Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7142/2023 30.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “məlumat vərəqinin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra – Cavabdeh) ərizələrlə müraciət edərək, daxili işlər orqanlarında xidmət illərinə görə pensiya təyin olunmasını, pensiya vərəqinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, arxiv şəxsi işinə əsasən o, 16 iyun 1981-ci il tarixdən 07 dekabr 1992-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. Daxili işlər orqanlarında xidmətdən xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə 12 il 06 ay 00 gün, imtiyazlı hesablama ilə 12 il 11 ay 14 gün təşkil etmişdir. Xidmətdən xaric edilərkən qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək imtiyazlı 20 il və daha çox xidmət etmiş əməkdaşlar malik idilər. Xidmət illəri nəzərə alınaraq ona Daxili İşlər Nazirliyi xətti ilə pensiya təyin edilməsi mümkün olmamışdır.
3. Bunan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Arxivinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.Heydərov adına məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqaüd alması üçün ona köməklik göstərilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qəbul edilməsini və tələbinin “xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. II. Tərəflərin əsaslandırılması
5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1946-cı ildə anadan olmuşdur. 1974-1992-ci illərdə DİN-də çalışmışdır. 1974-1980-ci ilə kimi Dinamo cəmiyyətində muzdlu məşqçi cüdo idman növü üzrə işləmişdir. Maaşı 105 manat olmuşdur. DİN-nin Milli Komandasını cüdo və fiziki hazırlıq yarışlarına hazırlamışdır. 1974-cü ilin iyul ayında onu DİN-nin Tədris Mərkəzində kursa göndərmişlər. 1975-ci ildə Tədris Mərkəzini bitirəndən sonra ona DİN-də əmr vermişlər və onun adına tapanca pistolet-makarova, 2 ədəd sandıqca və 16 patron-1975-ci il tapancanın vəsiqəsini adına yazmışlar. DİN-nin arxivində heç bir sənəd qalmamışdır. Necə ola bilər ki, polis işçilərinin sənədləri itsin, ya da yoxa çıxsın. Nə əmr qalıb, nə də sənəd. Əgər yandırılıbsa, onda akt tərtib olunmalı, sıra-sıra dalbadal hər bir sənədin və polis işçisinin adı qeyd olunmalı idi. Ona görə onun təqaüdə çıxmağı üçün sənəd qalmamışdır. 1987-ci ildə əmr verilmişdir ki, 1975-ci ildə tapancanı onun adına yazmışlar, lakin indi deyirlər ki, sənədin əsası yoxdur. Ona görə ona təqaüd verə bilmirlər. DİN-nin Tədris Mərkəzinə tapancanın verilməsi haqqında sənədin, yəni 1987-ci ildəki əmrin ona verilməsi ilə bağlı ərizə yazmışdır. Ona bu sənədi verməyə səlahiyyətlərinin olmadığı, tapancanın sənədinin mülki şəxslərə verilmədiyi, yalnız polisdə çalışanlara verildiyi bildirilmişdir. Belə ki, tapancanın vəsiqəsi məhkəmədə təsdiq olunsa, o, təqaüd ala bilər. 1974-cü il iyul ayından 1992-ci il 16 yanvaradək polisdə çalışmışdır, onun ümumi stajı DİN-də 21 il 9 aydır.
6. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı 20 il xidmət müddəti olmadığından onun barəsində məlumat vərəqi Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməmişdir. İddiaçı ərizəsində 1974-1980-cı illərdə “Dinamo” İdman Cəmiyyətində məşqçi müəllim (mülki) və 1980-1981-ci illərdə Bakı Xüsusi Orta Milis Məktəbində məşqçi vəzifələrdə iş stajının daxili işlər orqanlarının xidmət müddətinə hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarında daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələrdə iş stajının, eləcə də mülki təşkilatlarda iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır. Belə olan halda, inzibati qurum tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsaslı olmuşdur.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
9. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
10. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – ƏPQ) əsasən: - maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; - maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; - maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. - maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 11."Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 499 nömrəli 22 dekabr 2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 1.0.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cavabdeh, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur. Həmin Fərmanın 2.4-cü bəndinə əsasən həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, Cavabdeh, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur.
12. Azərbaycan Respublikası Nazilər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən: - 1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - ... Cavabdehndə... və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - ... Cavabdehndə, ... xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. - 2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. - 3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
13. İstinad olunan normalardan görünür ki, xüsusi rütbəli şəxsə əmək pensiyası təyin edilməsi üçün onun xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi şəxsin xidmət keçdiyi orqan tərəfindən Fonda göndərilməlidir.
14. Bu məlumat vərəqinin göndərilməsi üçün isə ilk növbədə qanunvericiliyə əsasən şəxsin əmək pensiyası hüququ yaranmalıdır.
15. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının xidmətdən xaric olunduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyətinin, praporşiklərinin, miçmanlarının və müddətdən artıq xidmət hərbi qulluqçularının, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyətinin və onların ailə üzvlərinin pensiya təminatı “Hərbi qulluqçuları pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin şəxslərə onların arzusu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş şərtlərlə və normalar üzrə pensiya təyin edilə bilər. Bu halda hərbi qulluqçuların pul təminatının bütün növləri fəhlə və qulluqçuların əmək haqqı ilə bərabər nəzərə alınır.
16. Həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının (Cavabdeh, Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi) sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. - 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış və buraxıldığı gün 50 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 ,təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər; q) hərbi xidmətdə ,və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
17. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyasının xx.xx.2014cü il tarixli Plenum qərarı ilə qərara alınmışdır ki:
1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır.
18. Göründüyü kimi, Konstitusiya Məhkəməsi “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsinin həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməsini təsbit etmişdir.
19. Beləliklə, istinad olunanlardan müəyyən olunur ki, iddiaçıya daxili işlər orqanlarının əməkdaşı kimi pensiya təyin edilməsi məqsədilə məlumat vərəqinin verilməsi üçün onun xx.xx.1992-ci il tarixə:
1. 20 il və daha çox hərbi xidmət müddəti olmalı;
2. yaxud da xidmətdən yaşa görə buraxılmalı və buraxıldığı gün 50 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olmalı, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə olmalıdır.
20. İş materiallarından görünür ki, iddiaçı bu tələblərdən heç birini ödəmir. Belə ki, işdə olan AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1946-cı ildə anadan olmuşdur.
21. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının, şəxsi işinin surətindən və xx.xx.2009-cu il tarixli arxiv arayışından görünür ki, xx.xx.1946-cı il təvəllüdlü İddiaçı: - xx.xx.1964-xx.xx.1964-cü il tarixlərdə Azərbaycan kommunist partiyasının 40 illiyi adına Bakı şin zavodunda yükləyici vəzifəsində işləmiş; - xx.xx.1964-xx.xx.1964-cü il tarixlərdə müvəqqəti olaraq işləməmiş; - xx.xx.1964-xx.xx.1966-cı il tarixlərdə “Vodnik” Xəzər hovuz İttifaqında məşqçi; - xx.xx.1966-xx.xx.1967-ci il tarixlərdə Bakı elektrik məişət cihazları zavodunda sarıyıcı; - xx.xx.1967-xx.xx.1967-ci il tarixlərdə Bakı metropoliteni İdarəsində elektrik montyoru vəzifələrində işləmiş; - xx.xx.1967-xx.xx.1967-ci il tarixlərdə universitetə qəbula hazırlaşmış; - xx.xx.1967-xx.xx.1971-ci il tarixlərdə S.M.Kirov adına Azərbaycan Dövlət İdman İnstitutunun tələbəsi olmuş; - xx.xx.1971-xx.xx.1971-ci il tarixlərdə “Vodnik” Xəzər hovuz İttifaqında cüdo üzrə məşqçi; - xx.xx.1971-xx.xx.1972-ci il tarixlərdə “Lokomotiv” könüllü idman birliyində məşqçi işləmiş; - 1972-ci ilin may ayından 1973-cü ilin may ayınadək Sovet Ordusunda xidmət etmişdir. - xx.xx.1974-cü ildən xx.xx.1978-ci ilədək «Dinamo» cəmiyyətində məşqçi-müəllim işləmiş; - xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək işsiz olmuş; - xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilədək «Dinamo» cəmiyyətində məşqçi-müəllim; - xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilədək SSRİ DİN-in N.K.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbində əmək müqaviləsi ilə məşqçi-müəllim; - xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək SSRİ DİN-in N.K.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin hərbi intizam və fiziki hazırlığı üzrə müəllim işləmiş; - SSRİ DİN-in xx.xx.1981-ci il tarixli 406 №-li ş/h üzrə əmri ilə İddiaçı milis leytenantı xüsusi rütbəsi verilmiş; - xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək Bakı Su kəmərinin mühafizəsinə dair milis alayının kadr və xidməti hazırlığı üzrə inspektoru işləmiş; - Azərb.SSR DİN-in xx.xx.1985-ci il tarixli 187 №-li ş/h üzrə əmri ilə İddiaçı milis baş leytenantı xüsusi rütbəsi verilmiş; - xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək Azərb.SSR DİN-in Tədris Mərkəzinin müəllimi işləmiş; - Azərb.SSR DİN-in xx.xx.1989-cu il tarixli 102 №-li əmri ilə İddiaçı milis kapitanı xüsusi rütbəsi verilmiş; - AR DİN-in xx.xx.1992-ci il tarixli 2357 №-li ş/h üzrə əmri ilə Ə.A.X2 4-cü maddənin «E» bəndinə əsasən (şəxsi xahişi ilə) DİO-dan xaric edilmişdir.
22. İşdə olan Cavabdeh Baş Kadrlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 2-1321/2- 3222/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmiş və öz arzusu ilə xaric olunduğu tarixə (xx.xx.1992) xidmət müddəti təqvimi hesablama ilə 12 il, 06 ay, 00 gün (hərbi xidmət - xx.xx.1972-xx.xx.1973, 01 il, 00 ay, 00 gün, DlO-da xidmət - xx.xx.1981xx.xx.1992, 11 il, 06 ay, 00 gün), imtiyazlı hesablama ilə 12 il, 11 ay, 14 gün (fövqəladə vəziyyət rejimində xidmət: 00 il, 05 ay, 14 gün) təşkil etmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edildiyi dövrdə (xx.xx.1992) qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox xidmət etmiş hərbi qulluqçuların pensiya almaq hüququ yaranırdı. İddiaçı 20 il xidmət müddəti olmadığından onun barəsində məlumat vərəqi Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməmişdir. Bununla yanaşı, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular malikdirlər, həmçinin Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 144-cü maddəsinə əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşların pensiya almaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarında daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələrdə iş stajının, eləcə də mülki təşkilatlarda iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır. Bu baxımdan, İddiaçı 1974-1980-cı illərdə “Dinamo” İdman Cəmiyyətində məşqçi müəllim (mülki) və 1980-1981-ci illərdə Bakı Xüsusi Orta Milis Məktəbində məşqçi (mülki) vəzifələrdə iş stajı daxili işlər orqanlarında xidmət müddətinə hesablanmamışdır. İddiaçının “1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayınadək X3 Alayında milis nəfəri vəzifəsində işləməsi faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-8072/2016 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə ləğv edilərək mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-8274/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, İddiaçı “1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayınadək X3 Alayında milis nəfəri vəzifəsində xidmət keçməsi barədə arayışın verilməsi” barədə iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2868/2022 nömrəli qərardadı ilə mümkün sayılmamış, həmin qərardaddan iddiaçının verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-2076/2022 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 201-(102)- 1676/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2076/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qərarlarında İddiaçı 1974-1981-ci illərdə daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrində xidmət aparmadığı öz təsdiqini tapmışdır.
23. Beləliklə, iş sadalanan halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1992-ci il tarixdə DİO-dan öz arzusuna əsasən xaric olunmuş, bu zaman onun 46 yaşı tamam olmuş, həmin tarixə isə cəmi imtiyazlı hesablama ilə 12 il 11 ay 14 gün xidmət müddəti olmuşdur.
24. Belə olan halda aydın olur ki, iddiaçının hərbi qulluqçu kimi pensiya təyin edilməsi hüququ yaranmamışdır.
25. İşdən görünür ki, iddiaçının hazırda mübahisələndirdiyi əsas hal onun 1974- 1980-ci illərdə «Dinamo» cəmiyyətində məşqçi-müəllim kimi işləməsi göstərilsə də, əslində həmin müddətdə Daxili İşlər Nazirliyi X3 Alayında milis nəfəri kimi işləməsidir. Lakin iş materialları ilə bu hal öz təsdiqini tapmır.
26. Belə ki, iş materiallarından müəyyən olunur ki, ərizəçi İddiaçı Atabala oğlu maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayının sonuna kimi X3 Alayında milis nəfəri kimi xidmət keçməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8072/2016 saylı, 07 iyul 2016-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı Atabala oğlunun 1974-cü ilin aprel ayından 1981ci ilin sentyabr ayına qədər X3 Alayında milis nəfəri vəzifəsində işləməsi faktı müəyyən edilmişdir.
27. Bu qətnamədən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8853/2018 nömrəli, 19 sentyabr 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8072/2016 saylı, 07 iyul 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi, ərizədə göstərdikləri ilə bağlı müvafiq orqanlara müraciət etmək, müraciətinin nəticəsindən asılı olaraq isə müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququnun olmasının ərizəçiyə izah edilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsi qərardadında gösərmişdir ki, “...Ərizəçi hüquqi fakt kimi 1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayının sonunadək Daxili İşlər Nazirliyinin X3 Alayında milis nəfəri kimi işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş sənədlərdən isə müəyyən olunmuşdur ki, onlar tərəfindən ərizəçiyə 16 iyul 1974-cü ildən 16 iyun 1981-ci ilə kimi Daxili İşlər Nazirliyi X3 Alayında milis nəfəri kimi işləməsi barədə arayış verilmişdir. Bundan başqa, ərizəçinin şəxsi işindən çıxarışdan görünür ki, o, 1974-1980-ci illərdə “Dinamo” idman cəmiyyətində məşqçi işləmişdir. Ərizəçi məhkəmə kollegiyasının iclasında bu faktı təsdiq etmişdir.”
28. Göründüyü kimi, iddiaçı 1974-cü ilin aprel ayından 1981-ci ilin sentyabr ayının sonunadək Daxili İşlər Nazirliyinin X3 Alayında milis nəfəri kimi işləməsi ilə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə iddiaçının həmin müddətdə “Dinamo” idman cəmiyyətində məşqçi işlədiyini müəyyən etmiş, iddiaçının milis nəfəri kimi işləməsi təsdiq olunmamışdır.
29. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli arayışa gəldikdə, həmin arayışda iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1981-ci il tarixədək X5 Mühafizə edən Milis Alayında milis nəfəri vəzifəsində xidmət etməsi göstərilsə də, arayışdan görünür ki, onun verilməsinə əsas Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8072/2016 saylı, 07 iyul 2016-cı il tarixli qətnaməsi olmuş, sonradan həmin qətnamə ləğv edildiyindən arayış öz əhəmiyyətini itirmişdir.
30. İddiaçı həmçinin vəsiqənin surətini təqdim etməklə ona 1975-ci ildə odlu silah verildiyini, bu faktın isə onun 1974-1981-ci illərdə milis nəfəri kimi işləməsini təsdiq etdiyini bildirsə də, işdə olan həmin vəsiqədən görünür ki, vəsiqədə iddiaçının rütbəsi baş leytenant göstərilmişdir, hansı ki, həmin xüsusi rütbə xx.xx.1985-ci ildə iddiaçıya verilmişdir. Belə olan halda həmin vəsiqənin 1975-ci ilə aid olması barədə iddiaçının dəlili əsaslı sayıla bilməz.
31. Beləliklə, göstərilənlərə əsasən iddiaçının xx.xx.1974-xx.xx.1981-ci illərdə Bakı Su Kəmərlərini Mühafizə edən Milis Alayında milis nəfəri kimi işləməsi öz təsdiqini tapmadığından müəyyən olunur ki, iddiaçı ona hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün tələb olunan staj şərtini ödəmir.
32. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
33. Hazırkı halda iddiaçının qanunla tələb olunan hərbi xidmət stajını toplamadığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd olmamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Buna görə də iddia tələbi təmin edilməməlidir.
34. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova