Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-714/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X2 üçüncü şəxs qismində cəlb edilməklə “qarajın qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “qarajın qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 mart 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 30 mart 1994-cü il tarixli, 445 saylı, Suraxanı Rayon İcra Başçısının xx.xx.1994-cü il tarixli, 1636 saylı sərəncamlarını nəzərə alaraq tikdirdiyi qarajın faktiki vəziyyətində, yəni 38,2 kv.m. ölçüdə qeydiyyata alınması və qeyriyaşayış sahəsi kimi texniki pasportun verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********98 saylı cavab məktubunda bildirmişidir ki, qeyri-yaşayış binası rekonstruksiya olunaraq sahəsi 17.8 kv.m genişləndirilmişdir. Təqdim edilmiş Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.1994-cü il, 1636 saylı sərəncamında qeyri-yaşayış binasının sahəsi 20.4 kv.m göstərilsə də, faktiki olaraq sahəsi 38.2 kv.m təşkil edir. Həmçinin idarənin elektron kadastr baza məlumatına əsasən göstərilən sərəncama dair cizgi təqdim edilmədiyindən sözügedən qeyri-yaşayış binasına adi olub olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 30 mart 1994-cü il tarixli, 445 saylı, Suraxanı Rayon İcra başçısının xx.xx.1994-cü il tarixli, 1636 saylı sərəncamlarını nəzərə alaraq tikdirdiyi qarajın faktiki vəziyyətində, yəni 38,2 kv.m. ölçüdə hüquqi qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 30 mart 1994-cü il tarixli 445 saylı sərəncamına əsasən Suraxanı rayonu Yeni Günəşli Y/S “D” bina 12-də yaşayan sakinlərin 26 nəfərinə və o cümlədən ona fərdi avtomobillərini saxlamaq üçün kollektiv qaraj tikintisinə görə Yeni Günəşli Y/S “D” 13 saylı binanın qarşısında torpaq sahəsi ayrılmışdır. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 13 sentyabr 1994-cü il tarixli 1636 saylı sərəncamı ilə onlara ayrılmış torpaq sahəsində fərdi avtomobillərini saxlamaq üçün kollektiv qaraj tikintisinə icazə vermişdir. Həmin sərəncamın 1.25-ci maddəsinə görə ona da fərdi avtomobilini saxlamaq üçün qaraj tikdirməyinə icazə verilmişdir. Sərəncama görə qarajın ölçüləri 6x3.4m, yəni 20.4 kv.m olmalı idi. Lakin o zaman ehtiyac olduğundan bütün kollektiv üzvləri qarajlarını 40 kv.m həcmində tikdirdi. Tikdirdiyi qaraja texniki pasport almaq istəmişdir. xx.xx.2001-cil tarixində ********** nömrəli ərizə ilə DƏDRX xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət etmiş və 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli **********98 saylı cavab məktubunda tikilmiş qarajın ölçüsünün faktiki olaraq 38.2 kv.m olmasını bildirərək texniki pasport verməkdən imtina etmişdir. Ancaq kollektiv qaraj çoxdan tikilmişdir və onun ölçüsünün az olması səbəbindən böyük qaraj tikilməyə ehtiyac duyulmuşdur. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim olunmayıb. Bundan əlavə qeyri-yaşayış binası rekonstruksiya olunaraq sahəsi 17.8 kv.m genişləndirilmişdir. Belə ki, təqdim edilmiş Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il, 1636 saylı sərəncamında qeyriyaşayış binasının sahəsi 20.4 kv.m göstərilsə də, faktiki olaraq sahəsi 38.2 kv.m təşkil edir. Həmçinin İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sərəncama dair cizgi təqdim edilmədiyindən sözügedən qeyri-yaşayış binasına aid olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə bildirilir ki, müvafiq qeyri-yaşayış binası ilə bağlı digər fiziki şəxsin (X1) müraciətləri 1 saylı Bakı Ərazi idarəsinə daxil olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********98 saylı imtina məktubu ünvanlanmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5859/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)- 2329/2022 saylı qərardadı ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5859/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, … işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tikdirdiyi qarajın hüquqi qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi tələbi ilə deyil, qaraja texniki pasportun verilməsi barədə cavabdeh inzibati orqana müraciət etməsinə istinad etsə də, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, iddiaçının hazırkı iş üzrə iddiasında qoyduğu tələblərə məhkəmə icraatı dövründə cavabdeh inzibati orqan tərəfindən münasibət bildirilmişdir. Belə ki, iş materiallarında olan (i.v.34-35) cavabdeh inzibati orqanın etrazının məzmunundan aydın olur ki, iddiaçının hazırkı iddia tələbinə cavabdeh inzibati orqan hüquqi mövqeyini açıq-aydın bildirmiş, yəni iddiaçının iddia tələblərinin təmin olunmasından imtina etmişdir. Belə olan halda məhkəmə işə mahiyyəti üzrə baxmaqda haqlı olardı. Lakin işə baxmış məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, iddiaçının tələblərinə cavabdeh orqanın imtina etməsi ilə bağlı münasibətinə qiymət verilməmiş, nəticədə mümkünlüklə bağlı qanunvericiliyin tələbləri pozulmuş və zəruri araşdırma sonadək aparılmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və üçüncü şəxs iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 mart 1994-cü il tarixli, 445 saylı “Torpaq sahəsi ayrılması haqqında” Sərəncamından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin xx.xx.1993-cü il tarixli, 0/536 №-li və Suraxanı Rayon İcra hakimiyyəti başçısının 02.11.93-cü il tarixli, 2498 №-li məktubları nəzərə alınaraq, Yeni Günəşli qəsəbəsi “D” yaşayış massivindəki 12 №-li binanın sakinlərinə kooperativ qarajlar tikintisi üçün torpaq sahəsi ayrılmışdır; Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 13 sentyabr 1994-cü il tarixli, 1636 saylı sərəncamından görünür ki, Yeni Günəşli qəsəbəsi “D” yaşayış massivindəki 12 №-li binanın 26 nəfər sakininə tərdi avtomobillərini saxlamaq üçün kollektiv qaraj tikintisi üçün Y.Günəşli y/s “D” 13 saylı binanın qarşısında qarajların tikintisinə icazə verilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 22 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, keçmiş Bakı şəhər İH-nin arxiv fondu üzrə 1994-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1994-cü il tarixli, 445 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Həmin məktuba Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 1636 saylı sərəncamının və ona əlavə edilmiş sənədin təsdiq edilmiş ksero surətləri əlavə edilmişdir; 1 saylı Bakı Ərazi İdarəsinin 11 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyri-yaşayış binası rekonstruksiya olunaraq sahəsi 17,8 kv.m genişləndirilmişdir. Belə ki, təqdim edilmiş Suraxanı Rayonu İcra hakimiyyətinin xx.xx.1994-cü il, 1636 saylı sərəncamında qeyri-yaşayış binasının sahəsi 20.4 kv.m göstərilsə də, faktiki olaraq sahəsi 38,2 kv.m təşkil edir. Həmçinin idarənin elektron kadastr baza məlumatına əsasən göstərilən sərəncama dair cizgi təqdim edilmədiyindən sözügedən qeyri-yaşayış binasına aid olub olmamasını dəqiqləşdirmək mümkün olmamışdır; Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 aprel 2022-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 445 №-li sərəncamından çıxarışa əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 18.12.93-cü il tarixli, 0\536 №-li və Suraxanı Rayon İcra hakimiyyəti başçısının 02.11.93-cü il tarixli, 2498 №-li məktubları nəzərə alınaraq, Yeni Günəşli qəsəbəsi “D” yaşayış massivindəki 12 №-li binanın sakinlərinə kooperativ qarajlar tikintisi üçün torpaq sahəsi ayrılmışdır; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 24 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 445 saylı sərəncamının əsli Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmin məktuba İddiaçı barədə Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 1636 saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş ksero surətləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Məhkəmə cavabdehin imtinasının (etirazının) dəlilləri ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən qeyri-yaşayış üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, sözügedən qeyri-yaşayış binası rekonstruksiya olunaraq sahəsi 17,8 kv.m genişləndirilmişdir. Belə ki, təqdim edilmiş Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il, 1636 saylı sərəncamında qeyri-yaşayış binasının sahəsi 20.4 kv.m göstərilsə də, faktiki olaraq sahəsi 38.2 kv.m təşkil edir. İddiaçının mübahisə predmeti qarajın faktiki ölçüsünə uyğun olaraq qeydiyyata alınması tələbini irəli sürsə də, yuxarıda göstərilən rekonstruksiya olunmaqla sahənin təxminən 2 dəfə artırılmasına dair heç bir hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən istinad olunan sərəncama cizgi əlavə edilmədiyindən həmin sərəncamın sözügedən qeyri-yaşayış binasına aid olub-olmamasını dəqiqləşdirmək mümkün deyildir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “texniki pasportun verilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “qarajın qeydiyyata alınması və qeyri-yaşayış sahəsi kimi texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-714/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-714/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver