Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7137/2025 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı, üçüncü şəxs "xxxx" MMC “Sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Oruczadə Famil Fazil oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “Sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mlükiyyətindədir. Həmin çıxarışda fərdi yşayış evinin yerləşdiyi 0,1832 ha torpaq sahəsi dövlət mülkiyyətində, hüququnun növü isə istifadə qeyd edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 51 № li Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasır tipli yeni yaşayış binalarının və qeyri yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasnda "xxxx" MMC-nın istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı və 20/18 saylı, xx.xx.2020-ci il tarixli cizgiyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə dair 17 aprel 2020-ci il tarixli, 1576 saylı icarə müqaviləsi bağlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ********** nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0145 ha torpaq sahəsinə **********45-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyəti hüququ qeydə alnmışdır. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı sərəncamının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0145 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinin **********45-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışı və **********45-10301 reyestr nömrəli texniki pasportu var. Həmin fərdi yaşayış sahəsi 0,0145 ha özəl torpaq sahəsindən, ümumi sahəsi 121,90 kv.m olan bir mərtəbəli fərdi yaşayış evindən ibarətdir. Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli, 51 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə müqaviləsi əsasında "xxxx"MMCnin istifadəsinə verilmişdir. "xxxx" MMC-nin rəhbərliyi həmin sərəncamı əsas gətirərək, bir neçə dəfə həmin torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin dəyərinin ödənilməsi ilə bağlı heç bir razılaşma olmadan fərdi yaşayış evini sökməyə cəhd göstərmişdir. "xxxx" MMC tərəfindən ona məxsus fərdi yaşayış evinin ətrafında yerləşən fərdi yaşayış evlərinin bir hissəsi ağır texnika ilə sökülmüş, söküntü işləri aparılarkən qəsdən fərdi yaşayış evinə xeyli miqdarda ziyan vurulmuşdur. Halhazırda da "xxxx" MMC hüquqa zidd fəaliyyətini davam etdirir, evini sökməyə çalışır. Bu yolla şirkət rəhbərliyi onu həmin fərdi yaşayış evini dəyərindən dəfələrlə ucuz qiymətə onlara satmağa məcbur edirlər. Dəfələrlə "xxxx" MMC-nin icraçı direktoru X1 irad bildirərək hüquqa zidd fəaliyyətlərini dayandırmasını tələb etsələr də, heç bir tədbir görülməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı sərəncamının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0145 sot torpaq sahəsinə münasibətdə ləğv edilməsi ilə bağlı tərəfindən 23 noyabr 2024-cü il tarixli xəbərnaməli məktubla Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edilmiş, Bakı şəhər İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2024-cü il tarixli,3-52/2-j-231-091/2024 saylı cavab məktubunda göstərilmişdir ki, sərəncamın ləğv edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara inzibati məhkəmədə baxılır. Cavabdehin bu cavabı imtina kimi qəbul edilməlidir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli,3-52/2-J-231-091 /2024 saylı məktubu üzərinə xx.xx.2025-ci il tarixdə Bakı PŞ-nin AZ1001 möhürü vurulmuş konvertlə poçta daxil olmuş, xx.xx.2025-ci il tarixində üzərinə Bakı PŞ-nin AZ1022 möhürü vurulmuş poçta daxil olmuş və bundan bir neçə gün sonra ona təqdim olunmuşdur. Cavabdehin imtinası qanunsuzdur və əsassızdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının istifadəsində olan torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmamışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ona məxsus torpaq sahəsini üçüncü şəxsə icarəyə verməsi barədə inzibati akt qəbul etməsi, “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt kimi etibarsız sayılır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi,49 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı xüsusi mülkiyyətində olması, həmin fərdi yaşayış evinin **********45-10301 reyestr nömrəli olması göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi **********45-10301 reyestr nömrəlidir, həmin fərdi yaşayış evinin ümumi sahəsi 121.90 kv.m ibarətdir. Nəzərə alamaq lazımdır ki, hazır ki işdə Bakı şəhər İcra Hakimiyyəti istifadəsində olan torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Hazırki iddianı qaldırmaqda hüquqi marağı nail olmaq istədiyi məqsəd baxımından mübahisələndirilən sərəncamla xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüququnun həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir.. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi Sərəncamların ona aid hissədə etibarsız edilməsini xahiş edir ki, bu iddia müəyyən etmə və tanınma haqqında iddiadır (İPM, maddə 2.2.5). Sərəncam üçüncü şəxs barəsində əlverişli, iddiaçı barəsində alverişsiz inzibati aktdır. Çünki mübahisələndirilən sərəncamla iddiaçının mülkiyyətində olan torpaq sahəsi üçüncü şəxs ayrılmışdır. İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ********** nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0,0145 ha torpaq sahəsi il birlikdə iddiaçının xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ 2019-cu ildə, torpaq sahəsinə isə 2023-cü ildə dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 51 № li Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasır tipli yeni yaşayış binalarının və qeyri yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasnda Pilot-16 MMC-nın istifadəsinə verilmişdir. İddiaçı hesab edir ki, inzibati akt ona məxsus torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, həmin hissədə etibarsız inzibati akt sayılmalıdır. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı nail olmaq istədiyi məqsəd baxımından mübahisələndirilən sərəncamla xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüququnun həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir. Ona görə də, iddiaçı hazırkı iddianı irəli sürmüşdür Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinə əsasən bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərinə aiddir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Mübahisəyə dair iş materiallardan görünür ki, sözügedən fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçının xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində onub mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq cavabeh üçüncü şəxsə torpaq ayrılması barədə hazırda mübahisələndirilən Sərəncamı verərkən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı da üçüncü şəxs ayrılmış torpaq sahəsinin ayrıc aktına daxil etmişdir. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olduğundan cavabdeh həmin hissədə torpaq sahəsini iddiaçıdan geri almadan üçüncü şəxsə verilməsi zamanı sərəncam vermək səlahiyyəti olmamışdır. Ona görə də, cavabdehin hazırda mübahisələndirilən Sərəncamı iddiaçıya ayrılmış hissədə etibarsızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; ... Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 69.1. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 69.2. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ cavabdehin mübahisələndirilən Sərəncamı veriləndən sonra dövlət reyestrində qeydə alınması da məsələni cavabdehin və üçüncü şəxsin xeyrinə dəyişmir. Belə ki, mübahisələndirilən Sərəncam verilərkən iddiaçının fərdi yaşayış dövlət reyestrində qeydə alınmışdır. Torpaq sahəsinə isə iddiaçının mülkiyyət hüququ əvvəldən yaranmış, 2023-cü ildə yalnız bu hüququnun dğvlət reyestrində qeydiyyatı aparmışdır. Cavabdeh üçüncü şəxsə torpaq sahəsi ayırarkən laızmı qaydada inzibati icraat aparmamış, dövlət reyestrində qeydə alınmış əmlaklar barədə Daşınmaz Əmlakın Dövlət Reyestrini aparaq qurumlara sorğular verməmiş, torpaq ayrılan ərazində reyedtri qeydi aparılmış, həmçinin həmin ərazidə yerləşən daşınmaz əmlakların arxiv qovluqlarında olan hüquqmüətyyənedici sənədlər araşdırılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı sərəncamı ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,0145 sot torpaq sahəsinə münasibətdə etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7137/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7137/2025
19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver