Məhkəmə qərarları › İş №2-1(112)-7126/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7126/2021

13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7126/2021 13.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəxsi heyətə qaytarıma öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə keçirilməmə dair qərarın ləğv olunaraq Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi heyətinə qaytarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 14 avqust 2009-cu il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Həmin vaxtdan Azərbaycan Ordusunun hərbi qulluqçusu hesab olunur. 2010-2014-cü illər ərzində X1 mühəndisi ixtisası üzrə hərbi təhsil alıb. Xidmət illərində yalnız bu ixtisas üzrə vəzifələrdə qulluq edib. 26 iyun 2013-cü il tarixdə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonra 27.07.2013- 26.06.2014-cü illər ərzində Azərbaycan Respublikası Silahli X3 Mərkəzində 1 illik müddətə “Zabit ixtisas Kursunda” dinləyici kimi təhsil alıb. Hərbi təhsilini bitirdikdən sonra 27.07.2014-cü il tarixdən 18.06.2020-ci il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ağdam rayonu, Xındırıstan kəndində yerləşən 190 nömrəli Hərbi hissəsində xidmət edib. 26.06.2016-cı il tarixdə ona baş leytenant hərbi rütbəsi verilmişdir. 6 ilədək müddətə xidmət etdiyi hərbi hissənin Rabitə bölüyündə X1 tağımının mühəndisi, qovşaq rəisi - bölük komandirinin müavini vəzifələrində xidmət edib. 18.06.2020-ci il tarixdən 10.02.2021-ci tarixədək Beyləqan rayonunda yerləşən 929 nömrəli Hərbi hissədə Rabitə rəisinin X1 üzrə köməkçisi vəzifəsində xidmət edib. 20.08.2020-ci il tarixdə ona kapitan hərbi rütbəsi verilmişdir. İkinci Qarabağ müharibəsində iştirak etdikdən sonra 29 dekabr 2020-ci il tarixdə onun Qubadlı rayonu ərazisində yerləşən N nömrəli Hərbi Hissəyə göndərilməsilə bağlı əmr verilmişdir. Məzuniyyəti bitdikdən sonra 10 fevral 2021-ci il tarixdə N nömrəli hərbi hissəyə gedib. Həmin hərbi hissədə N gün Rabitə rəisinin X1 üzrə köməkçisi vəzifəsində xidmət etdikdən sonra 11.02.2021-ci il tarixdə onun hər hansı bir razılığı alınmadan Dövlət Sərhəd Xidmətinin Qazax şəhərində yerləşən 2009 nömrəli X5 Diviziyasının 4-cü Sərhəd Komendaturasına qərargah zabiti vəzifəsinə keçirilməsi ilə bağlı əmr verilmişdir. Qeyd olunan vəzifə üzrə icra etməli olduğu işlər onun aldığı ali hərbi ixtisasa qətiyyən uyğun deyildir. Ümumiyyətlə həmin ixtisas üzrə Dövlət Sərhəd Xidmətinin ştatında hər hansı bir vəzifə mövcud deyildir. Dəfələrlə xəbərnaməli şəkildə göndərilmiş yazılı məktublarla, elektron məktublarla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, digər aidiyyəti orqanlara müraciət edərək mənim Azərbaycan Ordusuna qaytarılmağını xahiş etsə də, müraciətləri cavablandırılmamışdır. Müraciətinə cavab olaraq ona göndərilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 03 may 2021-ci il tarixli, l/R-10865 saylı məktubunda Dövlət Sərhəd Xidmətinin şəxsi heyətə olan ehtiyacını ödəmək məqsədilə Azərbaycan Ordusu tərəfindən müvafiq sayda hərbi qulluqçunun DSX rəisinin sərəncamına göndərilməsinin qərara alındığı, həmçinin vəziyyətlə əlaqədar həmin şəxslərdən razılığın alınmasının mümkün olmadığı qeyd olunmuşdur. Həmçinin məktubda Dövlət Sərhəd Xidmətinə ezam olunmuş hərbi qulluqçuların Dövlət Sərhəd Xidmətinin tərkibində müəyyən müddət xidmət etdikdən sonra Azərbaycan Ordusuna qaytarılması məsələsinə baxılacağı göstərilmişdir. Qanunvericiliyə əsasən onun razılığı olmadan onun xidmət yerinin dəyişdirilməsi mümkün deyildir. Müdafiə Nazirliyindən ona göndərilmiş cavab məktubunda onun ezam oldunduğu göstərilmişdir. Bununla bağlı bildirir ki, ezam edilmiş olsaydı, ona buna dair sənədlər (ezamiyyə vərəqəsi və s.) təqdim edilməli və ezam edildiyi müddət bildirilməli idi. Əlavə olaraq bildirir ki, Əsasnaməyə və digər qanunvericilik aktlarına əsasən onun digər qoşun növünə ezam olunması üçün belə onun razılığım alınmalı idi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi isə qanunvericiliyin tələbini nəzərə almayaraq onun barəmdə bu cür əsassız qərar qəbul etmişdir. Qərarın dəyişdirilməsi ilə bağlı etdiyi rəsmi müraciətə isə imtina vermişdir.

3. Məhkəmənin 03.06.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddiaçı və cavabdeh iştirak etmir.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirdi ki, iddiaçı xidmətini davam etdirmək üçün Müdafiə Nazirinin sərəncamına geri qaytarılmışdır.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış müraciətdə iddiaçının Müdafiə Nazirinin 14.08.2021-ci il tarixli müvafiq əmri ilə (əmr məhkəməyə təqdim olunmamışdır) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyət sıralarına qaytarıldığından və müvafiq vəzifəyə təyin edildiyindən və artıq mübahisə predmeti olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

7. İddiaçı tərəfindən məhkəməyə (məhkəmə dəftərxanası vasitəsilə) iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə 24.08.2021-ci il tarixdə ərizə verilmişdir.

II. İddianın geri götürülmüş sayılması

8. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).

11. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

12. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

13. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

14. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

15. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

16. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

17. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

18. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

19. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

20. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

21. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək icraata xitam verilməsinin əsaslarını müzakirə etmək zərurəti mövcud deyildir.

22. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar