Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7128/2021 10.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (üçüncü şəxs: Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı yeni məlumat vərəqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (üçüncü şəxs: Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı yeni məlumat vərəqəsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.06.2006-cı il tarixdə iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Ona 01.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin pensiya düzgün hesablanmamışdır. Bununla əlaqədar yeni məlumat vərəqəsinin doldurularaq aidiyyəti üzrə üçüncü şəxsə göndərilməsi barədə müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. İmtina qanunsuz və əsassızdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%, müvafiq dəyişikliklərlə 50%, daha sonra 60%-nin xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə maaşlarına nəzərdə tutulmuş əlavələr sırasına daxil edildiyindən vəsaitin hesablanaraq ödənilməsi üçün yeni məlumat vərəqəsi tərtib edilərək göndərilməlidir. Cavabdeh iddia tələbinə etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya pensiya təyin edilərkən müvafiq 25%, müvafiq dəyişikliklərlə 50%, daha sonra 60% vəzifə maşşaına yuxarıda qeyd olunan artımlar xidmətdən buraxıldığı gün ödənilməmiş, eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişləri də köçürülməmişdir. Beləliklə iddiaçının gömrük orqanlarında xidmətinə əlavələrin ödənilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanlarından əvvəl xitam verildiyindən, əlavələri almadığından yeni məlumat vərəqəsini verilməsi mümkün hesab edilmir. Ötən məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 113-cü maddəsinə əsasən Gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Qərarından göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.5 və 20.14-cü maddələrinin şərh olunmasını xahiş etmişdir. Adıçəkilən Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla. Sorğuda qeyd edilmişdir ki, Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinin tətbiqi zamanı pensiyaçının vaxtilə müvafiq vəzifədə olarkən almadığı və buna görə də məcburi dövlət sosial sığorta haqqı tutulmamış ödənclərin əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması məsələlərinə aydınlıq gətirilməsi zəruridir. Qərarın əsaslandırılması ilə bağlı Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi ilə təminat xərcliyinə (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ kimi anlayış verilmişdir. Təminat xərcliyi gəlir növü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Plenum yuxarıda qeyd olunanları nəzərə alaraq “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlmişdir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göründüyü kimi Konstitusiya Məhkəməsinin pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alınıb-alına bilməməsi ilə bağlı mövqeyi konkretdir. Eyni zamanda, bütün şəxslər üçün, həmçinin məhkəmələr üçün də məcburidir. Göründüyü kimi hal-hazırda yeni məlumat vərəqəsinin verilməsi barədə iddia tələbinin təmin edilməsinin qanuni və əsaslı olması üçün müəyyən edilməli olan hal iddia ərizəsinə nəzərdə tutulan əlavələrin iddiaçının gömrük orqanı əməkdaşı olduğu dövrdə alıb-almaması, əlavələrin məcburi dövlət sosial sığortasına cəlb olunub-olunmamasıdır. Hazırkı iş üzrə iddiaçının həmin əlavələri almaması, o cümlədən əlavələrin məcburi dövlət sosial sığortasına cəlb edilməməsi isə aşkardır. Belə ki, iddia ərizəsindən də görünür ki, 06.06.2006-cı il tarixdə iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Bu isə o deməkdir ki, həmin tarixdən sonra təbii haldır ki iddiaçıya əmək haqqının, o cümlədən əmək haqqında daxil olan ödənişlərin həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı isə xidmətinə xitam verildiyi tarixdən gömrük orqanları əməkdaşları üçün nəzərdə tutulmuş əlavələrin onun əmək pensiyasında nəzərə alınmasında maraqlıdır. Halbuki, aşkar müəyyən edir ki, həmin əlavələrin iddiaçı tərəfindən alınmasından söhbət gedə bilməz. Belə ki, iddiaçının gömrük orqanlarında xidmətinə xitam verildikdən təxminən 5 il sonra əlavələr gömrük orqanları əməkdaşına ödənilməyə başlanılmışdır. Belə ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli 388 nömrəli Fərmanının 1-ci hissəsinin 2016-cı il martın 1-dək olan redaksiyasına əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması tapşırılmışdır. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016-cı il 810 nömrəli Fərmanına əsasən “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilmişdir. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə 50” rəqəmi “60” rəqəmi ilə əvəz edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi 2011-ci il 25 fevral tarixli Fərmanından sonrakı tarixlərdə həyata keçirilməyə başlanılmış, müvafiq dəyişikliklərlə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%, daha sonra 50, sonra 60%-nin həmin qrup şəxslərə ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan ödənişlərin ödənilməməsi, eyni zamanda məcburi dövlət sosial sığortasına cəlb edilməməsi hər nəqədər aşkar olsa da, məhkəmə xidməti araşdırmasına uyğun olaraq müvafiq sorğu ilə müraciət etmiş, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sorğuya cavab məktubu ilə də müəyyən edilmişdir ki, iddiaçı 06.06.2006cı il tarixdən ehtiyata buraxıldığından, əlavələr ona ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7128/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7128/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver