Məhkəmə qərarları › İş №2-1(112)-7141/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7141/2025

23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7141/2025 23.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh üzərinə torpaq sahəsinə dair sərəncama uyğun müvafiq plan-cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı verilmiş torpaqda ailə üzvləri ilə birlikdə fərdi ev tikərək orada yaşayırıq. Fərdi evini özəlləşdirmək və mənzilə dair çıxarış almaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh Zirə Tərəvəzçilik - Südçülük Sovxozunun direktorunun əmrinin əsli, arxiv arayışı və torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) olmamasını əsas gətirərək, xx.xx.2024-cü il tarixli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edib. Bakı şəhəri, Xəzər rayonu İcra Hakimiyyətinin Zirə Tərəvəzçilik-Südçülük Sovxozunun direktorunun əmrinin əsli, arxiv arayışı və torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) dair ünvanladığı ərizəyə xx.xx.2024-cü il tarixli 5-12/2-R-xx-xx/2024 №-li cavabında Xəzər rayonun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatı torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud diğər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi verilməsi barədə müqavilənin tərkib hissəsidir. Qeyd olunanları nəzərə alaraq, tərəvəzçilik-südçülük sovxozu ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunmuşdur. xx.xx.2016-cı il tarixdə Abşeron Rayon Dövlət Arxivindən əldə edilmiş çıxarışa görə Azərbaycan SSR Abşeron Rayon XDS İcriyyə Komitəsinin xx.xx.1990-cı il, 73 №-li Qərarına əsasən Zirə tərəvəzçiliksüdçülük sovxozunda işləyərkən ev tikmək üçün 0,12 hektar hesabı ilə fərdi ev tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 15 mart 1990-cı il tarixli 3 №-li birgə qərarı və sovxozun 7 mart 1990-cı il tarixli 15 №-li əmri nəzərə alınmaqla, verilmiş torpaqda 60 kvm ölçüyə qədər fərdi yaşayış evi icarə verilmişdir. Fərdi yaşayış evi tikmək üçün qəbul edilmiş qərar qüvvədədir, hər hansı dövlət orqanı tərəfindən ləğv edilməyib, dəyişdirilməyib və ya etibarsız hesab edilməyib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və onunla əsaslandırılmışdır ki, torpaq sahəsi Abşeron Rayon Zirə Südçülük-Tərəvəzçilik sovxozu ərazisindən ayrılmışdır. Bundan başqa Azərbaycan Respublikasının ərazisində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021- ci il tarixli, **********17 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir (məktubun surəti əlavə olunur).Göründüyü kimi, iddiaçıya torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin qərarına əsasən ayrılmışdır. Zirə Südçülük-Tərəvəzçilik sovxozundan ayrılan torpaq sahələrinə dair sənədlər (qərarlar, sərəncamlar və ona aid digər sənədlər) Milli Arxiv İdarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığından və torpaq sahəsinin ayrılması barədə Cavabdehndə hər hansı məlumatlar (sənədlər) mövcud olmadığından Cavabdeh hazırki iş üzrə cavabdeh qismində cəlb edilə bilməz.Məlum olduğu kimi, sovxoz ərazilərindən torpaq sahələri sovxoz rəhbərliyinin müvafiq əmrlərinə əsasən yalnız sovxoz işçilərinə ayrılmışdır. İddiaçının həqiqətən də sovxoz işçisi olması və ona torpaq sahəsinin hansı əsaslarla ayrılması məhkəmə tərəfindən araşdırılmalıdır.Eyni zamanda iddiaçıya ayrılmış Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsinin Cavabdehnə təhvil verilməsi barədə rəsmi (təhvil-təslim aktları, təhkim aktları və s.) sənədlər mövcud deyildir və torpaq sahəsi rəsmi qaydada Cavabdehnə təhvil verilməmişdir.Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin tərkib hissəsidir.Hesab edirik ki, Bakı İnzibati Məhkəməsi tərəfindən hazırki iş üzrə cavadehin əsl cavabdehlə əvəz olunması barədə qərardad qəbul edilməlidir.Bundan əlavə, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin Abşeron rayon Zirə Südçülük-Tərəvəzçilik sovxozu ərazisi hüdudlarında yerləşib-yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub- olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində və hər hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır.Qeyd olunanları nəzərə alaraq, olan İddiaçı Cavabdehnə qarşı ‘’yerləşmə sxeminin verilməsi’’ tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən məlumatından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 73 nömrəli “Zirə tərəvəzçilik-südçülük sovxozunda fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” Qərarından Çıxarışdan görünür ki, Zirə tərəvəzçilik-südçülük sovxozunun işçisi İddiaçı 0.12 ha hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar komitəsinin xx.xx.1990-cı il tarixli birgə qərarı və sovxozun xx.xx.1990-cı il tarixli 15 nömrəli əmri nəzərə alınması və həmin torpağın ölçülərək vətəndaşa təhkim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmmiş Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 1-304 nömrəli Arxiv Çıxarışında göstərilmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli “Fərdi yaşayış evi tikmək üçün vətəndaşlara torpaq sahəsi ayrılması haqqında” və Zirə tərəvəzçilik-südçülük sovxozunda fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” qərarda qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 9 fevral 1990-cı il tarixli qərarı ilə Zirə tərəvəzçilik-südçülük sovxozuna hər ailəyə 0.12 hektar hesabı ilə 150 ailəlik həyətyanı torpaq fondu ayrılmışdır. Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin yerquruluşu layihə institutunun əməkdaşları həmin sahənin sxemasını (baş planı) hazırlamış, onun əsasında sahələr nişanlanmışdır. Vətəndaşlar torpaq almaq üçün tələb olunan sənədləri hazırlayıb sovxoza təqdim etmişlər. Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar komitəsi təqdim olunmuş ərizə və başqa sənədləri nəzərdən keçirərək 131 ailənin sənədləri qanunauyğun olduğu üçün onlara torpaq sahəsi verilməsini məsləhət bilmiş və bu barədə çıxarılmış qərarı əmrləşdirmək məqsədi ilə sovxozun direktoruna təqdim etmişlər. Zirə tərəvəzçilik-südçülük sovxozu sovxozun əmək kollektivi şurasının və həmkarlar komitəsinin birgə qərarına əsaslanaraq 131 ailəyə torpaq verilməsi haqqında əmr vermişdir. 1. Zirə tərəvəzçilk-südçülük sovxozunda aşağıdakı 131 ailəyə, hər ailəyə 0,12 hektar hesabı ilə fərdi ev tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 15 mart 1990-cı il tarixli 3 №-li birgə qərarı və sovxozun 7 mart 1990-cı il tarixli 15 №-li əmri nəzərə alınsın: 3.X1... 2.Həmin torpaqların ölçüb vətəndaşlara təhkim edilməsi sovxozun direktoru Ş. Həsənov yoldaşa həvalə edilsin.

3. Verilmiş torpaqda 60 kvm. ölçüyə qədər fərdi yaşayış evi tikintisinə icazə verilsin. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3-48-RA/2-317/25 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.1990-cı il tarixli 15 nömrəli “Zirə tərəvəzçilik-südçülük sovxozunun” əmrindən görünür ki, Zirə tərəvəzçiliksüdçülük sovxozunda həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış torpaq sahəsindən aşağıda adları qeyd olunmuş 130 fəhlə və mütəxəssislərin ailələrinin hər birinə 0,12 hektar hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi verilsin. ...2. İddiaçı.. Vətəndaşlara həyətyanı torpaq sahəsi Azərbaycan SSR dövlət aqrar-sənaye komitəsinin mütəxəssisləri tərəfindən qəsəbənin quruluşuna uyğun hazırlanmasına sxema əsasında paylansın. Əmrin icrasına sovxozun baş aqronomu Ə.Verdiyev, yerli komitənin sədri T.Qasımov, sovxozun nəzarət qrupunun sədri B.Rəhimova, sovxozun tikinti briqadrı M.Həsənov, sovxozun evlər müdiri C.Qarayev və sovxozun sürücüsü H.Məmmədov yoldaşlara həvalə edilsin. Əmrin təsdiq olunması Abşeron rayon XDS İcraiyyə Komitəsindən xahiş edilsin. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-17315/2025 nömrəli məktubda göstərilmişdir ki, idarənin mütəxəssisi tərəfindən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi faktiki 0.12 ha təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur. X Y 440505.840 4469333.328 440534.927 4469339.763 440540.053 4469298.927 440510.523 4469294.117 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Zirə Tərəvəzçilik-Südçülük sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Torpaq sahəsi “yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətidir. Sahənin dövlət qeydiyyatı və mühafizə zonaları barədə məlumat aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.2025-ci il “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı”dan görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m, faktiki olaraq 1200.0 kv.m təşkil edir. 1200 kv.m torpaq sahəsi 1855 kv.m mişar daşı hasar daxilində olan ümumi ərazinin bir hissəsidir, ara sərhədləri şərtidir. Torpaq sahəsinin yerləşməsinə dair cizgi təqdim edilməyib. -Ortofoto görüntüdən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunana torpaq sahəsinin hər hansı torpaq sahəsi ilə üst-üstə düşmə halı yoxdur. Cavabdeh Bakı şəhər Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-12/2-R-63-091/2024 nömrəli məktubunda bildirilmişdir ki, Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunaniarı nəzərə alaraq, tərəvəzçilik-südçülük sovxozu ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədler (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Hazırda iddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, Zirə Tərəvəzçilik-Südçülük Sovxozunun xx.xx.1990-cı il tarixli, 15 nömrəli əmri ilə sovxoz ərazisində İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Sözügedən əmr dövlət arxivinə təhvil verilmiş, lakin həmin əmrlə birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alınmışdır. Həmin rəyə əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, torpaq sahəsinin keçmiş Zirə Tərəvəzçilik-Südçülük sovxozunun ərazisindən Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissə daxilində olmaqla, dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir Bundan əlavə vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşməsi halı ilə bağlı məlumat aşkar edilməmişdir. Eyni zamanda ərazinin ortofotogörüntüsündə də sahənin yaşayış məntəqəsi olduğu adi gözlə müşahidə olunmuşdur. Eyni zamanda torpaq sahəsinin mühafzə zonalarına düşmə halı da qeydə alınmamışdır. Beləliklə, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Zirə Tərəvəzçilik- Südçülük Sovxozunun xx.xx.1990-cı il tarixli, 15 nömrəli əmri hazırda da qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, inzibati ərazi üzrə Xəzər rayonunda yerləşir bu halda sənəd üzrə ayrılmış 0.12 ha ölçüdə torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. Zirə Tərəvəzçilik-Südçülük Sovxozunun xx.xx.1990-cı il tarixli, 15 nömrəli əmri əsasında İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində sahəsi 0.12 ha olan torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar