Məhkəmə qərarları › İş №2-1(112)-7129/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7129/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7129/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı əmin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kənd Təsərrüfatı Nazirliyinin 16 avqust 1993cü il tarixli 256K nömrəli əmrin ləğv edilməsi, dövlət qulluqçusu qismində əmək stajının məcburən 6 illik itirilmiş hissəsinin bərpa edilməsi və ona dövlət qulluqçuları üçün qanunda nəzərdə tutulmuş müvafiq təqaüd məbləğinin tam alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikrini dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati aktın mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişiklik edilməsi) İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırki iş üzrə iddiaçı onun Kadrlar idarəsinin rəisi vəzifəsindən azad edilməsi barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 16 avqust 1993-cü il tarixli 256K nömrəli əmri mübahisələndirir. Sözügedən əmrin ona təqdim olunmasını müəyyən etmək üçün 30 il əvvələ aid təqdimetmə sənədinin (məktubun, poçt göndərişi qəbzinin və ya təqdimetmə barədə tərtib olunmuş hər hansı sənədin) üzə çıxarılması vacibdir. İddiaçı özü bu barədə sübut təqdim etmir. İddiaçı tərəfin mövqeyinə uyğun olaraq, bu sübutun cavabdehdən tələb olunması üçünsə, cavabdehin bu sübutu 30 il saxlamağa vəzifəli olub-olmaması araşdırılmalıdır. Cavabdeh isə bu cür vəzifə daşımır. Çünki Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının xx.xx.2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstəriş”in 3.3-cü bəndinə əsasən, sənədlərin daimi mühafizə və məhv etmək üçün seçilməsi Azərbaycan Respublikasının müvafiq sahə üzrə qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun aparılır. Siyahıda saxlanma müddəti «daimi» göstərilmiş sənədlər «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra müvafiq dövlət arxivlərinə təhvil verilməlidir. Daimi saxlanma müddətli sənədlərin dövlət mühafizəsinə qanunla müəyyən olunmuş müddətdə təhvil verilməsinə idarə məsuliyyət daşıyır. Sənədlərin idarələrdə saxlanmasının son müddətləri «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyən edilmişdir: -3.3.2. rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün — 5 il; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstəriş”in 3.3-cü yarımbəndinə əsasən sənədlərin daimi mühafizə və məhv etmək üçün seçilməsi Azərbaycan Respublikasının müvafiq sahə üzrə qanunvericilikdə müəyən olunmuş qaydalara uyğun aparılır. Siyahıda saxlanma müddəti «daimi» göstərilmiş sənədlər «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra müvafiq dövlət arxivlərinə təhvil verilməlidir.Daimi saxlanma müddətli sənədlərin dövlət mühafizəsinə qanunla müəyyən olunmuş müddətdə təhvil verilməsinə idarə məsuliyyət daşıyır. Sənədlərin idarələrdə saxlanmasının son müddətləri «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyən edilmişdir: 3.3.1. respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün — 15 il; 3.3.2. rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün — 5 il; 3.3.3. yerli özünüidarəetmə orqanlarının sənədləri üçün — 5 il; 3.3.4. elmi-texniki sənədlər üçün — 15 ildən artıq olmamaq şərtilə , praktiki əhəmiyyətini saxladığı müddətə; 3.3.5. kino, foto, fono sənədlər və videoyazılar üçün — 3 il; 3.3.6. vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri və şəxsi heyət üzrə sənədlər üçün — 75 il; Göründüyü kimi “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda da bu cür sənədlərin uzun müddət saxlanması barədə göstəriş yoxdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən əmrin rəsmi daşıyıcı vasitəsi ilə iddiaçıya hansı tarixdə təqdim olunmasını müəyyən etmək mümkün olmamışdır. Lakin, iddiaçının həmin əmrin qəbul edildiyi vaxtdan əmrin mövcudluğundan xəbərdar olmağı təkzib olunmaz bir haldır. Çünki, mübahisələndirilən əmr iddiaçının Kadrlar idarəsinin rəisi vəzifəsindən azad olunması ilə bağlı olmuşdur ki, bu da onun sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Eyni zamanda məhkəmə araşdırılması zamanı da iddiaçının işdən çıxarılmasından elə həmin tarixdən məlumatlı olması müəyyən edilmişdir. İddiaçı bununla bağlı dəfələrlə şifahi müraciətlər etdiyini qeyd etsə də, inzibati məhkəməyə müddət ötürüldükdən sonra müraciət etmişdir. Beləliklə Məhkəmə hesab edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı iddiaçının inzibati aktdan məlumatlı vaxtdan olduğu müddətdə başlamış, lakin iddiaçı həmin inzibati aktıın mübahisələndirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə, yəni 30 il müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Qeyd olunmalıdır ki, “təqdim olunma” və “elan olunma” ilə bağlı bu mövqeyi Ali Məhkəmə tərəfindən baxılan bir çox oxşar mübahisələrdən formalaşmışdır. Məhkəmə prosessual müddətin bərpası barədə ərizənin təqdim edilməsinin mümkün olmaması ilə bağlı isə aşağıdakiları bildirir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Məhkəmənin qənaətinə görə hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab olunsaydı belə, iddiaçı əmrin mübahisələndirilməsi üçün 30 günlük prosessual müddəti, həmçinin İPM-nin 24-cü maddəsinə əsasən prosessal müddətin bərpası barədə ərizə verilməsi üçün 1 illik müddəti ötürmüşdür. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Qeyd olunmalıdır ki, əmrin ləğv edilməsi hissəsində iddia mümkün sayılmadığından onun hüquqi nəticəsi kimi işə iddianın digər hissələrin mümkünlüyündən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar