Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7133/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Əmiağa qızının iştirakı ilə, İddiaçı Əmiağa qızının cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi və yeni dogum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əmiağa qızı cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1459 saylı 08.09.2007-ci il tarixli doğum haqqında akt qeydi əsasında təkrar şəhadətnamənin verilməsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Əzizbəyov rayonu VVADQ (hazırki Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi) tərəfindən İddiaçı Əmiağa qızının adına aparılmış 08.09.2007-ci il tarixli 1459 saylı doğum haqqında akt qeydinə müvafiq olaraq, iddiaçının doğum tarixində düzəliş edilərək 29.12.2001-ci il kimi göstərilməsi və yeni dogum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29.12.2001-ci il tarixində Bakı şəhərində anadan olmuş, Xəzər rayonunun Binə qəsəbəsində qeydiyyatsız yaşayır. İddiaçının adına Bakı şəhəri Əzizbəyov rayonu VVADQ (hazırki Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi) tərəfindən aparılmış 08.09.2007-ci il tarixli 1459 saylı doğum haqqında akt qeydində doğum tarixi səhv göstərildiyindən bu barədə düzəliş edilərək doğum tarixinin 29.12.2001-ci il kimi göstərilməsi və yeni dogum haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şəxsiyyət vəsiqəsi olmadığından ona müvafiq sənədin təkrar verilməsinin mümkün olmadığını bildirmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunsa da, cavabdehin etirazı məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, 02.09.2021-ci il tarixli məktubu ilə məhkəmə iclasının cavabdehin nümayəndəsi olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: - Cavabdehin 21.05.2021-ci il tarixli 05/15-532 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin “Qayda”nın 1.14-cü bəndinə əsasən şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. ’’Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Göstərilənlərlə əlaqədar şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından doğum haqqında təkrar şəhadətnamənin verilməsi şöbədə mümkün deyildir. Müvafiq sənədin verilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqında təkrar şəhadətnamə ilə təmin olunacaq. - Xəzər RPİ 15.01.2021-ci il tarixli rəyindən görünür ki, iddiaçı Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ünvanında yaşayır. Onun ünvan 2 ünvanına qeydiyyata alınması məqsədəmüvafiq hesab edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 23.06.2020-ci il tarixli ******* saylı “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” qərarından görünür ki, 29.11.2001-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08.09.2007-ci il tarixli AZ-İ № 970607 saylı doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının doğum tarixi 29.11.2001-ci il kimi qeyd edilmişdir. - Xəzər RPİ tərəfindən tərtib edilmiş 15.01.2021-ci il tarixli aktdan görünür ki, aktdakı şəkilin 29.11.2001-ci il təvəllüdlü İddiaçı məxsus olması təsdiqlənmişdir. - Bakı şəhəri Əzizbəyov rayonu VVADQ (hazırki Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi) tərəfindən aparılmış 08.09.2007-ci il tarixli 1459 saylı doğum haqqında akt qeydindən görünür ki, İddiaçı Əmiağa qızı 29.12.2001-ci il tarixdə Azərbaycanda Respublikasında Bakı şəhərində doğulmuş, atası X1 və anası X2, milliyyəti azərbaycanlıdır. Bu barədə AZ-İ 970607 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Beləlikə, işdə olan sənədlərdən məlum olur ki, İddiaçı Əmiağa qızının doğum faktı 08.09.2007-ci il tarixli 1459 saylı doğum haqqında akt qeydində qeyd edilmiş, qeyddə iddiaçının 29.12.2001-ci il tarixdə Azərbaycanda Respublikasında Bakı şəhərində doğulması göstərilsə də, iddiaçıya verilən 08.09.2007-ci il tarixli AZ-İ № 970607 saylı doğum haqqında şəhadətnamədə onun doğum tarixi səhvən 29.12.2001-ci il qeyd edilmişdir. Bu yanlışlığın düzəldilməsi üçün iddiaçı cavabdehə müraciət etsə də, şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə xahişi təmin edilməmişdir. Halbuki, iddiaçının doğumu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında qeydiyyat aparıldığı üçün doğum haqqında akt qeydində də düzəliş edilməsi cavabdeh qurum tərəfindən təmin olunmalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 10.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. 12.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsini, konsulluq idarəsinin icra hakimiyyətinin nümayəndəliyini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətləri vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəhadətnamələri, ərizə blankları və qeydiyyat kitabları ilə təmin edir. 12.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ciddi hesabat sənədləridir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu və saxlanılması təmin etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə məhz cavabdeh öz səlahiyyətlərini düzgün icra etməməsinə görə yaranmışdır. Belə ki, iddiaçının doğum akt qeydindəki məlumatlar doğum haqqında şəhadətnaməyə düzgün yazılmamışdır. Bununla da, ”Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 10.2-ci bəndinin tələbləri pozulmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Əzizbəyov rayonu VVADQ (hazırki Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi) tərəfindən İddiaçı Əmiağa qızının adına aparılmış 08.09.2007-ci il tarixli 1459 saylı doğum haqqında akt qeydinə müvafiq olaraq, iddiaçının doğum tarixində düzəliş edilərək 29.12.2001-ci il kimi göstərilməsi və yeni dogum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov rayonu VVADQ (hazırki Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi) tərəfindən İddiaçı Əmiağa qızının adına aparılmış 08.09.2007-ci il tarixli 1459 saylı doğum haqqında akt qeydinə müvafiq olaraq, iddiaçının doğum tarixində düzəliş edilərək 29.12.2001-ci il kimi göstərilməsi və yeni dogum haqqında şəhadətnamənin verilməsi cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7133/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7133/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver