Məhkəmə qərarları › İş №2-1(112)-7145/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7145/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7145/2021 10.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, X2 08.04.2021-ci il tarixli, 155 ş/h nömrəli əmrinin ləğv edilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin oktyabr ayında könüllü olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçu qismində həqiqi hərbi xidmətə qəbul edilmiş, 23 oktyabr 2019-cu il tarixdə X6 atıcı-manqa komandiri kursuna qəbul olunmuş, üç ay kurs keçdikdən sonra X7 13-cü sərhəd zastavasında ikinci qrup komandiri vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin fevral ayından həmin ilin sentyabr ayına qədər təyin olunduğu sərhəd zastavasında xidmət etmişdir. Xidmət etdiyi müddətdə dəfələrlə yuxarı komandanlıq və bilavasitə rəisləri tərəfindən xidmətinin gedişatı mütəmadi olaraq yoxlanılmış, yoxlamalar zamanı xidmətində heç bir nöqsan aşkar edilməmişdir. Lakin 2020-ci ilin avqust ayının sonlarında uzun illər şəkər xəstəsi olan anasının səhhətində qəflətən ciddi fəsadlar yaranmış və vəziyyəti getdikcə ağırlaşmağa başlamışdır. Ailə vəziyyətilə bağlı - anasının səhhətində yaranan problemlər səbəbiylə məcburiyyətdən tərxis olmaq qərarına gəlmiş və bu barədə hərbi hissə komandanlığına məruzə etmişdir. Lakin dəfələrlə etdiyi komanda üzrə şifahi müraciətlərə baxmayaraq ona rədd cavabı verilmiş və Ağgöl təlim düşərgəsində bir həftə saxlamışlar. Təkrar müraciətlərindən sonra onu hərbi hissəyə göndərmişlər, hərbi hissəyə göndərildikdən sonra iddiaçı tərxis raportunu yazmaq üçün müraciət etmişdir. İddiaçıya hədə-qorxu ilə rütbəsinin alınacağı və xidməti uyğunsuzluq maddəsi ilə tərxis olunacağı bildirilmişdir. Uzun süründürməçiliklər və psixoloji təzyiqlər qarşısında bezərək, nəhayət çarəsiz və məcbur vəziyyətdə ona verilən şablon ərizəyə əsasən tərxis raportunda xidməti uyğunsuzluq maddəsi ilə tərxis olunmağına “razılığını” qeyd etməklə raport yazmaq məcburiyyətində qalmışdır. İddiaçıya verilən şablon raport nümunəsinin məzmunundan kənara çıxmamağı tapşırıldığı üçün yazdığı tərxis raportunda ailə vəziyyətini qeyd etməmişdir. 08.04.2021 tarixdə iddiaçıya xidməti uyğunsuzluq maddəsi ilə qoşun sıralarından tərxis olunduğu barədə qeyri-rəsmi, şifahi olaraq bildirilmişdir. Lakin tərxis olunmağı barədə həmin əmr rəsmi qaydada iddiaçıya nə elan, nə də təqdim edilməmişdir, əmrin məzmunu ilə əyani şəkildə tanış edilməmişdir. Tərxis əmri ilə bağlı sənədi tələb etdikdə iddiaçıya kadrlar rəisi tərəfindən əmrin yalnız şifahi şəkildə gəldiyi, yazılı şəkildə iddiaçıya təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Bununla yanaşı, həm “kiçik gizir” hərbi rütbəsi, həm də Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmətdə olduğu zaman ona verilən “çavuş” hərbi rütbəsi də iddiaçıdan alınmışdır. İddiaçı hərbi biletini aldıqdan sonra oradakı qeydlərdən Dövlət Sərhəd Xidməti rəisinin müavini - X2 08.04.2021-ci il tarixli, 155 ş/h nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) DSX-dən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı iddiaçıya məlum olmuşdur. Lakin iddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən tərxis olunmağı barədə müvafiq əmrlə tanış edilmədiyinə, eləcə də həmin əmrin surəti ona rəsmi şəkildə təqdim olunmadığına görə həqiqi hərbi xidmətdən tərxis edilməsinin konkret səbəbləri bu günədək ona məlum olmamışdır. 19.04.2021-ci il tarixdə hüquqlarının bərpası ilə əlaqədar müvafiq xidməti araşdırma aparılmaqla layiq olmadığı xidməti uyğunsuzluqla bağlı olan Dövlət Sərhəd Xidməti rəisinin müavini - X2 08.04.2021-ci il tarixli, 155 ş/h nömrəli əmrinin öz səlahiyyətləri çərçivəsində ləğv edilərək onun ailə vəziyyətilə əlaqədar hərbi xidmətdən tərxis olunmağı barədə yeni əmr verilməsinə müvafiq köməklik göstərilməsi xahişi ilə Dövlət Sərhəd Xidməti rəisinə ərizə ilə müraciət etmiş, həmin ərizə Dövlət Sərhəd Xidməti tərəfindən 23.04.2021-ci il tarixdə qəbul edilmiş, lakin bir aydan çox vaxt keçməsinə baxmayaraq mənim müraciətinə heç bir cavab verilməmişdir. Dövlət Sərhəd Xidməti rəisinin müavini - X2 08.04.2021-ci il tarixli, 155 ş/h nömrəli əmri göstərilən səbəblərdən qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və ya dəyişdirilərək onun ailə vəziyyətilə əlaqədar tərxis olunmağı barədə yeni əmr verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, göstərmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı, Dövlət Sərhəd Xidməti rəisinin 23.10.2019-cu il tarixli, 1506 ş/h nömrəli əmri ilə Dövlət Sərhəd Xidmətində müddətdən artıq xidmət edən hərbi qulluqçu qismində xidmətə qəbul edilməklə “Qrup komandirlərinin hazırlanması kursu”na cəlb edilmiş və kursu bitirdikdən sonra 17.02.2020-ci il tarixli, 230 ş/h nömrəli əmrlə X3 rayonunda yerləşən N nömrəli hərbi hissəsinin çevik hərəkət taborunun 1-ci çevik hərəkət bölüyünün 1-ci tağım 1-ci manqasının tuşlayıcı operatoru vəzifəsinə təyin edilmişdir. Xidmət müddəti ərzində Sərhəd Qoşunlrı komandanının 23.03.2020-ci il tarixli, N ş/h nömrəli əmri ilə hərbi hissənin 13-cü sərhəd zastavasının 2-ci qrup komandiri vəzifəsinə, 27.03.2021-ci il tarixli, 1N ş/h nömrəli əmrlə isə hərbi hissə daxilində yerdəyişmə edilərək təminat bölüyünün kinoloji tağım, axtarış və mühafizə itləri qrupunun komandiri vəzifəsinə təyin edilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasının 2-ci qrup komandiri vəzifəsində xidmət etdiyi müddətdə yol verdiyi nöqsanlara və tabeliyində olan şəxsi heyətə qarşı hərbi nəzakət qaydalarını pozması kimi hallara yol verdiyinə görə dinlənilmiş, həmçinin DSX rəisinin göstərişinə əsasən taborun Ağgöl təlim bazasında təlim keçməsi tapşırığını aldıqdan sonra Ermənistanla təmas xəttində yerləşən sərhəd məntəqələrində xidmət etmək üçün göndəriləcəyindən ehtiyat edərək iradəsizlik nümayiş etdirərək müxtəlif bəhanələrlə yayınmağa çalışmış və bu səbəbdən də 06 sentyabr 2020ci il tarixdə sərhəd dəstəsinə düşürülmüşdür. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, sabiq hərbi qulluqçu İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə raportla müraciət etmiş və həmin raport N nömrəli hərbi hissədə 07.09.2020-ci il tarixdə 1370 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı sabiq hərbi qulluqçu ibişov X5 Sərhəd Xidməti rəisinin müavini, X2 08.04.2021-ci il tarixli, 155 ş/h nömrəli əmrinə əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X1 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Yuxarıda qeyd olunanlara və İntizam Nizamnaməsinin 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. İddiaçı hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, 10 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, X2 08.04.2021-ci il tarixli, 155 ş/h nömrəli əmrindən görünür ki, İbişov Pərvin Təbib oğlu “Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) təminat bölüyü kinoloji taqımı axtarış və mühafizə itləri qrupunun komandiri vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27.12.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25.01.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Həmin Əsasnamənin 166-cı maddəsinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, X2 08.04.2021-ci il tarixli, 155 ş/h nömrəli əmri xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi tarixdə məlum olmuşdur. Eyni zamanda, iddiaçının Dövlət Sərhəd Xidməti rəisinə ünvanladığı 19 aprel 2021-ci il tarixli ərizəsində də, 08.04.2021-ci il tarixdə ona xidməti uyğunsuzluğa görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasının bildirildiyini qeyd etmiş və əmrin nömrəsinə və tarixinə istinad edərək onun ləğv edilməsini xahiş etmişdir. İddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçının Dövlət Sərhəd Xidməti rəisinə ərizə ilə müraciət etməsi barədə bildirdikləri ilə bağlı qeyd edilməlidir ki, həmin hal iddia müddətinin axımının dayandırılması və ya kəsilməsinin əsası kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə 03.06.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə həmin iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin vurğulayır ki, əmrin ləğv edilməsinə dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)- 1712/2020 №-li iş üzrə 22.09.2020-ci il tarixli Qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə bir daha vurğulayır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçını üzərinə düşür. Lakin iddiaçı prosessual müddətin tərəfindən ötürülməməsinə istinad etsə də, iş materialları ilə tam təkzib edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar