Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7126/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli 37/465 saylı sərəncamına əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsinə çıxarışın, plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989cu il tarixli 37/465 saylı sərəncamına əsasən iddiaçının adına Qaradağ rayonu, Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam Azərbaycan Respublikası Dövlət Arxivində də qeydiyyata alınmışdır. Hər ildə torpağa dair vergi ödənilmişdir. Həmin torpaq sahəsinin yerləşmə yerini təqdiq edən sxemi də icra hakimiyyəti tərəfindən verilmişddir. Həmin ərazidə minlərlə ev vardır və əksəriyyətinin də çıxarışı mövcuddur. Həmin torpaq sahəsi uzun müddətdir ki, iddiaçının qanuni istifadəsindədir. Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli 37/465 saylı sərəncamı Azərbaycan Respublikası Dövlət Arxivində də qeydiyyata alınsa da, arxiv sənədlərində soyadı “Allahyarov” əvəzinə “Allahirov” kimi yazılmışdır. Bu barədə məhkəməyə müraciət etmiş, Qaradağ rayon məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 600 kv.m torpaq sahəsi üzrə Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli 37 saylı sərəncamında iddiaçının soyadının “Allahyarov” kimi oxunmaqla həmin sənədin ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilmişdir. Bundan sonra Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Qaradağ rayon məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsinə izah verilərək həmin qətnamədə İddiaçı məxsus Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli sərəncamının nömrəsinin 37/465 olması şəkilində izah verilmişdir. İddiaçı hazırda həmin torpaq sahəsini özəlləşdirmək istəyir, lakin cavabdeh təşkilat bundan imtina edərək ona məxsus torpaq sahəsinin bir hissəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş JN-3111 saylı şəhadətnamənin elektron baza məlumatı ilə üst-üstə düşdüyünü, yerləşmə cizgisi və faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olduğunu qeyd etmişdir. İddiaçı bildirir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-3111 saylı şəhadətnamə qonşuluqda yaşayan X2 adına olmuş, onun evi ilə iddiaçının evi arasına 10 metrə yaxın sahə vardır və həmin sahəyə də çıxarış alınmışdır. Həmin sahənin iddiaçının evi ilə heç bir əlaqəsi yoxdur və arada magistral maşın yolu vardır. Həmin yoldan marşrut avtobuslar hərəkət edir və imtinada bu hal səhv olaraq qeyd edilmişdir. Bundan başqa Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-13/1-A-98-091/2023 saylı məktubunda qeyd edilmişdir ki, Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli 37/465 saylı qərarına əsasən iddiaçının adına Qaradağ rayonu, Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə yerləşmə cizgisi verilmişdir. Həmin torpaq sahəsi Lökbatan qsəbəsində, 40.329396, 49.706751 nömrəli koordinatlarda yerləşir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, təqdim edilmiş yerləşmə cizgisində qeyd olunan konfiqurasiya və perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bildirilir ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə idarəyə müraciəti zamanı hazırda göstərdiyi torpaq sahəsindən 2500 metr aralı yeri göstərmiş, həmin sahə də digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan ölçünün verilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, electron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi ləğv edilmiş DTXK tərəfindən digər şəxsin adına verilmiş JN-3111 saylı şəhadətnamənin electron baza məlumatı ilə üst-üstə düşür. Həmçinin yerləşmə cizgisi ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. ********** nömrəli, xx.xx.2018-ci il tarixli müraciətinizdə tərəfinizdən fərqli ərazilərdə yerləşən sahə göstərilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-1205/20018 saylı qətnaməsi və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(002)-1805/2018 saylı qərardadı ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. -Qaradağ rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 37/465 nömrəli qərarının arxiv çıxarışından görünür ki, ünvan 1 ünvanda yaşayan X1 (Аллахиров Агали Сейфали оглы) 4 nəfər ailə tərkibi ilə birlikdə fərdi yaşayış evi tikmək məqsədilə 600 kv.metr torpaq sahəsi ayrılmışdır . -Qaradağ rayon İcra Hakimiyyətinin rayon tərəssrüfat şöbəsi tərəfindən Qaradağ rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli, 37/465 nömrəli qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılmış 600,0 kv.metr torpaq sahəsinin yerləşmə cizgisi tərtib və təsdiq edilmişdir. -Qaradağ Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(002)-1805/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 600 kv.m torpaq sahəsi üzrə Qaradağ rayon XDS İKnin 29 noyabr 1989-cu il tarixli 37 saylı sərəncamında iddiaçının soyadının “Allahyarov” kimi oxunmaqla həmin sənədin ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilmişdir. -Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli 2(002)-1805/2018 saylı qərardadına əsasən Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Qaradağ rayon məhkəməsinin 04 may 2018-ci il tarixli 2(002)-1805/2018 saylı qətnaməsinə həmin qətnamədə İddiaçı məxsus Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli sərəncamının nömrəsinin 37/465 olması şəklində izah verilmişdir. -Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli sorğuya cavab mətubundan görünür ki, Qaradağ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 37/465 nömrəli qərarına əsasən 600 kv.m. torpaq sahəsi İddiaçı ayrılmışdır. Qərara əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunaraq ona təqdim edilmişdir (koordinatlar 40.329396, 49.706751). -Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlaklara dair, o cümlədən qeydiyyat nömrələri göstərilmiş çıxarışların verilməsinə əsas olmuş sənədlər, ərazinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar (1.4) da daxil edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndindəki aktlara uyğun gəlir. Belə ki, iddiaçı Qaradağ rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 37/465 nömrəli qərarını, həmin qərar əsasında ayrılmış torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən səlahiyyətli qurum tərəfindən tərtib edilmiş torpaq sahəsinin cizgisini təqdim etmişdir. İstinad olunan qərarın arxiv əsası mövcuddur, həmçinin qərarın ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin qüvvədən düşməsi, etibarsız sayılması, yaxud həqiqətə uyğun olmaması ilə bağlı, o cümlədən mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim etməmişdir. İddiaya dair yazılı münasibətdə cavabdeh əsas dəlili kimi iddia olunan torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki sahə arasında konfiqurasiya fərqinin olduğunu göstərsə də, bu uyğunsuzluğun nədən ibarət olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən belə bir hal varsa belə, bu uyğunsuzluğun aradan qaldırılması iddiaçının məsuliyyət sferasına aid olmamaqla müvafiq şərtlər daxilində cavabdeh inzibati orqanın səlahiyyətində olan məsələdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Məhkəmə onu da qeyd edir ki, iddiaya dair etirazda işin mübahisəli halı kimi qeyd edilməsə də, iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsinin ləğv edilmiş DTXK-tərəfindən digər şəxsin adına verilmiş JN-3111 saylı şəhadətnamənin elektron baza məlumatı ilə üst-üstə düşməsi qeyd edilmişdir. Bu xüsusat məhkəmə icraatı dövründə araşdırılmış, lakin təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “JN-3111 saylı şəhadətnamənin faktiki sahədən 8 (səkkiz) metr cənubda qeydiyyatdan keçərək özgəninkiləşdirildiyi məlum olmuşdur (üstüstə düşmə faktı yoxdur.). Digər tərəfdən, məhkəmə araşdırması zamanı inzibati orqan tərəfindən təqdim edilmiş ortofoto görüntüdən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi qonşuluqda olan digər sahələrlə üst-üstə düşmədiyi müəyyən edilir.” Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli, 37/465 saylı sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Qaradağ rayon XDS İK-nin 29 noyabr 1989-cu il tarixli, 37/465 saylı sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7126/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7126/2024
27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver