Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7130/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin müavinətin dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması, əlillik dəcəsinin və müavinətin bərpa edilməsi, ödənilməmiş məbləğlərin öhənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 9 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçıya “bel-oma osteoxondrozu, L5-S1 fəqərəarası diskin protruziyası, kəskin davamlı kökcük ağrılarla, residiv gedişli” diaqnozu 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bunun ardınca ona yenidən 10 sentyabr 2016-cı il tarixə müayinə təyin edilmişdir. Belə ki, 10 sentyabr 2016-cı il tarixdə aparılan təkrar müayinə zamanı iddiaçıya təyin edilən diaqnozun müddəti 5 illik müəyyən edilmiş və nəticədə ona yenidən 2-ci dərəcəli əlillik verilmişdir. Həmin xəstəlik səbəbindən o, öz əmək qabiliyyətini itirmiş və normal həyat tərzini dəyişməli olmuşdur. Belə ki, öz hərəkətlərini sərbəst surətdə edə bilmir, yeridikdə çətinlik çəkir. Əlilliklə bağlı müavinət 2021-ci ilədək heç bir problem olmadan ona verilirdi. O, həmin müavinətlə öz sağlamlıq xərclərini qarşılayırdı. Lakin 10 sentyabr 2021-ci il tarixdən etibarən ona bu barədə heç bir məlumat verilmədən əlillik müavinəti dayandırılmışdır. O, təkrar müayinəyə də bir neçə ay müddətində çağrılmamışdır. Yekunda məcbur qalıb özü cavabdeh təşkilata müraciət etməli olmuşdur. Bundan sonra, yenidən müayinə zamanı tam əsassız olaraq ona təyin olunmuş müavinətin dayandırılması qərara alınmışdır. Belə ki, ərizəyə əlavə olunmuş bildirişdən də göründüyü kimi, ona yenidən əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Həmin bildirişdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəb kimi qeyd edilmişdir. Halbuki, qoyulmuş diaqnoz elə həmin bildirişdə də ətraflı surətdə əks olunmuşdur. Həmin diaqnoz da qanunvericiliyin tələbinə əsasən 2-ci dərəcəli əlillik dərəcəsinin əhatə dairəsinə düşməkdədir. Heç bir əsas olmadan əlillik dərəcəsi əsasında təyin olunmuş müavinət dayandırılmışdır. Bunun edilməsində məqsəd isə yenidən əlilliyin bərpası üçün mane yaradılmasıdır. Halbuki, əlil vətəndaşların sosial təminatı dövlət orqanlarının fəaliyyətinin əsas istiqaməti olmalıdır. Lakin hazırda üavinətin dayandırılmasından başqa, hüquqları pozulan vətəndaşın yazılı müraciətinə belə cavab verilmir. İddiaçının aldığı müayinə və müalicələr ilə bağlı xüsusatlar belədir: 20 sentyabr 2017-ci il tarixdə “İstanbul NS” klinikasında müayinə və müalicə olunmuşdur. 22 noyabr 2017-ci il tarixdə “Aristokrat” Tibb Mərkəzindən təqdim edilən arayışda diaqnoz təsdiq olunmuş və 6 noyabr 2017-ci il tarixdən 22 noyabr 2017-ci il tarixədək olan dövrdə ambulator müalicə aldığı qeyd edilmişdir. Həmin klinikanın təqdim etdiyi 25 aprel 2018-ci il tarixli arayışda isə, yenidən diaqnoz təsdiq olunmuş və 9 aprel 2018-ci il tarixdən 25 aprel 2018-ci il tarixədək ambulator müalicə almağı qeyd olunmuşdur. 29 oktyabr 2018-ci il tarixdə ərazi üzrə 11 saylı şəhər poliklinikasına ağrıları və xəstəliyi ilə bağlı yenidən müraciət etmiş, aparılan tibbi proseduralar xəstəlik tarixçəsinə qeyd edilmişdir. 8 sentyabr 2019-cu il tarixdə “Stimul Hospital” tərəfindən verilmiş arayışda 28 avqust 2019-cu il tarixdən 8 sentyabr 2019-cu il tarixədək “Traksiya, elektrostimulyasiya, nevral terapiya və masaj” prosedurlarından keçdiyi qeyd olunmuşdur. 6 may 2020-ci il tarixdə AR DTX-nin Hərbi-Tibb İdarəsində müayinə və müalicələr almağa davam etmiş, aparılan yoxlamalar zamanı xəstəliyin davam etməsi öz təsdiqini tapmışdır. 10 sentyabr 2020-ci il, 17 fevral 2021-ci il və 17 aprel 2021-ci il tarixlərdə yenidən ağrıları dözülməz həddə çatmış və məcbur olub şəhər poliklinikasına müraciət etmişdir. 1 dekabr 2021-ci il tarixdə isə Tibbi Ərazi Bölmələri X3 Tibb Mərkəzinə xəstəliyi ilə bağlı müraciət edərək 15 günlük stasionar müalicə almışdır. Bununla bağlı epikriz də qoşma vasitəsi ilə iddia ərizəsinə əlavə olunur. Hazırkı iddia tələbi isə cavabdeh orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Ona 10 sentyabr 2021-ci il tarixdən hazırkı tarixədək ödənilməyən əlillik müavinətlərinin ödənilməsi və 2-ci dərəcəli əlilliyin bərpa edilməsi xüsusi ilə əhəmiyyətlidir. Göründüyü kimi, dövlət orqanı tərəfindən ona əlillik dərəcəsi və diaqnozu təyin edilmiş və təyin edilən vaxt onda olan xəstəliyin davam etməsinə baxmayaraq əlillik müavinəti əsassız olaraq dayandırılmışdır. Bu isə onun konstitusion və sosial təminat hüquqlarının pozulmasıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə, İPM-in 2.2.1, 2.2.4, 4.1, 12 – 14, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçıya təyin olunmuş əlillik müavinətinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 2-ci dərəcəli əlillik dərəcəsinin və müavinətinin bərpa edilməsi, 10 sentyabr 2021-ci il tarixdən hazırkı vaxtadək ödənilməmiş müavinəti ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nümayəndəsinin İPM-in 47-ci maddəsinin tələblərinə müvafiq olaraq, məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı əlillik vəziyyətinə Bakı 11 nömrəli şəhər poliklinikasının 17 iyun 2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar ‘=> M93.9 - ...; Diaqnozun mətni: Bel-oma osteoxondrozu.L5-S1 fəqərəarası diskin protruziyası, kəskin davamlı kökcük ağrılarla, residiv gedişli; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması hallan” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 14 sentyabr 2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.9 - ...; Diaqnozun mətni: Bel-oma osteoxondrozu. L5-S1 fəqərəarası diskin protruziyası,kəskin davamlı kökcük ağrılarla,residiv gedişli; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 11 nömrəli şəhər poliklinikasının 29 dekabr 2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 - Radikulopatiya; Diaqnozun mətni: Radikulopatiya, Bel-oma ostexondrozu.L5-S1 fəqərəarası diskin protruziyası, kəskin və davamlı kökçük ağrıları ilə,residiv gedişi. Digər paralitik sindromlar, Aşağı ətrafların parezi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması AR ƏƏSM Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, AR Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ Onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilir. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddianın «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbisosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Həmin Qaydanın 1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: - (1.5.1) şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - (1.5.2) şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); - (1.5.3) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; - (1.5.4) peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; - (1.5.5) əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İş materiallarında olan “İstanbul NS” Klinikası tərəfindən verilmiş 20 sentyabr 2017-ci il tarixli arayışdan görünür ki, Zeynalova (Şirinova) Sevil Nazim qızının hər iki aşağı ətrafında ümumi bud, budun dərin və səthi venaları, dizaltı vena səviyyəsində tənəffüs aktı ilə sinxronizə olunmuş fazalı qan axını müəyyən edilir. Keçiriciliyin pozulması əlamətləri aşkarlanmadı, mənfəs sərbəstdir, exoneqativdir, RDX zamanı tam rənglənir, valsalva sınağı aparıldıqda qapaq çatışmazlığı əlamətləri aşkarlanmadı. Sulal venalarda dəyişiklik yoxdur. İş materiallarında olan “Aristokrat” Tibb Mərkəzi tərəfindən verilmiş 25 aprel 2018-ci il tarixli 23 saylı arayışdan görünür ki, Zeynalova (Şirinova) Sevil Nazim qızının Mərkəzdə 9 aprel 2018-ci il tarixdə həkim müayinəsindən keçmişdir, ona “boyun fəqərələrinin yayılmış osteoxondrozu” diaznozu qoyulmuşdur. Xəstə 9 aprel 2018-ci il tarixdən 25 aprel 2018-ci il tarixədəl ambulator müalicə almışdır. İş materiallarında olan “Aristokrat” Tibb Mərkəzi tərəfindən verilmiş 22 noyabr 2017-ci il tarixli17 saylı arayışdan görünür ki, Zeynalova (Şirinova) Sevil Nazim qızı 6 noyabr 2017-ci il tarixdə müayinədən keçmiş və ona “disxogen mənşəli resediv verən daimi ağrı sindromu ilə təzahür edən bel oma fəqərələrinin osteoxondrozu L5 – S1 fəqərəarası diskin pratruziyası” diaqnozu qoyulmuşdur. Xəstə 6 noyabr 2017-ci il tarixdən 22 noyabr 2017-ci il tarixədək ambulator müalicə almışdır. İş materiallarında olan “Stimul Hospital” tərəfindən verilmiş 823 saylı arayışdan görünür ki, İddiaçı “Stumul Hospital” klinikasında 28 avqust 2019-cu il tarixdən “traksiya, elektrostimulyasiya, nevral terapiya və masaj” prosedurlarına başlamış, 8 sentyabr 2019-cu il tarixdə həmin proseduru bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsilzik Xidmətinin Hərbi-Tibb Baş İdarəsi tərəfindən verilmiş 6 may 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı müayinəsi zamanı “C3 – C7 disklərin dehidortasiyası, C5 – C6 diskin hibroz həlqəsinin qabarması, L5 – S1 diskin median yerləşmiş 3.0 mm ölçülən pratuziyası” müəyyən edilmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələri X3 Tibb Mərkəzi tərəfindən verilmiş 9359 saylı xəstəlik tarixçəsindən görünür ki, İddiaçı 1 dekabr 2021-ci il tarixdən 16 dekabr 2021-ci il tarixədək Mərkəzdə müalicə olunmuş və instrumental müayinələrin nəticəsinə əsasən boyun fəqərələrinin dəyişikliyi müəyyən edilmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi, İddiaçı ilkin olaraq 9 oktyabr 2015-ci il tarixdə “bel-oma osteoxondrozu.L5- S1” diaqnozu üzrə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, sonradan o, təkrar müayinəyə cəlb olunaraq həmin diaqnoz təsdiqləndiyindən, ona sözügedən diaqnoz üzrə yenidən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı 2021-ci ildə əlillik müddətinin başa çatması ilə əlaqədar müvafiq tibb müəssisəsində müayinə olunmaqla onun əlilliyi hazırkı cavabdeh inzibati orqan tərəfindən qiymətləndirilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edur ki, imtina əsassızdır. Belə ki, İPM-in 14.3-cü maddəsinə (ikinci cümləsi) əsasən sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan hazırkı məhkəmə icraatında imtinasını formal şəkildə xüsusatlarla əsaslandırmış, iddiaçının müayinəsi zamanı konkret hansı instrumental müayinə metodlarından istifadə olunduğunu bildirməmiş, sadəcə “diaqnoz əlillik təyin etmir” səbəbi göstərməklə kifayətlənmişdir. Halbuki, iddiaçının 2016-cı ildən sonra müxtəlif tibb müəssisələrində müayinəsi zamanı ona həmin vaxt ikinci dərəcə əlilliyin təyinatında qoyulmuş diaqnoz üzrə mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin aradan qalxması və səhhətində digər yaxşılaşmalar müəyyən olunmamış, onun “bel-oma osteoxondrozu.L5-S1” diaqnozu digər tibb müəssisəsinin arayışşında təsdiqlənmiş, eləcə də səhhətində müsbət dəyişiklik baş verməsi halların ilə bağlı xüsusatlar müvafiq göndəriş və cavabdehin imtinasında da əks olunmamışdır. Cavabdeh inzibati orqanın imtinasında bu xüsusat bildirilməsə də, məhkəmə bir halı da diqqətə çəkir. Nəzərə alınmalıdır ki, iddiaçıya hazırkı əlilliyin təyinatı əvvəlki əlilliyin müddətinin bitməsi ilə əlaqədar aparıldığından, mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliyin davam etdiyi təqdirdə ona münasibətdə «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi deyil, 1.5.3-cü bəndinin tələbləri tətbiq edilməlidir. Qaydanın 1.5.3-cü bəndi isə, şəxsin orqanizminin pozulmuş funksiyalarının bərpa olunmamasını və müvafiq sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularını “eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması” ilə şərtləndirmir. Bu isə, onu deməyə əsas verir ki, iddiaçının xəstəlikləri aradan qalxmadığı halda, ona əlilliyin təyinatında müvafiq müddət üzrə əlavə müalicədə olması tələb olunmur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla da məhkəmə iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsi hərəkətlərinə işdə olan sübutlar və tərəflərin dəlilləri məcmusunda qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya əlillik təyin edilməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinası qanunsuz sayılmalı və İddiaçı ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1, 69, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinası qanunsuz sayılsın. İddiaçı ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7130/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7130/2022
24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver