyyət hüququnun vəfat etmiş mərhum anası X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mərhum anası X8 1997-ci ildə Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 14 saylı bağ sahəsi verilmişdir. Həmin bağ sahəsi anasına qanuni şəkildə 64 nömrəli BTK-nın 1 nömrəli orderi əsasında Bakı şəhər İcra Hakimiyyətinin 27 mart 1997-ci il tarixli 112 saylı qərarı ilə verilmişdir. Beləliklə, onun torpaq sahəsinə mülkiyyət hüququ təsdiq edilmişdir. Lakin mərhum anasının xx.xx.2006-cı il tarixdə vəfatı ilə əlaqədar həmin əmlakın özəlləşdirilməsi ilə bağlı müraciətlərdə yubanma olmuş, anasının vəfatından sonra notariusa müraciət etmiş və mərhum anasının vərəsəsi qismində tanınmışdır. Notarius onu vərəsə qismində tanımış, anasının mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra vərəsəlik şəhadətnaməsinin veriləcəyini bildirmişdir. Bundan sonra isə bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə tələbini təmin etməkdən imtina etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 14 saylı bağ sahəsi ilə əlaqədar orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki: - Bakı Şəhər XDS İK-nin 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 60-68 saylı bağ-tikinti kooperativlərinin şəxsi heyətinin tərkibi təsdiq edilmiş və onlara müəyyən edilmiş qaydada bağ sahəsinin ayrılması qərara alınmış, qərara əlavədə 64 saylı “Xaşa-Xuna” bağ tikinti kooperativinin üzvlərinin siyahısından X9 adı 14-cü sırada qeyd olunmuşdur. - Bakı şəhər İcraiyyə Komitəsi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin “Xaşa-Xuna” bağlar sahəsindəki 64 nömrəli kooperativi tərəfindən verilmiş 14 nömrəli xx.xx.1989-cu il tarixli orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 14 aprel 1989cu il tarixli 3/100 nömrəli qərarına əsasən X12 “Xaşa-Xuna” bağlar sahəsində 64 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 14 nömrəli bağ ayrılmışdır. - xx.xx.1973-cü il tarixli, İ-ЖГ seriyalı, 253814 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş xx.xx.1947-ci il təvəllüdlü X11 ilə xx.xx.1951-ci il təvəllüdlü X6 27 noyabr 1973-cü il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 noyabr 1973-cü il tarixdə 1273 nömrəli qeyd aparılmışdır. Nikah bağlanandan sonra arvada Daiyeva soyadı verilmişdir. - xx.xx.1995-ci il tarixli, İV-ЖГ seriyalı, 423892 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş X11 08 avqust 1995-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995-ci ilin sentyabr ayının 14 günündə 1022 nömrə ilə qeyd edilmişdir. - xx.xx.1997-ci il tarixli ərizənin surətindən görünür ki, X13 Bakı şəhəri X5 müraciət edərək Xaşa-Xuna sahəsində 64 nömrəli BTK-nın nəzdində mərhum həyat yoldaşı Dayıev Arifin adında olan 14 nömrəli bağın onun adına sənədləşdirilməsini xahiş etmişdir. -İşdə olan Bağlar Təsərrüfatı İdarəsinin “Xaşa-Xuna” bağlar sahəsindəki 64 nömrəli kooperativ tərəfindən verilmiş 1 nömrəli orderin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 27 mart 1997-ci il tarixli, 112 nömrəli qərarına əsasən X8 “Xaşa-Xuna” bağlar sahəsində 64 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 14 nömrəli bağ ayrılmışdır. - Bakı şəhəri 40 saylı Notariat Ofisinin 26 oktyabr 2021-ci il tarixli, 906 nömrəli məktubundan görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş, ölən günədək ünvan 1 ünvanında yaşamış mərhum X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı qızı İddiaçı tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. İddiaçı hazırda bu sənədlərə istinadən 14 saylı bağa mülkiyyət hüququnun X8 məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən atasının bağçılıq tikinti kooperativinə üzv qəbul edilməsi barədə qərarı, ona bağ sahəsinin ayrılması barədə orderi, daha sonra iddiaçının atasının ölümü ilə bağlı həmin bağ sahəsinin anasına keçməsi barədə orderi təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 14 saylı bağ sahəsinin iddiaçının atasına ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Həmin bağ sahəsinə hüququn sonradan iddiaçının anasına keçməsi ilə bağlı məsələyə gəldikdə, məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi sənədlərdə Şirin Daiyevanın bağ sahəsinin ona ayrılması barədə xx.xx.1997-ci il tarixli ərizəsi mövcud olmuş, ərizənin üzərində “pr 112/1” qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli, 233 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, İcarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar Bağlar təsərrüfatının inkişafı və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Qeyd edilən Əsasnamənin 3.1-ci maddəsinə əsasən, qanuni bağ sahələrinin bir hissəsini və ya bütünlüklə ailə üzvlərinin, yaxud qohumlarının adlarına keçirmək istəyən vətəndaşların sənədlərinə Bağlar təsərrüfatı birliyinin komissiyasında baxılır və müvafiq Protokol imzalanır. Bunun üçün Bağlar Təsərrüfat birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: -Qanuni bağ sahəsi olan vətəndaşın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin təsdiq edilmiş qaydada rəsmi razılıqları, -Qanuni istifadəsində olan bağ sahəsinin sənədinin əsli, -Bağ sahəsinin bir hissəsini və ya bütünlüklə adına sənədləşdirmək istəyən vətəndaşın ərizəsi, -Yaşayış yerindən 2№-li forma arayışı, -İş yerindən arayış, -Ailə üzvü olduğunu yaxud qohumluq əlaqələrini təsdiq edən sənədlərin surəti və ya kserosurəti. Göründüyü kimi, 1997-ci ildə mövcud olan qanunvericiliyə əsasən bağ sahəsi yaxın qohumlarının adına keçdikdə, bu məsələ protokolla rəsmiləşdirilirdi. İşdən görünür ki, A.Daiyevin vəfatından sonra Şirin Daiyeva xx.xx.1997-ci il tarixli yaşayış yerindən 2 №-li forma arayışı, xx.xx.1997-ci il tarixli iş yerindən arayışı, 253814 saylı nikahın bağlanması haqqında şəhadətnaməni, 423892 saylı ölüm haqqında şəhadətnaməni və xx.xx.1997-ci il tarixli ərizəni təqdim etmiş, mərhum əri A.Daiyevə ayrılmış 14 saylı bağın arvadı Ş.Daiyevaya keçməsi 112 saylı protokolla rəsmiləşdirilmiş, eyni zamanda həmin bağ sahəsinin Ş.Daiyevaya ayrılması barədə ona 1 nömrəli order təqdim edilmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlər mötəbər olmuşdur və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı valideynlərinə ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, bağ sahəsinin yerləşmə yerinə istinad etmişdir. Belə ki, işdə olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli, **********42 nömrəli bildirişdə vətəndaş tərəfindən göstərilən bağ sahəsi elektron kadastr məlumatlarına əsasən 323 saylı bağın ərazisinə uyğun gəlir. Xaşa- Xuna bağ massivi, 323 saylı bağ sahəsinə dair hər hansı sənəd İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli əmlakın texniki vəziyyətinə dair müayinə aktından görünür ki, mübahisəli bağ sahəsinin sərhədləri hər tərəfdən mişar daşı ilə hasarlanmışdır. Bağ sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m., faktiki 1534,0 kv.metrdir. Bağ sahəsində 1 mərtəbəli yaşayış evi, su qovşağı, anbar, köməkçi tikililərin olduğu müəyyən edilmişdir. Anbar, su qovşağı, köməkçi tikililərin artıq torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, istinad olunanlarda görünür ki, iddiaçının hazırda təqdim etdiyi hüquqmüəyyənedici sənədlərdə bağın nömrəsi “14” göstərilsə də, naturada istifadə etdiyi bağ sahəsi 323 saylı bağa uyğun gəlir. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən 323 nömrəli bağ sahəsinə dair sənədlərin əldə edilməsi məqsədilə cavabdehə müvafiq sorğu göndərilmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 323 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda məhkəmə sorğusuna verilmiş cavablardan görünür ki, Xaşa-Xuna bağ massivində 126 saylı BTK tərəfindən xx.xx.1990-cı il tarixli 14 saylı orderlə 72v/14 saylı bağ sahəsi X10 ayrılmış, xx.xx.2013-cü ildə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 14 saylı bağ X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin işdə olan xx.xx.2006-cı il tarixli 2501 saylı müqavilədən görünür ki, Əzizbəyov rayonunun Xaşa-Xuna ərazisində sahəsi 0,12 ha olan 14 saylı bağ sahəsi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən X2 icarəsinə verilmişdir. Beləliklə, göründüyü kimi, Xaşa-Xuna bağ massivində bir neçə 14 saylı bağ sahəsi mövcud olmuşdur. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi sxematik xəritədən görünür ki, orada cəmi 1 ədəd 14 saylı bağ sahəsi nəzərdə tutulmuşdur. Deməli, Xaşa-Xuna bağ massivində vətəndaşlara sənəd üzrə bir neçə 14 saylı bağ sahəsi ayrılsa da, naturada fərqli nömrələrə uyğun gələn bağ sahələri təhvil verilmişdir. A.Daiyevə təhvil verilən bağ sahənin naturada hansı bağ sahəsinə uyğun gəldiyinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən cavabdehə müvafiq sorğu göndərilərək 64 saylı BTK-ya ayrılmış bağ sahələrinin yerləşmə sxemi tələb olunmuş, cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, 64 saylı bağ tikinti kooperativinə dair arxiv qovluğunda bağ sahələrinin yerləşmə sxemi aşkar olunmamışdır, yalnız üzvlərin siyahısı mövcuddur. Həmin məktuba əlavə edilmiş 64 saylı BTK-nın üzvlərinin siyahısından görünür ki, həmin siyahıda koorperativin üzvlərinin adları qeyd olunmuş və həmin adlardan solda siyahıda göstərilən şəxslərə ayrılmış bağ sahələrinin nömrələri ilə bağlı qeyd aparılmışdır. İddiaçının atası Arif Daiyevin adı siyahıda 14-cü olmuş, onun adının qarşısında “323/14” nömrəsi qeyd olunmuşdur. Həmin siyahıdakı qeydlərdən görünür ki, birinci sırada bağ nömrələri, ikinci sırada isə şəxslərin siyahıdakı sıra nömrəsi qeyd olunmuş, A.Daiyev siyahıda 14-cü sırada olduğundan ona ayrılmış 323 saylı bağ nömrəsinə 14 rəqəmi də əlavə edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.1990-cı il tarixli 73 saylı arayışdan görünür ki, A.Daiyev 64 nömrəli BTK-da müqavilə əsasında Xaşa-Xuna bağlar sahəsindəki 323/14 nömrəli bağı icarəyə götürmüşdür. Beləliklə, işin istinad olunan hallarına əsasən müəyyən olunur ki, xx.xx.1989-cu il tarixli orderlə A.Dayiyevə, 1 saylı orderlə isə Ş.Daiyevaya 14 nömrəli bağ sahəsi ayrılsa da, əslində həmin bağın nömrəsi 323/14 olmuşdur, hansı ki, iddiaçı hazırda 323 saylı bağ sahəsindən istifadə edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının hazırda istifadəsində olan bağ sahəsi hüquqmüəyyənedici sənədlərlə ona ayrılmış bağ sahəsinə uyğun olduğundan cavabdehin göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə barədə dəlili əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçının atasına bağ sahəsi ayrılarkən qüvvədə olan (1971ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, torpaqayırmanın əsas mərhələsi torpaq sahəsinin naturada mərzləşdirilməklə təhvil verilməsidir ki, bu hal olmadan torpaqayırmanın yekunlaşdırılmsı mümkünsüzdür. İşin istinad olunan hallarına əsasən müəyyən olunur ki, iddiaçının valideynlərinə naturada 323 saylı bağ sahəsi təhvil verilmiş, onlar bağ sahəsindən həmin tarixdən etibarən fasiləsiz istifadə etmişlər. Həmin bağ sahəsi ilə bağlı təqdim edilmiş orderdə nömrə uyğunsuzluğunun olması isə iddiaçının bilməli olduğu hal olmamış və torpaq ayıran müvafiq səlahiyyətli qurumun məsuliyyətində olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 0,12 ha sahəsi olan 14 saylı bağ sahəsinə (naturada 323 saylı bağ sahəsinin ərazisinə uyğun gələn) mülkiyyət hüququnun vəfat etmiş mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-712/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-712/2023
10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver