Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7138/2021 06.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan iddiaçı “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı «qərarın ləğv edilməsi və icra ödənişinin tutulması»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC Bakı İnzibati Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 9 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və icra ödənişinin ödənilmiş 100.000 ABŞ dolları məbləğinin 7 faizi həcmində tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şikayət ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 iyul 2017-ci il tarixli qətnaməsi ilə borclu “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-dən 244.153,42 ABŞ dolları və 3.654 Ukrayna qrivnasının tutularaq X1 Cəhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İcra məmuru tərəfindən borcluya 20 sentyabr 2017-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin ödənilməsi barədə bildiriş göndərilmişdir. Qeyd edilir ki, 12 mart 2020-ci il tarixdə borclu və tələbkar arasında tələbkara 100.000 ABŞ dolları pul vəsaitinin ödənilməsinə dair barışıq sazişi imzalanmış və bunun əsasında göstərilən məbləğ tələbkara ödənilmişdir. Bu hal "xxxx" ASC-nin xaricə köçürməyə dair ərzəsi ilə rəsmiləşdirilmişdir. Daha sonra Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 9 fevral 2021-ci il tarixli qərarı ilə “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-dən 17.090,73 ABŞ dolları və 255,78 Ukrayna qrivnası məbləğində icra ödənişinin tutulması və icra ödənişi məbləğinin 25%-i dövlət büdcəsinə, qalan hissəsinin isə icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icra məmuru tərəflər arasında razılaşma əldə edildikdən sonra 9 fevral 2021-ci il tarixli qərarı qəbul etmişdir. İcra məmuru tələbkarla borclu arasında bağlanmış razılaşmaya nəzər yetirmədən, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğə dair icra ödənişini tutmağa qərar vermişdir. Bu barədə dəfələrlə ona yazılı və şifahi məlumat verilmiş və müvafiq icra ödənişinin tələbkara ödənilmiş məbləğə uyğun tutulması xahiş edilmişdir. Lakin bütün bu halları nəzərə almadan icra məmuru icra ödənişinin ödənilmədiyini əsas gətirərək icraata xitam verməmişdir. «İcra haqqında» AR Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 9 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və icra ödənişinin ödənilmiş 100.000 ABŞ dolları məbləğinin 7 faizi həcmində tutulmasını xahiş edilir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə bildiriş ünvanlanmışdır. Lakin məhkəmə iclasına onların nümayəndələri gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 78.1-ci maddəsinə görə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 85.1-ci maddəsinə görə icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Məhkəmə vurğulayır ki, icra qanunvericiliyi icra işində iştirak edən tərəflərin icra məmurunun hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından, o cümlədən “icra ödənişinin alınması barədə” qərarından şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, müvafiq icra işi üzrə müvafiq qərarın qəbulu və hərəkətlərin edilməsi müvafiq mülki mübahisəyə baxmış məhkəmə tərəfindən verilmiş icra vərəqəsi əsasında başlanmış icra işi çərçivəsindədir. Odur ki, məhkəmənin qənaətinə görə icra işi üzrə tərəf kimi hazırkı iddiaçının icra məmurunun qərar və hərəkətlərindən şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Məhkəmə təqdim olunmuş “ərizə”nin “iddia ərizəsi” kimi deyil, “şikayət” kimi təqdim olunması da nəzərə alır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq, İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7138/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7138/2021
06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver