Məhkəmə qərarları › İş №2-1(112)-7132/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7132/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7132/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 61-80 faiz əlillik təyinatı aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Dövlət Tibbi Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli əllillik təyinatına imtina edilməsi barədə (əlilliyin ləğv edilməsi) qərarın qanunsuz sayılması və əlillik alt sistemdə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “Dövlət Tibbi Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli əllillik təyinatına imtina edilməsi barədə (əlilliyin ləğv edilməsi) qərarın ləğv olunması və əlillik alt sistemdə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1981-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. İddiaçıya leytenant hərbi rütbəsini fərqlənmə ilə Ali Hərbi Məktəbi bitirdiyinə görə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təqdim edilmişdir. xx.xx.1998-ci ildən xx.xx.2021-ci ilədək Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissələrdə xidmət etmişdir. Xidmətin çox hissəsi Xüsusi Təyinatlı və düşmənlə təmas şəraitində olan hərbi hissələrdə keçirmişdir. Vətən Müharibəsi zamanı döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. xx.xx.2021-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Vətən Müharibəsi zamanı Ali Baş Komandan tərəfindən “X5”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. İddiaçı qeyd edir ki, Vətən Müharibəsində aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik şəhadətnaməsi verilmişdir. Tibb müəssiəsinin göndərişi əsasında xx.xx.2023-cü ildə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilmiş, lakin faiz dərəcəsi göstərilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin iddiaçıya təyin etdiyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilmiş, lakin faiz dərəcəsi göstərilməməsi ilə razı deyildir, belə ki, səhətində olan xəstəliklərə əsasən iddiaçıya 61-80 faiz əlilllik təyin edilməlidir. İddiaçı hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin xx.xx.2022-ci ildə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 61-80 faiz əlillik təyinatı aparılmalıdır. İddiaçının əlillik müddətinin dəyişdirilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki iddiaçı tibb müəssisəsinin göndərişinə əsasən 2022-ci ildə qiymətləndirilmiş və bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyinin 61-80 faiz əlillik təyinatı aparılmadığı üçün iddiaçı hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçı müraciəti əsasında xx.xx.2023-cü il tarixdə həkim-ekspertlər tərəfindən Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’na uyğun olaraq xx.xx.2022-ci il tarixdən müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, iddiaçı dövlət tibb müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Əlilliyin qiymətləndirilməsi və reabilitasiya xidmətləri ilə bağlı əlavə sualı yaranacağı təqdirdə "142 Çağrı mərkəzi" ilə əlaqə saxlaya və ya Ərazi TSEK-lərinə müraciət edə biləcəyi qeyd olunmuşdur. Ərazi TSEK-lərinin ünvanları və qəbul qrafikləri barədə ətraflı məlumat www.dtsera.qov.az saytında qeyd edilmişdir.

6. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunan etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X1 xx.xx.2022- ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom. Üzvi sayıqlama [şizofreniyayabənzər] pozuntusu. Yüngül koqnitiv pozuntu. Nevrasteniya Gərginlik tipli baş ağrısı. Baş beynin ocaqlı travması. Baş beynin silkələnməsi. Kəllədaxili travmaların nəticələri; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnm və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (aitı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrf’nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.

7. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya üzvi mənşəli şəxsiyyət pozuntusu, postkontuzion sindrom, üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, yüngül koqnitiv pozuntu, nevrasteniya gərginlik tipli baş ağrısı, baş beynin ocaqlı travması, baş beynin silkələnməsi, kəllədaxili travmaların nəticələri diaqnozu ilə (təyin edilmə tarixi xx.xx.2023) müddətsiz əlillik təyin edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında xx.xx.2023-cü il tarixli (saat 04:31:22) Arayışda qeyd olunmuşdur ki, İddiaçı (FİN: xxxxxxx) üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom. Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu. Yüngül koqnitiv pozuntu. Nevrasteniya gərginlik tipli baş ağrısı. Baş beynin ocaqlı ocaqlı travması. Baş beyin silkələnməsi. Kəllədaxili travmaların nəticələri diaqnozu ilə müddətsiz əlillik təyin edilməsi etibarsız hesab edilmişdir. (arayışda əlillik səbəbi, əlilliyin təyin edilmə tarixi, əlilliyin qrupu qeyd olunmamışdır)

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında xx.xx.2023-cü il tarixli (saat 04:47:30) Arayışda qeyd olunmuşdur ki, İddiaçı (FİN: xxxxxxx) üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom. Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu. Yüngül koqnitiv pozuntu. Nevrasteniya gərginlik tipli baş ağrısı. Baş beynin ocaqlı ocaqlı travması. Baş beyin silkələnməsi. Kəllədaxili travmaların nəticələri diaqnozu ilə müddətsiz əlillik təyin edilmişdir (arayışda əlillik səbəbi, əlilliyin təyin edilmə tarixi, əlilliyin qrupu qeyd olunmamışdır)

10. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “vətəndaşın əlillik vəziyyəti haqqında” məktubda qeyd olunmuşdur ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı 2 saylı X1 J00049614NFD nömrəli göndərişi və müraciəti əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, müalicə potensialı tükənmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Qeyd edilmişdir ki, esosial platformasında əlillik təyinatı ilə bağlı imtina alan vətəndaşların şəxsi kabinetlərində “Əlillik müddəti” bölümündə “Müddətsiz” qeydinin düşməsi sistemdə mövcud olan texniki qüsur səbəbi ilə əks olunmaqda idi və vətəndaş İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin sistemdən çıxarıldığı dövr qeyd edilmiş problemin davam etdiyi müddəti əhatə etmişdir. Belə ki, bu problem daha öncədən aşkarlanmış və aradan qaldırılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti, həmçinin E-sosial.az və “Əlillik” altsistemindən cari tarix üzrə əldə edilmiş arayışlar məhkəməyə təqdim olunmuşdur.

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1981-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 12560 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, ifadə olunmuş vaddas zəifliyi və psixotik qoşulmalarla. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin sefalgik sindrom ilə təzahür edən posttravmatik ensefalopativa şəklində nəticəsi. Barotravma (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, soltərəfli nevrosensor ağıresitmə, pıçıltı nitqinin sağ qulaqda 6 (altı) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sol gözün miopivası 0,75D nəticəsində görmə itiliyinin 0,6-va qədər azalması, korreksiva ilə 1,0 olmaqla. Öd daşı xəstəliyi. Xroniki kalkulvoz xolesistit. Nevrosirkulvator asteniva qarısıq tip. İİ (ikinci) dərəcəli alimentar-konstitusional oivlənmə BÇİ-33. İkincili hissəvi adentiva” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 8956/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (baş-beyin kontuziyası) şəxsiyyət pozuntusu, ifadə olunmuş vaddas pozuntuları və psixotik pozuntularla (hallusinozlar)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 8760 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, ifadə olunmuş yaddas zəifliyi və psixotik qoşulmalarla" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, qulaqlarında küydən, zəif eşitmədən, baş ağrısından, baş gicəllənmədən, yuxu pozulmasından, yaddaş zəifləməsindən, əsəbilikdən şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Komissiya qərara almışdır ki, əlilliyin qiymətləndirilməsi nəticəsinə dair vətəndaşlar barədə aşağıdakı qərar qəbul edilmişdir: 1.19. İddiaçı – diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

12. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci bəndinə əsasən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması üçün iddiaçının əyani müayinəsinin keçirilməsi üçün müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iştirak edən iddiaçı bildirir ki, hazırki mübahisə iddiaçıya münasibətdə qüvvədə olan müddətsiz əlillik təyinatının texniki xəta adı altında ləğv edilməsi ilə əlaqəlidir. Ona görə də cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və iddiaçının müddətsiz əlilliyi bərpa edilməlidir. Odur ki, hesab edir ki, hazırki mərhələdə əyani müayinəyə göndərilməsi qanuni hesab edilə bilməz. Belə ki, həmin əyani müayinə müddətsiz əlilliyi etibarsız hesab edilməsindən öncə aparılmalı idi.

14. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

İİİ. Tətbiq edilən hüquq

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşmasıvə ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

17. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

İV. Məhkəmənin mövqeyi

21. Cavabdehin özünün də bildirdiyi kimi İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz əlillik təyin edilmiş, lakin xx.xx.2023-cü il tarixdə əlilliyin təyin olunmasından imtina edilmişdir.

22. Məhkəmə hesab edir ki, iddiaçı barəsində əlilliyin təyin olunmasından imtina haqqında xx.xx.2023-cü il tarixli qərar faktiki olaraq xx.xx.2023-cü il tarixdən qüvvəyə minməklə təyin edilmiş müddətsiz əlilliklə bir araya sığmamaqla sonrakı qərar əvvəlki qərarın nəticələrini aradan qaldırdığından qüvvədən düşmüşdür.

23. İnzibati Prosessual Məcəllənin 72-ci maddəsinə əsasən, inzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edir.

24. Digər tərəfdən qeyd edilməlidir ki, əlilliyin təyin olunmasından imtina haqqında həmin xx.xx.2023-cü il tarixli qərar ziddiyyətlidir (bir tərəfdən əlavə müalicəyə ehtiyacın olması, digər tərəfdən diaqnozun əlillik təyin edilməməsi bildirilir).

25. İddiaçının əlilliyinin xx.xx.2023-cü ildə müddətsiz müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati aktın ləğv edilməsi, geri çağırılması və ya ləğv edilməsi barədə qərar yoxdur. Cavabdeh daha əvvəl qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərara istinadən həmin qeydin nəzərə alınmamalı olduğunu hesab edir.

26. Məhkəmə hesab edir ki, məhz həmin xx.xx.2023-cü il tarixli qərar əsasında iddiaçıya sonrakı, yəni xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş əlillik barədə məlumat silindiyindən həmin əvvəlki xx.xx.2023-cü il tarixli qərarın etibarsız (qanunsuz) sayılmasında iddiaçının hüquqi marağı vardır və həmin maraq təmin olunmalıdır. Belə ki, həmin xx.xx.2023-cü il tarixli (əlilliyin təyinindən imtina haqqında) qərar iddiaçının xeyrinə əlverişli (xx.xx.2023-cü il tarixli) qərarla faktiki olaraq qüvvədən düşmüşdür.

27. Cavabdeh xx.xx.2023-cü il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəməyə dəlil təqdim etməmişdir. Cavabdeh bildirir ki, altsistemdə həmin xx.xx.2023-cü il tarixdə müddətsiz əlilliyin təyinatı ilə bağlı aparılmış qeyd texniki xəta nəticəsində baş vermişdir.

28. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən əlilliyin təyin edilməsinə dair inzibati akt xx.xx.2023-cu il tarixli olmaqla daha əvvəlki xx.xx.2023-cü il tarixli akta əsasən ləğv edilmişdir.

29. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir.

30. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçının xeyrinə olan inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.

31. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir.

32. Belə ki, cavabdeh bildirilmişdir ki, e-sosial platformasında əlillik təyinatı ilə bağlı imtina alan vətəndaşların şəxsi kabinetlərində “Əlillik müddəti” bölümündə “Müddətsiz” qeydinin düşməsi sistemdə mövcud olan texniki qüsur səbəbi ilə əks olunmaqda idi və vətəndaş İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin sistemdən çıxarıldığı dövr qeyd edilmiş problemin davam etdiyi müddəti əhatə etmişdir. Belə ki, bu problem daha öncədən aşkarlanmış və aradan qaldırılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti, həmçinin E-sosial.az və “Əlillik” altsistemindən cari tarix üzrə əldə edilmiş arayışlar məhkəməyə təqdim olunmuşdur.

33. Cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

34. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

35. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

36. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq texniki qüsur səbəbi ilə inzibati icraatdan kənar qaydada şəxsin əlilliyi barədə məlumatın altsistemdə etibarsız hesab etməkdə cavabdeh haqlı sayıla bilməz.

37. Məhkəmə hesab edir ki, əlillik altsistemində vətəndaşa münasibətdə əlverişli hesab olunan akt zaman intervalından asılı olmayaraq texniki qüsur səbəbi ilə ləğv və ya etibarsız hesab edilə bilməz.

38. Qeyd olunmalıdır ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra (müddətsiz əlilliklə bağlı əlillik altsistemində aparılmış müvafiq qeydin tarixindən sonra) həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə və ya etibarsızlığına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

39. Məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraat nəticəsində qəbul edilmiş müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı qərarın texniki qüsur səbəbi ilə etibarsız hesab edilməsi faktiki olaraq Qanunda göstərilmiş inzibati icraat aparılması qaydalarının pozulması nəticəsində qanunvericiliyə zidd olaraq iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

40. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

41. Cavabdeh müddətsiz əlilliyin təyini barədə xx.xx.2023-cü il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

42. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

43. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının hüquqi marağına əsasən məhz İPM-in 72-ci maddəsindəki dispozisiya şərtinə uyğun təmin olunmalıdır.

44. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Əlillik alt sistemində İddiaçı xx.xx.2023-cü il tarixdə təyin edilmiş müddətsiz əlilliyinin əllillik təyinatından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar əsasında silinməsi qanunsuz hesab edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdə təyin edilmiş müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar