Məhkəmə qərarları › İş №2-1(112)-7134/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7134/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7134/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququn yarandığı gündən ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsi əsasında iddia tələbi “iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. xx.xx.1982-ci il tarixində xx.xx.1982-ci il 82 saylı əmrlə Azərittifaqın Ticarət avadanlığı və metal konstruksiyası kombinatına 2-ci dərəcəli avtomobil çilingəri qəbul edilmişdir. xx.xx.1983-cü il tarixində xx.xx.1983-ci il tarixli 79 №-li əmrlə hərbi xidmətə getmək üçün işdən azad edilmişdir. xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək hərbi xidmətdə olmuşdir. xx.xx.1985-ci il tarixində xx.xx.1985-ci il 135 №-li əmrlə Azərittifaqın Ticarət avadanlığı və metal konstruksiyası kombinatına 2-ci dərəcəli torpaqla şüşə cilalayıcı vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1985-ci il tarixində xx.xx.1985-ci il tarixli 232 №-li əmrlə avadanlığın təmiri emalatxanasına 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci il tarixində xx.xx.1987-ci il 52 №-li əmrlə ticarət avadanlığı sahəsinə 3-cü dərəcəli dülgər işinə keçirilmişdir. xx.xx.1990-cı il tarixində xx.xx.1990-cı il 25 №-li əmrlə AZ SSSR-nin əmək qanunun 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1990-cı il tarixində xx.xx.1990-cı il 50 №-li əmrlə Bakı şəhəri Lenin rayonu, DİN-nin nəzdində mühafizə şöbəsində gözətçi vəzifəsinə təyin edilmişdir. xx.xx.1990-cı il tarixində xx.xx.1990-cı il 129 №-li əmrlə AZ SSSR-nin əmək qanunun 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1990-cı il tarixində xx.xx.1990-cı il 185 №li əmrlə Azərbaycan Dəmir Yollan Bakı Elektrik qatarları stansiyaları elektrik təchizatı Buzovna rayonuna qədər elektrik şəbəkəsi üzrə 3-cü dərəcəli elektrik mantyoru işinə qəbul edilmişdir. xx.xx.1990-ci il tarixində xx.xx.1990-ci il 188NH əmrlə əmək qanunun 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1990-cı il tarixində xx.xx.1990-cı il tarixli 94N-li əmrlə Azərittifaqın Ticarət avadanlığı və metal konstruksiyası kombinatına ticarət avadanlığı sahəsinə 3-cü dərəcəli dülgər işinə qəbul olunmuşdur. xx.xx.1992-ci il tarixində xx.xx.1992-ci il tarixli 27 №-li əmrlə 37-ci maddəyə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1992-ci il tarixində xx.xx.1992-ci il tarixli 74 Nli əmri 3-cü dərəcəli dülgər qəbul edilmişdir. xx.xx.1994-cü il tarixində xx.xx.1994-cü il 4 №-li əmrlə əmək məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1997-ci il tarixində xx.xx.1997-ci il tarixli 98 saylı əmrlə Azərbaycan Respublikası Elmlər Akademiyası X1 Təcrübə-Sənaye Zavodunun eksperimantal təmir montaj sexinə 3-cü dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.1998-ci il tarixində xx.xx.1998-ci il tarixli 34 №-li əmrlə 4-cü dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.1998-ci il tarixində xx.xx.1998-ci il tarixli 135 №-li əmrlə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2005-ci il tarixində xx.xx.2005ci tarixli 57 Nli əmrlə 5-ci dərəcəli nasosxana maşinisti keçirilmişdir. xx.xx.2006-cı il tarixində xx.xx.2006-cı il tarixli 11 №-li əmrlə 4 saylı sexə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2010-cu il tarixində xx.xx.2010-cu il tarixli 39 №-li əmrlə ES-nə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2012-ci il tarixində xx.xx.2012-ci il tarixli 21 N-li əmrlə yeni yaradılmış 4-cü sexə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2015-ci il tarixində xx.xx.2015-ci il tarixli 96 №-li əmrlə 3 saylı sexdən 2 saylı sexə keçirilmişdir. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixində 15 №-li əmrlə Elmlər Akademiyası X1 Təcrübə-Sənaye Zavodunun yenidən təşkili əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 03 N-li əmrlə 2 saylı sexə 5-ci dərəcəli qazanxana maşinisti vəzifəsinə təyin olunmuşdur. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 05 №-li əmrlə 1 və 2 saylı sexlər birləşdirilərək istehsal texnoloji sex yaradılmışdır. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 14 №li əmrlə istehsal texnoloji sexin qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixində xx.xx.2019-cu il tarixli 43 №li əmrlə struktur dəyişikliyi ilə əlaqədar istehsalat Texnoloji Şöbədə istehsal sahəsinin 6-cı dərəcəli qazanxana maşinisti vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixində xx.xx.2019-cu il tarixli 130 №li əmrlə Qazanxana təsərrüfatı sahəsinə 6-cı dərəcəli qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci il tarixli əmrlə struktur dəyişikliyi ilə əlaqədar Qazanxana Təsərrüfatı və Xidmət Sahəsində 6-cı tarif dərəcəsi ilə qazanxana maşinisti vəzifəsinə təyin olunmuşdur. Bugünə kimi həmin vəzifədə işləyir. Əmək kitabçasındakı əmək stajından da görünür ki, xx.xx.1982-ci ildən xx.xx.1994-cü ilədək (hərbi xidmət də daxil olmaqla) cəmi 10 il 4 ay 23 gün əmək stajı var. Daha sonra zərərli iş sayılan xx.xx.1997-ci il tarixində xx.xx.1997-ci il tarixli 98 saylı əmrlə Azərbaycan Respublikası Elmlər Akademiyası X1 Təcrübə-Sənaye Zavodunun eksperimantal təmir montaj sexinə 3cü dərəcəli qazanxana maşinisti işləməyə başlamış və həmin dövrdən bugünə kimi müxtəlif sexlərdə və sahələrdə qazanxana maşinisti işləmiş və hazırda da işləyir. Bugünə kimi 27 il, 3 ay, 27 gün zərərli işdə işləmişdir. Beləliklə, cəmi 37 il 8 ay 20 gün əmək stajı var. “Qazanxana maşinisti” peşəsi zərərli işdir. Hal-hazırda da həmin vəzifədə çalışır. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etdi. Lakin cavabdeh imtina verərək “qazanxana maşinisti” peşəsinin zərərli iş olmadığını bildirdi. Azərbaycan Respublikasının Nazirlər Kobinetinin 23 yanvar 2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bəndində “qazanxana maşinisti” peşəsinin adı qeyd olunmuşdur. Bu səbəbdən də cavabdehin imtinası tam olaraq əsassızdır.

4. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”nin 20 dekabr 2024-cü il tarixli 04 nömrəli sizə dair arayışında xx.xx.1997-ci il tarixindən bugünədək sözügedən müəssisənin qazanxanasında qazanxana maşinisti peşəsində işlədiyiniz qeyd olunub. İşlədiyiniz sahə və vəzifə həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə və qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifəsinə aid deyil. Bu səbəbdən də, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”

5. Cavabdeh iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”nin iddiaçıya dair 20 dekabr 2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.1997-ci il tarixindən bugünədək sözügedən müəssisənin qazanxanasında qazanxana maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə və vəzifə həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə və qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifəsinə aid deyildir. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilir.

6. 025313 nömrəli diplomun surətinə əsasən İddiaçı 1982-ci ildən 1987-ci ilədək təhsil alaraq “Avtomobillərə texniki xidmət və onların təmiri” ixtisası üzrə tam kursu bitirmiş və ona mexanik ixtisası verilmişdir.

7. İZ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1983- xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur.

8. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 04 saylı şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışında qeyd olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Zavodun qazanxanasında qazanxana maşinisti vəzifəsində 06 oktyabr 1997-ci ildən (98/k saylı xx.xx.1997-ci il tarixli əmr) - halhazıradək tarixləri arasındakı dövr ərzində zərərli şəraitdə işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 27 il, 2 ay, 14 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri qazanxana avadanlığı üzrə maşinist vəzifəsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin a bəndinə 24.a (qazanxana avadanlığı üzrə nəzarətçi maşinist) vəzifə koduna uyğundur.

9. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı həqiqətən 06 oktyabr 1997-ci ildən hal-hazıradək Azərbaycan Respublikası X4 Kimya X2 - Sənaye Zavodunda (xx.xx.2018-ci ildən "xxxx" MMC adlandırılmışdır) zərərli şəraitdə Zavodun istehsalat sahələrini buxar ilə təmin edən qazanxanasında qazanxana maşinisti vəzifəsində tam iş günü işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri qazanxana avadanlığı üzrə maşinist vəzifəsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) a bəndinə 24.a (qazanxana avadanlığı üzrə nəzarətçi maşinist) vəzifə koduna uyğundur. Qeyd: İddiaçı zərərli şəraitdə işlədiyinə görə 28 saylı şəhər poliklinikasında qeydiyyata alınmış və hər il mütəmadi olaraq müayinələrdən keçmişdir.

10. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

11. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

14. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

15. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

17. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

18. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

19. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixli məktubla imtina edilmişdir.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

21. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

23. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

24. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

25. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

26. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, 1983-1985-ci illərdə hərbi xidmətdə olmuş, 1982- 1987-ci illərdə təhsil almış, əmək fəaliyyətinə xx.xx.1982-ci il tarixdə başlamışdır.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının güzəştli iş stajı mübahisələndirilir.

28. Cavabdeh iddiaçının güzəştli iş stajının mövcud olmadığını əsas gətirmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.1997-ci il tarixdən bugünədək işlədiyi dövr güzəştli iş stajına əlavə edilməmişdir.

29. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir: İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixində xx.xx.1997-ci il tarixli 98 saylı əmrlə Azərbaycan Respublikası Elmlər Akademiyası X1 Təcrübə-Sənaye Zavodunun eksperimantal təmir montaj sexinə 3-cü dərəcləli qazanxana maşinisti keçirilmişdir. xx.xx.1998-ci il tarixində xx.xx.1998-ci il tarixli 34 N-li əmrlə 4-cü dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.1998-ci il tarixində xx.xx.1998-ci il tarixli 135 №-li əmrlə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2005-ci il tarixində xx.xx.2005-ci tarixli 57 №-li əmrlə 5-ci dərəcəli nasosxana maşinisti keçirilmişdir. xx.xx.2006-cı il tarixində xx.xx.2006-cı il tarixli 11 N-li əmrlə 4 saylı sexə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2010-cu il tarixində xx.xx.2010-cu il tarixli 39 N-li əmrlə ES-nə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2012-ci il tarixində xx.xx.2012-ci il tarixli 21 №-li əmrlə yeni yaradılmış 4-cü sexə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2015-ci il tarixində xx.xx.2015-ci il tarixli 96 N-li əmrlə 3 saylı sexdən 2 saylı sexə keçirilmişdir. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixində 15 N-li əmrlə Elmlər Akademiyası X1 Təcrübə-Sənaye Zavodunun yenidən təşkili əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 03 N-li əmrlə 2 saylı sexə 5-ci dərəcəli qazanxana maşinisti vəzifəsinə təyin olunmuşdur. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 05 №-li əmrlə 1 və 2 saylı sexlər birləşdirilərək istehsal texnoloji sex yaradılmışdır. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 14 Nli əmrlə istehsal texnoloji sexin qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixində xx.xx.2019-cu il tarixli 43 №-li əmrlə struktur dəyişikliyi ilə əlaqədar istehsalat Texnoloji Şöbədə istehsal sahəsinin 6-cı dərəcəli qazanxana maşinisti vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixində xx.xx.2019-cu il tarixli 130 №-li əmrlə Qazanxana təsərrüfatı sahəsinə 6-cı dərəcəli qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci il tarixli əmrlə sruktur dəyişikliyi ilə əlaqədar Qazanxana Təsərrüfatı və Xidmət Sahəsində 6-cı tarif dərəcəsi ilə qazanxana maşinisti vəzifəsinə təyin olunmuşdur.

30. Cavabdeh tərəfindən isə iddiaçının mübahisələndirilən (xx.xx.1997-xx.xx.2024) illərdə işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və çalışdığı vəzifələrin Siyahıda göstərilən Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifəsinə aid olmamasını əsas gətirilmişdir.

31. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

32. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs - "xxxx" MMC tərəfindən təqdim edilən arayışdan bəlli olur ki, iddiaçının xx.xx.1997-ci il tarixdən işlədiyi qazanxana maşinisti - zərərli şəraitdə zavodun istehsalat sahələrini buxar ilə təmin etməkdən ibarət olmaqla, qazanxana avadanlıqları üzrə maşinist vəzifəsidir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.

33. Göründüyü kimi iddiaçının xx.xx.1997-ci il tarixdən fasiləsiz olaraq çalışdığı müxtəlif dərəcəli qazanxana maşinisti vəzifəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.

34. Belə ki, iddiaçının 06 oktyabr 1997-ci ildən hal-hazıradək Azərbaycan Respublikası X4 Kimya X2 - Sənaye Zavodunda (xx.xx.2018-ci ildən "xxxx" MMC) zərərli şəraitdə Zavodun istehsalat sahələrini buxar ilə təmin edən qazanxanasında işlədiyi qazanxana maşinisti vəzifəsi - 2 №-li Siyahının 21400000 şifrəli “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində şifrə 2140000a—13929 ilə göstərilmiş “qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsinin a) fəhlələr: “qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

35. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi İT-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - "xxxx" MMC-nin arayışı ilə təsdiqlənir.

36. Nəticə etibarı ilə iddiaçının xx.xx.1997-xx.xx.2024-cü il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur.

37. İddiaçı xx.xx.1964-cü i il təvəllüdlüdür və 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

38. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

39. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.

40. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

41. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

43. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar