Məhkəmə qərarları › İş №2-1(112)-713/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-713/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-713/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı onun 03.04.1982-ci ildən 02.01.1989-cu ilədək X3 əyirici sexində çıxarıcı, 02.01.1989-cu ildən 01.04.1989-cu ilədək X3 əyirici sexində əyirici şagirdi, 01.04.1989-cu ildən 16.10.2003-cü ilədək X4 (sonradan “X8” MMC adlandırılıb) əyirici sexində əyrici vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarınının təsidq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarına əsasən 52 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın məbləğinin həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,1965-ci ildə Azərbaycan Respublikasının Xanlar rayonunun X10 kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. 03.04.1982-ci ildən 02.01.1989-cu ilədək X3 əyirici sexində çıxarıcı, 02.01.1989-cu ildən 01.04.1989-cu ilədək X3 əyirici sexində əyirici şagirdi, 01.04.1989-cu ildən 16.10.2003-cü ilədək X4 (sonradan “X8” MMC adlandırılıb) əyirici sexində əyirici vəzifəsində işləmişdir. Bu işlədiyi dövrlərdə zərərli əmək şəraitində işləmişdir. Bu işlədiyi illər əmək kitabçasında qeyd edilmişdir. 01.04.1989-cu ildən 16.10.2003-cü ilədək X4 (sonradan “X8” MMC adlandırılıb) əyirici sexində əyirici vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin,peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 32-ci bəndində qeyd edilmişdir. Bu qərara əsasən qadınlar 52 yaşına çatdıqda və ümumi iş stajı 20 il, bu Siyahıda qeyd edilmiş güzəştli iş stajı 10 il təşkil etdikdə yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ qazanırlar. Onun ümumi iş stajı 21 il 06 ay 13 gün, o cümlədən güzəştli iş stajı 14 il 06 ay 15 gün təşkil edir. O, zərərli əmək şəraitində işlədiyi üçün güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş və həmin vaxt 03.04.1982-ci ildən 02.01.1989-cu ilədək X3 əyirici sexində çıxarıcı, 02.01.1989-cu ildən, 01.04.1989-cu ilədək X3 əyirici sexində əyirici şagirdi, 01.04.1989-cu ildən 16.10.2003-cü ilədək X4 (sonradan “X8” MMC adlandırılıb) əyirici sexində əyirici vəzifəsində işləməyini təsdiq edən əmək kitabçası təqdim etmişdir. Lakin, cavabdeh təşkilat onun bu arayışda göstərilmiş bu iş stajlarını nəzərə almayaraq imtina cavabı vermşdir. Eyni zamanda Şöbənin 15.10.2019-cu il tarixli, **********4 saylı cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi bildirilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkətləri onun hüquqlarını məhdudlaşdıran hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Etiraza əsasən, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, o, 03.04.1982-12.01.1989-cu illərdə (06 il 09 ay 09 gün) əyirici sexində “çıxancı” peşəsində; 09.01.1989-28.04.1989-cu illərdə (03 ay 19 gün) əyirici sexində “əyirici şagirdi” peşəsində; 28.04.1989-16.10.2003-cü illərdə (14 il 05 ay 18 gün) əyirici sexində “əyirici” peşəsində çalışmışdır. Əmək kitabçasındakı qeydlərə əsasən, ümumi əmək stajı 21 il 05 ay 16 gün təşkil edir. İddiaçının təqdim etdiyi “X9” MMC-nin iyun 2018-ci il və 20 noyabr 2020-ci il tarixli arayışlarından görünür ki, 1984-cü ilin iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr (06 ay); 1985-ci ilin yanvar, fevral, mart, aprel, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr (10 ay); 1986-cı ildə isə, bütövlükdə analıq məzuniyyətinəd olub. Bu dövr ümumilikdə 02 il 4 aya bərabərdir. İddiaçının təqdim etdiyi “X8” MMC-nin 2018-ci il və 2020-ci il tarixli arayışlarından görünür ki, 1990, 1994, 1995 və 1996-cı illərdə çalışması (əmək haqqı alması barədə) məlumat yoxdur; 1999-cu ilin yanvar-iyun aylarında (06 ay) öz hesabına məzuniyyətdə olub; 2003-cü ildə çalışması (əmək haqqı alması) barədə məlumat yoxdur (10 ay 16 gün). Bu dövr 05 il 04 ay 16 gün təşkil edir. Göründüyü kimi, iddiaçının əmək kitabçasındakı qeydlər hələ onun 21 il 05 ay 16 gün ümumi əmək stajına malik olduğunu deməyə imkan vermir. Təsadüfi deyldir ki, Mərkəzi Filial məhz əmək haqqı cədvəlləri əsasında iddiaçının işləyib-işləmədiyini müəyyənləşdirməyə çalışmışdır. Səbəbi isə açıqdır – bu dövrdə müəssisənin fəaliyyət göstərib-göstərmədiyi qeyri-müəyyəndir. İşdəki sənədlər arasında ziddiyət vardır. Belə ki, işdə olan DSMF-nun Gəncə şəhəri Nizami rayon Şöbəsinin məsləhətçiləri Etibar Vəliyev və Şəhriyar Məmmədov, “X8” MMC-nin kadrlar şöbəsinin rəisi Xalidə Səfərovanın iştirakı ilə tərtib edilmiş 09 avqust 2019-cu il tarixli aktda yoxlamaya iddiaçı ilə bağlı əmək haqqı cədvəllərinin təqdim edilmədiyi qeyd edilmişdir. Lakin, necə olursa, məhkəməyə “X8” MMC-nin iyun 2018-ci il və 20 noyabr 2020-ci il tarixli arayışları təqdim edilir. Həmin arayışlarda iddiaçının aldığı əmək haqlarına dair məlumatlar qeyd edilib. Guya həmin məlumatlar əmək haqqı cədvəlləri əsasında sözügedən arayışlara daxil edilib. Sual ondan ibarətdir ki, qarşılıqlı yoxlamaya və DSMF-nin əməkdaşlarına təqdim edilə bilməmiş əmək haqqı cədvəlləri necə ortaya çıxıb?! Digər tərəfdən, maraqlıdır ki, 2018 və 2020-ci il tarixli arayışları “X8” MMC-nin adından “Müəssisənin rəhbəri Əhmədov G.Ə” adlı şəxs imzalayıb. İnternet Vergi İdarəsinin məlumatına əsasən, “X8” MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi X1r. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi 10 iyun 2019-dur. Bundan başqa, iddiaçı 1982-ci ildən işlədiyini iddia etdiyi halda, əmək kitabçasının doldurulma tarixi 28 oktyabr 2020-ci ildir. İddiaçı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci i ltarixli, 12 saylı Qərarı ilə təsdiqlənmiş Siyahının 32-ci bəndinə itinad edir və bildirir ki, 14 il 06 ay 15 gün güzəştli iş stajına malikdir. Həmin Siyahının 32-ci bəndi “Toxuculuq istehsalatı” adlanır. Həmin bölmədə “əyricilər” peşəsi nəzərdə tutulub. Bununla bağlı bildirirlər ki, iddiaçı 12 saylı deyil, Azəbraycan Respublikası Nazirlər Kabinetinin 01.06.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiqlənmiş Siyahıya istinad edə bilər. Belə ki, iddiaçı pensiya hüququnun 01 yanvar 2006-cı il tarixədək yarandığını iddia edir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və staja dair tələblərinin ona şamil edilməsi olduğu qənaətindədir. Ancaq nəzərə alınmalıdır ki, iddiaçının güzəştli olduğunu iddia etdiyi peşə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (a) və (b) bəndlərində öz əksini tapmayıb. İddiaçının tələbinin əsasını “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (e) bəndi təşkil edir. Həmin bəndə görə, toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar – Azərbaycan Respulikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə - 52 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Nazirlər Kabinetinin 320 saylı Qərarı ilə yalnız 1 və 2 saylı Siyahılar təsdiqlənməyib. Eyni zamanda, qeyd etdikləri (e) bəndinə dair Siyahı da, təsdiqlənib. 1 və 2 saylı Siyahılar “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (a) və (b) bəndlərinə münasibətdə keçərlidir. Digər tərəfdən, 1 və 2 saylı Siyahılarda “Toxuculuq istehsalatı” bölməsində “əyirici” peşəsi nəzərdə tutulmayıb. Nazirlər Kabinetinin 320 saylı Qərarı ilə təsdiqlənmiş və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin (e) bəndinə dair siyahı belə adlanır: “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”. Həmin Siyahıda “əyirici” peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, “Vətəndaların pensiya təminatı haqqında” Qanunun (e) bəndinə əsasən, iddiaçının “əyirici” peşəsində güzəştli iş stajı 20 il olmalıdır. İddiaçının belə bir staja sahib olmadığı aşkardır. Fərz edilsə ki, iddiaçı Nazirlər Kabinetinin 12 saylı Qərarı ilə təsdiqlənmiş Siyahıya istinad etməkdə haqlıdır. Bu ehtimalda, iddiaçının 10 il güzəştli iş stajını toplaması tələb edilir. İddiaçı 02.01.1989-16.10.2003-cü illərdə (14 il 09 ay 14 gün) çalışdığı “əyirici” peşəsinin güzəştli olduğu qənaətindədir. Yuxarıda qeyd edildiyi kimi, hətta ididaçının təqdim etdiyi arayışlar mötəbər sayılsa belə, 1990-2003-cü illəri əhatə edən dövrün 05 il 04 ay 16 günlük hisəssində iddiaçının “X8” MMC-də çalışması müəyyən edilmir. Yəni, bu halda belə, iddiaçı 10 illik güzəştli iş stajını topladığını isbat edə bilmir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə gəlməmələrinin səbəbləri barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli, 28.10.2003-cü il tarixdə doldurulmuş əmək kitabçasının surətindən görünür ki, “X8” MMC-yə iddiaçı 12.04.1982-ci il tarixli, 54 k nömrəli əmrlə 03 aprel 1982-ci il tarixdən əyirici sexinə çıxarıcı vəzifəsinə işə qəbul edilmiş, 09.01.1989-cu il tarixli, 6 K nömrəli əmrlə 02.01.1989-cu il tarixdən əyirici sexinə əyirici şagird keçirilmiş, 28.04.1989-cu il tarixli, 157 nömrəli əmrlə 01.04.1989-cu il tarixdə əyirici sexinə 5-ci dərəcəli əyirici keçirilmiş, 16.10.2003-cü il tarixli, 56 K saylı əmrlə 16.10.2003-cü il tarixdə işdən azad edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 15.10.2019-cu il tarixli, **********4 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İdarəyə təqdim etdiyi 28 oktyabr 2003-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan 03.04.1982- 16.10.2003-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi “X8” MMC-də əmək stajının dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən adiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin müsəssisə tərəfindən əmək haqqı cədvəllərinin təqdim edilmədiyi bildirilmişdir. Bu səbəbdən onun əmək stajını dəqiqləşdirmək mümkün olmadığından yuxarıda qeyd olunan dövrlər əmək stajına daxil edilmir. Buna görə də, onun 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən və güzəştli iş stajı 01 ildən az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İşdə olan “X8” MMC tərəfindən verilmiş 26.11.2020-ci il tarixli arayışdan görünür ki, X2 1982, 1983, 1984,1985, 1987, 1988,1989,1991, 1992, 1993-cü illərə dair əmək haqqı ödənişləri edilməsi, 1986-cı ildə analıq məzuniyyətində olması barədə qeydlər mövcuddur. İşdə olan “X8” MMC tərəfindən təsdiq edilmiş, 12.04.1982-ci il tarixli, 54 K saylı, 09.01.1989-cu il tarixli, 06k saylı, 29.04.1989-cu il tarixli, 157 saylı və 16.10.2003-cü il tarixli, 56 K saylı əmrlərdən görünür ki, iddiaçı 12.04.1982-ci il tarixli, 54 k nömrəli əmrlə əyirici sexinə çıxarıcı vəzifəsinə işə qəbul edilmiş, 09.01.1989-cu il tarixli, 6 K nömrəli əmrlə əyirici sexinə əyirici şagird keçirilmiş, 28.04.1989-cu il tarixli, 157 nömrəli əmrlə əyirici sexinə 5-ci dərəcəli əyirici keçirilmiş, 16.10.2003-cü il tarixli, 56 K saylı əmrlə 16.10.2003-cü il tarixdə işdən azad edilmişdir. İşdə olan “X8” MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, X6 həqiqətən “X8” MMC-də əyirici sexində əyirici peşəsində 02.01.1989-cu ildən 16.10.2003-cü ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiqlənmiş Siyahının 32-ci bölməsində nəzərdə tutulan əyirici peşəsində işləmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən “X8” MMC tərəfindən verilmiş 26.11.2020-ci il tarixli, 28 nömrəli məktubdan görünür ki, Abdiyeva (Məmmədova) Səliqə Bayram qızı 03 aprel 1982-ci il tarixdən 12 aprel 1982-ci il tarixli, 54 k nömrəli əmrlə M.D.Hüseynov adına Kirovabad Xalça-Mahud kombinatının əyirici sexinə əyirici şagird vəzifəsinə keçirilmiş, 01 aprel 1989-cu il tarixdən 28 aprel 1989-cu il tarixli 157 nömrəli əmrlə əyirici sexinə 5-ci dərəcəli əyirici vəzifəsinə keçirilmiş, 16 oktyabr 2003-cü il tarixdən 16 oktyabr 2003-cü il tarixli, 56 k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. Məlumat üçün bildirmişlər ki, M.D.Hüseynov adına Gəncə Xalça-Mahud Kombinatının adı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 17 fevral 2002-ci il tarixli, 197 nömrəli sərəncamına əsasən dəyişdirilərək “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə cavabdehin imtinasında və etirazında göstərdiyi dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

1. Cavabdeh iddiaçının müraciətindən imtina edərkən və məhkəməyə etiraz təqdim edərkən hesab etmişdir ki, iddiaçının tələbinin əsasını “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Lakin, iddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, iddiaçının tələbinin əsasını “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu deyil, 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir.

2. Cavabdehin iddiaçının ümumi iş stajı ilə bağlı mövqeyinə görə, iddiaçının ümumi iş stajı 20 ildən azdır. Bununla bağlı mövqeyini onunla əsaslandırır ki, iddiaçının 1982-2003-cü illərdə əmək haqqı alması barədə müəssisə tərəfindən əmək haqqı cədvəlləri təqdim edilməmişdir. “X8” MMC tərəfindən sonradan təqdim edilmiş arayışlarda isə iddiaçının 1984-cü ilin iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr; 1985-ci ilin yanvar, fevral, mart, aprel, iyun, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə ödənişsiz məzuniyyətdə olması, 1986-cı il üzrə isə bütövlükdə analıq məzuniyyətində olması göstərilmiş, 1990, 1994, 1995, 1996-cı illərdə çalışması (əmək haqqı alması) barədə məlumat göstərilməmiş, 1999-cu ilin yanvar-iyun aylarında (06 ay) öz hesabına məzuniyyətdə olmuş, 2003-cü ildə isə çalışması (əmək haqqı alması) barədə məlumat göstərilməmişdir. Eləcə də, əmək haqqı cədvəlləri DSMF-nun Nizami rayon Şöbəsinin məsləhətçilərinə təqdim edilmədiyindən, həmin arayışların mötəbərliliyi şübhə doğurur. Göstərilən hallar isə iddiaçının əmək stajının əslində 20 ildən az olduğunu təsdiq edir. Məhkəmə cavabdehin sözügedən dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin normalarına əsasən, yəni, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21.11.2011-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Eləcə də, həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi, qanunverici Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına və dövlət arxivinin arayışları ilə təsdiqlənməsini zəruri hesab etmiş, əmək haqqının ödənilməsi barədə cədvəllər iş stajı təsdiq edən sənəd kimi müəyyən edilməmişdir. Bu səbəbdən də, iddiaçı barədə əmək haqqı cədvəllərinin təqdim edilməməsi onun iş stajının hesablanmaması üçün əsas ola bilməz. Bu səbəbdən də, sözügedən arayışların mötəbərliliyinə qiymət verilməsinə zərurət yoxdur. Bundan başqa, iddiaçının ödənişsiz məzuniyyətdə olması və analıq məzuniyyətində olması həmin illərin sığorta stajına daxil edilməməsi üçün əsas ola bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sözügedən dövrlər iş stajına daxil edilməlidir.

3. Cavabdeh etirazında iddiaçının 1982-ci ildən işlədiyi halda, əmək kitabçasının 28 oktyabr 2020-ci il tarixdə doldurulmasına istinad etmişdir ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, iddiaçının əmək kitabçası, o, 16.10.2003-cü il tarixli əmrlə işdən azad olunduqdan sonra 28.10.2003-cü il tarixdə doldurulmuşdur. Bundan başqa, iddiaçının əmək kitabçasında göstərilənlərin mötəbərliliyi, iş materiallarında olan əmrlər əsasında sübuta yetirilir. Məhkəmə eləcə də, iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iddiaçının 28.04.1989cu il tarixdən 16.10.2003-cü il tarixədək işlədiyi əyirici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.06.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Toxuculuq istehsalı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalarların və peşələrin Siyahısı”-da və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiqlənmiş Siyahının 32-ci bəndində öz təsdiqini tapdığından, cavabdehin özü də, “əyirici” peşəsinin sözügedən qərarlarda öz əksini tapdığı ilə razılaşdığından (etirazda qeyd edilənlərə əsasən), həmin illər iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı işləmiş olduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş Toxuculuq istehsalı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalarların və peşələrin Siyahısı”-da və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda mövcud olduğundan və onun, 20 ildən çox ümumi və 10 ildən çox xüsusi iş stajına malik olması məhkəmə araşdırması zamanı təsdiq olunduğundan iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni 08.03.2017-ci il tarixdən təyin edilməsi və pensiya məbləğinin həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar