Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-713/2020 05.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “vəkil sorğusuna cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Dövlət Sərhəd Xidmətinə göndərdiyi 07 oktyabr 2019-cu il tarixli, F-044/2019 saylı vəkil sorğusunun icra olunmamasının qanunsuz sayılması, qeyd olunan əsaslarla vəkil sorğusunun icra olunmamasının cavabdeh təşkilata qadağan olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, iddiaçının Dövlət Sərhəd Xidmətinə göndərdiyi 07 oktyabr 2019cu il tarixli, F-044/2019 saylı vəkil sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olur. 04 oktyabr 2019-cu il tarixdə iddiaçı X5 hüquqlarının məhkəmədə müdafiə edilməsi məqsədi ilə onunla müqavilə bağlamışdır. İddiaçı X5 cavabdeh X2 qarşı Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən 2 saylı evin 86 saylı mənzilinə “istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh X4 iddiaçının keçmiş gəlinidir və uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamır. X4 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. O da öz növbəsində yuxarıda qeyd olunanları nəzərə alaraq, müqavilə bağladığı şəxsə daha yüksək keyfiyətli hüquqi yardım göstərilməsindən ötrü 04 dekabr 2017-ci il tarixindən 30 dekabr 2018-ci il tarixinədək olan müddət ərzində cavabdeh X1 dövlət sərhəddindən giriş-çıxışı barədə məlumatın əldə olunub sübut kimi məhkəməyə təqdim edilməsi üçün 07 oktyabr 2019-cu il tarixdə, F- 044/2019 nömrəli sorğu ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanladığı 01 noyabr 2019-cu il tarixli, 33/6417 nömrəli cavab məktubunda: “Vətəndaşların ölkə hüdudlarını keçmələri barədə məlumatlar (“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 38.6-cı maddəsi və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Bununla yanaşı, Əliyeva (Hüseynova) Könül Zabit qızının dövlət sərhəddindən hərəkəti barədə məlumatların əldə olunması üçün Vəkillər Kollegiyasından (Əliyeva (Hüseynova) Könül Zabit qızına hüquqi yardım göstərilməsi barədə) orderin və məhkəmə tərəfindən müvafiq sorğunun olması zəruridir” deyə qeyd edilərək məlumatın verilməsindən imtina olunmuşdur. Həmin imtina məktubunu poçt vasitəsi ilə o, 12 noyabr 2019-cu il tarixdə almışdır. O, hesab edir ki, imtina qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkil İddiaçı tərəfindən Azərbaycan Respublikasının Sərhəd Xidmətinə ünvanlanmış F-044/2019 saylı xx.xx.2019-cu il tarixli sorğunun surətindən görünür ki, icraatında olan X3 cavabdeh Əliyeva (Hüseynova) Könül Zabit qızına qarşı “mənzil istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair mülki işin araşdırılması ilə əlaqədar olaraq, Əliyeva (Hüseynova) Könül Zabit qızının dövlət sərhədindən giriş-çıxışı barəsində məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Sərhəd Xidməti tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil İddiaçı ünvanlanmış 33/6417 saylı xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, F-044/2019 saylı xx.xx.2019-cu il tarixli sorğuya cavab verilərək bildirilmişdir ki, vətəndaşların ölkə hüdudlarını keçmələri barədə məlumatlar (“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 38.6-cı maddəsi və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Bununla yanaşı, Əliyeva (Hüseynova) Könül Zabit qızının dövlət sərhəddindən hərəkəti barədə məlumatların əldə olunması üçün Vəkillər Kollegiyasından (Əliyeva (Hüseynova) Könül Zabit qızına hüquqi yardım göstərilməsi barədə) orderin və ya məhkəmə tərəfindən müvafiq sorğunun olması zəruridir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının xx.xx.2019cu il tarixli vəkil orderinin surətindən görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil İddiaçı ilə hüquqi yardım göstərilən şəxs X5 arasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mənzilə istifadə hüququ olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə hüquqi yardım göstərilməsi üçün xx.xx.2019-cu il tarixli 096 nömrəli müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən dövlət orqanları informasiya sahibi sayılırlar. Həmin qanunun 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən, təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin qanunun 15-ci maddəsinin İİ hissəsinə əsasən, vəkillər aşağıdakı hüquqlara malikdirlər: hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək; öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək; peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək; xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy almaq; qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək; qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil İddiaçı ilə hüquqi yardım göstərilən şəxs X5 arasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mənzilə istifadə hüququ olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə hüquqi yardım göstərilməsi üçün müqavilə imzalanmışdır. Həmin işlə əlaqədar olaraq iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının Sərhəd Xidmətinə F-044/2019 saylı xx.xx.2019-cu il tarixli sorğu ünvanlanmış və sorğuda o, icraatında olan X3 cavabdeh Əliyeva (Hüseynova) Könül Zabit qızına qarşı “mənzil istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair mülki işin araşdırılması ilə əlaqədar olaraq, Əliyeva (Hüseynova) Könül Zabit qızının dövlət sərhədindən giriş-çıxışı barəsində məlumat verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən sorğuya cavab verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkildir. O, müqavilə əsasında hüquqi yardım göstərdiyi işlə əlaqədar hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək, peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq və digər hüquqlara malikdir. İnformasiya sahibi olan cavabdeh isə öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Lakin iddiaçının sorğusuna cavab məktubu cavabdeh tərəfindən əsaslandırılmamışdır. İddiaçı sorğuda qeyd edilən məlumatları öz pəşə fəaliyyətinə uyğun olaraq, müqavilə əsasında hüquqi yardım göstərdiyi işlə əlaqədar tələb edir. Cavabdeh həmin məlumatların sorğu əsasında iddiaçıya təqdim edilməsindən imtina üçün əsasları imtina məktubunda əsaslandırmamışdır. Eyni zamanda həmin məlumatların sorğu əsasında iddiaçıya təqdim edilməsindən imtina üçün hər hansı əsasın mövcud olması məhkəmə araşdırması zamanı da müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə göndərdiyi 07 oktyabr 2019-cu il tarixli, F-044/2019 saylı vəkil sorğusuna cavab verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-713/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-713/2020
05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver