Məhkəmə qərarları › İş №2-1(112)-7134/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7134/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7134/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Binəqədi rayon Xocəsən Bələdiyyəsinə qarşı Binəqədi rayon Xocəsən Bələdiyyəsi tərəfindən 22 aprel 2003-cü il tarixli, 22 saylı qərarla mərhum X2 adına olan 600 kv.m torpaq sahəsinin sənəd üzərində onun adı ilə əvəz olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Binəqədi rayon Xocəsən Bələdiyyəsinə qarşı Binəqədi rayon Xocəsən Bələdiyyəsi tərəfindən 22 aprel 2003-cü il tarixli, 22 saylı qərarla mərhum X2 adına olan 600 kv.m torpaq sahəsinin sənəd üzərində onun adı ilə əvəz olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq iclası 23.09.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 may 2016-cı il tarixli X2 vəsiyyətnamə üzrə vərəsəsidir. X2 ölüm haqqında şəhadətnaməsi ilə Bakı şəhəri 9 saylı notariat ofisi vəsiyyətnamə üzrə vərəsə onu müəyyən etmişdir. X1 rayon Xocəsən Bələdiyyəsinə 21 aprel 2003-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində 600 kv.m torpaq sahəsi satılması barədə 2003-cü il 22 aprel tarixli 22 saylı qərar qəbul edilmiş, bunun müqabilində X1 rayon Xocəsən Bələdiyyəsinin hesabına 480 (dörd yüz səksən ) AZN ödəmişdir. Sözügedən torpağın sənədlərində X2 adının onun adı ilə əvəz olunmasını Binəqədi rayon Xocəsən Bələdiyyəsinə ərizə ilə müraciət edərək xahiş etmişdir. Lakin, Binəqədi rayon Xocəsən Bələdiyyəsini ərizəsinə 31 mart 2021-ci il tarixli, 128/02 nömrəli cavab məktubu ilə bildirmişdir ki, “Müraciətdə qeyd olunan Xocəsən Bələdiyyəsi tərəfinndən 22 aprel 2003-cü il tarixli, 22 saylı qərarla vətəndaş X2 adına ayrılmış 600 kv.m torpaq sahəsinin adına rəsmiləşdirilməsi imkan xaricindədir.” Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisinə cavab məktubundan narazı qaldığına görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 2(001)-3579/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadı Azərbaycan Respublikası MPM-nin 266.1-ci maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarmışdır. Ona görə də, o, yenidən aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq iclasının vaxtı və yeri barəsində tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə tərəfindən iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki: - Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 22 nömrəli, 22 aprel 2003-cü il tarixli qərarından çıxarışa əsasən – 1. Bakı şəhər Xocəsən Bələdiyyəsi ərazisində özbaşına tikililərin aşağıda qeyd olunan Bakı şəhər sakinlərinə əlavə olunmuş eskizlərdə göstərilən ölçü və ünvanlara uyğun olaraq fərdi yaşayış evlərinin tikintisi üçün alğı-satqı yolu ilə torpaq sahəsinin sənədləşdirilməsi qərara alınmış, 3. X4 – 600 kv.m. -Torpaqların Alqı-Satqısına dair Akta əsasən, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə 2003-cü il 22 aprel tarixli, 22 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X4 tərəfindən Bakı şəhəri Xocəsən Bələdiyyəsinin hesabına 480 AZN vəsait ödənilmişdir. - Bakı şəhəri 32 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş 23.05.2016-cı il tarixli, X4 tərəfindən verilmiş vəsiyyətnamədən görünür ki, X4, ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ünvan 3 ünvanda yaşayan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı vəsiyyət etmişdir. - AZ-İ seriyalı, 795925 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 04.06.2016-cı il tarixdə ölmüşdür. - Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən verilmiş 03.02.2021-ci il tarixli məktuba əsasən, 05.05.1946-cı il təvəllüdlü, 04.06.2016-cı il tarixdə vəfat etmiş, ünvan 4 ünvanda qeydiyyatda olmuş X2 vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrinin dairəsi müəyyən edilib. Vəsiyyətnamə üzrə vərəsəsi - İddiaçıdur. - Binəqədi rayon Xocəsən Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 128/02 nömrəli, 31 mart 2021-ci il tarixli məktuba əsasən, iddiaçıya müraicəti ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhəri ərazisində Azərbaycan Respublikasının 2002-ci l 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırma sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci ilin yanvarın 1-dən etibarən müvəqqəti olaraq dayandırılmışdır. Müraciətdə qeyd etdiyi X2 adına ayrımış 600 kv.m torpaq sahəsinin adına rəsmiləşdirilməsi imkan xaricindədir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Eləcə də, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İşin hallarından göründüyü kimi, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 22 aprel 2003-cü il tarixli, 22 saylı qərarı ilə Xocəsən Bələdiyyəsi ərazisində 600 kv.m torpaq sahəsi iddiaçının mərhum anası X3 ayrılmışdır. B.Hüseynova 04.04.20166-cı il tarixdə vəfat etmiş, Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən sonuncunun vərəsələrinin dairəsi müəyyən edilərək, İddiaçı onun vəsiyyətnamə üzrə vərəsəsi müəyyən edilmişdir. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı, sözügedən torpaq sahəsinə dair onun adına yeni bir bələdiyyə qərarının qəbul edilməsi və həmin qərar əsasında torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Beləliklə, iddiaçı, Binəqədi rayon Xocəsən Bələdiyyəsi tərəfindən mərhum anasına ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müəyyən hərəkətləri icra etmək üçün vərəsə kimi subyektiv hüququ yaranmasına baxmayaraq, yanlış iddia növü ilə müraciət etməklə, vərəsəlik hüququ əsasında anasından ona keçmiş torpaq sahəsi ilə bağlı tələb irəli sürərək, sözügedən torpaq sahəsinin yeni bir bələdiyyə qərarı ilə onun adına sənədləşdirilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iddiada mövcud vəziyyətdə cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı və onun hüquqi müdafiəyə ehtiyacı olması halı müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar