Məhkəmə qərarları › İş №2-1(112)-7124/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7124/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7124/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, sosial sığorta stajı nərəzə alınmaqla ona yaşa görə əmək pensiyanın təyin edilməsi barədə öhdəliyinin cavabdehin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci ildən başlayaraq 2005-ci ilədək əmək müqaviləsi əsasında "Azərelektrterm" İB-də çalışmışmışdır. 14 oktyabr 2005ci ildə əmək müqaviləsinə xitam verilməsi ilə işdən azad edilmişdir. Onun ümumi sosila sığorta stajı 25 ildən çoxdur.Ona görə də ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə cavabdeh quruma müraciət etmişdir. Cavabdeh qurum tərəfindən verilən imtina cavabında göstərilmişdir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün sığorta stajı yetərli deyildir. Verilən cavabda göstərilir ki, o. "Azərelektrterm" İB-də işlədiyi zaman 21.10.1991-ci il tarixdən 31.10.1994-cü il tarixədək və 1995-ci il tarixdən 2002-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuş, ona görə də həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün deyildir. Cavabdeh qurumun bu imtinası əsassızdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı AR ƏƏSMN tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş 02.03.2021-ci iltarixli ərizəsinə Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmışdır. İddiaçı 12.09.1977-ci il tarixində tərtib olunmuş əmək kitabçasında onun qanunla tələb olunan 25 il sığorta stajı olmadığından pensiya təyinatı aparılmaqdan imtina edilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, 01.01.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı təqdim etdiyi AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, o, 01,03.1959-cü ildə Ermənistanın Qafan rayonunun Xalac kəndində doğulmuşdur. Hazırda ünvan 1 ünvanında yaşamaqdadır. İddiaçı 01.03.2021-ci ildə pensiya yaşına (62) çatmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o 1978-ci ildən 2005-ci ilədək əmək müqaviləsi əsasında “Azəerelektroterm” İstehsalat Birliyində işləmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən hazırki qanunvericiliklə tələb olunan 25 ildən çox sığorta stajına malik olduğunu iddia edir. Məhz bu səbəbdən hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəfimizdən 27 avqust 2021 -ci il tarixində **********2 nömrəli məktubumuza verilmiş 27 avqust 2021-ci il tarixli cavabda İddiaçı 25 avqust 1978ci il tarixində 320 saylı əmrlə Bakı Neft texnikumunun əyani şöbəsinə qəbul olunduğu 14 may 1981 -ci il tarixində “Alətlər istehsalı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texniki-texnoloq” istisas dərəcəsi və BT №041598 diplom verilmişdir. Qeyd olunan illər iddiaçının sığorta stajının 2 il 8 ay 19 gününü təşkil edir. 28.07.2021-ci il tarixli **********9 nömrəli məktubumuza "xxxx" ASC tərəfindən 10 avqust 2021-ci il tarixli cavabda qeyd olunmuşdur ki, İddiaçı 05.06.1981- ci il tarixdən 31.03.2004-cü il tarixədək qeyd olunan müəssisədə müxtəlif vəzifələrdə işləmişdir. Lakin qeyd olunan müddət aralığında iddiaçı 20.10.1985-ci il tarixdən 19.04.1986- cı il tarixədək; 09.12.1987-ci il tarixdən 08.06.1988-ci il tarixədək; 24.01,1993-cü il tarixdən 31.12.1994-cü il tarixdən öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Göründüyü kimi iddiaçının iş yerindən verilən arayışda onun 20.10.1985-ci il tarixdən 19.04.1986-cı il tarixədək (5 ay 29 gün); 09.12.1987-ci il tarixdən 08.06.1988-ci il tarixədək ( 5 ay 29 gün); 24.01.1993-cü il tarixdən 31.12.1994-cü il tarixədək(1 il 11 ay 7 gün) ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Həmçinin iddiaçı 1978-ci ildən-2005-ci ilədək işlədiyini iddia etsə də verilmiş arayışda onun 31.03.2004-cü ilədək əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. İddiaçının təqdim edtiyi əmək kitabçasında əyani təhsil aldığı müddət də daxil olmaqla mübahisəli və mübahisəsiz 26 il sığorta stajı mövcuddur. Qeyd olunan sığorta stajının 2 il 11 ay 5 günü iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrləri əhatə edir. Həmin dövrlər iddaçının sığorta stajına daxil edilmədikdə tələb olunan 25 il qarşılığında 23 il 1 ay sığorta stajı mövcud olur. Mülki Prosessual Məcəllənin “Qətnamənin qanuniliyi və əsaslılığı” başlıqlı 217-ci maddənin 2-ci bəndində qeyd olunmuşdur ki; Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhz bu səbəbdən “Vətəndaşların pensiya təminatı haqqında” və “Məzuniyyətlər haqında qanunun” tələblərinə əsasən İddiaçı ödənişsiz məzuniyyətdə olduğu dövrlərə hüquqi qiymət verilməlidir. Məzuniyyətin adından da göründüyü kimi bu dövrdə iddiaçı ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. Bu dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində də ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə o zaman qüvvədə olmuş “Məzuniyyətlər haqında qanunun” 14-cü maddəsində “Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər” tənzimlənmişdir. Qeyd olunan maddənin 5-ci abzasında qeyd olunmuşdur ki, Uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. İddiaçı işlədiyi 1985-ci ildən 1994-cü ilədək ümumilikdə 2 il 11 ay 5 gün öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Yuxanda qeyd olunan Qanunvericilik normalarından göründüyü o dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində həm də “Məzuniyyətlər haqqında qanunda” ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə müəssisə tərəfindən verilmiş arayışda İddiaçı 22.10.2002- ci il tarixdən işdən azad edildiyi tarixədək əmək haqqı cədvəllərində iddiaçının adına rast gəlinmədiyi qeyd olunmuşdur. Məhkəmələr iş yerlərindən təqdim edilmiş arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İnzibati prosessual məcəllənin 86-cı maddəsinə əsasən sübutların araşdırılması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamalaya bilər. Məhkəmələr zərurət olduqda müəssisənin iddiaçının ilədiyi dövrlərdə mövcud olub-olmamasını yoxlamalı, bununla bağlı müvafiq sorğular verməlidir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. AZE № 0******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cı il tarixdə Qafan rayonunda anadan olmuşdur. İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********1 nömrəli 30 aprel 2021-ci il tarixli imtina məktubundan görünür ki, təqdim edilmiş 12.11.1997-ci il tarixində tərtib olunmuş əmək kitabçasına əsasən onun 01.01.2006-cı il tarixədək ümumi sığorta stajınız 23 il 1 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən pensiya hüququnun yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X6 Daxili Nəzarət və Monitorinq Departamentinin 12 aprel 2021-ci il tarixli aktına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki fəaliyyət dövrü zamanı 21.10.1991 ci il tarixindən 31 10.1994-cü il tarixinə qədər və 1995-ci il tarixindən 2002-ci il tarixinə qədər öz hesabına ödənişsiz məzuniyyətdə olduğundan həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan iddiaçının 12.09.1977-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -12.09.1977-ci ildən 28.08.1978-ci ilədək Sünik quşçuluq zavodunda kəsimxana işçisi kimi işləmişdir; -01.09.1978-1981-ci ilədək Bakı Neft Texnikumda təhsil almışdır; -08.06.1981-ci ildən 31.03.2004-cü ilədək indiki "xxxx" ASC-də injener-texnoloq, mühasib vəzifələrində işləmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab məktubundan görünür ki: "xxxx" ASC-nin 10 avqust 2021-ci il tarixli 30 nömrəli məktubuna əsasən İddiaçı "xxxx" ASC-də 06.06.1981-ci il tarixindən (işə qəbul olunma əmri №425/kş, 05.06.81) müxtəlif vəzifələrdə işləmişdir. 31.03.2004-cü il tarixindən işdən azad edilmişdir. 22.10.2002-ci il tarixdən işdən azad olunan tarixədək əmək haqqı hesablanması cədvəllərində onun adı tapılmadı. 29.02.1985-ci il tarixdən 19.10.1985-ci il tarixədək, 17.02.1987-ci il tarixdən 08.12.1987-ci il tarixədək, 21.10.1991-ci il tarixdən 23.01.1993-cü il tarixədək qismən ödənişli məzuniyyətdə olmuşdur.20.10.1985-ci il tarixdən 19.04.1986-cı il tarixədək, 09.12.1987-ci il tarixdən 08.06.1988-ci il tarixədək, 24.01.1993-cü il tarixdən 31.12.1994-cü il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. 1986-1987; 1987-1988; 1992-1993; 1993-1994; 1994-1995-ci illərin növbəti məzuniyyətləri istisna olmaqla 22.10.2002-ci ilə kimi məzuniyyətləri istifadə edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin 35 nömrəli 27 avqust 2021-ci il tarixli məktubuna əsasən X3 25 avqust 1978-ci il tarixində 320 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul edilmişdir. 14 may 1981-ci il tarixində “Alətlər istehsalı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-texnoloq” ixtisas dərəcəsi və BT№041598 saylı diplom verilmişdir. İşin müəyyən edilmiş edilmiş hallarından görünür ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, ona hüququnun yarandığı tarixdən əmək pensiyası təyin edilməsini xahiş edir və iş stajını təsdiq edən sənəd kimi əmək kitabçasını təqdim edir. Cavabdeh isə iddiaçının qanunla tələb olunan sığorta stajına malik olmadığını bildirir. Belə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Tərəflərin təqdim etdikləri, həmçinin məhkəmənin təşəbbüsü ilə əldə edilmiş və icraat zamanı araşdırılmış sənədlərə görə, İddiaçı 12 sentyabr 1977-ci il tarixdən 28 avqust 1978-ci ilədək Sünik quşçuluq zavodunda işləmiş (11 ay 17 gün), 01.09.1978-ci ildən 14.05.1981-ci ilədək Bakı Neft-Energetika Kollecində təhsil almış (2 il 08 ay 20 gün), 08.06.1981-ci ildən 31.03.2004-cü ilədək "xxxx" ASC-də müxtəlif vəzifələrdə (22 il 09 ay 24 gün) işləmişdir. Lakin məhkəmə araşdırıması zamanı əldə olunmuş məlumatlardan görünür ki, iddiaçı "xxxx" ASC-də işlədiyi müddət ərzində 20.10.1985-ci il tarixdən 19.04.1986-ci il tarixdədək 1058/kş nömrəli əmrə əsasən, 09.12.1987-ci il tarixdən 08.06.1988-ci il tarixədək 969/kş nömrəli əmrə əsasən, 24.01.1993-ci il tarixdən 31.12.1994-cü il tarixədək 250 nömrəli əmrə əsasən öz hesabına məzuniyyətdə olmuşdur. İddiaçının təhsil və əmək fəaliyyəti dövrü bütövlükdə 26 il 05 ay 25 gün təşkil edir. Əmək Məcəlləsinin 128-ci maddənin adından da göründüyü kimi, həmin norma işçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququnu nəzərdə tutur və bu hüququn həyata keçirilməsi şərtlərini müəyyən edir. İşçinin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddətləri Əmək Məcəlləsinin 130-cu maddəsində təsbit olunmuşdur. Lakin həmin müddəalar işəgötürənin tərəflərin razılığına və mülahizəsinə əsasən işçiyə digər əsaslarla ödənişsiz məzuniyyət vermək hüququna təsir etmir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Məhkəmə tərəfindən müəyyən edilir ki, mübahisələndirilən illər üzrə sosial sığorta haqları nəinki ödənilməmişdir, hətta həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuşdur. Beləliklə də, iddiaçı tərəfindən tələb olunan ümumi 25 il staj toplanılmamışdır, çünki iddiaçının ümumi ödənişsiz məzuniyyətlərini topladıqda müəyyən edilir ki,o 1 yanvar 2006-cı il tarixə qədər 02 il 11 ay 08 gün ödənişsiz məzuniyyətdə olmuşdur. Məzuniyyətin adından da göründüyü kimi bu dövrdə o, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. Bu dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsində də ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Beləliklə, 1 yanvar 2006-cı il tarixədək iddiaçının 26 il 05 ay 25 gün fəaliyyət dövrünün 02 il 11 ay 08 günü ödənişsiz məzuniyyətdə olması nəzərə alınarsa, onun həmin tarixədək faktiki 22 il 04 ay 17 gün iş stajı mövcud olmuşdur. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş yuxarıda sadalanan əmək və pensiya qanunvericiliyinə görə 02 il 11 ay 08 gün ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilə bilməsi üçün əsas olmamışdır. Odur ki, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı və qanunidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar