Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7122/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1949-cu il təvəllüdlü qardaşı X2 adına olan pensiya kartına pensiya məbləğinin köçürülməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1949-cu il təvəllüdlü qardaşı X3 ruhi xəstə olduğundan A.Hacıyevə təyin olunmuş pensiyanı daim o almış və onun məsrəflərini çəkmişdir. Bir müddət əvvəl qardaşı naməlum şəraitdə itkin düşmüş, onun müraciəti əsasında Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qardaşı xəbərsiz itkin düşmüş hesab edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. A.Hacıyev evlənməmişdir. Ailədə iki qardaş olmuşlar, valideynləri vəfat etmişdir, buna görə də A.Hacıyevin yeganə yaxın qohumu odur. O, qardaşına məxsus pensiya kartından pul çıxartmq istəyərkən kartın istifadə müddətinin ötməsinə görə bu mümkün olmamış, yeni kart almaq üçün DOST mərkəzinə müraciət etmişdir. Orada isə bildirmişlər ki, yeni kartın verilməsi üçün bankın razılığı lazımdır, eləcə də A.Hacıyevə pensiya ödənilməsi dayandırıldığından kartdan pul çıxartmaq mümkün olmayacaqdır. Onun müraciət etməsi üçün isə vərəsəlik şəhadətnaməsi tələb olunmuşdur. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, hazırkı iddia predmeti üzrə mübahisələndirilən hüquq Mülki Məcəllənin 40.3-cü maddəsində təsbit olunan əmlakı idarə etmə hüququ mülki qanunvericiliyin tənzimləmə sahəsinə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Habelə “Əmək pensiyaları haqqında” Qanunun 42-ci maddəsində vəfat etmiş əmək pensiyaçısının vəfatı ilə əlaqədar alınmamış əmək pensiyasının onun vərəsələrinə ödənilməsi ilə bağlı tənzimləmə müəyyən edilmişdir. Qüvvədə olan sosial təminat qanunvericiliyi ilə xəbərsiz itkin düşmüş şəxsin pensiya kartına mədaxilə edilmiş pensiya məbləği üzərində onun vərəsələrinin hər hansı hüququ müəyyən edilməmişdir. İddiaçı Mülki Məcəllənin 40.3-cü maddəsinə istinad etsə də, A.Hacıyevin yeganə qanuni vərəsəsi olduğunu təsdiq edən heç bir sənəd təqdim etməmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-5753/2020 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, xx.xx.1949-cu il təvəllüdlü X3 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Həmin qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh tərəfindən A.Hacıyevin plastik kart hesabına xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək cəmi 7494.09 manat məbləğində vəsait köçürülmüşdür. İddiaçı 19 fevral 2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankına müraciət etmiş, xəbərsiz itkin düşmüş hesab edilən A.Hacıyevin pensiya kartının ona verilməsini xahiş etmiş, Bank xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətini cavablandıraraq bankın müştərinin qanuni vərəsələrinin kim olduğunu müəyyən etmək səlahiyyəti çatan qurum olmadığını, bu səbəbdən qanuni vərəsə olduğunu göstərən, həmçinin aidiyyəti orqan tərəfindən təsdiq edilmiş rəsmi sənəd Banka təqdim edildiyi halda müraciətə uyğun tədbirlər görüləcəyini bildirmişdir. İddiaçı eyni zamanda müvafiq tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan qanunvericiliklə itkin düşmüş şəxslərin alınmamış pensiya vəsatinin onun vərəsələrinə ödənilməsi nəzərdə tutulmadığından, A.Hacıyevin ölüm faktı təsdiq edilmədiyindən və onun vərəsələri müəyyən olunmadığından müraciətdə qaldırılan məsələyə baxılmasının mümükün olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi xx.xx.1949-cu il təvəllüdlü qardaşı X2 pensiya ödənişinin onun adına olan pensiya kartına köçürülməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Göründüyü kimi, qanunverici xəbərsiz itkin düşmüş hesab olunan şəxslərə pensiya ödənişi verilməsini deyil, həmin şəxsin olmaması ilə bağlı onun ailə üzvlərinin itirdikləri gəlirlərinin kompensasiyası məqsədilə həmin ailə üzvlərini ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnu müəyyən etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı xəbərsiz itkin düşmüş hesab olunan qardaşı A.Hacıyevə pensiya ödənişinin verilməsini tələb edə bilməz. Məhkəmə iclasında iddiaçının izahatından, işin araşdırılan hallarından aydın olur ki, onun hazırkı hüquqi marağı qardaşı A.Hacıyevə pensiya ödənişinin davam etdirilməsi deyil, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab olunanadək A.Hacıyevə cavabdeh tərəfindən ödənilən, lakin pensiya kartının müddətinin bitməsi ilə bağlı iddiaçının əldə edə bilmədiyi, A.Hacıyevin hesabında olan vəsaitin iddiaçıya verilməsindən ibarətdir. Məhkəmə A.Hacıyevin bank hesabına köçürülmüş vəsaitin iddiaçıya ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Cavabdehlə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, kart sahibi vəfat etdikdə kart bloklaşdırılır, vərəsə olmadıqda və ya müəyyən edilmiş müddətdə vəsait kartdan çıxarılmadıqda hesabda qalan vəsait cavabdehə qaytarılır. Kartın müddəti bitdiyi hallarda isə qüvvədə olan normativ aktların tələblərinə uyğun olaraq kart sahibi tərəfindən nağd pul digər qaydada məxaric edilə bilər. Müqaviləyə əsasən kart sahibi cavabdehin sifarişinə əsasən bank tərəfindən müqavilə üzrə adına kart buraxılmış fiziki şəxsdir. Hazırda kart sahibi A.Hacıyevdir, o vəfat etməmiş, məhkəmə qərarı əsasında xəbərsiz itkin düşmüş hesab olunmuşdur. Həmçinin kartın müddəti bitdiyindən pul vəsaitinin məxaric edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 10 iyun 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın 7.7-ci bəndinə əsasən vəfat etmiş, xəbərsiz itkin düşmüş fiziki şəxslərin, habelə ləğv olunmuş dövlət orqanının, bələdiyyənin, diplomatik nümayəndəliyin və hüquqi şəxslərin bank hesabları üzrə vəsait qalığının hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər hüquqi aktlarla tənzimlənir. Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsini, o cümlədən onun əmlakının idarə edilmə qaydasını tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40-cı maddəsinə əsasən: -40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. -40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. -40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. İstinad olunan normalardan görünür ki, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Lakin mülki qanunvericilikdə qanuni vərəsələrə kimlərin aid edilməsi göstərilməmişdir. Belə ki, mülki qanunvericilikdə qanuni vərəsə deyil, qanun üzrə vərəsə və vəsiyyət üzrə vərəsə anlayışlarından istifadə olunur və vərəsəliyin müəyyən edilməsi, yəni mirasın açılması üçün miras qoyan fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi tələb olunur. Hazırkı işdən müəyyən olunur ki, A.Hacıyev ölməmiş, məhkəmə tərəfindən ölmüş elan edilməmişdir. O, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edilmişdir, bu hal isə mirasın açılması və vərəsəliyin müəyyən edilməsi üçün əsas deyil. Göründüyü kimi, Mülki Məcəllənin 40.2-ci maddəsində müqavilə olmadan xəbərsiz itkin düşən şəxsin əmlakının qanuni vərəsələri tərəfindən idarə edilməsi müəyyən olunsa da, qanuni vərəsələrin necə müəyyən edilməsi tənzimlənməmişdir. Bu isə həmin normanın tətbiq edilməsini imkansız edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həm Mülki Məcəllənin 40-cı maddəsini, həm də Mülki Prosessual Məcəllənin 315.1-ci maddəsini birlikdə təhlil etdikdə müəyyən olunur ki, xəbərsiz itkin düşmüş hesab olunan şəxsin əmlakının idarə edilməsi üçün hər bir halda Mülki Məcəllənin 40.2-ci maddəsi deyil, 40.3-cü maddəsi əsas götürülməlidir (Rusiya Federasiyasının Mülki Məcəlləsinin analoji normasına baxdıqda aydın olur ki, həmin Məcəllədə AR Mülki Məcəlləsinin 40.2-ci maddədəsində təsbit olunan norma mövcud deyil, xəbərsiz itkin düşən şəxsin əmlakının idarə olunması AR Mülki Məcəlləsinin 40.3-cü maddəsində nəzərdə tutulan qaydada tənzimlənir). Yəni xəbərsiz itkin düşmüş hesab olunan şəxsin əmlakının idarə olunması üçün şəxs qəyyumluq və himayəçilik orqanı ilə etibarnamə ilə idarəetmə müqaviləsi bağlamalıdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, İddiaçı qardaşı A.Hacıyevin əmlakının idarə olunması üçün qəyyumluq və himayəçilik orqanı ilə müvafiq müqavilə bağlamamışdır, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının hüquqi marağı onun qardaşı olan A.Hacıyevin əmlakının idarə olunması, o cümlədən bank hesabında olan pensiya məbləğinə sərəncam verilməsinə yönəlmişdir ki, bunun üçün o, ilk növbədə yuxarıda qeyd olunan qaydada qəyyumluq və himayəçilik orqanı ilə etibarnamə ilə idarəetmə müqaviləsi bağlamalıdır. İddiaçı yalnız bundan sonra həmin əmlakla bağlı müvafiq hərəkətləri həyata keçirə, o cümlədən A.Hacıyevin bank hesabına sərəncam verə, onun bank hesabındakı məbləği nağd şəkildə çıxartmaq üçün aidiyyəti üzrə müraciət edə bilər. Əgər bu zaman həmin vəsaitin ona ödənilməsindən imtina edilərsə və ya cavabdeh tərəfindən artıq A.Hacıyevin kart hesabına köçürülmüş vəsaitlə bağlı hər hansı hərəkət (hərəkətsizlik) edilərsə, o cümlədən həmin vəsait geri qaytarılasa, onda həmin hərəkətləri müvafiq qaydada, o cümlədən məhkəmə qaydasında mübahisələndirə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7122/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7122/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver