Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-713/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. O, ehtiyyatda olan tibb xidməti polkovnik-leytenantıdır. İddiaçı döyüş əməliyyatları başlayan gün könüllü olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Füzuli rayonu, Əhmədbəyli kəndində gedən döyüş əməliyyatları zamanı yaralanan hərbi qulluqçulara, əsgər və zabitlərə lazımi qaydada tibbi yardım göstərmişdir. Hərbi əməliyyatlar olan bölgəyə ezam olunmağı barədə xx.xx.2020-ci il tarixli, 225 nömrəli əmr və həmin bölgədən geri çağırılmağı (təxris olunmağı) barədə xx.xx.2020-ci il tarixli, 238 nömrəli əmrlərlə təsdiq edilir ki, iddiaçı döyüş əməliyyatları gedən bölgədə, yəni N nömrəli hərbi hissədə xidmət etmişdir. Göstərilənlərə əsasən ona müharibə veteranı statusunun verilməsi ilə bağlı cavabdehə müvafiq sənədlərlə (şəxsiyyət vəsiqəsinin surəti, müvafiq arayışlar və s. sənədləri ərizəyə əlavə etməklə) ərizə ilə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, o, 44 günlük “Vətən Müharibəsi”ndə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Füzuli rayonu, Əhmədbəyli kəndində gedən döyüş əməliyyatları zamanı yaralanan hərbi qulluqçulara, əsgər və zabitlərə lazımı qaydada tibbi yardım göstərmişdir. Qeyd olunan ifadənin əsasında da cavabdehə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbini irəli sürmüşdür. Müdafiə Nazirliyinin komissiyasının 27 oktyabr 2023-cü il tarixli iclasında iddiaçının ərizəsinə baxılmış və “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi iddiaçının xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yerin ərazi meyarlarına uyğun olmadığı göstərilmişdir. Qanunvericiliyin tələblərinə əsasən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi düyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Müdafiə Nazirliyinin Baş X2 Valeh Malik oğlu barəsində təqdim etdiyi arayış-məlumatda onun ezam olunması ərazi Əhmədbəyli hərbi hospital göstərilmişdir. İddiaçının ezam olunduğu ərazidə (Əhmədbəyli Hərbi Hospital) döyüş əməliyyatları aparılmamışdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlmək olar ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, ihəmçinin bildirdi ki, N nömrəli hərbi hissə Beyləqan rayonunda yerləşir. Bu ordu korpusunun mərkəzidir. Belə ki, ezam olunan hərbçilər əvvəlcə həmin hərbi hissəyə gətirilir və oradan müvafiq hərbi hissələrə göndərilirlər. N hərbi hissə isə Füzuli rayonunda yerləşir. Həmin hərbi hissə hərbi hospitaldır. O, həmin hərbi hissədə ezamiyyətdə olmuş və bilavasitə cəbhə bölgəsindən gətirilən yaralı hərbçilərə tibbi yardım göstərilməsində iştirak etmişdir. Hesab edir ki, bu hal ona müharibə veteranı adı verilməsi üçün kifayət edir. Belə ki, o birbaşa döyüş təminatında iştirak etmişdir. Qeyd edilənlərə əsasn iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Silahlı Qüvvələrin Baş X3 27 sentyabr 2020-ci il tarixli 225 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı, ürək-damar cərrahiyyə bölməsinin həkim-cərrahı 212-N nömrəli hərbi hissəyə ezamiyyətə getmiş hesab olunmuşdur. Silahlı Qüvvələrin Baş X3 N oktyabr 2020-ci il tarixli 238 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı, ürək-damar cərrahiyyə bölməsinin həkimi, 212-N nömrəli hərbi hissələrdən N oktyabr 2020-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab olunmuşdur. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçı barədə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında heç bir sənəd və məlumat yoxdur. Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4599 nömrəli Ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı TBİR-nin xx.xx.2020-ci il tarixli 498 nömrəli telefonoqrammına əsasən xidməti zərurətlə əlaqədar olaraq N və N nömrəli hərbi hissələrə ezam olunmuşdur. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “Vətən müharibəsi” başlayan dövrdə N nömrəli hərbi hissə Beyləqan rayonu, Milabad qəsəbəsində, N nömrəli hərbi hissə Füzuli rayonu Əhmədbəyli kəndində yerləşmişdir. Döyüş əməliyyatlarında N və N nömrəli hərbi hissənin şəxsi heyəti və oraya ezam olunmuş bəzi şəxslər döyüş əməliyyatları aparılan ərazilərə göndərilib müxtəlif tapşırıqlar yerinə yetirmişlər. Döyüş əməliyyatları zamanı İddiaçı 27 sentyabr 2020-ci il tarixdən N oktyabr 2020-ci il tarixədək Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən hərbi hospitala (N nömrəli hərbi hissəyə) ezam olunmuş və döyüş əməliyyatları aparılan ərazilərə göndərilməmişdir. Silahlı Qüvvələrin Baş X3 19 yanvar 2021-ci il tarixli, 15 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı, Ürək-Damar cərrahiyyə şöbəsinin, Ürək-damar cərrahiyyə bölməsinin həkim-cərrahı Azərbaycan Respublikası Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (öz təşəbbüsü ilə) əsasən xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İddiaçı onun 44 günlük “Vətən müharibəsi” dövründə N saylı hərbi hissəyə, yəni hərbi hospitala ezam olunaraq burada yaralı hərbçilərə tibbi yardım göstərdiyinə əsaslanaraq ona müdafiə veteranı adının verilməsini xahiş edir. Qeyd edilməlidir ki, “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək aparılan hərbi əməliyyatlarla bağlı iddiaçıya müharibə veteranı adı verilməsi üçün aşağıdakı hallardan biri müəyyən edilməlidir:
1. Hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş olmalı.
2. Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş olmalı.
3. Döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı.
4. Döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirməli.
5. Hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirmiş olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi əməliyyatların aparıldığı dövrdə N nömrəli hərbi hissəyə, yəni hərbi hospitala hərbi həkim olaraq ezam olunmuş və həmin hərbi hospitalda yaralı hərbçilərə tibbi yardım göstərilməsi ilə məşğul olmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq iddiaçının N nömrəli hərbi hissəyə ezam olunduğu, həmin hərbi hissənin hərbi hospital olmaqla bilavasitə döyüş əməliyyatlar aparılan zonada yerləşmədiyi və iddiaçının döyüş tapşırıqlarını icra etmək üçün döyüş əməliyyatlarının aparıldığı zonaya göndərilmədiyi bildirilmişdir. Yuxarıda qeyd edilən əsasnamənin müddəalarından göründüyü kimi “Döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunma” ifadəsi bilavasitə döyüş zonasında döyüş tapşırıqlarının yerinə yetirilməsini ehtiva edir. Məsələn, hərbi həkimin birbaşa döyüş əməliyyatları zonasında yaralı hərbçilərə yerindəcə tibbi yardım göstərməsi və sair. Göründüyü kimi iddiaçı Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən hərbi hospitalda ezamiyyətdə olmuş və həmin ərazi bilavasitə döyüş əməliyyatları aparılan ərazi olmamışdır. Əgər iddiaçının müharibədə yaralanmış hərbçilərə tibbi yardım göstərməsi əsası ilə ona müharibə veteranı adı verilərsə, həmin məntiqlə Bakı şəhərində yerləşən hər hansı tibb müəssisəsində müharibədə yaralanmış hərbçilərə tibbi yardım göstərən şəxslər də onlara müharibə veteranı adı verilməsini tələb edə bilərlər ki, bu qanunvericiliyə uyğun hesab edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Emin Abdullayev