Məhkəmə qərarları › İş №2-1(112)-714/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-714/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-714/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, AR Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127N-li qərarı ilə təsdiq edilmiş “Koronovirus” (Covid- 19) pandemiyası dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə heç yerdə işləməyən, VÖEN-i olmayan şəxslərə birdəfəlik ödəmələrin (190AZN) verilməsi onların 4 nəfərdən ibarət ailə üzvlərinə, yəni 4*190=760AZN, 760AZN*5ay=3.800 AZN məbləğində yardımın ödənilməsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında X3 və İddiaçı3 bigə iddiaçı kimi məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Koronovirus” (Covid-19) pandemiyası dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə 5 dəfə ödəmə həyata keçirilmişdir. İddiaçılar birdəfəlik ödəmə üçün Xətai rayon 5 N-li Məşğulluq idarəsinə müraciət etmişdirlər. Aztəminatlı meyarlarına uyğun gəlmədiklərinə görə onlara imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar iddiaçılar X3, İddiaçı3 və İddiaçı1 ödənilməli olan 190 manat aylıq sosial müavinətin 4 ay üçün (may, iyul, avqust və dekabr) hesablamaqla 2280 manat məbləğin onlara ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Həmçinin, həmin tarixli məhkəmə iclasında iddiaçılar İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “190 manat birdəfəlik ödəmənin verilməsi” barədə iddia tələbi üzrə iş 2- 1(112)-714/2022 nömrə ilə; X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “190 manat birdəfəlik ödəmənin verilməsi” iddia tələbi üzrə iş yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlar ayrılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə üçüncü şəxs "xxxx" ASC-nin prosessual iştirakına xitam verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz və etiraza əlavə təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin ötibiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq X5 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin kerilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində” (bundan sonra MAS) işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Yuxarıda qeyd edilən Nazirlər Kabineti Qərarının 2.3.15-ci bəndinə əsasən, 190 (yüz doxsan) manat birdəfəlik ödənişin verilməsindən imtina edilən şəxslərin dairəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olan şəxslər də aid edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı1 Kamaladin oğlu aztəminatlılıq meyarına uyğun gəlmədiyinə görə, yəni 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olduğuna görə ona birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Qeyd edilməlidir ki, Nazirlər Kabinetinin müvafiq Qərarının 3.8-ci bəndinə əsasən, birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, iqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Habelə əlavə olaraq qeyd edilməlidir ki, daha əvvəl keçirilən məhkəmə iclaslarında da iddiaçı özü etiraf etmişdir ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində ona ölkə xaricindən pul vəsaitləri göndərilmişdir. Belə olduğu təqdirdə müvafiq inteqrasiya edilmiş sistemlər vasitəsilə iddiaçıya aztəminatlılıq meyarına uyğun gəlməmə səbəbilə verilən imtina qanuni və əsaslı xarakter daşımaqdadır. Analoji məsələyə dair Ali Məhkəmənin 22 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1632/2021 saylı Qərarının 29-cu paraqrafına əsasən, nikahın pozulması barədə qeydin müvafiq qeydiyyat orqanı tərəfindən sistemdə vaxtında aparılmaması hazırkı halda cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, istinad edilən qərar da məhz 190 (yüz doxsan) manat birdəfəlik ödənişin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərinə qoyulması ilə bağlı olmuşdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı3 və İddiaçı1 şəxsiyyət vəsiqələrinin surəti. - İİİ- ТИ 388029 nömrəli Nikah haqqında şəhadətnamənin surəti. - 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli **********6 nömrəli Arayışının surəti. - Azərbaycan Beynəlxalq Bankının xx.xx.2021-ci il tarixli məktubu. - X7 çıxarışlar. - Bank Respublika ASC-nin xx.xx.2022-ci il tarixli məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Məhkəmə qeyd edir ki, iddia tələbi İddiaçı1 münasibətdə təmin, İddiaçı3 münasibətdə isə təmin edilməməlidir. Məhkəmə İddiaçı1 ilə İddiaçı3 ailə üzvü (ər-arvad) olmalarını və mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarını və hüquqları eyni faktiki və hüquqi əsaslara söykəndiyini, həmçinin tələblərinin eyni cavabdehə qarşı yönəldiyi nəzərə alınaraq hesab edir ki, hazırkı iddia tələbi üzrə onların birgə iddiaçı kimi çıxış etmələri qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə iddia tələbinin İddiaçı1 münasibətdə əsaslı olması ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli **********6 nömrəli Arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Məşğulluq Altsistemi”nə əsasən o, xx.xx.2019-cu il tarixindən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişləri” alt sistemində onun adına qüvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Alt Sistemində işaxtaran kimi qeydiyyata alınmasına baxmayaraq “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.5-ci maddəsinə əsasən 5 iş günü ərzində ona münasib iş təklif olunmadığından, iddiaçı həmin maddənin tələbinə uyğun olaraq işsiz sayılır. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.5-ci maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçıya SMS vasitəsi ilə göndərilmiş imtinada onun aztəminatlı sayılmadığı üçün imtina edilməsi göstərilmişdir. Cavabdehin inzibati orqan iddiaya dair yazılı etirazda qeyd etmişdir ki, İddiaçı1 aztəminatlılıq meyarına uyğun gəlmədiyinə görə, yəni 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olduğuna görə ona birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Habelə əlavə olaraq qeyd edilməlidir ki, daha əvvəl keçirilən məhkəmə iclaslarında da iddiaçı özü etiraf etmişdir ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində ona ölkə xaricindən pul vəsaitləri göndərilmişdir. Belə olduğu təqdirdə müvafiq inteqrasiya edilmiş sistemlər vasitəsilə iddiaçıya aztəminatlılıq meyarına uyğun gəlməmə səbəbilə verilən imtina qanuni və əsaslı xarakter daşımaqdadır. Həmçinin, xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, İddiaçı1 adına "xxxx" ASC və "xxxx" ASC vasitəsi ilə pul köçürmə əməliyyatı həyata keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı1 ölkə xaricindən pul vəsaitləri göndərilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Beynəlxalq Bankının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 adına "xxxx" ASC-nin Mərkəzi filialında ******************** saylı əmək haqqın hesabı olmuşdur və hesab xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Hesaba vəsaitlər yalnız əmək haqqı təyinatı ilə mədaxil edilmiş və bankomatlar vasitəsilə nağdlaşdırılmışdır. Əlavə olara qeyd edirlər ki, İddiaçı1 adına "xxxx" ASC vasitəsi ilə heç bir pul köçürmə əməliyyatı həyata keçirilməmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı1 adına "xxxx" ASC-də qərarda qeyd olunan dövrü əhatə edən sürətli pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlara dair uyğunluq aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 müvafiq dövrdə (2020-ci ilin may, iyul, avqust və dekabr aylarında) işsiz kimi qeydiyyatda olması və “Əmək müqaviləsi bildirişləri” alt sistemində onun adına qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi, həmçinin İddiaçı1 ölkə xaricindən pul vəsaitləri göndərilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından iddia tələbi İddiaçı1 münasibətdə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı3 münasibətdə əsassız olması ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Məşğulluq Altsistemi”nə əsasən İddiaçı3 xx.xx.2020-ci il tarixindən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişləri” alt sistemində onun adına qüvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İddiaçı3 işsiz kimi qeydiyyatda olsa da və “Əmək müqaviləsi bildirişləri” alt sistemində onun adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməsə də, mövcud qanunvericiliyə əsasən birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilməsi nəzərdə tutulduğundan ona münasibətdə hazırkı iddia tələbi təmin edilməməlidir. Belə ki, hazırkı iddia ilə onun ailə üzvü olan, əri İddiaçı1 190 manat birdəfəlik ödəmənin ona verilməsi təmin edilmişdir. Odur ki, hazırkı iddia tələbi İddiaçı3 ailə üzvünə (ərinə) münasibətdə təmin edildiyindən, İddiaçı3 münasibətdə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı1 işsiz statusunun verilməsi barədə qərarın qəbul edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyildir. İddiaçıya işsiz statusunun verilməsi barədə müvafiq qərarın qəbul edilməməsi cavabdeh inzibati orqanın bilavasitə tabeliyində olan X4 hərəkətsizliyi nəticəsində baş vermişdir. Həmin Qaydaya əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir (3.1-ci bənd). İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur (3.2-ci bənd). İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır (3.3-cü bənd). MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir (3.4-cü bənd). Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur (3.5-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı1 mövcud qanunvericiliyə uyğun olaraq birdəfəlik ödəmənin alınması üçün qeydiyyatdan keçdiyindən və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.5-ci maddəsinin tələbinə uyğun olaraq 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı üçün işsiz sayıldığından, həmçinin 190 manat birdəfəlik ödəmə ona ödənilmədiyindən, iddia tələbi ona münasibətdə təmin edilməli, ididaçı İddiaçı3 ailə üzvünə (əri İddiaçı1) birdəfəlik ödəmənin verilməsi hissəsində iddia təmin edildiyindən İddiaçı3 münasibətdə iddia təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar İddiaçı1 ödənilməli olan 190 manat aylıq sosial müavinətin 4 ay üçün (may, iyul, avqust və dekabr) hesablanmaqla 760 manat məbləğin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar