Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-713/2023 05.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə və vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarların ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 22 noyabr 2019-cu il tarixli **********219300 nömrəli “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə”, 22 fevral 2019-cu il tarixli **********228100 nömrəli “vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə”, 07 sentyabr 2020-ci il tarixli **********045100 nömrəli “hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərarların ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə vəsatətlə müraciət edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatətdə AR Mülki Prosessual Məcəlləsinin 130-cu maddəsinə, İPM-in 22, 24, 38-ci maddələrinə istinad olunmuş və bildirilmişdir ki, iddiaçıya mübahsə predmeti olan 22 noyabr 2019-cu il tarixli **********219300 nömrəli, 22 fevral 2019-cu il tarixli **********228100 nömrəli və 07 sentyabr 2020-ci il tarixli **********045100 nömrəli qərarlar elektron qaydada göndərilmişdir, həmin qərarlar iddiaçı tərəfindən oxunmuşdur. İddia ərizəsi məhkəməyə 1 fevarl 2022-ci il tarixdə iddia müddəti buraxılmaqla təqdim olunmuşdur. Bu səbəbdən iddai mümkün sayılmamalıdır. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 24-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 24.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, mövcud qanunvericilik məhkəmədə “mübahisələndirmə haqqında” iddianın qaldırılması üçün 30 günlük iddia müddəti müəyyən etmişdir. Qanunvericilik həmçinin 1 ilədək müddətdə buraxıldıqda iddia müddətinin bərpa olunması hallarını da mümkün sayır, lakin həmin müddətin 1 ildən artıq vaxt buraxılması üzrə iddianın qaldırılmasını aşağıdakı hallarla şərtləndirir: təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar. Hazırkı işin hallarına görə mübahisə predmeti olan qərarlar 22 fevral 2019-cu il, 22 noyabr 2019-cu il və 7 sentyabr 2020-ci il tarixlərdə qəbul olunmuşdur. Onların qəbulundan sonra qısa müddətdə İddiaçı MMC-yə hər hansı üsulla təqdim olunması ilə bağlı cavabdeh inzibati orqan məhkəməyə heç bir tutarlı sübut təqdim etməsə də, iş materiallarına surəti əlavə edilmiş Şirvan Kommersiya Məhkəməsinin e-2-1(121)-986/2020 saylı iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə onun icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-1(121)-986/2020 saylı iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsinin surəti iddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilmişdir. Həmin qətnamədən onun narazı qalması, şikayət verməsi, habelə hazırkı mübahisə üzrə iddia müddətinin 1 ildən artıq müddət buraxılmasının üzürlü səbəbləri barədə iddia ərizəsində hər hansı məlumat əks olunmamışdır. Həmçinin, məhkəmənin hazırkı iş üzrə müvafiq xəbərdarlıq etməsinə baxmayaraq, iddiaçı tərəfin nümayəndəsinin məhkəmə iclasında iştirakı da təmin olunmamışdır. Məhkəməyə ərizə ünvanlamaqla nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsi xahiş olunmuşdur. Bütün bunlar iddiaçının müvafiq borc məbləğləri ilə bağlı həmin ərəfədə məlumatlı olmasını təsdiqləyir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddia qaldırılarkən iddia müddət 1 ildən artıq müddət buraxılmışdır. Buraxılmış iddia müddətinin bərpasına gəldikdə isə, bu müddət 1 ildən artıq vaxt buraxıldıqdan və müvafiq halların (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar) baş verməsi üzrə xüsusatlar təqdim edilmədiyindəN. müddətin bərpası barədə ərizənin verilməsi də mümkünsüzdür və bu səbəbdən məhkəmə müddətin bərpası barədə ərizə verilməsini iddiaçıya tövsiyə etməmişdir. Bununla da məhkəmə hesab edir ki, iddia müddəti buraxıldığından, buraxılmış prosessual müddət bərpa olunmadığından qaldırılmış iddia mümkünsüzdür. Beləliklə, hazırkı iddia qanunla müəyyənləşdirilmiş iddia müddəti buraxılmaqla qaldırıldığından, mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-713/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-713/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver