Məhkəmə qərarları › İş №2-1(112)-7128/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7128/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7128/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi üçüncü şəxs qismində cəlb edilməklə mənzillə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasından güzəştli şərtlərlə növbəlilik əsasında 1-ci qrup gözdən əlil kimi ailə tərkibi nəzərə alınmaqla mənzillə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 7 nəfər ailə üzvü ilə birlikdə ümumi sahəsi 60,2 kv.m, yaşayış sahəsi 33,6 kv.m, yardımçı sahəsi 26,6 kv.m olan 2 otaqlı mənzildə 2008-ci ildən hal-hazıradək yaşayır və 1-ci qrup gözdən əlildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2015-ci il tarixli, 2(005)-2010/2015 saylı qətnaməsi ilə, Nərimanov Rayon İcra Hhakimiyyəti başçısının 15 may 2015-ci il tarixli 182 nömrəli Sərəncamı ilə 1-ci qrup gözdən əlil kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməyi xx.xx.1992-ci ildən hesab edilmişdir. Həmin Sərəncamın surəti aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə göndərilmişdir. Mənzil şəraitinin yaxşılaşdırılması barədə növbəliliyi xx.xx.1992-ci ildən hesab olunmasına baxmayaraq cavabdeh və 3-cü şəxs dolayısı yollarla onun 15 may 2015-ci il tarixdən növbədə dayanmağını gündəmə gətirməklə hazırda inşa olunmuş və bölgüsü gedən ünvan 1 ünvanında inşa edilmiş Azərbaycan Gözdən Əlillər Cəmiyəti ictimai Birliyinə məxsus olan çoxmənzilli binadan növbəlilik əsasında mənzilin ayrılmasının mümkün olmayacağını bildirmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti 2 otaqlı mənzillə təmin olunduğu zaman onun əlilliyindən istifadə edərək aldadılma nəticəsində 1 otaqlı mənzilini bağışlama yolu ilə ondan almış, əvəzində 3 otaqlı mənzil vermək adı ilə hazırda yaşadığı 2 otaqlı mənzili vermişlər. Hazırda ailə üzvələrinin tərkibinə daxil olan övladlarının isə biri 2-ci dərəcəli, biri isə 3-cü dərəcəli əlildir. Müraciətləri əsasında cavabdeh eyni məzmunda, eyni formada dəfələrlə imtina cavabı vermişdir. Cavabdeh müraciətini təmin etməkdən imtina edərkən 2008-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən ünvan 2 ünvanında iki otaqlı 35 nömrəli mənzillə təmin edilməsi qeyd edilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, mövcud qanunvericiliyin hansı normaları ilə mübahisəli məsələnin tənzimlənməsi açıqlanmır və hazırda müşahidə edilən hərəkətlər ilə müəyyən olunur ki, çoxmənzilli binadan mənzillər digər vətəndaşlara ayrılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən ünvan 2 ünvanda iki otaqlı 35 nömrəli mənzillə təmin eidlmişdir. Ona görə də, iddia tələbi əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili əlavə olaraq qeyd etdi ki, iddiaçının tələbi məhz qeyd edilən ünvanda yerləşən binadan mənzilin verilməsidir. Hesab edir ki, həmin binadan mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin rədd olunmasının xahiş etdi, əlavə olaraq bildirdi ki, iddia tələbinin predmetini təşkil edən ünvan 1 ünvanda yerləşən mənzil Sosial Xidmətlər Agentliyinin balansında deyildir. Ona görə də, müraciətin təmin edilməsi Agentliyin səlahiyyəti xaricindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Sosial Xidmətlər Agentliyinə qarşı yönəlmişdir. İddia tələbinin predmetini ünvan 1 ünvanda yerləşən binadan mənzilin verilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması təşkil edir. Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirilməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Həmin Fərmanının 2-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s saylı sərəncamından görünür ki, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazırkı qanunvericilik xx.xx.2021-ci il tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsini nəzərdə tutmuşdur. İstinad olunan normalardan görünür ki, gözdən əlilliyi olan şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli 5-14/2-604/2023 nömrəli məktubdan müəyyən edilir ki, ünvan 1 ünvanında Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sifarişi əsasında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binası Bakı şəhər Mənzil Kommunal Təsərrfat Departamentinin 2 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçının tələbindən göründüyü kimi, iddiaçı məhz ünvan 1 ünvanında yerlənə binadan mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarında isə həmin mənzilin cavabdehin balansında olmadığı müəyyən edilir. Bu hal iddiaçının xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilir. Ona görə də, cavabdeh hazırkı iddia tələbinə cavab verməli olan şəxs deyildir. Məhkəmə iclasında iddiaçıya hüquqi marağına uyğun olaraq tələbini dəqiqləşdirməklə hər hansı bir konkret bina və ya mənzil göstərilmədən mənzilin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi təklif edilsə də, iddiaçı bununla razı aolmamışdır. Buna görə də məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar