Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7123/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, 03-17-4/3-3-509/2024 nömrəli qərarının xx.xx.1966-cı il təvəllüdlü İddiaçı aid hissədə ləğv olunması və onun əlilliyinin dayandırıldığı xx.xx.2024cü il tarixdən bərpa olunması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik alt sistemində imtina edildiyi xx.xx.2024-cü tarixdən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmişdir və ikinci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2017-ci ildə ona xəstəlik qərarı verilmiş və xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək 5 il müddətinə ikinci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildən o, pensiya və təqaüdlə təmin edilmiş, sonradan xx.xx.2019-cu ildə pensiya və təqaüdü dayandırılmışdır. Bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək təqaüdü dayandırılmışdır. Bildirmişdir ki, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinin elektron sistemdə etibarsız edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən də onun yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki o, xx.xx.2018-ci ildə qiymətləndirilmişdir və 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Bu barədə ona xx.xx.2018-ci il tarixdə təyin edilmiş əlillik xx.xx.2019-cu il tarixə də etibarsız edildiyi üçün ödənilmiş pensiya və təqaüdü geri qaytarılmışdır, sonradan bir çox vaxtlarda müraciətinə əsasən ona xx.xx.2020-ci ildə 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. xx.xx.2021-ci ildə tibb müəssiəsinin 0092003AACQA göndərişi əsasında avtomobilə tibbi göstəriş verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilmişdir. xx.xx.2024-cü ildə avtomobilə tibbi göstəriş verilməsi üçün əyani müayinədə olmuşdur. Bir müddət keçdikdən sonra bu barədə məlumat əldə etmək məqsədilə dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyində olmuş, lakin ona hər dəfə müəyyən bəhanələr gətirilərək cavab verilməmişdir. Məcbur qalıb xx.xx.2024-cü ildə avtomobilə tibbi göstəriş verilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi olmaqla məhkəməyə müraciət etmişdir. Eyni zamanda 2024-cü ilin fevral ayında pensiya ödənişi vaxtı onun pensiyası ödənilməmişdir. Bu zaman ona məlum olmuşdur ki, xx.xx.2021-ci ildə avtomobilə tibbi göstəriş verilməsindən imtina edilmiş və onun xx.xx.2020-ci ildən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 illik əlillik təyinatına qanunsuz olaraq cavabdeh tərəfindən imtina edilmişdir. Halbuki onun əlillik təyinatı haqqında heç bir müraciəti olmamışdır, sadəcə olaraq avtomobilə tibbi göstəriş verilməsi barədə müraciət etmişdir. İddiaçı qeyd etmişdir ki, onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, qiymətləndirilmiş və 7 ildən çoxdur əlildir. Hesab edir ki, onun əlilliyi bərpa edilməlidir. İş materiallarında olan iddiaçının TSEK-də sonuncu müayinə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müayinə olunmuş, lakin ona tam reabilitasiya olması, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir səbəbi ilə əlillik təyin olunmasından imtina edilmişdir. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2020-ci il tarixli göndəriş əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS **********8). Vətəndaş 3-17-4/2-H-33190/2023 nömrəli bildiriş əsasında əyani müayinəyə dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 594 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qlomerulonefrit. Xroniki qastroduodenit, kəskinləşmə mərhələsində. Kəskin bronxit diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. X8 Xəstəlikləri İnstitutunun xx.xx.2023-cü il tarixli 972 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli kəskin ventilvasiva pozğunluğu qeyd olunur. FVC 33%. FEV1 32%” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. X8 Xəstəlikləri institutunun xx.xx.2023 - xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Bronxial astma, infeksion allergik forma, ağır persistə edən hormondan asılı nəzarət olunmayan kəskinləşmə mərhələsi. Tənəffüs çatışmazlığı, ikinci dərəcə. Arterial hipertoniva, İİ F.S” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli rəngli doppler Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin diastolik disfunksiyası, relaksativ tip (LVEF=58%)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 678 nömrəli Spiometriya müayinəsinin nəticəsi “Restriksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur. FVC 67%, FEV1 69%” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tənəffüs çatışmazlığı, tərləmə, yuxu pozğunluğundan, böyrəyində daş olmasından, sol aşağı ətrafında ödem və axsamadan şikayətlənmişdir. Anamnezində 1993-cü ildən özünü xəstə hesab etdiyini, 2012 və 2015-ci illərdə ürəyinə stent qoyulduğunu bildirmişdir. Medikamentoz preparatlardan Aspirin Kardio, Validol, Mg qəbul etdiyini söyləmişdir. Müayinə zamanı boyu 176 sm, çəkisi 75 kq, BÇİ 24.21, saturasiyası SpO2 97%, nəbzi 100 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 olmuş, auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs çatışmazlığı əlamətləri qeyd edilməmişdir. Aşağı ətraflarda ödem, üzündə pastozluq qeyd edilməmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasının qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 03-17-4/3-3-509/2024 nömrəli qərarının xx.xx.1966-cı il təvəllüdlü İddiaçı aid hissədə ləğv olunması və onun əlilliyinin dayandırıldığı xx.xx.2024-cü il tarixdən bərpa olunması” kimi icraata qəbul olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati aktın dəyişdirilməsini və ya yeni akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. İnzibati icraat materiallarından görünür ki: İddiaçı əlillik vəziyətinə xx.xx.2020-ci il tarixdə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Ağciyərlərin xroniki obstruktiv xəstəliyi-lll dərəcə,kəskinləşmə dövrü. Bronxial astma qarışıq forma nəzarət olunmayan kəskinləşmə mərhələsi, agır gedişli. Tənəffüs çatmamazlıgı-ll dərəcə. Digər emfizema, Ağciyərlərin emfizeması; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlannın xroniki xəstəlikləri (J31- J32.9,J35-J37.1J41...)” səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Növbəti dəfə xx.xx.2024-cü il tarixdə baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri = > J40-J47 - Aşağı tənəffüs yollannın xroniki xəstəlikləri = > J45 - Astma = > J45.8 - Təsnifatı: Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Ağciyərlərin xroniki obstruktiv xəstəliyi İİİ dərəcə, kəskinləşmə dövrü. Bronxial astma qarışıq forma nəzarət olunmayan kəskinləşmə mərhələsi, agır gedişli. Tənəffüs çatmamazlığı İİ dərəcə. Digər emfizema, Ağciyərlərin emfizeması.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Ağırlaşma – J43.8 digər emfizema, ağciyərlərin emfizeması, əsas diaqnoz – J45.8 qarışıq astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi - lll dərəcə, kəskinləşmə dövrü, bronxial astma qarışıq forma nəzarət olunmayan kəskinləşmə mərhələsi, ağır gedişli. Tənəffüs çatmamazlığı - ll dərəcə göstərilmişdir. Ağırlaşma – J96 başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, tənəffüs çatmamazlığı - ll dərəcə, əhəmiyyətli kəskin ventilyasiya pozğunluğu qeyd olunmuşdur. Yanaşı xəstəliklər – l20.0 qeyri-stabil stenokardiya, şiddətlənən stenokardiya, ÜİX qeyri-gərginlik stenokardiyası-lll f.s. göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 24 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-509/2024 nömrəli qərarı ilə Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2020-ci il tarixli göndəriş əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS **********8). Vətəndaş 3-17-4/2-H-33190/2023 nömrəli bildiriş əsasında əyani müayinəyə dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq, aşağı ətraflarda ödem, üzündə pastozluq qeyd edilməmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”’na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7123/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmiş, ekspertin rəy verə bilməsi üçün 2-1(112)-7123/2024 nömrəli iş materialları ekspertizaya təqdim edilmişdir. Sözügedən qərardadın surətləri proses iştirakçılarına göndərilmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə ilə müraciət edərək ekspertizanın keçirilməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 4026 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı müayinəyə getməmişdir. Belə ki, iddiaçıya müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilmiş, lakin İddiaçı müayinə olunması üçün getməmişdir. Məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi barədə qərardadın Məhkəmə- Tibbi Ekspertiza və X3 göndərilməsi barədə məktuba iddiaçının rekvizitləri daxil edilmiş, həmçinin məhkəmə tərəfindən iddiaçıya ekspertizanın keçirilməsi üçün müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı müayinə olunmaq üçün getməkdən imtina etmişdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırda və iddiaçının mübahisələndirdiyi cavabdehin qərarının qəbul edildiyi zaman qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 1.5.2. xüsusi səbəblərdən: ... 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir... 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qeyd edilməlidir ki, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Bu istiqamətdə məhkəmə tərəfindən yoxlamanın həyata keçirilməsi və cavabdehin iddiaçının tam reabilitasiya olunması ilə bağlı mövqeyinin əsaslı olub olmamasının müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmı vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. 97.4-1. İşdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İddiaçı tələbində göstərilən halların araşdırılması ilə bağlı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən imtina etdiyindən, məhkəmə yuxarıda göstərilən əsasdan çıxış edərək hesab edir ki, iş üzrə iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar öz təsdiqini tapır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, 03-17-4/3-3-509/2024 nömrəli qərarının xx.xx.1966-cı il təvəllüdlü İddiaçı aid hissədə ləğv olunması və onun əlilliyinin dayandırıldığı xx.xx.2024cü il tarixdən bərpa olunması” tələbinə dair iddiası təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7.
Məhkəmə qərarları › İş №2-1(112)-7123/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7123/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver