Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7140/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında inşa edilən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli, **********57 saylı məktubla bildirmişdir ki, elektron kadastr məlumatına əsasən, inşa edilmiş fərdi yaşayış evi dəmiryolu xəttinin mühafizə zonasında yerləşir. Odur ki, yaranmış zərurətlə əlaqədar müvafiq olaraq "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq daxil olmuş "xxxx" QSC-nin 13-1/2- 10949/2024 №li, xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsi (70 kv.m.) ADY-nin Maştağa-Bağlar mənzili 9 km pk 1-də dəmir yolunun mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarına əsasən dəmir yolunun təhkim zolağının eni 24 m təşkil edir. Sözügedən qərara əsasən müəyyən olunmuş məsafə daxilində təhkim zolağına aid olan torpaq sahəsinin özəlləşdirilməsinə icazə verilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rauf Hacıyev küçəsi, giriş 249 ünvanında yerləşməklə xüsusi mülkiyyətində olan 0,0237 ha ölçüdə olan (həyət sahəsi) yaşayış məntəqələrinin torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş 118.27 kv.m ölçüdə olan fərdi yaşayış evi üzərində (mülkiyyət hüququnun tanınmasına) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mübahisəli ərazidə təxminən (15-ildən artıq müddətdir) eyni istiqamətdə bütünlüklə ərazi yaşayış evləri ilə əhatələnmişdir və çox sayda əhali həmin ərazidə yaşayır. Qeyd olunan torpaq sahəsi faktiki olaraq Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əsasən xüsusi mülkiyyətinə verilmişdir. Ziddiyyətli məqam budur ki, xx.xx.2024-cü il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ona bildiriş göndərən cavabdeh tərəf (qurum) məhz özü qeyd olunan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının tanınmasına dair ona çıxarış vermişdir. Qeyd olunan qurum ADY QSC-nin balansında olan mühafizə zolağında yerləşən torpaq sahəsini mənimsəyərək satmışdır. Bunun üçün iddiaçıdan qanuna müvafiq şəkildə rüsumlar alınmışdır. Mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının ləğv edilməsi və ya hər hansı formada aradan qaldırılması üçün heç bir cavabdeh qurumun ona qarşı (iddia tələbinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbindən) aidiyyatı üzrə iddia tələbi irəli sürmək hüququ yoxdur. Cavabdeh tərəfindən ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli bildiriş tamamı ilə əsassız və qanunsuzdur. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iddiaya etiraz təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən inşa edilmiş fərdi yaşayış evi dəmiryolu xəttinin mühafizə zonasında yerləşir. Odur ki, yaranmış zərurətlə əlaqədar "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixli sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq daxil olmuş "xxxx" QSC-nin 13-1/2-10949/2024 №-li, xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsi (70 kv.m.) ADY-nin Maştağa-Bağlar mənzili 9 km pk 1-də dəmir yolunun mühafizə zolağında yerləşir. Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarına əsasən dəmir yolunun təhkim zolağının eni 24 m təşkil edir. Sözügedən qərara əsasən müəyyən olunmuş məsafə daxilində təhkim zolağına aid olan torpaq sahəsinin özəlləşdirilməsinə icazə verilmir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman fərdi yaşayış evinin faktiki ümumi sahəsinin 89.4 kv.m təşkil etdiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi ünvanında yerləşən 0,0237 ha sahəsi olan 984 saylı bağ sahəsi (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsi X3 xüsusi mülkiyyətində olmuşdur. X1 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 2 (yeni qaydalarla: Az 1039, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.0237 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.0237 ha (tam hissə) hissəsini alıcının mülkiyyətinə vermişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, yaşayış evi layihəyə uyğundur, yaşayış üçün yararlıdır, yaşayış sahəsi 58.7 kv.metr, ümumi sahəsi isə 89.4 kv.metrdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şşəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-12914/2025 nömrəli məktubundan görünür ki, idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 237.0 kv.m təşkil edir. Sahənin 2 tərəfi yol, 2 tərəfi isə qonşudur. Sahə üzərində inşa edilmiş yaşayış evinin ümumi sahəsi 89.4 kv.m, yaşayış sahəsi 58.7 kv.m olmaqla 3 otaqdan ibarətdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən yaşayış evinin bir hissəsi dəmir yolu xəttinin mühafizə zolağına düşür. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda yuxarıda qeyd edilən sənədlərə istinad edərək, mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: - maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İstinad olunan normalardan müəyyən olunur ki, məlumatlandırma icraatının tətbiq edildiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün:
1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;
2. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;
3. tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;. Hazırkı iş materiallarından görünür ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Lakin işdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ilə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, torpaq sahəsi və yaşayış evinin bir hissəsi (70 kv.m.) ADY-nin Maştağa-Bağlar mənzili 9 km pk 1-də dəmir yolunun mühafizə zolağında yerləşir. Qeyd edilən yerdə Zabrat-Maştağa-Bağlar dəmir yolu xətti 1933- 1939-cu illərdə çəkilmiş və həmin dövrdən də dəmir yolunun mühafizə zolağı mövcud olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarına əsasən dəmir yolunun təhkim zolağının eni 24 m təşkil edir. Hal-hazırda qeyd edilən dəmir yolu xəttinin ərazisi ADY-nin istifadəsindədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"na əsasən: -bənd 2. xüsusi mühafizə zonası - uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə dəmir yol nəqliyyatı obyektlərinin mühafizəsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və ya həmin təbii təsirlərin təhlükəsi olan yerlərdə dalan yollarının mühafizəsi üçün başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş yol nəqliyyatı təyinatlı torpaqlardır; - təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır; - bənd 15. Xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. - bənd 21. Təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. - bənd 23. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Daxili İşlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edir, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alırlar. -bənd 26. Şəhərlərdə və qəsəbələrdə dəmir yolunun təhkim zolağı hüdudlarında dəmir yol nəqliyyatı təyinatlı bina və tikililərin tikintisinə icazə verilir. -bənd 27. Dəmir yolunun sanitariya-mühafizə zonası ərazisində yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya qanuni istifadəçiləri həmin torpaq sahələrindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün istifadə edə bilərlər. -bənd 29. Bu Qaydaların tələblərinin pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. İstinad olunan normalardan görünür ki, qanunverici təhkim zolağının hüdudlarında əsaslı tikintilərin yerləşdirilməsinə icazə vermir. Dəmir yolunun sanitariya-mühafizə zonası ərazisində yerləşən torpaq sahələrinin mülkiyyətçilərinə də bu qayda keçərli olmaqla, həmin torpaqlarda onlara yalnız bostan və tərəvəz becərilməsi kimi işlərin görülməsinə icazə verilir. İddiaçının hazırda hüququnun qeydə alınmasını xahiş etdiyi fərdi yaşayış evinin 70 kv.metr hissəsinin Maştağa-Bağlar mənzili 9 km pk 1-də dəmir yolunun mühafizə zolağında yerləşməsini nəzərə alan məhkəmə hesab edir ki, qeyd olunan normaların tələblərinə əsasən iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının tələbini təmin etməkdən imtina üçün əsaslar olduğundan, buna görə də onun hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:
İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova